ANA SƏHİFƏ / RUBRİKA

"Sənətimə birtəhər baxanlar indi məni dəstəkləyirlər"

16900    |   2017-12-13 16:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstedad. Onun harada və nə zaman gələcəyi bəlli deyil. Ancaq yaradan insan övladını elə yaradıb ki, hər kəsin içində bir istedad yatır. Bizə düşən vəzifə isə onu icad edib inkişaf etdirməkdir. Zaman isə elə dövr edir ki, bəzən bu istedadı kəşf etmək olmur....

"Ədalət" qəzeti istedadı olub və bu istedadın işığı ilə həyatını işıqlandıran məhkumlarla yeni rubrikaya start verir. Bu rubrikamızda məhdud çərçivədə, dəmir barmaqlıqlar arasında olan istedadlı məhkumlarla həmsöhbət olacağıq. Rubrikamızın qonağı Qadın Məhkum Evinin 9 illik "qonağı" Nuranə Rzayevadır. 1979-cu ildə anadan olan Nuranənin fitri istedadı var. O, muncuq və yaratdığı rəsm əsərləri ilə digər həmkarlarından fərqlənir. Özünün dediyinə görə, məhbus həyatını bəyənməsə də vaxtının keçməsi üçün yaradıcılığa sarılıb. Orta ixtisas təhsilli olan Nuranə modelçi-dərzilik təhsili aldığını bildirib: "Rəssamlıq Akademiyasında təhsilimi davam etdirə bilmədim, yarımçıq qoydum. Bunun da səbəbkarı nişanlım oldu. Onun üzündən məktəbi atdım. O narkotik aludəçisi idi. Qız toyundan sonra nişanlım gedib Ukraynada tutuldu. Mən də onu çıxarmaq istəyirdim. Elə alındı ki, başıma bu iş gəldi".

- Nə iş gəldi?

- Quldurluq. İşin xırdalığını deyə bilmərəm.

- Neçə il iş almısınız?

- 8 il 6 ay. 6 il 2 aydı yatıram.

- Yaradıcılığınız barəsində danışardınız. Necə oldu bu sahəni seçdiniz?

- Məndə uşaqlıqdan bu istedad var. 5-ci sinifdə oxuyanda bizim sinfə təzə bir qız gəldi. Onun da anası dərzi idi. Mən tez-tez onlara gedirdim. O qadının tikdiyi paltarları görəndən sonra qəti qərara gəldim ki, rəssam yox, modelyer-rəssam olacam. Tutulmamışdan öncə də bu sahədə çalışırdım. Burdan çıxandan sonra da işimi davam etdirəcəm. Valideynlərim həmişə bu işdə mənə dəstək olublar və bundan sonra da dəstək olacaqlar.


- Elə üç şəkliniz var sizin?

- Xeyr, çoxdu. Zonda xeyli şəkillərim var. Xalçada da var, üstunda ədliyyənin emblemasını işləmişəm. Onu da mərcidən, qreçkadan, lobyadan hazırlamışam. Sadəcə olaraq sütunlar üzərindədir. Bir də bayrağı muncuqdan işləmişəm. Ümumiyyətlə mən sənətimi çox sevirəm. Nimçəni muncuqdan hazırlamışdım.

- Kömək edirlər sizə avadanlıqların alınmasında?

- Bəli, çox sağ olsunlar, dəstəkləyirlər.

- Asudə vaxtınızı necə keçirirsiniz?

- Sözün düzü, mənim elə vaxtım olmur istirahət etməyə. İşdən sonra gəlirəm. Bir az mütaliə ilə məşğul oluram, ingilis dili öyrənirəm. Əvvəldən də bilirdim. İndi daha da mükəmməlləşdirirəm. Çox sağ olsunlar, icazə verdilər evdən kitablarımı gətirtdim. Eyni zamanda burdakı kitabxanadan da nə vaxt lazım olsa istifadə edirəm.

- Həbsxana həyatı sizə nəyi öyrətdi?

- Açıq danışa bilərəm? Burda mən ailəmin qədrini başa düşdüm. Mənim iki qardaşım var, atam, anam, onların da öz həyatı var. Mən bu səhv addımımla təkcə özümə ziyan vurmadım, həm də onlara da. Bayaqdan qardaşlarımın 10 kişinin içində hörməti var idisə, indi başıaşağı olublar. Mən həbsxanadan çıxandan sonra nə xeyrə-şərə, nə qohum-əqraba evinə gedə biləcəm. Həbsxana həyatından əvvəl mənim bu sənətimə birtəhər baxanlar indi məni dəstəkləyirlər.


- Niyə getmirsən? Heç kim həyatından sığortalanmayıb.

- Mamam nə qədər gizlətsə də, hamı bilir axı mən həbsxana həyatı yaşayıram.

- Burda vəziyyətin necədi?

- Əla. Sadəcə burda bir problemim var, o da səhər 7-də yuxudan durmaq.

-Heç idman etmirsən?

- Əvvəllər edirdim. Bura gələndən sonra etmirəm. Çünki bizim həyatımız idmandı. Vaxtlı-vaxtında yeməyimizi verirlər. Hər şeyimiz var. Çoxları deyir bura çətindi. Burda bilirsiniz nə çətindi? Səhər yuxudan durmaq, bir də burdakı insanların xarakterinə uyğunlaşmaq. Təzə gələn vaxt düz 8 ay öyrənə bilmirdim, hər gün ağlayırdım. Hətta nəzarətçi deyirdi ki, elə bil səni bağçadan götürüb gətiriblər bura. Amma sonradan öyrəndim. Elə bil lagerdi bura.

- Buranın qapalı olmasını deyirdim.

- Mən azadlığı sevən insanam. Amma bir insan ki, səhər gedir işə, işdən sonra gəlir evə, o insan üçün çətin olmur. Burda da səhər gedirəm işə, sonra günorta yeməyimizi yeyirik, dincəlirik, sonra yenə işə başlayırıq.


- Gecə yuxudan ayılanda neynirsiniz?

- Mən çox nadir hallarda yuxudan ayılıram gecə. Burda rejimlədi hər şey. Tutulmamışdan öncə mən gecə 4-ə qədər işləyirdim. Səhər də 10-da yuxudan ayılırdım. Mənim həyat tərzim bu idi.

- Məşhurlardan kiməsə modelyerlik etmisiniz?

- Sözün düzü, adını açıqlamaq istəmirəm, belə biri var idi. İş elə gətirdi ki, mən bura düşdüm və işim alınmadı.

- Aktyorlarla necə, işləmisiniz?

- Teatrda bir rəfiqəm var idi, onların paltarlarını tikmişəm. Rəqs qrupları, xor üçün köynəklər və qalstuklar tikmişəm. Şadlıq sarayları üçün pərdələr hazırlamışam. Öz fərdi yerim var idi və ətrafımda işçilərim də vardı.

- Gələcək planlarınız barəsində danışardınız...

- Gələcəkdə ancaq bu sahəni davam etdirməkdi fikrim. Mənim xəyallarım, arzularım məni burda yaşadıb. Oturub özüm üçün xəyyallarımda ev proyektləri hazırlayıram.

- Burda rəfiqəlik etdiyiniz insan var?

- Çörək kəsdiyim insan var. Amma inanmıram ki, kimsə burda kiminləsə dostluq etsin. Mənim fikrimcə, bu aləmdə yaxın dost tapmaq mümkün deyil. Bu aləmdə özünə kimisə yaxın buraxmaq düzgün deyil. Çünki mən səhv eləyib bura gəlmişəm. Ona görə də bu aləmdən çalışdığım qədər uzaq durmağa çalışıram.

- Məhbəs həyatından sonra məhbus yoldaşlarınızla görüşməyi planlaşdırırsınız?

- Yox, gəlib görüşməyəcəm. Amma bir-iki nəfər var ki, onlara pasılka göndərəcəm. Burda elə adamlar var ki, heç yanına gələn yoxdur. Və nəzərimdə tutmuşam ki, burda çıxıb gedəndən sonra onlara pasılka göndərim.

- Gözəllik salonunuz varmı?

- Bəli, hər bir şəraitimiz var burda o barədə heç bir problemimiz yoxdur.

- Allah qapınızı açsın...

- Çox sağ olun.


Ədil Ədilzadə




İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK