adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Dekabr 2017 16:56
13903
MƏMLƏKƏT
A- A+

SƏRNİŞİNLƏR SOYUQDAN DONURLAR

Bu yazının sərlövhəsini təsadüfən seçmədik. Çünki biz başlıqda "Sərnişinlər soyuqdan üşüyürlər" də yaza bilərdik. Yadımıza "Uşaqlığın son gecəsi" filmindəki bir epizod düşür. Orda Davud (istedadlı aktyor Məmmədsadıq Nuriyev) cavan oğlana deyir ki, götür yuxarı təşkilatlara belə bir məzmunda mənim adımdan bir məktub yaz. Yaz ki, mənim uşaqlarım pilləkəndən yıxılıb ölürlər. Məktub yazan oğlan da qayıdıb deyir ki, Davud əmi, axı o uşaqlar heç sənin yanında yaşamırlar. Davudsa dillənir ki, noolsun yaşamırlar? Bəs onlara hər ay alimenti mən verirəm də. Məktub yazan oğlan yenə təkrarən qayıdıb deyir ki, Davud əmi, bəlkə "ölürlər" yerinə "yıxılırlar" yazaq. Davud kişi də deyir ki, yox, "ölürlər" yazsan yaxşıdır. Çünki onda yuxarıdan gəlib bu pilləkənləri düzəldəcəklər. Əgər yıxılırlar yazsan, heç kəs gəlib bizə kömək göstərməyəcək. İndi biz də Davud kişinin sözünə qüvvət, "soyuqdan sərnişinlər donurlar" yazırıq ki, əlaqədar qurumlar hərəkətə gəlsinlər və bu qış günlərində camaatı çətin vəziyyətdən xilas eləsinlər.

Bizim ən çox istifadə etdiyimiz marşrut 50 və 36 saylı avtobuslardı. Həmin avtobuslardan hər gün minlərlə insan istifadə edərək işə gedir və işdən evə qayıdırlar. Qışda da, yayda da bu avtobusa minənlərin qara günləri başlayır. Qışda camaat soyuqdan donur, yayda da istidən boğulur. Ancaq bunlar heç biri həmin marşrutun sahibkarının vecinə deyil. Çünki dəfələrlə bu məsələyə toxunmuşuq, həmin avtobuslardakı istilik sisteminin işləməməsini yada salmışıq, ancaq bu günə qədər o marşrutlardakı avtobusların əksəriyyətinin istilik sistemləri işləmir.

Dəfələrlə sərnişinlər və eləcə də bizim özümüz metronun "Neftçilər" stansiyasının yaxınlığındakı dayanacaqdan xəttə çıxan avtobusların dispetçeri Tahir müəllimlə söhbət eləmişik. Bu söhbətimiz çox uzaq deyil, noyabr ayının axırlarında olub. O da bildirib ki, heç darıxmayın, tezliklə bütün avtobuslarda istilik sistemləri işləyəcək. Təəssüflə qeyd etməliyik ki, Bakıda havaların soyuq keçdiyi günlərdə 50 nömrəli marşrutda hərəkət edən avtobusların əksəriyyətində istilik sistemləri işləməyib. İşləyənlərdə də elə işləyir ki, heç sürücünün özünü isitmir. O ki qala avtobusun salonunda olan sərnişinlərin isinməsinə.

Əlli nömrəli marşrutun istilik sistemi işləməyən avtobuslardan birinin sürücüsü ilə söhbət elədik. Dedik ki, qardaş, hava da soyuqdu. Bax, sənin idarə etdiyin avtobusda oturmaq mümkün deyil. Hələ bir azdan havalar daha da soyuyacaq. Yəni bu avtobusun istilik sistemini düzəltmək belə çətindi? Sürücü çiyinlərini çəkdi və yazıq bir görkəm alıb dedi ki, düzəltmək olar, niyə olmur? Ancaq gərək bu istilik sisteminin işə düşməsi üçün 50 manat xərc çəkəsən. Bax, bu 50 manatı da sahibkar heç vaxt asanlıqla vermək istəmir və deyir ki, avtobusu siz sürürsünüz, siz də zəhmət çəkib düzəltdirin. Biz köpək uşağı da nə az, nə çox sutkanın 16-17 saatını sükan arxasında əyləşirik. Gərək, bu müddətdə həm planı verək, həm də evə çörəkpulu aparaq. Allaha and olsun, bəzən elə olur ki, planı verəndən sonra evə 10 manat da pul apara bilmirəm. Elə bilirsiniz ki, biz avtobusda kef eləyirik? Yarım saat bu soyuqda mənzilbaşına getməyə dözmürsünüz. Ancaq biz 16-17 saat soyuq maşında əyləşib onu idarə eləməliyik. Bəzən soyuq vurur, xəstələnib yorğan-döşəyə düşürük. Bilirsiniz dərmanlar necə bahadır? Yəni sağalmaq üçün dərmana bir ətək pul verməliyik.

Sözün düzü, sürücünü dinləyəndən sonra onun vəziyyətinə ürəyimiz ağrıdı. Və heç atvobusda istilik sisteminin işləməməsinə görə, onları qınamadıq da. Çünki ən azından bu avtobuslar hansısa MMC-yə məxsusdu və həmin MMC-lər də avtobuslardakı texniki qüsurları aradan qaldırmalı, onu mövsümə uyğun tam hazır vəziyyətə gətirməlidir. Təəssüf ki, 50 və 36 nömrəli marşrutların məxsus olduğu MMC-nin rəhbərliyi bu məsələni bu günə kimi həll etməyib.

Onu da qeyd edək ki, 50 və 36 nömrəli marşrutlar bir çox texniki tələblərə cavab vermir. Yəni bu marşrutlarda işləyən əksər avtobuslar istismar müddətini başa çatdırıb. Üstəlik də həmin avtobuslarda həmişə bir səliqəsizlik və anti-sanitariya hökm sürür. Belə ki, avtobuslar vaxtlı-vaxtında dezinfeksiya olunmur və təmizlənmir. Bununla yanaşı, 36 nömrəli marşrutda bir neçə avtobusun oturacaqları cırıq-cırıq olub və pis vəziyyətdədir. Oturacaqlar o qədər çirklidir ki, sərnişinlər çıxılmaz vəziyyətdə qalıb avtobusa minirlər. Hansı ki, bu oturacaqlar da təmizlənməlidir.

Hələ bu azmış kimi, 50 və 36 nömrəli marşrutlarda işləyən avtobusların sürücüləri nəqliyyat vasitəsini dayanacaqlarda deyil, harda gəldi saxlayırlar. Daha doğrusu, sərnişin görəndə saxlayır, amma kimsə düşmək istəyəndə, sürücü deyir ki, qardaş, dayanacaqda saxlayacam, düşərsən. Bax, onda da sərnişinlər sürücülərlə davaya qalxırlar. Görəsən, Bakı Nəqliyyat Agentliyi, eləcə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir dəfə də olsun qanunu pozub harda gəldi avtobusu saxlayan bu sürücüləri cərimə edibmi? Bax, onu dəqiq deyə bilmərik. Amma gərək sürücülər qanuna əməl etsinlər ki, sərnişinlərin əsəbləri ilə oynamasınlar.

Bir azdan havalar daha da soyuyacaq. Biz bu iradlarla bağlı bir daha 50 nömrəli marşrutun dispetçeri Tahir müəllimlə görüşdük. Mövcud nöqsanları və avtobuslarda istilik sistemlərinin işləməməsini onun nəzərinə çatdırdıq. Tahir müəllim isə dedi ki, hər şeyi bilirik. Artıq bir çox avtobuslarda istilik sistemləri işə düşüb. Qalanlarında isə yaxın zamanlarda istilik sistemləri işləyəcək. Ona görə heç də sərnişinlər narahat olmasınlar.

Amma Tahir müəllim, sərnişinlər, o cümlədən biz çox narahatıq. Çünki dəfələrlə bizə söz vermisiniz, hələ də adını çəkdiyimiz marşrutda istilik sistemləri tam fəaliyyət göstərmir. Belə olan təqdirdə isə soyuq havalarda sərnişinlərin xəstələnmə ehtimalı daha da artır. Çox istərdik ki, Bakı Nəqliyyat Agentliyi məsələyə müdaxilə edəydi və mövcud problemin həllinə nail olaydı. Əgər doğurdan da 50 və 36 nömrəli marşrutu idarə edən MMC rəhbəri yüksək səviyyədə sərnişinlərə xidmət edə bilmirsə, onda bu marşrut onların əlindən alınıb digər sahibkara verilsin. Bəlkə məsələnin bu cür həlli sərnişinlərin mövcud problemini aradan qaldıra bilər.

Faiq QİSMƏTOĞLU