adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Dekabr 2017 15:46
11777
GÜNDƏM
A- A+

Ölkə üzrə 200 min 878 ton pambıq tədarük edilib

Dekabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 200 min 878 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən gün 560 ton pambıq tədarük olunub.

Ölkə üzrə təhvil verilən məhsulun 54 faizi beş rayonun - Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabadın payına düşür.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ilin ümumi göstəricisindən 112 min ton çoxdur.

Pambıqçılıqda yaranan ciddi dönüş bu sahəyə diqqətin artırılması və hərtərəfli dövlət dəstəyi ilə bağlıdır. Belə ki, hər hektar pambıq sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə subsidiya verilməsi, güzəştli qiymətlərlə mineral gübrələrin və lizinq yolu ilə müasir texnika və avadanlıqların satılması, yüksəkkeyfiyyətli pambıq sortlarının yetişdirilməsi üçün seleksiya və elmi-tədqiqat işlərinin aparılması, pambıq toxumçuluğunun dövlət tərəfindən dəstəklənməsi sahənin inkişafına güclü stimul yaradıb.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.