ANA SƏHİFƏ / RUBRİKA

Yazılarımı yuxumda tamamlamışam... - YUXU QAPISI

26060    |   2017-12-22 12:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar Hikmət Orhundur. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Məncə, oyaqkən həyata keçirə bilmədiklərimizi yuxudaykən gerçəkləşdirmək istəyidir, cəhdidir. "Sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsi” deyəndə Froyd da eyni fikri deməyə çalışıb. Dəfələrlə yorğun olmuşam, əlimdəki yazını qoyub, kəlləmi atıb yatmışam. Həmin yazı yuxuma girib ki, məni yazmalısan. Elə yuxudaca mətni tamamlayıb, oyananda kompüterə köçürmüşəm.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Mən plan qurmuram, necə gəldi yaşayıram. Gecənin bir vaxtına qədər yazır, oxuyur, musiqi dinləyir, sosial şəbəkələrdə avaralanıram, sonra da kəlləmi atıb yatıram. Mən yuxuların gerçəkləşəcəyinə inanmadığıma görə, həyatımı da onlardan asılı vəziyyətə salmıram.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Yuxu yozmağı anam çox sevir. Bir də görürsən, yuxuda at görməyi elə şeyə bağlayır, az qalır bir-iki saatın içində nişan apara, üzük taxa, toy eləyə, evləndirə məni. Yaxamı zar-zor qurtarıram hər dəfə. Düzü, bu kimi şeyləri nəzərə alıb, çoxdandır ona yuxu danışmıram.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Uşaq vaxtı dastanları çox oxumuşam. Hər dəfə yuxuda dastan qəhrəmanına buta veriləndə elə bilirdim, bir gün mənim də yuxuma bir ağ saqqallı kişi girəcək və dünyanın o biri başında yaşayan hansısa Gülgəzi mənə buta verəcək. Çox inanırdım, çox. Sonralar eşitdim ki, bu danışılanlar aşıqların uydurmalarıdır. Yəni mən mistika-zad boş şeydir, inanmıram, qaldı ki, yuxuların mistik hadisə olduğuna inanam. Şayət bir gün o ağ saqqalı kişi gəlib mənə buta versə, bəlkə də inanaram.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Heç bir yuxum çin olmayıb. Yuxarıda da dediyim kimi, yarımçıq qoyduğum yazılar olub, yuxuma girib, oyananda yazmışam. Bir sözlə, yuxularımı da özüm reallaşdırmışam, heç bir yuxum öz-özünə gerçəkləşməyib.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Mövlud Mövlud dünyasını dəyişəndən sonra çox istəyirdim ki, onu yuxuda görüm, amma bizdən gedişinin altı ayı tamam olmasına baxmayaraq görə bilməmişdim. Nəhayət, yeddinci ayında gördüm. Bizim bir eloğlu var, Yusif İlhamoğlu. Yuxuda gördüm ki, o, Mövludun oğlu Ucalın əlindən tutub, mənə sarı gəlir. Nə qədər iri addım atırıq, biri-birimizə çata bilmirik. Sonra qəfil Yusiflə Ucal yoxa çıxır və onların yox olduğu qaranlıqdan Mövlud peyda olur. Qucaqlaşmağa çalışırıq, nə illah edirik, biri-birimizi tuta bilmirik. Qəfil o da qeyb oldu. Zil qaranlıq dümağ oldu, boşluğa düşdüm. Oyananda qan-tərin içindəydim. O gün anladım ki, əgər ora varsa biz bir də ötəki dünyada görüşəcəyik. O zamana qədər hər Bakıya gedəndə elə fikirləşirdim, Nərimanova getsəm və Mövluda zəng eləsəm ki, gəl, çay içək. Deyəcək, "Dursunxana”da otur, çay de, gəlirəm.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Mən qabaq baxdığım davalı fimlərin davamını yuxuda görürdüm. Özüm o filmin qəhrəmanına çevrilirdim, çünki çox inanırdım o filmlərə. Nənəm danışırdı ki, filmlərdə adamlar gerçəkdən öldürülür. Məh hər yuxu görəndə çalışırdım, zəif adamları xilas edim. Ona görə də, hava qaralmamış yatırdım ki, yuxu görüm.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Babam idealım olub. Həmişə ona oxşamağa çalışmışam. Onu itirəndən sonra demək olar, hər üç gündən bir yuxuda görürəm. Maraqlı söhbətləri var idi o kişinin. İndi həmin söhbətlərə yuxularımda qulaq asıram. Bəzən nənəmi də görürəm, amma o gec gəlir, tez də qeyb olur. Bir neçə dəfə iyirmi yaşında dünyasını dəyişən əmimi də yuxuda görmüşəm. Qabaqlar məndə belə bir fikir yaranmışdı ki, onun yaşına çatanda öləcəm.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-İnsan yatarkən də proses davam edir. Yəni biri-biri ilə əlaqəsi olan, olmayan hadisələrin şahidi olur, lakin gedişinə təsir edə bilmir. Sözsüz, yuxusunda baş verən hadisələrin gedişatını dəyişə bildiyini iddia edən adamlar da var. Mən ümumun fikrini deyirəm. Ölümdən sonra həyatın olduğuna inansam, deyərdim, yuxular o biri dünyada bizi nələrin gözlədiyindən xəbər verir. İnana bilmədiyim üçün "yuxu – ölüm məşqidir” deyib keçirəm.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Nazim Hikməti tez-tez yuxumda görürəm. Özü də "Masalların masalı” şeirini oxuyan yerdə. Ən sevdiyim şeirdir. Yatmazdan əvvəl öz-özümə mızıldanıram. Bir ara fransız boyakarı, impressionizmin yaradıcılarından Kamil Pissaronun əsərlərini izləyir, haqqında yazılar oxuyurdum. Elə o ərəfələrdə o saqqallı kişini də yuxuda görmüşdüm. Özüylə Günəş gətirmişdi yuxuma.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Məncə, yuxular reallıqla paralel şəkildə addımlasa da, insanı həqiqətə çatdırmır.




İmza:
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK