adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Dekabr 2017 00:22
22970
MƏDƏNİYYƏT
A- A+

HEÇ BİR MÜKAFAT ƏDƏBİYYATA QİYMƏT VERƏ BİLMƏZ

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz" haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı" layihəsinin növbəti qonağı şairə, tərcüməçi Rəbiqə Nazimqızıdır.

- Spinoza təbiəti qadına bənzədirdi. Yaradıcı qüvvənin təbiət olduğunu düşünürdü. Söz də yaradıcılıq gücünə malikdir. Sözün gücünü daha çox harda və nədə görürsünüz?
- Belə deyək, biz bəzən sözün gücsüzlüyünü belə sözün özüylə ifadə edirik: "daha sənə sözüm yoxdur", "deməyə söz tapmıram" və sair. Bütün situasiyalarda danışa bilən və bilməyən adamlar da sözlə düşünürlər. Gözlə görünən və görünməyən hər şey söz şəklində mövcuddur. Vizual görə bildiyimizi konkret, görə bilmədiklərimizi abstrakt sayırıq. Yəni sözdən kənarda heç nə yoxdur, sözsüz, yoxdur. Başqa bir məsələ də var. Söz mistik qabiliyyətə malikdir. O, sonradan vizuallaşa bilir. Öncəgörmələri, ya intuisiyanı nəzərdə tutmuram, bəzən adi zarafatla rəfiqənə dediyin adi ehtimal - yəni "sözdü deyirəm də" - özü də sonradan doğrulur, maddiləşir, yaşanır, gerçəyə çevrilir. Söz heç vaxt havada qalmır, bu və ya digər şəkildə mütləq gəlib hədəfini tapır, bəzən istiqamət elə özün olursan, buna da bumeranq effekti deyirik. Konkret misallar da çəkə bilərəm, amma bu, uzun vaxt aparacaq. Bir cümləylə deyim, söz hər şeydir, hər şey sözdür.
- Şərq xalqları fəlsəfi dünyagörüşünə görə qərbdən tarixən qabaqda olub. Müasir dövrdə isə Şərq daha çox geriyə, Qərb isə irəliyə doğru addımlayır. Bu mənada dinin, təhsilin rolunu önə çəkilir. Necə düşünürsünüz hansı məqamlarda biz qərbə uduzuruq?
- Biz qərbə yalnız onda uduzuruq ki, özümüzü qiymətləndirmirik, qonşumuzu qiymətləndirmirik, dostumuzun uğurlarına lazımi qədər sevinə bilmirik, onu öz yanımızda və başqalarının yanında ucaltmağı, ləyaqətli şəkildə təqdim etməyi bacarmırıq, təntənəli bəyanatlara, dəbdəbəli təriflərə qaçırıq, mücərrədliyi konkretlikdən uca tuturuq, biz bəzən öz savadsızlığımızı ört-basdır eləmək üçün ən mənasız mətndə hansısa dərin mənalar axtarırıq, "tapırıq", düşünürük ki, sənət hamı üçün deyil. Biz ədəbiyyatdan daha çox ədəbiyyat ətrafı məsələlərə vaxt ayırırıq və sair və ilaxır. Dinin rolu bizdə yalnız görüntü üçündür, biz dini rituallara əməl edəndə belə, bunun yalnız zahiri tərəflərinə diqqət yetiririk. Bu, bizim insanlara, dünyaya yanaşmamıza təsir göstərmir, biz əsas ideyanı ("nə üçün" sualını) unuduruq. Biz təhsil alırıq ki, universitetə girək. Desinlər ki, filankəsin uşağı ali məktəbdə oxuyur. Amma neçə abituriyent sevdiyi sahəni seçir, bitirdiyi sahədə işləmək istəyir. Nəysə... Dərdimizi təzələməyək. Səbəblər çoxdur...
- Şeirlərinizdə aqnostik yanaşma hiss olunur. Sanki mövcüd biliklərin inkarını qəbul edirsiniz. Şeir insan düşüncəsini hansı yöndə dəyişə bilər?
- Şeirlərimlə bağlı nəsə danışmaq mənə düşməz. Ümumiyyətlə, düşünürəm ki, şeir yazılandan sonra oxucunun beynində nə yaranırsa, elə odur. Burada səhv yanaşmanın özü də düzgün hesab oluna bilər. Oxucu ilə şeirin arasına girmək yaxşı deyil. O ki qaldı poeziyanın insan düşüncəsinə təsiri, bu barədə də fikirləşməmişəm. Konkret soruşsasınız ki, məndə nə dəyişib, belə cavab verərdim, oxuduqlarım və yazdıqlarım məni sizinlə bu gün danışan - dostların sevdiyi, tanışların hörmət elədiyi və bir-iki nəfərin də bəyənmədiyi adama çevirib. Şübhəsiz, şeirsiz mən bu mən olmazdım, bu müsahibə də olmazdı. Nə olardı, necə olardım, bunu da Allah bilir...
- Gənclərin ədəbiyyata marağını başa düşmək olar. Daha çox tanınmaq, sevilmək, oxunmaq... Amma müasir dövr texnologiya dövrüdür. Bu istiqamətə həvəs, istək bir o qədər də deyil... Buna münasibətiniz necədir?
- Gənc yaşda şöhrət arzusu güclü olur. İmza görünsün, fərq görünsün, qızlar (oğlanlar) məndən danışsınlar, hamıdan yaxşı olum, göstərim ki, bunu bu cür daha yaxşı yazmaq olar. Təbii arzulardır. Məndə də olub. Amma bir gün gəlir, imzanı görmək səndə heç bir hiss yaratmır, oxucu tərifləri-tənqidləri, tənqidçi rəyləri sənin üçün ciddi təfavüt eləmir, nə boyda olduğunu başa düşürsən və başa düşürsən ki, bundan o yana gedə bilməyəcəksən. Onda sənin üçün zaman dayanır. Yazmaqla yazmamaq arasında fərq qalmır. Düzdür, adamlar tanıyıram ki, yaşamaqla yazmaq arasında seçim etməli olsalar, üstünlüyü ikinciyə verərdilər. Mən yox. Heç vaxt deməmişəm və düşünməmişəm ki, yazmasam, ölərəm. Nə bilim, ədəbiyyat mənim həyatımdır-filan. Əksinə, həyatımın özü daha çox ədəbiyyatdır. Yorulmuşam, deyək. Ədəbiyyatdan da, həyatın özündən də. Arada yazıram, arada susuram. Ədəbi mənada heç bir planım yoxdur. Nə yazılacaqsa, yazılacaq, yazılmayacaqsa, demək, lazım da deyil. Mən indi yalnız yaşamaq üçün istinad nöqtəsi - xilas - mənəvi rahatlıq axtarıram və başa düşürəm ki, xilas şeirdə deyil, bəlkə də, ümumiyyətlə, yoxdur. Amma olsa da, olmasa da, nə qədər ki, sağam, onu axtarmağa məcburam. "Texnologiya əsridir, ədəbiyyat lazımsızdır" düşüncələrindən də narahat deyiləm. Oxucu həmişə olacaq. Əvvəl beş idisə, indi üç olacaq, amma keyfiyyət sarıdan fərq hiss ediləcək. Sözün yaxşı mənasında. Yəni şeirə də, sözə də ehtiyac olacaq. Bəlkə, texnologiya əsrində daha çox olacaq, insanlar mütləq şəkildə əbədi-əzəli başlanğıcın xiffətini çəkəcəklər. Bu, ümumi düşüncələrimdir.
- Eyni adlar, eyni imzalar... Fərqli imzalar da az hallarda önə çəkilir. Ədəbiyyatda həm də reklam, piar son vaxtlar daha çox qabardılır. Buna ehtiyac varmı?
- Yaxşı imza heç vaxt kölgədə qalmır, qalmayacaq. Əgər özü gizlənmək istəmirsə. Yəni pis mətnə nə reklam kömək edə bilər, nə PR. Üstəlik, mən indi heç bir reklam və PR-ın bizim cəmiyyətdə kitab satışına təsir edəcəyinə inanmıram. Konkret təcrübə - müşahidələr göstərir ki, müəlliflər ortalama 300 tirajdan artığına getmək istəmirlər. Riskdir. Mən bir nəfərin gəlib təqdimatda 10, 50, 100 kitab almasını nəzərdə tutmuram. Söhbət "bir kitab-bir alıcı"dan gedir. Yoxsa hansısa prokuror, ya biznesmen "dost" peyda olub, üç yüz kitabı birdən də ala bilər. Bunu müəllif "kitablarım satılır" adı ilə cəmiyyətə sırımamalıdır. O, başqa söhbətdir ki, yaxşı mətnin özünün də reklama ehtiyacı var. Məsələn, mən hardan biləcəyəm ki, tutalım, Alik Əlioğlunun kitabı çıxıb? Bir şəkildə xəbər gəlib mənə çatmalıdır axı. Demək istəyirəm ki, normal reklam-PR işlərinə ehtiyac var, amma bunu kitab marketoloqları etməlidir. Hələ ki, bizim cəmiyyətdə bu məna işıq qığılcımları görmürəm.
- Mütaliə ilə bağlı hansı vərdişlərə yiyələnmək olar? Bu barədə nə düşünürsünüz?
- Bu vərdişlər uşaqlıqdan formalaşmalıdır. Uşaq ədəbiyyatını oxumadan gəlib birdən-birə Kafka, Dostoyevski, Kamyu oxuyan adamın başına hava gələcək və gəlməlidir. Mən müəllim ailəsində anadan olmuşam, gözümü açıb kitab görmüşəm, xalamgilin kitabxanasından çıxmamışam, məktəb illərimdə müxtəlif kitabxanalara üzv olmuşam. Bununla belə özümü yaxşı mütaliəsi olan adam saymıram. Açığı, son vaxtlar tərcümə ilə məşğul olmağım ümumiyyətlə bu vərdişlərə ciddi zərbə vurur. Adam yorulur. Zatən tərcümə prosesində, redaktədə oxuyursan. Amma çox istərdim ki, heç bir öhdəliyim olmadan bir həftə şəhərdən kənarda, texnologiyadan uzaq bir tətil keçirim beş-on kitabla. Evdə də dünya ədəbiyyatından tutmuş bizim gənclərin kitablarınadək oxumadığım xeyli kitab yığılıb.
- Çağdaş dövrümüzün ədəbi imzalarında kimləri oxuyursunuz?
- Bir andeqraund polyak şairi var, Martin Svetlitski. Son vaxtlar daha çox onu oxuyuram və paralel tərcümə edirəm. Sifariş-filan yoxdur, elə-belə, özüm üçün. Bir növ beyin istirahətidir bu. Bella Axmadulinanı sevirəm. Hərçənd, onu artıq çağdaş dövr hesab eləmək olmaz. Pelevinin üslubu mənə rahatdır, Aksyonov maraqlıdır, Rasputini mətnindəki şovinist elementlərinə görə sevmirəm. Kunderaya sevgim var. Koelyoya minnətdarlıq duyğum. Yerli müəlliflərə gəlincə, seçim daha çoxdur. Şeirdə, demək olar, hamını oxuyuram. Saytlarda, qəzetlərdə, jurnallarda. Kitabları izləyirəm. Nəsrdə vəziyyət bir az qəlizdir. Səfər Alışarlı, Kamal Abdulla, Pərviz Cəbrayıl, Etimad Başkeçid, gənclərdən Cavid Zeynallı... mütləq unutduğum adlar olacaq. İntəhası, çoxdandır ki, yeni nəsr və maraqlı kitabı gözləyirəm. Görək kimdən gələcək. Yəni kim yazıb çıxaracaq.
- Dünya ədəbiyyatından oxuyub, təsirləndiyiniz əsərlər...
- Astrid Lindqrenin "Uzuncorab Peppi"si, Dümanın bütün əsərləri, Konan Doylun "Şerlok Holmsun macəraları", Jül Vernin "Kapitan Qrantın uşaqları", "Moris Drüonun "Lənətlənmiş krallar" silsiləsi, Sveyqin "Yad qadının məktubu", Remarkın "Zəfər Tağı", İrvinq Stounun "Yaşamaq yanğısı", Moemin "Ay və qara şahı"sı, Viktor Hüqonun "Səfillər"i, Tolstoyun "Sergi ata"sı, İsa Hüseynovun "Yanar ürəy"i (sonralar bunu "İdeal"a çevirdi), Sabir Əhmədlinin "Axirət sevdası"... siyahı getdikcə uzanır, burada saxlayım...
- Ədəbi mükafatlara münasibətiniz...
- Heç bir mükafat ədəbiyyata qiymət verə bilməz. Amma olmayan yerdə hamısı yaxşıdır. Obyektiv-subyektiv, fərqi yoxdur, kimin üçünsə stimuldur, kimin üçünsə məişətə kömək. Olsun...
- Son olaraq "söz" haqqında sözünüz...
- Söz üçün cibə girməli olmayaq, söz üçün cibimizə girməsinlər, sözümüz cibimizə də xeyir gətirsin. Söz yiyəsi olaq.
Tural CƏFƏRLİ