adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Dekabr 2017 16:06
50086
MÜSAHİBƏ
A- A+

“Bu hobbi məndə uşaqlıqdan formalaşıb”

İstedad. Bu elə bir məfhumdur ki, hər kəsə qismət olmur. İstedad sahibi olan insanlara ətrafındakılar belə həsədlə baxır və eyni zamanda həmin insanın yaradanın sevimli bəndəsi olduğunu irəli sürürlər. Dünya alimlərinin apardığı araşdırmaya görə, istedadlı insanların digərlərindən fərqləndirən əsas xüsusiyyət onların dünya düzəninə fərqli yanaşması, beyin hüceyrələrinin digərlərinə nisbətən daha çox inkişaf etməsidir. Ümumən istedad insan övladına bəxş edilən ən dəyərli varlıqlardan biridir. Bu dəyərli varlığı isə daim ucaldan azadlıqdır. Azadlığı olmayan istedad sahibi işıqsız evə bənzəyər. "Ədalət” qəzeti və Adalet.az saytının "QARANLIQ İSTEDAD” layihəsinin qonaqları "işıqsız ev”in sahibləridir. Bilərəkdən və ya bilməyərəkdən törətdiyi cinayətlərə görə məhbusluq həyatı yaşayan rubrikada belə insanların yaradıcılığı, onların məhbusluq həyatı ilə bağlı oxucularımıza məlumat verəcəyik...

10 saylı cəzaçəkmə müəssisəsində il illik məhbus həyatı yaşayan Tural Vəliyev (ad şərtidir) heykəltaraşdır. Onun Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb. Dediyinə görə, hobbi kimi yanaşdığı bu sənət vaxtını səmərəli keçirmək üçün bir vasitədir...

DOSYE

Tural Vəliyev 2000-cı ildə Bakı şəhər Qaradağ rayonu Sahil qəsəbəsində anadan olub. Orta təhsillidir. Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə 1 illik azadlıqdan məhrum edilib. Cəzasının əhəmiyyətli hissəsini çəkib. 3 aydan sonra azadlığa qovuşmağı səbirsizliklə gözləyir.

T.Vəliyev deyir ki, uşaqlıqda rəssamlığa böyük həvəsi olub. 5 saylı İncəsənət Məktəbində 4 il kursa gedib. "Uşaq vaxtından rəssamlığa böyük həvəsim var idi. Evdə şəkillər çəkirdim. Sonradan heykəlıtaraşlığa maraq göstərdim. 4 il kursa da getmişəm. Bura gələndə bacarığımla bağlı heç kimə heç nə deməmişdim. İndi-indi bilirlər ki, mənim belə bir bacarığım var. Hazırda femida üzərində çalışıram. Yaxın vaxtlarda bitirəcəm. Rəssamlıq, heykəltaraşlıqla yanaşı qarmona da getmişəm. Arada zümzümə edirəm”.

Həmsöhbətim deyir ki, işə həvəslə başlayanda fikrində olan əsəri yarada bilir. Həvəssiz olanda isə.. Nədənsə ilham pərisindən danışmaq istəməyən T.Vəliyev gələcəkdə ali təhsil almağı, Azərbaycanın tanınmış heykəltaraşı olmaq istədiyini bildirib.

O, başəna gələn hadisəni belə nəql edir: "Hadisə 10-cu sinifdə oxuyanda olub. 11-ci sinifdə oxuyanda tutulmuşam. Sahil qəsəbəsində məktəbdə oxuyurdum. Bacım mənə üzük hədiyyə etmişdi. Dostumun dostu da o üzüyü məndən almaq istəyirdi. Əvvəcə üstümə tək gəldi. Gördü bacarmır sonradan qrup halında məni təklədilər. Bundan da bir nəticə çıxmadı. Məktəbdən sonra inşaatda çalışırdım. İşdən çıxandan sonra balıq tutmaq üçün yaşadığımız evin yanında tilovumu suya salmışdım ki, bir də gördüm arxadan kimsə məni çağırır. Getdim gördüm yenə bunlar. Bu dəfə 4 nəfər gəlmişdilər. İşçili idilər. Yenə aramızda üzük söhbəti getdi. Və qarşımdakı mənə söyüş söyməyə başladı. Üstümə cumanda özümdən asılı olmayaraq biçağa əl atdım. O bıçaq balıq tutanda bizə lazım olur deyə üstümdə götürmüşdüm. Birinci həmlədə bıçaq bunun sinəsini cızdı. İkinci həmlədə isə qarın boşluğuna dəydi. Yanındakı uşaqlar hadisəni görüb şoka düşdülər və ərazidən qaçdılar. Mən də getdim evə. Yeznəmizə, qardaşıma hadisəni danışdım. Sonra gedib polisə təslim oldum”.


Əsas hobbisindən danışan T.Vəliyev qeyd edir ki, kartda fokus göstərməyi daha gözəl bacarır. Bunun üçün çox əziyyət çəkib: "Kartda müxtəlif cür fokuslar edə bilirəm. Evdə bir neçə kartım var. Bu hobbi məndə uşaqlıqdan formalaşıb. Hardasa 5-6-cı sinifdə oxuyurdum. Məktəbimizə fokus göstərənlər gəlmişdilər. Mən də baxdım həvəsə düşdüm. Sonradan bu işin dalınca düşdüm. Əvvəl-əvvəl alınmırdı, sonra yenə, yenə... daha sonra bu işi bacardım. İndi kart üzərində müxtəlif fokuslar qura bilirəm”.

Məhbusluq həyatından danışan T.Vəliyev darıxmadığını deyir. Bildirir ki, boş dayanmağa vaxtı olmur. Həm məktəb, həm TV və digər məşğuliyyətlərlə gününü keçirir.

Ədil Ədilzadə