adalet.az header logo
  • Bakı 17°C
11 Dekabr 2017 22:46
16270
ƏDƏBİYYAT
A- A+

GÖZƏLLİYİN OVSUNUNDA

Qədir Tərtərli
AYB-nin üzvü,
"Qızıl Qələm" mükafatı laureatı
Özümü unutmuşam. Ovsunundayam gözəlliyin. Məni əməlli-başlı ovsunlayıb doğma Tərtərimin bu gün göz oxşayıb könül açan gözəllikləri. Təşnəsi olmuşam onun, tilsiminə düşmüşəm, orbitindən çıxa bilmirəm bu gözəlliklərin...
Yoxsa, gözəllikmi görməmişəm? Yox, iş onda deyil, Rəsul Həmzətovun öz doğma yurdundan böyük məhəbbət və ürək yanğısı ilə yazdığı "Mənim Dağıstanım" kitabından onun sonsuz vətənpərvərlik hissilə aşılanan bəzi fikirlərini xatırlayıram. Əgər Həmzaətov həmin kitabında öz kiçik aulunu dünyanın böyük və möhtəşəm şəhərlərindən üstün tutursa, adicə bir kənd klubunu Fransanın məşhur Versal sarayından qiymətli bilirsə, öz avar gözəlini gözəllik müsabiqəsində birinci yerə çıxan dünya gözəlindən daha gözəl hesab edirsə, bəs onda mən nə etməliyəm? Öz doğma həmvətənlərimin puçur-puçur tər axıdaraq qabar bağlamış əməksevər əllərinin hesabına yaradılan gözəlliyə biganəmi qalmalıyam?
Gözəlliyə biganəlik nankorluqdu, duyğusuzluqdu, etinasızlıqdı. İnsan yarandığı gündən gözəllik aşiqi olub. Hər şeyi gözəl görmək istəyib. Gözəllikdən vəcdə gəlib, ilham alıb həmişə. Ulu babam, ölməz söz ustadı Füzuli: "Heyrət, ey büt, surətin gördükdə lal eylər məni..." misrasını gözəllik qarşısında heyrətlənərkən qələmə almayıbmı? "Mənim tanrım gözəllikdir, sevgidir" - deyən Hüseyn Cavid gözəlliyi əlçatmaz zirvəyə qaldırmayıbmı?
Bax, mənim də gözəllik qarşısında heyrətimin, ona məftunluğumun səbəbi bundadır. Hər dəfə böyük-böyük şəhərlərdə gördüyüm, qibtə etdiyim gözəlliklərin indi doğma Tərtərimin bugünkü mənzərəsi ilə müqayisədə gözümdən düşüb adiləşməsi qoy heç kimə təəccüblü gəlməsin. Ən başlıcası da odur ki, şəhərimdəki saysız-hesabsız yeniliklər, hər sahədə qazanılan uğurlar çox qısa zaman kəsiyində yaranmışdır. Məgər elə bunun özü möcüzə deyilmi?
Tərtər gözəllər və gözəlliklər məskənidir. Yaranışından gözəl yaranıb Tərtərim. Ulu yaradan səxavətini, mehr-məhəbbətini əsirgəməyib ondan. Qənirsiz yaradıb, xoş mülayim hava bəxş edib ona. Mənbəyini Dəlidağdan, Murovdağdan götürən göz yaşı kimi dum-duru suyunu ərməğan edib Tərtərə, adını daşıyan dağlar gözəli Tərtər çayını əvəzsiz, qədir-qiyməti ölçüyə gəlməz əbədi sərvətinə çevirib. Axar-baxarlı mənzərəsini sanki görk üçün yaradıb bu təbiət.
İnsan təbiətin övladıdır. Təbiət özü yetişdirib formalaşdırır onu. Özünə oxşar yaradır hər bir regionun insanlarını da. Bu səbəbdən insanları da özünə bənzəyir Tərtərin. Özü kimi xoş ülfətli, səxavətli, mehriban, əməksevər, dözümlü, vüqarlı, dəyanətli. Tərtərin gözəlliyi ilə bağlı vaxtilə deyilmiş, tarixi qaynaqlardan oxuyub öyrəndiklərimiz qəlbimizi qürur hissi ilə doldurur. Aleksandr Dümanın Tərtərin gözəlliyini İsveçrəyə bənzətməsilə, Əmir Teymurun Tərtər vadisinə ürəkdən bağlanıb aran və dağ iqlimini özündə birləşdirən bu yeri sevimli şəhəri, imperiyasının paytaxtı Səmərqəndlə müqayisə etməsilə hər bir tərtərlinin öyünməyə haqqı vardır.
Zaman dəyişir hər şeyi. Tərtərin də zaman-zaman dəyişdiyi, unudulub gözdən-könüldən uzaq olduğu vaxtları az olmayıb. Şöhrətli çağları tədricən tənəzzülə uğrayıb, qətrə-qətrə əriyib yoxa çıxıb gözəlliklərinin bir hissəsi. Dərd ara-sıra unudulmasının dərdi olsaydı nə vardı ki! Ən ağrılı-acılı günləri azğın erməni qəsbkarlarının sinəsinə çalın-çarpaz dağlar çəkdiyi vaxtlara düşüb Tərtərin. Top mərmilərinin, "Qrad"ların dolu kimi başına səpələnən qəlpələri neçə-neçə yaraşıqlı evlərini, xeyməgahlarını yerlə yeksan edib. Onlarla ailələr, südəmər körpələr başsız qalıb. Vətən uğrunda ölüm-dirim savaşında qəhrəman oğullar itirib, saysız-hesabsız şəhidlər verib Tərtər.
İtkiləri sinəsini göyüm-göyüm göynətsə də, sarsılıb ruhdan düşməyib. Böyük Sabirimiz demişkən: "Dəryada qocaman dağ kimi" dayanıb. Yağıya bir qarış torpaq verməyib, əksinə, ondan torpaq alıb. Ümidini də itirməyib. Nə vaxtsa, üzünə açılacaq parlaq sabahına, xoşbəxt gələcəyinə inanıb.
Qaliblərin qələbədən sonra öz layiqli qiymətini almağa mənəvi haqqı var. Ulu öndərimiz Heydər Əliyev işinin ləyaqətli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin cəbhə bölgəsi kimi son vaxtlar Tərtərə göstərdiyi böyük diqqət və qayğı rayonumuzun hərtərəfli inkişafına böyük təkan verib, onun əvvəllərdəki şan-şöhrətinin, itirilmiş gözəlliklərinin özünə qaytarılmasına şərait yaradıb.
Bu baxımdan cari ilin noyabr ayının 28-də hörmətli prezidentimizin Tərtərə gəlişi, zəhmətkeşlər qarşısında çıxışı zamanı rayonda sosial-iqtisadi sahədə, abadlıq və mədəni quruculuq sahəsində görülmüş işlərə son dərəcə yüksək qiymət verməsi hər bir tərtərlinin qəlbində böyük sevinc hissi doğurmuşdur.
Rayon ictimaiyyəti qarşısındakı çıxışında prezidentimiz demişdir: "Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar... Kənd təsərrüfatı Tərtərdə uğurla inkişaf edir. Çox sevindirici haldır ki, Tərtər rayonu məhsuldarlığa görə birinci yerdədir. Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır".
Heç şübhəsiz ki, tərtərlilər onların haqqında deyilən bu yüksək qiyməti unutmayacaq və bu yüksək qiymətə daim əməli işlə cavab verəcəklər.
...Hər dəfə Bakı-Tərtər yolu ilə gəlib şəhərin giriş qapısına çatanda qeyri-adi bir mənzərə ilə qarşılaşmışam. Xüsusən də gecə vaxtlarında. Çil-çıraq içində alışıb-yanan, üzə gülən şəhər elə ilk baxışdan riqqətə gətirib məni. Keçmişini xatırlamışam şəhərin. Bəs, əvvəllər necə idi? Miskin görkəmi, zülmətə qərq olmuş küçələri ürəkbulandıran deyildimi?
Giriş qapısından azca aralıda, abidə kompleksinin yanında ayaq saxlayıram. İlahi, gör əvvəllər nə gündəydi buralar! Kompleksin mərkəzindəki ana heykəli başdan-başa dəyişib indi görkəmini. Bəs, əvvəl necəydi ki? Müharibəyə oğul yola salıb əlləri qoynunda intizarla onun yolunu gözləyən bu dərdli ana sanki oğlunun dərdindən çox bu abidə kompleksinin halına acıyırdı. Baxımsızlıqdan burda məhv olub getmişdi hər şey! İndi isə əsl istirahət zonasına çevrilib bura. Ulduz kimi kompleksin ətrafına səpələnən al-əlvan rəngli gül-çiçəklər, müxtəlif adlarda onlarla dekorativ bəzək ağacları adamın üzünə gülür.
Bax, elə indicə üstündən keçdiyim Tərtər çayının körpüsü əvvəlki körpü deyil. Yenidən təmir olunub, asfalt örtüyü təzələnib. Gecə vaxtları körpünün hər iki tərəfindəki elektrik dirəklərindən şəhərə doğru uzanan yol boyunca bərq vuran müxtəlif rəngli işıqlar göz qamaşdırır. Başdan başa hər tərəfinə dekorativ üzlük döşənmiş səkilər boyunca əkilən xan çinarlara, palma, sərv, cökə və bu qəbildən olan müxtəlif bəzək ağaclarına heyranlıqla tamaşa etməmək mümkün deyil. Heydər Əliyev prospektində, Nizami, Elman Hüseynov küçələrində tikilən yeni, bir-birindən yaraşıqlı ticarət və mədəni-məişət obyektləri şəhərə xüsusi gözəllik verir.
Xoşbəxtlikdən hər gün yolum ulu öndərimiz Heydər Əliyevin adını daşıyan prospektdən düşür. Yaşadığım ünvan bu prospektin yaxınlığındadır. İşə gələndə də həmin prospektlə gəlir, qayıdanda da oradan qayıdıram. Əvvəllər, hələ prospekt statusu verilməmişdən quraqlıq günlərdə toz-torpağı, yağışlı günlərdə isə zığ-palçığı adamları zinhara gətirən bu küçə indi şəhərin ən gözəgəlimli, abad və səliqəli guşəsinə çevrilib. Başdan-başa asfaltlanmış yolunda bu gün maşınlar sürətlə şütüyüb gedirlər.
Şəhərin çox haqlı olaraq "gözəllik tacı" adlandırılan, rayon ijra hakimiyyəti aparatı ilə mədəniyyət və turizm şöbəsinin qarşısında salınmış Baş Meydan da bu prospektdə yerləşir. Hər nəqşəsi, hər bir gözəllik nümunəsi zərgər dəqiqliyi ilə işlənmiş, mahir rəssam fırçasının canlı tablosunu xatırladan bu əvəzsiz meydanın təsvirində çətinlik çəkirəm. Hər dəfə ona baxanda yeni-yeni vəsfolunmaz gözəlliklərlə üzləşirəm. Buradakı analoqu olmayan fəvvarə və onun ətrafındakı yaşıllıq zonaları riqqətə gətirir hamını. Fəvvarənin ətrafında hər gün deyib-gülən, oynaşan uşaqlar görərsən. Bunu hamı görür. Lap elə üzü fəvvarəyə tərəf baxan əbədiyaşar ulu rəhbərin özü də sanki görür. Bir anlıq adama elə gəlir ki, o böyük insanın əzəmətli heykəli indicə dil açıb salamlayacaq bu xoşbəxt uşaqları. Sonra da ölməz şairimiz Səməd Vurğunun bu misralarını söyləyəcək:

Deyin, gülün övladlarım, heç qısmayın səsinizi,
Oynar görüm, gülən görüm, xoşbəxt görüm hər vaxt sizi!