adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Dekabr 2017 00:39
39678
MƏDƏNİYYƏT
A- A+

Sözün sehri

Əvəz
Mahmud
Lələdağ

Sözdə hünərə bax, cəsarətə bax,
Məhəbbət qalası alınır sözlə!
Sevdiyin o şikar ahu olsa da,
Tutulub qəfəsə salınır sözlə.

Dodaqdan süzülən bal kimidi söz,
Eşqin qıfılı da sözlə açılır.
Haqqa doğru gedən yol kimidi söz,
Haqdan haqq yoluna şəfəq saçılır.

Söz var deyiləndə qəlbinə yatar,
Söz də var məlhəmdir çarəsiz dərdə.
Söz də var insanı zindana atar,
Bir sözün hökmüylə məhv olar şər də.

Könül sındıran da tikanlı sözdü,
Söz yıxan evləri düzəltmək çətin.
Düzün boy-buxunu əzəldən düzdü,
Əyrini düzəldib düz edək çətin!

Yarın kefini də yaxşı söz açar,
Cəhd edib ayaqlaş bu həyatla şən.
Yöndəmsiz sözlərdən söz özü qaçar,
Sözünü cilala ləyaqətlə sən.

Sözün tutarlı, yerbəyerində olması, öz qəlibində oturması, mənası, məzmunlu deyilişi, qəlbə yatması böyük səriştə tələb edir. Söz baldan şirindir, zəhərdən acı. Söz qılıncdan itidir. "Qılınc yarası sağalar, söz yarası sağalmaz, ilbəil qövr edər" - deyib aqillərimiz. Söz dünyanın tacı olan qızıl-gümüş, ləl-gövhər yatağıdır, onu tapıb üzə çıxartmaq, xalqa bəxş etmək qüdrətli qələm sahiblərinin işidir. Qızılın sərrafı zərgər, mərcanın sərrafı qəvvas, sözün sərrafı şairdir!

Ərşin bülbülləridir sözə qadir şairlər.
Hər tərifə layiqdir sözü nadir şairlər.
Ərənlər, ulu kəslər səf çəkərək düzəlib,
Qabaqca peyğəmbərlər, sonra şairlər gəlib.
Allahın dostu olmaz onları gözdən salan,
Hərəsi bir ləpədir, qabıqdı yerdə qalan.

(Nizami Gəncəvi)

Söz şairin daxili aləmindən, mənəvi zənginliyindən, dünyagörüşündən, həyata baxışından, gözəlliyi vəsf etməsindən, vətənpərvərliyindən, təbiətə vurğunluğundan xəbər verməlidir.

Şair xalqın ümidi, işıqlı gələcəyi,
O şairə qurbanam, sözünün tutarı var.

Şair qəliz sözlərdən, ibarələrdən qaçmalıdır. Çünki şeiri xalq üçün yazarlar, özü üçün yazmazlar. Şeir sadə, məzmunlu yazılmalıdır. Onu oxuyanda hamı asanlıqla başa düşməlidir.
"Asandır, bunu yazmağa nə var" - deyən oxucu o sadəliyin nə qədər mürəkkəb olduğunu duymalıdır, onu yazmağı bacarmamalıdır.

Yollarına gül düzmüşəm,
Qoxla, qadasın aldığım.
Məndə olan sədaqəti,
Yoxla, qadasın aldığım.

Bizim dahilərimizi, müdriklərimizi filosoflarımız, söz sərraflarımızı yaşadan Sözdür. Məgər Ulu Tanrının bizə bəxş etdiyi əlçatmaz insanlar - Əfzələddin Xəqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Molla Pənah, Mirzə Səfi, Mirzə Fətəli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məmməd Hüseyn Şəhriyar, Aşıq Alı, Dədə Ələsgər, Xəstə Qasım, Tufarqanlı Abbas, Xurşudbanu, Mirvarid Dilbazi və s. öz sözləri fəlsəfi kəlamları, dünyagörüşləri ilə xalq tərəfindən qəbul edilib həmişəyaşar olublar? Bunların varı-dövləti, möhtəşəm sarayları olmayıb.

Mənim nəyim var ki sözdən savayı,
Haqdan, ədalətdən, düzdən savayı. -

deyiblər Allahın bizə göndərdiyi xalq elçiləri!
O dövrün də əli qələm tutanı az olmayıb. Lakin cəmiyyət tərəfindən sevilən, qəbul olunanlar dillər əzbəri olublar, ürəklərdə yuva salıblar, əsrlər, qərinələr keçsə də onlar unudulmayacaqlar.
Mən bu gün bütün yazarları, əli qələm tutanları ürəkdən alqışlayıram, onlara uğurlar diləyirəm qoy yazsınlar. "Deyilən söz yadigardı". Onların yazdıqları poeziya gülşəninə xələl gətirmir çünki onlar gülşəndə bitən gülün, çiçəyin səmtinə gedə bilmirlər. Kim xalq tərəfindən, cəmiyyət tərəfindən, bəşəriyyət tərəfindən qəbul olunacaqsa onu gələcək göstərəcək.
Bir müdrik, ağıllı, ağsaqqal atanın şair oğluna tövsiyəsindən "Şeir, mədh, qəzəl, həcv, mərsiyə, tərkidünya və s". yazdıqda o barədə nə mümkünsə hamısını de, bitkin, bir əsər yarat, heç vaxt yarımçıq yazma. Bir də ki, nəsirdə işlənən sözləri şeirdə işlətmə, nəsir rəiyyətdir, şeir şah. Rəiyyətə yaraşmayan şey şaha heç yaraşmaz... Söz söyləyəndə alicənab ol, hər kəsin öz yerini bil, hərəyə özünə layiq mədh de. Ömründə belinə bıçaq bağlamamış adam, haqqında demə ki, "qılıncın aslan parçalayar, oxla tükü vurarsan! Ömründə eşşəyə minməmiş adamın atını Düldülə, Qırata, Bozata, Ərəfata və Şəbdizə oxşatma. Kimə nə demək lazım olduğunu bil". (Qabusnamə, səh.163)
Atanın şair oğluna, yeni nəslə dəyərli tövsiyəsi, mədəniyyətə, poeziya aləminə qiymətli töhfədir.
İlahi sözləri tapıb nizama düzmək çox da asan deyil. Bütün gözəllərdən gözəldi söz. Sinələri bəzəyən, çöhrələrə təbəssüm bəxş edən dəyərli, qiymətsiz qaş-daşdır söz.
Qızın gözəlini, sazın gözəlini, üzün gözəlini axtardığı kimi, sözün də gözəlini araşdırıb üzə çıxarmalıdır şair.
Böyük Füzuli demişkən:

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Ba nə sirdir kim, olur hər ləhzə yoxdan var söz!

Xoş məramlı söz var, bəd məramlı söz var. Doğru söz var, yalan söz var Ulularımız həmişə xoş söz, düz söz deməyi məsləhət görüb, tövsiyə edib.
Dədə Ələsgər demişkən:

Can deməklə candan can əksik olmaz,
Məhəbbət artırar mehriban eylər.
Çor deməyin mənfi nədir dünyada.
Azad könülləri pərişan eylər.

"Doğru söylə, sözün çıxmasın qələt".
Söz bütöv olanda qiyməti baha olur. Yalan söz danışmamaq üçün insan özünə hədə-qorxu gəlir.

Yalan kəlmə desən dilim,
Doğranasan dilim-dilim.

Söz var ara qarışdırar, düşmənçilik yaradır. Söz də var qan barışdırır, insanları mehriban edir. Şirin söz ilanı yuvasından çıxardar, ürəklərə yağ kimi yayılar. Söz var tərif üçün yaranıb.

Dilbər təbiətin sərin şərbəti,
Ayrıla bilmirəm buz dodağından.
Səndədir eşqinin gücü, qüdrəti,
Şirindir dodağın qız dodağından!

Söz var yaltaqlanmaq istəyənlər üçün yaranıb.

Çaqqallar yaranıb ulamaq üçün,
Yaltaq quyruq taxır bulamaq üçün.

El deyimində deyilir.
Hoha var dağa qaldırar,
Hoha var dağdan endirər.

Biz dağın ucalığını ətəyindən tutmuş başına qədər süzürük.
Səməd Vurğun:

Binələri çadır-çadır,
Çox gəzmişəm özüm, dağlar.
Qüdrətini sizdən aldı,
Mənim şeirim, sözüm, dağlar.

Dədə Ələsgər dağın ədalətindən hamıya eyni gözlə baxmağından söz açır.

Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.

Arzu-muradına çatmış aşiq dağların çağlarını sözlə qiymətləndirir.

Yağır yağışların, qalxır dumanın,
Axır boz bulanıq sellərin, dağlar.
İndən belə xoş səfalı çağındı,
Köçür, qonur ağır ellərin, dağlar.

(Novruz və Qəndab dastanından)

Tər gülü-çiçəyi dərib ətrini həvəslə qoxulayırıq, buz bulaqların həzin zümzüməsinə canı-dildən qulaq asırıq, məcrasına sığmayan çayların coşqunluğunu görürük, böyük cahanı öz nuruna qərq edən Günəşə, Aya, ulduzlara mənalı-mənalı tamaşa edirik. Lakin biz dağın ucalığına, vüqarına, dərənin dərinliyinə, vahiməsinə, çiçəyin zərifliyinə, suyun şəffaflığına, şehin büllurluğuna, dənizin maviliyinə vurulmasaq, o müqəddəsliyi duya bilmərik, gözəlliyi gözəl sözlə vəsf etməkdən yan keçərik.
Təbii duyğular, coşqun ilhamlar, ülvi sevgilər, pozulmayan əhdi-peymanlar, saf məhəbbət, mənalı gülüş, qeyrət, ülfət, nəciblik dözümlülük, əyilməyən vüqar sözlə canlanır, müqəddəsləşir.

Əyilməz vicdanın böyük heykəli,

deyib ulularımız.
Təbiətə xor baxanlara, gözəlliyi məhv edənlərə qarğış xarakterli söz deyiblər bizdən əvvəlkilər

Əlləri qurumuş bədəsil xoryat,
Eləmi dərərlər yaz bənövşəni?

(Əmrah dastanından)

İlqarından dönənlərə:

Abbas ağlar zarı-zarı,
Getməz könlümün qabarı.
İlqarından dönən yarı,
Tanrı tez bazar eyləsin.

Kərəmin Alvas dağından gələn səsi, Mənsumun nakəm məhəbbəti, Qəribin Vətən həsrəti, Zöhrənin Tahir intizarı, Cəlalın yanıqlı laylası sözlə xalqa çatdırılır.
Yar yolunda aşiqin çəkdiyi əzab-əziyyət, yar yolunda canını qurban etməsi taqsırını insanların canını alan Əzraildə görməməsini sözlə anasına çatdırır.

Ələsgər...
Əzraili qanlı tutmasın anam,
Məni bir kirpiyi peykan öldürür.

Məclis-mərəkədə az danışmağı, israfçılığa yol verməməyi, dilin cilovunu buraxmamağı tövsiyə edib ulularımız.

Boş, mənasız sözlər kimə gərəkdi,
Kim belə sözləri dinləyəcəkdir?

(Nizami Gəncəvi)

Ustadlar məsləhət görüblər.

...Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin bərəkallah, yaxşıdır!

(Şah İsmayıl dastanından)

Amma sözə soyuq münasibət məni ciddi narahat edir.

Azalır

Qardaş, qulpdan düşür sözün qiyməti,
Urvatdan salırlar şeiri, sənəti.
Təhlükə gözləyir mədəniyyəti,
Ağıldan kasıblar artıq üz alır,
Yazan çoxaldıqca, yazan azalır.

Toz-torpaq qarışır lələ, gövhərə,
Atını dördnala səyirdir hərə.
Yöndəmsiz sözlərdən bezib dağ, dərə,
Nadanlar, naşılar artıq üz alır,
Yazan çoxaldıqca, yazan azalır.

Gör nə günə qaldıq, Dədə Ələsgər,
Gorun çatlamırmı, ay sinədəftər.
Köhləni ulaqla kəc salır mehtər,
Duz satan qonşudan gedib duz alır,
Yazan çoxaldıqca, yazan azalır.

De, necə dözürsən Nizami baba,
Bəlkə sən tapasan bu du dərdə dava.
Arxayın oturduq, getdi el-oba,
Onda əlli alan, indi yüz alır,
Yazan çoxaldıqca, yazan azalır.

Elə bil o halal mayam dəyişib,
İsmətim dəyişib, həyam dəyişib.
Məni qınamayın, əyyam dəyişib,
Cavan qarı alır, qoca qız alır,
Yazan çoxaldıqca, yazan azalır.

Çoxunun könlündə intizar yatır,
Mənim ürəyimdə ahı-zar yatır.
Birinin əlində simuzər, yatır,
Vətən beləsində kamı az yatır,
Yazan çoxaldıqca, yazan azalır.

Sözün yaraşıqlı, boyu, buxunu,
Gərək heyran edə elin çoxunu.
Qoy gəlsin köməyə sözüm yaxını,
Mərcanın üstünü qalın toz alır,
Yazan çoxaldıqca, yazan azalır.

Müşk-ənbər ələnsin ilhamınızdan,
Açsın zərrə-zərrə gözümüzdə dan.
Sözü üstün tutun öz canınızdan,
Qoymayın! Əvəzin sözü sozalır,
Yazan çoxaldıqca, yazan azalır.

Sözün sehri, sirri, möcüzəsi tükənməzdir.