adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Dekabr 2017 12:21
21444
MƏMLƏKƏT
A- A+

Harınlamış aparatlar, qırxdan çox sərnişin... – Avtobusdan REPORTAJ

Adı mədəniyyətdirmi, etikadırmı, əxlaqdırmı, hər nədirsə, bu şeylər hər adama qismət olmur. Avtobus dayanacağında bir xeyli adam gediş üçün kartına pul yükləməyə tələsir. Və bir xanım, əzilə-büzülə bu qədər insanı gözlətməkdən zövq alır. Kartı aparata yaxınlaşdırır. Balans 60 qəpik. Bu bəs edir ki, ən azı üç avtobusa minsin. Yox əşşi. Buna bəs eləmir. Cüzdanından fors ilə iri manatlıqların içindən 1 manat tapır, sonra fərasətsizcəsinə manatı aparatın məlum yerinə salmaq üçün əlləşir, bir xeyli vuruşur. Aha, tutuzdurdu. Elliklə gözləyirik. Bunun hirsi soyumur. Deyir, qoy bir manat da əlavə edim. Yenə eyni hərəkətlərlə manatı daxil edir. Sonra aparata zillənir. Aha, deyəsən, monitorda yaşıl rəngli "irəli" düyməsinə toxunmağı kəşf edir. Xülasə, bu müddətdə növbədə iki gənc bir-birinə evlilik təklif edir, birinin ödündəki daş sidik kanalına düşür, bir ateist imana gəlir, bir dindar dönür kafir olur. Cyu-cyu-cııııırrrr. Çek aparatdan çıxır. Xalq sevinir.


Harınlamış aparatalar

İndi belə rahat-rahat danışmağıma baxma, o aparatın önündə belə olmur. Bəzən bir neçə avtobus ötürürsən, bəzən arxasınca qaçırsan, saxlamır. Son vaxtlar isə bizim bu alicənab aparatlar da harınlayıb. Qardaş, iyirmi qəpik atırsan, götürmür. Eynilə pişikləşməyə başlayıb bu aparatlar. İt yemək yediyi yerə, adama sadiq olur. Amma pişiklər yox. Buna görə də əksərən kartın, pulun ola-ola avtobusa boynubükük minirsən ki, Allah rizası üçün, alın bu iyirmi qəpiyi, məni də keçirin. Elə olur, ki, keçə də bilmirsən. Bəxtim gətirib ki, mən hələ keçmiş dövrün avtobuslarından birinə minirəm, karta ehtiyac yoxdur. Üstü-başı toz, palçıq, içində düşmək ümidindən bərk-bərk yapışan adamlar. Gəlişi ilə adamı hürküdən bu avtobusun qapıları açılır. "Fıssss". Tövşəmiş, yorulmuş adam kimi nəfəsini dərir. Elə hər şey də bundan sonra başlayır. Elə bilərsən ki, bu qapılardan çox məhşur ulduzlar aşağı enir, jurnalistlər, fanat ordusu isə onları qucaqlamaq üçün dəridən, qabıqdan çıxır. Amma mənimki hər şeydə bir təsəlli axtarmaqdan başqa bir şey deyil.

Arxadan, sağdan, soldan gələn təzyiqlə avtobusa çıxıram. "Arxa qapı, tələsin, tələsin, sıxlaşın, keçin arxaya, yer doludu". Ümumiyyətlə, sürücülər üçün avtobusda hər vaxt yer var. Avtobusa minə bilməyimin sevincindəndir, ya nədənsə ayaqlarım yerdən üzülüb. Həqiqətən deyirəm, tərpənişim ayaqlarımın yox, basabasın hesabına reallaşır. Bir də sallandığım tutacağın. Sürücüdən əlavə iki nəfər azyaşlı uşaq var. Ki, onlar sərnişinlərin üstünə qışqırmağı, tələsdirməyi ustalıqla öyrəniblər. Bir növ, kütləyə liderlik edirlər.

"Azadlıq metrosunda düşən var? Baxın ha, sonra saxlamayacam" deyə sürücü dillənir.


Necə adamlarsınız siz?

Uşaqlardan biri təkrarlayır. "Baxın ha, varsa, deyin, gecikirik". Qapıya pərçimlənmiş adamdan əzab səslərini eşidirəm. Qapı açılana kimi bəlkə də hansısa əzələsi əzilib. Ciddi sözümdür. Ona görə də işdən evə qayıdanda adam əzgin, yorğun olur. Arxadan iki nəfərin düşməsi üçün on nəfər avtobusdan aşağı enir. Tutacaqdan möhkəm-möhkəm yapışmışam. Bu yeri asan qazanmamışam ha. Düşən düşür, minən minir. Elə təzəcə tərpənmişdik ki, bir qadın başladı qışqırmağa:

- A kişi, dayan, dayan da, düşürəm axı.

Sürücü: - Ay xanım, elə indicə saxlamışdım da, niyə düşmürdün? Necə adamlarsınız siz? Saxlaya bilmərəm, icazə yoxdur.

- Dedim, saxla, ay kişi.

- Əlli manat cərimədir, sənə görə cərimələnim?

- Mən necə edim? Gərək bu boyda yolu piyada qayıdam.


Mədəniyyətin olsun…

Bu söz savaşı növbəti dayanacaqda bitir, xanım düşür. Yerimiz az da olsa genişlənir. Tutacaqdan əlimi üzüb oturacağın başındakı dəmirdən yapışanda içimə od düşdü. Çox kədərlidir, həyatın özü kimi. Az öncə kiminsə əlinin istisi qalıb bu dəmirdə. Əlləri qan azlığından buz olan adamam, bu isti necə də xoşdur. Pəəh! Bu şairanə haldan məni sıxışdıran bir qadın oyadır. - Bala, icazə ver, keçim də. Mədəniyyətin olsun. Bilmədim ki, bu sıxlıqda çəlimsiz mən haqlıyam, yoxsa şişmanlığını görməyə çətinlik çəkən bu qadın? Susuram... Lap şair Salam Sarvan kimi. "Dünyada nə qədər yerim vardısa, durdum hamısından əyləşin, xanım". Qəfil hamımız bir-birimizin üstünə aşmamaq üçün özümüzü sıxmağa başladıq. Əslində öyrəşmişik, həm də pis deyil. Və hətta o şişman xala avtobusa, metroya minəndə oturmağa çalışmasa, ayaq üstdə dayansa bəlkə də az da olsa arıqlayar. Ramiz Rövşənin havası əsir. "Təkcə gücsüzlüyündən yox, arabir gücündən yıxılır adam". Amma bizi yıxmaq istəyən sürücülərin naşılığıdır. Önündəki maşını görə-görə, dayanacağı bilə-bilə sürəti aşağı salıb əyləci basmaq əvəzinə bunlar dayanacağa çatan kimi əyləcin üstünə otururlar.


Kül onun kişi başına!

Şükür, nə yaxşı ki, yıxılmadım. Səbrsizlənirəm. Önümdəki sarımsaq qoxan kişidən, mənə tərs-tərs baxan şişman xaladan, üstümüzə çımxıran azyaşlı pul yığan uşaqdan qaçmaq üçün. Nəhayət ki, oturmağa fürsət tapdım. Özü də düz pəncərənin yanı. Yorğun-yorğun başımı şüşəyə söykədim. Filmlərdə də belə olur. Başını avtobusun şüşəsinə söykəyən adamın gözləri yol çəkir, kədərli musiqinin sədaları altında. Dedim, cəhd edim, bəlkə alındı. Yox, təəssüf ki, alınmadı. Avtobusun şüşələri elə də möhkəm deyil, yerinə kip oturmayıb, biraz da yolun kələ-kötürlüyü. Bütün bunlar başımı şüşəyə döyür. Başımı saxlaya bilmirəm. Nə bilim, bəlkə də şüşəni saxlaya bilmirəm. Hər nə isə. Romantika vaxtı deyilmiş.

- Ay qız, mən ona dedim ki, kredit götürmə. Gedib, qızıllarımı lombarda qoyub, indi də ödəyə bilmir. Kül onun kişi başına!

Hə... Qışqıra-qışqıra danışan bu qadından da qaçmaq üçün tələsirəm.

"Axırıncı dayanacaqdı, düşənlər qabağa gəlsin".

Heç kimə güvən qalmayıb. Sürücülər qorxur ki, kimsə pulu verməz, qaçar. Ona görə də hamımız bir əsgər kimi bu savaşın sonunda bir-bir komandirimizin baxışından keçib düşməliyik bu avtobusdan. Düşməyimə iki-üç adam qalmış, həngamə qopdu.

- A kişi, sən nətəri adamsan, mən əlli manatı necə xırdalayım? Avtobusa minirsən, xırda pul götür də.

Kimdirsə, 20 qəpik gediş haqqını əlli manatdan çıxdırmaq istəyir.

- Yoxumdu da, ala, nə qışqırırsan? Bu boyda avtobus sürürsən, əlli manata xırdan yoxdu?

- Avtobusa əlli manat verirsən ki, al, iyirmi qəpiyi çıx, belə pullusan taksiylə get də.

Qızğın deyişmə gedir. Amma sürücü çox arxayın danışır. Budur! Sürücü cibindəki pulları çıxarıb əlli manatı xırdalayır.

- Al, bu da sənin 49 manat 80 qəpiyin!

Sonra bizə baxır:

- Qardaş, bilmirəm bu gicdir, ya dəlidir, ya da iyirmi qəpiyi özünə qənimət bilir, hər nədisə, uje neçənci dəfədi ki, belə eləyir. Boğaza yığılmışdım. Bu dəfə cavabını nəyi var verdim. Kişinin oğlu mənə iyirmi qəpik atmaq istəyir.


Son

Sonuncu adam idim. Arxama çevrildim. Döşəmədə nə qədər ayaq izi var. Bəlkə də hələ avtobusun tutacaqları soyumayıb. Bəlkə də o şişman xalanın oturduğu yer də hələ istdir. Nə bilim. Bəlkə də mən çox şişirtdim. Hər gün ömrümüzü bu avtobuslarda, bu adamlarla daşımırıqmı, sürümürükmü?! Əsas odur ki, sağ-salamat gəlib çatdım. Buludlar bizi alqışlamağa başladı - yağış...