adalet.az header logo
  • Bakı 18°C

Rəssam, "Maestro", neftçi...

ETİBAR CƏBRAYILOĞLU
36028 | 2017-12-16 00:26
Rəssam Hafiz Kərimov qədim Naxçıvan torpağında, Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini əlaçı tələbə kimi bitirib. Azərbaycanda, bir neçə xarici ölkələrdə keçirilən sərgilərdə, müsabiqələrdə fəal iştirak edib, onun əsərləri şəxsi kolleksiyaları bəzəyir. 2005-ci ildən Rəssamlıq İttifaqının üzvü olan tanınmış fırça ustasının ilk fərdi sərgisi 2011-ci ildə Bakıda təşkil edilib.
50 illik yubileyi ərəfəsində Hafiz Kərimovun Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda sayca ikinci fərdi sərgisi açıldı. İstedadlı rəssam yubiley sərgisinə maraqlı ad seçmişdi - "Fəsillərlə mən".

"Yaz fəsli", "Payızın sonu", "Qış. Axşama
doğru" bir arada

"Fəsillərlə mən" sərgisində fırça ustasının 50-ə yaxın əsəri nümayiş etdirildi, onların da hamısı sulu boya ilə çəkilib. Növbəti yaradıcılıq hesabatından əvvəl fikirlərini bizimlə bölüşən Hafiz Kərimov bildirdi ki, bu dəfə təbiətlə bağlı əsərlərini sərgiləmək qərarına gəlib: "Doğulduğum Naxçıvan torpağının, gözəl Azərbaycanımızın əsrarəngiz təbiətini əsərlərimdə göstərməyə çalışmışam. Müxtəlif janrlarında işləməyi bacarsam da daha çox akvarel-sulu boya ilə çəkməyə üstünlük verirəm".
Rəssamla söhbətdən o da məlum oldu ki, budəfəki sərgisində payız fəsli ilə bağlı əsərlərin üstünlük təşkil etməsinin özəl səbəbi var: "Təbii ki, təbiətin bütün fəsilləri gözəldir, amma mən payızı daha çox sevirəm, çünki payız sakit bir fəsildir. Kənd yerində doğulub boya-başa çatan insanlar yaxşı bilir, toy şənliklərini camaat daha çox payızda keçirərdilər. Yəqin ki, bir az da bu üzdən payız mənə doğma gəlir, ona görə tez-tez payızı əsərlərimə köçürürəm".
Azərbaycanın dahi rəssamları öz əsərlərində payız mövzusuna müraciət ediblər. Bəhruz Kəngərlinin "Payız"ını, Səttar Bəhlulzadənin "Payız küləyi"ni, "Qızıl axşam"larını xatırlamaq yerinə düşər. Hafiz Kərimovun sərgidə nümayiş etdirdiyi əsərlər arasında bu fəsli əks etdirən "Payızın sonu", "Qızıl payız", "Payız bağları", "Payız düşüncəsi", "Payızın rəngləri" və s. tablolara rast gəlmək olur.

Kiçik həcmli əsərlərdə
böyük dünya

Hafiz Kərimovun "Fəsillərlə mən" adlı ikinci fərdi sərgisinin açılış mərasiminə tanınmış fırça ustaları, sənətşünaslar toplaşmışdı. İş yoldaşları da belə sevincli gündə yubilyarın ətrafında idilər. Yeri gəlmişkən, istedadlı rəssam kimi tanınan Hafiz Kərimov həm də neftçidir, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda çalışır.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək istedadlı rəssamı yubileyi və fərdi sərgisinin açılışı münasibəti ilə təbrik etdi: "Azərbaycan təsviri sənətinin tarixində iki böyük fırça ustası var ki, onlar rəssamlarımızın yetişməsində müstəsna xidmətlər göstəriblər. Onlardan biri Bəhruz Kəngərli, digəri isə Səttar Bəhlulzadədir. Naxçıvanda onlarla istedadlı gənc məhz Bəhruz Kəngərlidən bəhrələnərək rəssamlığa gəlib. Bakıda doğulan gənclər isə Səttar Bəhlulzadənin davamçısı olmaq arzusu ilə bu sənətə gəlməyə çalışıblar. Bu gün yubiley sərgisinə toplaşdığımız Hafiz Kərimov Naxçıvan rəssamlıq məktəbinin istedadlı nümayəndələrindən biri kimi tanınır. Sevinirəm ki, o, bu gün "Fəsillərlə mən" sərgisində akvarellə çəkdiyi əsərləri nümayiş etdirir. Uzun müddət idi ki, belə bir sərgi keçirilmirdi. Çünki sulu boya ilə işləmək çox çətindir. Mən Hafizi çoxdan tanıyıram, həmişə də özünü sadə, təvazökar bir insan kimi apardığını görmüşəm. Mübaliğəsiz deyə bilərəm ki, Hafiz Kərimov rəssamlıqda bir "Maestro"dur.
Rəssamlar İttifaqının məsul katibi, Əməkdar incəsənət xadimi Rafiq Kərimov yaradıcılıq təşkilatının sədri, Xalq rəssamı Fərhad Xəlilovun yubilyarın ünvanına göndərdiyi təbriki oxudu, Hafiz Kərimova uğurlar arzuladı.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev də çıxışında Hafiz Kərimovun yaradıcılığını yüksək dəyərləndirdi: "Hafizin özünəməxsus dəsti-xətti var. Onun əsərlərinin hamısı demək olar ki, kiçik həcmlidir, amma bu kiçik həcmli əsərlərdə sanki böyük bir dünya yaradıb. Hafizin "Fəsillərlə mən" sərgisinin də sənətsevərlərin maraqla qarşılayacaqlarına inanıram".
Rəssam Hafiz Kəngərli həmkarını yubiley münasibəti ilə təbrik etdi. Hafiz Kərimovun həyat yoldaşı Nigar xanımın çıxışı da sərgiyə gələnlərin marağına səbəb oldu. Nigar xanım müəlliminə, həmkarına və ömür-gün yoldaşına səmimi təbriklərini çatdırdı.
Sonda çıxış edən Hafiz Kərimov sərginin təşkilindəki köməyə görə Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, Dövlət Neft Şirkətinin və Bakı Neft Emalı Zavodunun rəhbərliyinə təşəkkürünü bildirdi.
Açılış mərasimindən sonra sərgiyə gələnlər Hafiz Kərimovun "Kəndimiz", "Əshabi-Kəhf", "İlanlı dağ", "Xanəgah-Naxçıvan", "Şahbuz dağları", "Batabat", "Xudafərin körpüsü", "İstanbul", "Bakı", "Qəbələ", "Yaz fəsli", "Tutqun payız", "Qış. Axşama doğru", "Aldım bir dənə, açdım min dənə-Nar" əsərləri ilə baş-başa qaldılar.


TƏQVİM / ARXİV