adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Dekabr 2017 14:33
24562
MARAQLI
A- A+

Qış gecələrində soyuqdan yox, qorxudan titrəyəcəksiniz

Qış aylarında vahimə dolu adrenalinin ayrı həzzi var. Baxılan qorxu filmi və ya oxunan mistik kitabdan sonra uzun qış gecələrində, yorğan altında titrəməyə nə deyirsiniz? Soyuqdan titrəməkdənsə, qorxudan titrəmək daha zövqlüdür. Ən azından kasıbçılığı, kommunal problemləri yaddan çıxarar. Həm də adrenalin qanı qaynadır, havayı istilikdir də... Odur ki, qış gecələrində sizi əsməcəyə salacaq siyahını təqdim edim.

1. "Parıltı” – Stiven Kinqin əsərləri arasında ən dəhşətlisi hesab olunur. Bir ailə qış ayında köhnə, istifadəsiz hotelə yerləşir. Hadisələrin dəhşəti də bundan sonra başlayır. Yazıçı əsərdə otaqların boşluğunu, səssizliyi, kölgələrin hərəkətini, əcaib səsləri sözlə mükəmməl təsvir edir. Yeri gəlmişkən, əsərin çox dolğun ekran versiyası var. Əlbəttə ki, dəhşəti tamaşaçıya ən gözəl çatdıra bilən aktyor Cek Nikolsonun təqdimatında!

2. "Yuxuyozan” – Stiven Kinqdən daha bir şedevr. Dörd cavan dost yuxarı siniflərin ələ salaraq döydüyü məktəbli oğlana qahmar çıxır. Dadets adlı bu kiçik oğlan minnətdarlıq olaraq dostlara telepatik qabiliyyətlər ötürür. Bu hadisənin üstündən 20 il keçəndən sonra köhnə dostlar qış günlərindən birində şəhərkanarı evə yığışırlar. Məqsəd – yeyib-içib şənlənmək, gəncliklərini yada salmaq olur. Amma o evdə baş verənlər dostların planını alt-üst edir. Bu evdə bəşər sivilizasiya qədər baş verənlər canlanır və bununla da neçə ölümə səbəb olur. İşin ən qəribə tərəfi isə Dadetslə bağlı olur, daha doğrusu onun adi bəni-insan olmaması ilə bağlı...

3. "Terror” – Den Simmonsun qandonduran əsəri. Real hadisələr əsasında yazılıb, amma yazıçının əlavə etdiyi mistik səhnələr baş vermiş hadisənin bütün vahiməsini göz önünə sərir. Hadisə 1845-ci ildə baş verib. "Terror” adlı gəmi admiral Con Franklinin komandanlığı ilə İngiltərə sahillərini tərk edir. Atlantik və Sakit Okean arasında gəmi yoxa çıxır. Bu günədək heyətin başına nələr gəldiyi üzərində baş sındırırlar. Simmonsun təxəyyülünə görə, naməlum ərazidə saya oturan gəmi heyəti tezliklə vahiməli ərazidə qorxu içində yaşamaqla bərabər həm də zorən adamyeyənə çevrilirlər. Günlərdir ac qalan dənizçilər bir-birlərini yemək üçün yarışa girirlər.

4. Rey Bredberidən seçmələr. Uzağa getməyin bu möhtəşəm yazıçıdan seçmə hekayələri Azərbaycan dilinə elə mən özüm tərcümə etmişəm. Xüsusilə "Balaca qatil”, "İzdiham”, "Borular”, "Kölgə” hekayələrinə diqqət edin. Bilərəkdən bu cür qandonduracaq hekayələr seçmişəm. Daha doğrusu, bu janrı sevənləri düşünmüşəm. Mən də axı sizlərdən biriyəm...

5. Rey Bredberidən daha bir vahimə – "Yenə də peyda oldular”. Əsərin qəhrəmanı gecə yuxudan qəribə səslərə oyanır. İki kişi səsidir, nəsə daşıyırlar. Amma bir anda dərk edir ki, bu səslər ona tanış gəlir, daha doğrusu səslər beyninin içindən çıxır. Az sonra məlum olur ki, pəncərədən gördüyü səhnə də təkrardır. Elə özünü bayıra atır ki, baş verənləri anlasın... (Gerisini tapıb oxuyarsınız).

Mistikanın klassikası da qış gecələrinizi bəzəyə bilər. Buna ən gözəl misal Mixail Bulqakovun "Ustad və Marqarita”, Oskar Uayldın "Dorian Qreyin portreti”, Nikolay Qoqolun "Yeni ildən öncəki gecə”, Brem Stokerin "Drakula” əsərləri də klassik "horror” janrında qorxunuzu "oxşayacaq”.

Şəfiqə ŞƏFA