adalet.az header logo
  • Bakı 18°C
26 Dekabr 2017 23:17
18039
LAYİHƏ
A- A+

Elçinin romanı barəsində mükəmməl monoqrafiya

Heç kim üçün sirr deyil ki, bəzən konkret xalqın tarixinin müəyyən zaman kəsiyində yaranmış elə əsərləri ortaya çıxır ki, onlar mənsub olduğu millətin taleyində əsil mühüm sənət hadisəsi kimi qiymətləndirilir. Bu gün işığına yığışdığımız nəzəri-tənqidi kitabın təhlil obyekti olan xalq yazıçısı Elçinin "Baş" romanı da belə əsərlər siyahısında özünə yer almışdır. Üstəlik də bu əsərin postmodernist üslubda yazılma faktını da diqqətdən qaçırmamalıyıq. Gəlin etiraf edək ki, çağdaş ədəbi prosesdə əsrlər boyu formalaşmış yaradıcılıq kanonlarını rədd etmək, yaxud bəzi tənqidçilərin təbirincə desək "qaydasız döyüş" devizi altında yaranmış çoxsaylı postmodernist kitabların cüzi bir qismi əsil sənət əsər statusuna layiq ola bilməklə, özünü təsdiqləmişdir.
Elçinin adı çəkilən romanı haqqında bir çox tənqidçilər fikirlər söyləmişlər və təbii ki, burada hərənin öz payı, öz yeri olduğunu da bildirsək, heç də yanılmarıq. Eyni zamanda prof. Nizami Tağısoy bu əsəri bir qədər fərqli rakursdan təhlil etmişdir. Elçinin romanındakı milli-spesifik, tarixi-xarakterik motivləri və elementləri müşahidəli ədəbiyyatşünas-alim kimi tipoloji baxımdan süjet, kompozisiya, habelə faktların xronologiyasının bədii-estetik qanunauyğunluqları çərçivəsində verməklə, əsərdəki fərqli müəllif tapıntılarının uğurlarını tarixi-fəlsəfi yorumla açıqlamağı bacarmışdır. Bütün bunlar birbaşa və dolayısı ilə Elçinin "Baş" romanına xas olan postmodernist və postrealist gedişlərin təkrarsızlığına daha aydın aydın ifadə etmiş olsaq novatorluğuna şəhadət verir. Və nəticə etibarı ilə Tağısoyun bu kitabı Elçinin romanının geniş ədəbi ictimaiyyətə təqdimi nöqteyi-nəzərindən zamanın yazılmış təqdirəlayiq nümunədir. Bu monoqrafiya Elçinin yalnız "Baş" romanını öz təhlil obyekti etmişdir. Əslində sənət əsərinin yaranmasıyla onun tədqiqi və təbliği ayrılmaz vəhdət təşkil etməlidir.
Deyirlər, bir dəfə Nizami Gəncəviyə həsr olunmuş mötəbər yığıncaqların birində tanınmış türk şairi Nazim Hikmət də iştirak edirmiş. Bu böyük türk şairinin yanında əyləşmiş ədib soydaşlarımızdan biri görür ki, tribunadan səsləndirilən alovlu çıxışları Nazim Hikmət laqeydlik və sükutla qarşılayır. Soydaşımız bundan hiddətlənərək soruşur. "Əfəndim, bəyəm siz dahi Nizamini tanımırsınız? Nazim Hikmət özünəməxsus tərzdə "Əfəndim, suç sizindir ki, öz dahi şairinizi vaxtında təbliğ edə bilməmisiniz". Əlbəttə, gətirdiyimiz bu nümunə qəribə görünsə də, biz bir daha prof. Nizami Tağısoya bu kitabına görə minnətdar olmalıyıq ki, o, Elçinin "Baş" romanını geniş oxucu kütləsinə, mütəxəssislərə və ədəbiyyatşünaslara metodoloji və yozum baxımından uğurla təqdim etməyə müvəffəq olmuşdur.

İslam Ağakərimov
Bakı Slavyan Universiteti,
dosent