BAHARIN BİR ADDIMLIĞINDA

ƏBÜLFƏT MƏDƏTOĞLU
81563 | 2013-03-28 10:15
Qəribə də olsa, ancaq diqqətçəkən, insanı düşünməyə məcbur edən məqamdır. Çünki baş verən bütün hadisələr böyük və kiçikliyindən asılı olmadan həmişə nəyəsə söykənir, nədənsə qidalanır. Bu mənada biz hadisələri nədən başlayıb hansı istiqamətdə hərəkət edəcəyini  təxmin etmək üçün bəzən günlər, aylar sərf edirik. Amma qəribəlik onda olur ki, biz nə gün, nə ay sərf etmirik. Sadəcə, oturub hadisələrin axarını izləyir və yaxud da  onun iştirakçısına çevrilirik.
Bu il Novruzun bir addımlığında, yəni ilin son çərşənbəsinin öncəki günündə bütün Türk dünyası, eləcə də Azərbaycan bir bayram ovqatı yaşayırdı. Bu ovqatın əsas mahiyyəti təbii ki, baharla, Novruzla, yeni günlə bağlı idi. Hər kəs özünün illərlə öyrəşdiyi, adət etdiyi, canına-qanına hopdurduğu  vərdişlərə  uyğun olaraq bayram hazırlığı görürdü. Görülən hazırlıqların içərisində ən çox diqqəti çəkən də ömrümüzə gələn yaz sevincləri, yaz təravəti idi. Lakin bütün  sevinclərlə yanaşı bir tarix də var, bir tarixi  gerçəklik də var. Bundan qaçmaq mümkün  deyil. İstər  o tarix bizim üçün kədərli olsun, istər sevincli, istər şirin olsun, istər acı. Bu bir tarixdi və biz ona inanmalı, ondan öyrənməli, ondan nəticə çıxarmalıyıq...
Bax, elə son çərşənbənin bir gün öncəsi, yəni martın 18-i Türk dünyası üçün çox önəmli bir məqamdı. Elə  bir məqamdır ki, onunla bütün Türk dünyası fəxr edir. Az qala yüz ilə yaxındır ki, həmin o tarix fəxrlə anılır,  anıldıqca da sanki o tarix təzələnir, qəhrəmanlıq yenidən  gündəmə  gəlir. Bəli, düz 98 il bundan öncə mart ayının  18-də Çanaqqala  döyüşü təkcə Türk dünyasının yox, bütövlükdə insanlıq tarixinin şanlı səhifəsinə  çevrildi.  Düz  98 ildir o şanlı savaş tarixi  təkrar-təkrar oxunur, öyrənilir və onun nəticələri  yeni bir düzəm üçün,  yeni  bir dünya üçün bizi hazırlayır.  Biz özümüzdən öyrənir, özümüzə güvənirik.  Çünki o tarixi təkrar edənlər, o tarixi yaşadan qəhrəmanlar bu gün də türk dünyasının ər oğulları  sırasındadı.
"Azərbaycan Bayrağı" ordenli kəşfiyyatçı-döyüşçü İbad Hüseynovun adı  artıq  Azərbaycanın sərhədlərini çoxdan aşıbdır. İndi o təkcə Azərbaycanın yox, bütövlükdə Türk dünyasının qəhrəmanına çevrilib. Bəlkə də bir az da  obrazlı  ifadə etsək, o qatı bir terrorçunu məhv etməklə dünyanın üzündən bir ləkəni silibdir. Məhz bu səbəbdəndir ki, 18 mart Çanaqqala savaşının 98-ci ildönümü münasibətilə keçirilən anım tədbirinə İstanbul valisi tərəfindən İbad Hüseynov da dəvət olunmuşdu. Artıq Türkiyədə yaxşı  tanınan İbad Hüseynov qatıldığı bu mərasimdə də öncədən görüşdüyü, Türkiyənin dövlət rəhbərləri ilə, o cümlədən də Baş nazir  Rəcəb Tayyib Ərdoğanla təkrar görüşdü. Hər kəsin  eşidəcəyi və seyr edə biləcəyi bir səslə, nəvazişlə  salamladığı "Çanaqqala qəhrəmanlarını ziyarət etmək haqqını qazanmış qəhrəman İbad" - deyə  bərk-bərk əlini sıxdığı  Azərbaycan oğlunu bu anım günündə yenidən  salamlamağı özü üçün xoş bir təsadüf adlandırdı. Həmin mərasimdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Necdet Özəl, Türkiyə Jandarm Qüvvələri Baş Komandanı, ordu generalı Bəkir Kalyonçu və digər rəsmi şəxslərlə birlikdə anım tədbirində iştirak edən şəhidlərin ruhu qarşısında baş əyən İbad Hüseynov ona göstərilən diqqət və ehtiramdan qürur hissi keçirdi.
Bəli, türk oğlu həmişə öz qəhrəmanlığı, öz şəxsiyyəti və öz məğrurluğu ilə bütövlüyünü, əyilməzliyini dünyaya sübut edib. Göstərib ki, onun üçün torpaq namus  məsələsidir. Bu məsələdə  güzəşt yoxdur. Bu yolda  şəhid olmaq, şəhidlik zirvəsinə ucalmaq  şərəfdir. Məhz  ölməz qəhrəmanlar həmin o yolu seçənlərdir. İbad Hüseynov öz qəhrəmanlığı, öz yolu ilə şəhidliyin əbədiyaşar olduğunu dünyaya göstərə bilib. O, sübut edə bilib ki, dünyanı terrordan, işğalçıdan xilas etmək ən böyük  şərəf məsələsidir. Bax, bu yolu seçən İbad və onun kimi oğullar bütün dünya tərəfindən, eləcə də Türk dünyası tərəfindən dəyərləndirilib, sayğıya, hörmətə layiq görülüb. Doğrudan da  bütün qəhrəmanlıqlar öz seçimi ilə deyil, öz nəticəsi, öz mahiyyəti ilə yaşamaq haqqı qazanır. Yəni  fərdi yox, xalq üçün, torpaq üçün tökülən qanlar, qazanılan qələbələr zəfər salnaməsi olur. İbadın qəhrəmanlığı da məhz bunların bir nümunəsidir. Ona görə də  onu Türk dünyası da alqışlayır.
P.S. Həmin anım mərasimində Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtuzov, Beynəlxalq Diaspora mərkəzinin Aparat rəhbəri Samir Adıgözəlov da iştirak edirdi.
ƏBÜLFƏT  MƏDƏTOĞLU

TƏQVİM / ARXİV