adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Dekabr 2017 00:12
31419
LAYİHƏ
A- A+

TARİXİN ŞAHİDİ QALALAR

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Birmənalı şəkildə etiraf etmək lazımdır ki, tarixin daş yaddaşı həm də elə daşların özünə söykənir. Və daşlara söykənən daş yaddaş o daşların sinəsindəki cizgilərlə, işarələrlə, rəsmlərlə danışmağa başlayır. Və "danışan daşlar" bizə kimliyimizdən xəbər verir.
Bax, bu mənada danışan daşları dinləmək, xalq şairi böyük Məmməd Araz demişkən, danışan qayalara qulaq asmaq, onların pıçıltısını yazıya köçürmək çox dəyərli və zərkri bir vəzifədir. Ona görə ki, o pıçıltılar bizim özümüzük, özümüz haqqındadı, özümüzü ifadə edir. Biz onu dinləyib yazıya köçürəndə özümüzü dünyaya təqdim edirik, dünyaya göstəririk. Nəticədə danışan daşlar bir təqdimatçıya, bir gerçəyi ifadə edənə çevrilir. Özü də kimsənin diktəsiylə yox, öz şahidliyi ilə, öz mövcudluğu ilə. Bəli, həmin o danışan daşların bir hissəsi də, bir qolu da, bir parçası da Azərbaycan coğrafiyasında mövcud olan qədim qalalarımızdır. Bəri başdan qeyd edim ki, bu qalalar təkcə tikinti-memarlıq baxımından bir əsərdi. Həmin qalaların tikilmə üslubu, onların bölgülərindəki naxışlar, o qalaların özünün quruluşu, yerinin seçilməsi və digər mühüm məqamları bizim tikinit sahəsi ilə məşğul olan mütəxəssislərin öyrənməsi, tətbiq etməsi üçün çox mükəmməl bir bazadı. Amma bunun ikinci bir tərəfi də var ki, o da həmin qalaların ən mühüm strateji cəhətdən önəmli olmasıdı. Yəni qalalar mühafizə üçün, qorunmaq üçün xüsusi əhəmiyət kəsb edir. İnsanlar qala divarları arasında özünü daha toxunlmaz, daha rahat hiss ediblər, həmin qala divarlarına güvəniblər. Deməli, qalalar həm də hərbi baxımından, müdafiə prinsipindən yanaşanda önəmini daha da artırır. Nəticədə qalaların təkcə yaşayış yeri yox, həm də bir strateji ünvan olması önə çıxır. Və nəhayət, qalaların danışan tarix olması da elə hər iki cəhətdən öz mayasını götürməklə qarşımıza şahid kimi çıxır, tariximizin şahidi kimi.
Ölkəmizin ərazisində elə bir bölgə yoxdur ki, orda qədim qalaların nümunələrinə, izlərinə, mövcudluğunu büruzə verən qalıqlarına rast gəlməyəsən. Elə buradaca onu da əlavə edim ki, bəzi yer adlaırının özündə də həmin o qala sözünün tərkib hisəsi özünü büruzə verir. Məsələn, Örənqala, Gavurqala, Ərincəqala, Çıraqqala, Cavanşirqala və sairə. Zənnimcə, bunların özü də bir tədqiqat mövzusu olmaqla yanaşı, həm də qalaların əhəmiyyətini önə çıxaran detallardan biridir. Təbii ki, bu gün Azərbaycanda hələ Sovet dönəmindən başlamış tarixi araşdırmalar, arxeoloji qazıntılar, bütövlükdə tariximizə artan diqqət, ona olan yeni baxış əsasında özümüzü öyrənmək, özümüzü tanımaq işi elmi şəkildə davam etdirilir. Artıq sahələr üzrə Azərbaycan tarixinin dövrləri öyrənilməyə başlanıb. Və hətta tariximizi yenidən yazmaq, yenidən onu bütün parametrləri ilə ortaya qoymaq üçün ciddi işlər aparılır. Bax, bu prizmadan məsələyə yanaşanda onda qalaların əhəmiyyəti bir az da artır. Biz də öz növbəmizdə tariximizin şahidi olan qalaların əhəmiyyətini diqqətə təqdim etmək üçün layihə çərçivəsində Azərbaycan ərazisindəki qalalarla bağlı fikirləri diqqətə təqdmi edirik. Öncə qalaların ümumi tikilmə, inşa olunma baxımından demək olar ki, eyni olan cizgilərinə diqqət yetiririk. Məsələnin bu tərəfinə nəzər salanda, onda məlum olur ki, Azərbaycan ərazisində qalalar daha çox dairəvi şəkildə inşa olunmuşdur və bu qalalarda xüsusi mühafizə dəstələri yerləşdirilmişdir. Eyni zamanda, qalalar həm də müəyyən ehtiyatlarla təmin olunmuş, onun divarlarının hündürlüyü 9-10 metrdən başlamaqla bəzən 30 metrə qədər ucaldılırdı. Bu da qalanın mühafizəsinə imkan verirdi ki, hücumun, müdaxilənin qarşısını asanlıqla alsın. Qalanın divarlarının qalınlığı hündürlüyünün ən azı üçdə-birini təşkil edirdi ki, onun düşmən tərəfindən dağıdılması çətin olsun. Yəni qalanı ucaldanlar həmişə basqıları, hücumları diqqət mərkəzində saxlayırdı. Üstəlik, qalalarda gözətçi hücrələri, yəni bürclər də olurdu. Bu bürclər qalanı mühafizə edənin növbədə dayanmasını asanlaşdırır, onun şəxsi təhlükəsizliyinə yardımçı olurdu. Həm də qala bürcləri arasında da təhlükəsiz hərəkət üçün zəruri olan divar da hörülürdü ki, döyüş vaxtı bürclərdə dayanan əsgərlər bir-birinin köməyinə rahat yetişə bilsinlər. Ümumiyyətlə, qalanın tikintisində daha çox çoxmərtəbəli binaların tikilmə üslubundan yararlanırdılar. Bu gün aparılan elmi araşdırmalar müəyyən edib ki, Yaxın Şərqdə qala şəhərlər də mövcuddur. Onlar da şəhər əhalisinin təhlükəsizliyi baxımından tikilmiş qalalar olmaqla yanaşı, həm də bir şəhər, qəsəbə, kənd anlamı da verir.
Bəli, məsələnin başqa bir məqamına da üz tutanda onda məlum olur ki, Azərbaycanla yanaşı, dünyanın bir çox ərazilərində, xüsusilə şərq ölkələrində bu cür qala şəhərlər çoxluq təşkil edir.
Azərbaycan ərazisində ən qədim qala şəhərlər, eləcə də digər qala tipli yaşayış məskənləri arasında Bərdə, Şəmkir, Şamaxı, Beyləqan, Gəncə və digərlərini adını xüsusi qeyd etmək olar. Ölkəmizdə ən qədim ən qədim qalalar sırasında hələ Sasanilər dövünə aid edilən Beyləqan, Bərdə, Şəmkir, Şamaxı qalalarının adını çəkmək mümkündür. Doğrudur, ölkəmiz ərazisindəki qalaları mütəxəsislər üç tipə ayırırlar. Bunlardan birincisi, məbədləri, din xadimlərini qorumaq üçün ucaldılmış qalalardı. Həmin qalaların sırasında Qax rayonundakı Ləki məbədi, Ağdam rayonundakı Gavurqala, Pirsaat çayı yaxınlığındakı Xanəgah qalası və digərləri daxildilər. Yəni bu qalalar xüsusi olaraq dinlə əlaqəli olaraq tikilmişdir.
Qalaların başqa bir tipi də şəhərlərin salınmasıyla əlaqəlidir. Yəni ictimai-siyasi inkişafın zəruri etdiyi şəhər qalalarının salınması öncədən söylədiyimiz kimi, daha çox təhlükəsizlik zərurətindən qaynaqlanır. Bu qalalar divarların arxasında xəndəklərin qazılması, iki-üç qat divardan ibarət olması elə seçilir. Həmin qazılan xəndəklər həm dərin qazılır, həm də bəzən su ilə doldurulurdu. Qalalar isə üçkünc, ya da dairəvi tikilirdi. Bəzi yerlərdə yarımdairəvi qalalara da rast gəlmək mümkündür. Şəhər qalalarının adı çəkiləndə yadımıza ilk düşən Qəbələ, Dərbənd, Gəncə, Beyləqan və Bakı qalaları olur. Təkcə paytaxtımızı göz önünə gətirəndə bugünkü İçərişəhərin sərhədlərini düşünəndə, onda söhbətin nədən getdiyini yəqin ki, anlamaq, dərk etmək mümkün olar.

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ