Biz yazıçılar ən çox orda yalan danışırıq...

OĞUZ AYVAZ
40386 | 2017-12-19 14:09

Servantes özü heç yaratdığı Don Kixot obrazı qədər məşhur deyil. Yazıçı öz qəhrəmanına uduzur. Lakin Don Kixot həm də Servantesin özüdür. Müəllif bu saf qəhrəmanını çıxılmaz bir situasiyanın ortasına atır və onunla bərabər məğlubiyyəti boynuna alır. Viktor Hüqo yazırdı: "Servantes sona qədər Don Kixotun tərəfindədir”...

Don Kixotun Rossenant adlı atı, uzun nizəsi var. Arıq, sısqa biridir. Xəyallarında yaşatdığı Dulsineya adlı bir xanımı sevir. Həyata məğlub olsa da, Don Kixot uduzduğunu bilə-bilə hücuma keçir. Qalibiyyətin nə olduğunu belə bilməyən Don Kixot üçün məğlubiyyət də bir anlam daşımır.

Dostoyevskinin "İdiot” romanını yadımıza salaq. Knyaz Lev Nikolayeviç Mışkin xeyirxah Pavlişşevin köməyi ilə İsveçrədə epilepsiya xəstəliyindən müalicə olunduqdan sonra Peterburqa gəlir. Xəstəliyi tam sağalmayan knyazın yaşamaq üçün vəsaiti belə yoxdur. Son anda onu nəslinin son nümayəndəsi xilas edir. Knyaz eybəcər bir cəmiyyətin üzvünə çevrilir. Mışkin iki qadın arasında qalır – Nastasiya Filippovna və Aqlaya İvanovna. İkincisi, hislərini gizlətməyi bacarır, knyazı sevdiyini dilə gətirmir, ancaq ona qarşı böyük bir istəyi var. Evdə dava-şavanı sona çatdırmaq üçün o, knyazdan evlənməyə razı olub-olmadığını soruşur, müsbət cavab alır. Lakin knyazın ürəyindəki ilk qadın – Nastasiya hələ də knyazı sevir, onu özündən uzaqlaşdırmağa çalışsa da, Aqlayaya məktub yazıb tərfiləsə də, Mışkinin yalnız özünə aid olmasını istəyir. İki qadının görüşündə də Nastasiya qalib gəlir.

Aqlaya yorğan-döşəyə düşür, mərhəmətli knyaz nə edəcəyini bilmir, çaş-baş vəziyyətdə qalır, Yepançingilə gedir, lakin onu qızın yanına buraxmırlar. Çarəsiz Nastasiya ilə evlənməyə razılıq verən knyaz toy günü qadının Roqojinlə qaçdığından xəbər tutur. Əsərin sonu Roqojinin Nastasiya Flippovnanı qətlə yetirməsi və knyazın yenidən İsveçrəyə müalicə olunması ilə sona çatır.

Mışkin də dünyada saflıq və ədalət savaşı verən Don Kixotun tayıdır. Onu hamı "idiot” hesab edir, lakin ürəklərinin dərinliyində bu insanın sadəliyini, saflığını görürlər. Dostoyevski Knyaz Mışkini çıxılmaz bir situasiya ilə baş-başa qoyur. Bəli, eynən Dostoyevski də həmin situasiyada aciz qalacaqdı.

Dostoyevskinin "Cinayət və Cəza”, "Alçaldılmış və təhqir edilmişlər”, Herman Hessenin "Yalquzaq”, Kamyunun "Taun”, "Yad”, Sartrın "Ürəkbulanma”, Lermantovun "Zəmanəmizin qəhrəmanı” və s. əsərlərdə də eyni situasiyanı görürük. Yazıçı yaratdığı obraz kimi situasiyadan çıxış yolunu tapa bilmir.

Nə demək istəyirəm? Bütün bu misallarla sözü nəyə gətirmək istəyirəm? Bir başa deyək: yazıçı aciz qaldığı situasiyanı qələmə alır. Əgər yazıçı vəziyyətdən çıxış yolunu bilirsə, qəhrəmanını labirintdən xilas etməyi bacarırsa, vəssalam, bu zaman əsərin yazılmasına ehtiyac qalmır...

Bir yadınıza salın. Tolstoydan soruşurlar:

- Anna Karenina kimi humanist qadın obrazı yaratdınız, ancaq onu sonda qatarın altına atdınız. Niyə?

Qoy Tolstoyun cavabı qoy yazımın son cümləsi olsun:

- Mən yaza-yaza bir də başımı qaldırıb gördüm ki, Anne Karenina özünü qatarın altına atır.

Yazıçıların yaradıcılıqla bağlı fikirləri də həmişə yaddaşımın bir küncündə yaşayır:

Anton Çexov

"Mənim təcrübəm budur: hekayə yazanda əvvəlini və axrını xətləyirəm. Biz yazıçılar ən çox orda yalan danışırıq”.

Ernest Heminquey

"Yazımın qidalandığı qaynağı əsla "ac” qoymamağı, dibində azca qalanda onu "dondurmağı” və onu bəsləyən baharın gecələri yenidən canladırmağa icazə verməyi öyrəndim”.

Mark Tven

"Hər "çox” yazanda, silib "lənət” yazın; redaktorunuz onu siləcək və yazı istədiyiniz kimi olacaq”.

Virciniya Vulf

"Mənim üçün yazmaq ən yaxşı idmandır; əzələləri elastikləşdirir”.

TƏQVİM / ARXİV