adalet.az header logo
  • Bakı 16°C
12 Dekabr 2017 16:35
7438
SAĞLAMLIQ
A- A+

İNSAF DA YAXŞI ŞEYDİ…

İndi maşallah olsun, bizim ölkəmizdə nə qədər desən özəl klinikalar var. Və bu özəl klinikalarda da ən müasir avadanlıqlar, aparatlar quraşdırılıb. Düzdür, hər şey var, amma bir şey çatışmır. O şey də ondan ibarətdir ki, bizim özəl klinikalarda o aparatlardan hər həkimin başı çıxmır. Deyə bilərik ki, lap Türkiyədə, Almaniyada, İsraildə olan avadanlıqlardan bizimkilər heç də geri qalmır. Amma bizimkilər gəlin onunla razılaşaq ki, Almaniyanın Türkiyənin, İsrailin həkimləri qədər savadlı deyillər. Deyəsən, burda bir balaca yanlışlığa yol verdik. Və bizdə də heç o həkimlərdən geri qalmayan mütəxəssislər var. Onları barmaqla saymaq olar. Yaxud da bu cür həkimlərdən min həkimin arasından biri tapılar.

Axı, özəl klinikalardan danışırdıq. Elə yenə həmin mətləbin üstünə qayıtmaq istəyirik. Və bu gün Bakı şəhərində özəl klinikalarda ən mürəkkəb cərrahiyyə əməliyyatları müvəffəqiyyətlə aparılır. Təəssüf ki, bəzi özəl klinikalar da var ki, orda hər hansı xəstə adi bir əməliyyat zamanı stoldan qalxmayıb. Düzdür, belə faktlar az-az olur. Ancaq fakt-faktlığında qalır. İnsanların dövlət xəstəxanalarından çox özəl xəstəxanalara inamları daha böyükdür. Yəni bir balaca imkanı, pulu olan adam hər hansı xəstəliyə düçar olan zaman özəl xəstəxanalara üstünlük verir. Və burda da istər müalicə, istərsə də cərrahiyyə əməliyyatı zamanı pasiyent özünü daha yaxşı hiss edir.

Bunlar hamısı qəbul olunandır. Və bu gün bayaq dedik ki, Bakı şəhərində çoxlu sayda özəl klinikalar var. Və bu özəl klinikalarda da hər cür müayinələr və müalicələr aparılır. Xüsusən də dəqiq diaqnozlar və analizlər bu klinikalarda daha mükəmməl həyata keçirilir. Elə klinika var ki, bir gündə 50-100 min manat civarında pul qazanır. Sağlıqlarına qismət. Çünki o klinikanı açan yüz minlərlə manat pul xərcləyib. Hələ üstəlik, klinikaya ən bahalı avadanlıqlar və aparatlar gətirdib. Və bununla yanaşı, klinikaya işə götürülən insanlara hər ay nə qədər məvacib verilir və dövlətə də vergi ödənilir. Biz bunların hamısını yaxşı başa düşürük.

Ancaq onu başa düşmürük ki, indiki iqtisadi böhran və bahalıq şəraitində əksər klinikalar qiymətlərdə niyə endirim eləmək istəmirlər?! Düzdür, bəzən əlamətdar tarixi günlərdə və bayramlarda bir neçə gün belə bir kampaniya keçirilir. Lakin həmin kampaniyada iştirak edən pasiyentlər deyir ki, o özəl klinikalar bu kampaniya zamanı yenə bir çox halda insanlara kəf gəlirlər. Yəni əvvəlcə bildirilir ki, hər hansı müayinənin qiyməti ucuzdur, amma gedib o müayinədən keçən adamlar onun əksini görür və nəticədə qanları möhkəm qaralır.

İnsanların indiki durumu doğurdan da çox çətindir. Buna baxmayaraq, adam xəstələnirsə, istər-istəməz həkimə üz tutmalıdır. Xüsusən də etibarlı olduğuna görə, özəl klinikalara bu çətin anda müraciət edənlər daha çox olur. Bu gün bir xəstənin özəl klinikada özünün MRT etdirməsinə nə az, nə çox 130-140 manat pul lazımdır. Hələ biz qan analizlərini və başqa müayinələri demirik. Belə çıxır ki, bir pasiyentin müayinədən keçməsinə 300-400 manat pul gərəkdir. Müalicə isə daha ağır olur. Yəni müalicəyə bir ətək pul xərcləməlisən.

Bir dəfə özəl klinikaların birində ürəyimlə bağlı müayinədən keçməli idim. Həkimim məni tanıyırdı. Amma o gəlməmişə qədər tabeliyində olan qızlar mənə bir siyahı verdi və məlum oldu ki, o analizləri versəm, 120 manat pul ödəməliyəm. Sözün açığı, imkanım olmadığına görə, tərəddüd elədim və dedim ki, axı həmişə bu müayinələr 50 manatla 75 manat arasında olur. Qızlarsa dedi ki, biz bilmərik. İstəyirsiniz gözləyin, qoy həkim gəlsin, ondan sonra analiz verərsiniz. Həkim də gəldi, ona analizlə bağlı mənə yazılmış məbləği göstərdilər. Həkim çox vicdanlı və ədalətli bir ziyalıdır. O, diqqətlə siyahıya baxdı və lazım olmayan analizləri ordan çıxardı. Və mən qan analizinə və bir də başqa müayinəyə 50 manat pul ödədim.

Əfsuslar olsun ki, bəzi həkimlər özəl klinikalarda pasiyentlərin savadsızlığından və iradəsizliyindən istifadə edərək lazım oldu-olmadı onlara çoxlu sayda qan analizləri yazır. Və bu qan analizləri də gəlib çıxır 200-300 manata. Belə olanda da imkansız adam əsəbləşir və xəstəliyi daha da şiddətlənir, həkimlərdən inciyir.

Bayaq dedik ki, elə özəl klinika var ki, orda gün ərzində müayinələrdən, müalicələrdən və əməliyyatlardan 50 min manatdan çox pul yığılır. Bəlkə də biz bu rəqəmdə yalnışlığa yol verdik. 50 min olmasın, bir az aşağı olsun. Ancaq reallıq budur ki, özəl klinikalar bu gün Azərbaycandakı mövcud real vəziyyəti və insanların sıxıntı içərisində yaşamasını nəzərə almaq istəmir.

Məsələn, ekspertlərdən biri deyir ki, MRT üçün uzaqbaşı klinika 40 manat pul xərcləyər. Yəni özəl klinika istəsə həmin müayinənin pulunu düz bir dəfə azalda bilər. Başqa sözlə demiş olsaq, 50 manata da o müayinədən keçmək mümkündür. Necə olur ki, İranda MRT 40 manata başa gəlir, amma bizdə 130-140 manata. Bax, burda bir balaca həmin özəl klinikaların rəhbərlərini qınamaq istəyirik. Əgər onlar millətin bugünkü durumunu, şəraitini nəzərə alsalar, bir xeyli aşağı düşmək mümkündür. Bunu biz demirik, bunu bu işlə məşğul olan təcrübəli, savadlı və millətini sevən ziyalı həkimlər deyirlər. Hətta özəl klinikanın tanınmış həkimlərdən biri deyir ki, bu gün insanların durumu mütləq nəzərə alınmalıdır. Elə adam var ki, borc alıb müayinə olunur. Onun üzərində əməliyyat aparılır. Bax, belə məqamlarda imkansız adamlara kömək olunmalıdır.

Biz heç də Amerikada yaşamırıq. Və yaxşı bilirik ki, dünyanın hər yerində özəl klinikalarda tibbi xidmət çox bahadır. Amma dünyanın hər yerində, xüsusən də Amerika və Avropada insanlar yüksək əmək haqqı alırlar. Bax, bizdə 150 manat təqaüd alan, yaxud 300 manat əmək haqqı qazanan adam özəl klinikada necə müayinə olunsun və cərahiyyə əməliyyata keçirsin.

Əlbəttə, bizim özəl klinikalarda da millətini, xalqını sevən ziyalı rəhbərlər çalışırlar. Və onların da yadına salırıq ki, Allah sizin imkanınızı daha da böyük eləsin. İmkanı olmayan adamlara bir qədər endirim olsa, bu, Allahın da xoşuna gələr və pasiyentin də ürəyincə olar.

Bizim millət həm səxavətli, həm də ürəyi yumuşaq xalqdır. Yəni onun insanların arasında nə qədər desən vicdanlı, insaflı və vətənpərvər ziyalılar var. Bax, biz də sözümüzü o insaflı, vətənpərvər özəl klinika rəhbərlərinə deyirik. Deyirik ki, axı insaf da yaxşı şeydi. İndiki çətin durumda həm müayinələrdə, həm müalicələrdə, həm də əməliyyatlarda endirim olsa, inanın, bu xalqın çox böyük sevincinə səbəb olar. Və bu endirim həm də özəl klinikaların xalq, millət arasında nüfuzunu daha da artırar. İndi görək, hansı özəl klinika bu addımı atacaq?!


Faiq QİSMƏTOĞLU