adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Dekabr 2017 22:19
13994
GÜNDƏM
A- A+

Qoşa qanad

(Bir ailənin qısa tarixçəsi)

(əvvəli ötən sayımızda)

-Corat qəsəbəsində danışırlar ki, Hacıbaba kişi çox qonaq-qaralı olub.
-Bəli. Atamın süfrəsi həmişə qonaq-qaralı olardı. Xırdalan şəhərindən-Piri, Əli (klarnet çalan), Biləcəri qəsəbəsindən - (iş yoldaşı) Vladimir, Novxanı kəndindən - Mürsəl, Babaqədəş, Ağakərim, İbad və bir çox başqaları ona tez-tez qonaq gələrdilər. Balıqçı dostları -İsabəli, Xanəli, Ağazal, Paşa, Kərim, Süleyman və başqaları da atamla dostluq edir və balıqla bağlı avadınlıqları sifariş etmək üçün onun yanına gələrdilər. Atam haqqı sevən, düz danışan, mübahisəni, yalanı sevməyən insan idi. Qohum-əqrəbanın xeyir-şərində hərtərəfli yaxından iştirak edərdi. Körpə uşaqları, xüsusən də qız uşaqların çox sevər və onlara tez-tez hədiyyələr alardı. Mənə həmişə tapşırardı: "Bacılarını qardaşlarını oxutdur, çörək sahibi elə, ailə qurmaqlarına yaxından kömək elə". Şükür ki, mən də onun arzularını çin eləyə bildim. Bacılarımın hamısı ali və orta ixtisas təhsil alıblar, dövlət müəssisələrində əmək fəaliyyəti göstərirlər və çox yaxşı ailə sahibidirlər. Atam tez-tez tək bacısı Leylaya, qardaşlarına baş çəkər, onların ailələrinin qayğısına qalardı. Biz övladlarını da qohumcanlı böyüdürdü. Səhvi olan cavanlara öyüd-nəsiyyət verər, tənbeh eləyər, düz yola dəvət edərdi. Hamı da onu eşidər və dediklərinə əməl edərdilər.
Atam Hacıbaba kişi 1 oktyabr 1984-cü ildə 70 yaşında dünyasını dəyişib. Bu ilin 1 oktyabrında onun dünyasını dəyişməsinin 33 ili tamam oldu. Heyf ki, bizim bu xoş günlərimizi görə bilmədi. O, çox arzu edirdi ki, Azərbaycan müstəqil dövlət olsun. Həmişə deyirdi ki, "bax bu Xəzər dənizi çox böyük sərvətdir. Ölkəmizin gələcək iqtisadi inkişafı və turizm üçün misilsiz əhəmiyyətə malikdir. Sizlər bunu görəcəksiniz".
-Corat qəsəbəsində yaşlı insanlar Hacıbaba kişi və Balabacı xanımın gözəl ailəsindən, yaxşı övladlar böyütməsindən ağız dolusu danışırlar.
-Bunu mən də həmişə yaşlı adamlardan eşidirəm. Anam atamdan 16 yaş kiçikdi. O, 1930-cu ilin fevral ayında Corat kəndində anadan olub. 8 övlad - 5 qız, 3 oğlan anasıdı. Dəfələrlə çoxuşaqlı "Qəhrəman ana" medalı ilə təltif olunub. Hazırda təqaüdçüdür. Ötən əsrin 30-40-cı illərinin ağır iqtisadi çətinlikləri dövründə yaşasa da o, Corat kəndində fəaliyyət göstərən Bakı şəhərinin inzibati tabeliçiliyində olan 108 saylı məktəbin altıncı sinfini bitirmişdir. Özünün dediyinə görə, o illərdə ailə qurmuş qızların məktəbə getmələrinə ailələri icazə vermirdi. Ona görə də Xanməmməd adlı kənd sakini, xeyriyyəçi şəxsin evində ərə getmiş qızlar üçün dərslər təşkil edilmişdi. Kənd sakini, ziyalı qadın "Sosialist əməyi qəhrəmanı" Zəminə Həsənova və həyat yoldaşı Hilal müəllim bu qızlara dərs deyirdilər. Məktəbdə anamın ilk müəllimi sonralar qayınatam olmuş Rza Həşimov olub. Əmək fəaliyyətinə o zaman mövcud olmuş kolxoz təsərrüfatında başlayıb. 1947-ci ildə atamla ailə həyatı qurublar. Elə 1981-ci ildə Sumqayıt şəhər uşaq bağçasına xadimə vəzifəsinə işə qəbul edilib. O, elmə, təhsilə, mədəniyyətə önəm verən qadındır. Ona görə də çalışıb ki, biz hamımız ali təhsil alaq. Anamın gözəl nitq qabiliyyəti var. Ədəbiyyatı, poeziyanı çox sevir və daim mütaliə edir. İlahiyyatla da məşğuldur, islam şəriəti qaydalarına sidqlə etiqad edir və təqvalıdır. Sərbəst olaraq Quran, Yasin oxuyur. Övladlarını, nəvə-nəticələrini hədsiz dərəcədə sevir, onlarla tez-tez bir yerə yığışırlar. 19 nəvəsi və 28 nəticəsi var.
- Danışırlar ki, Balabacı ananın balıqdan bişirdiyi yeməklər Coratda adla deyilib.
-Bəli. Anam, nərə və digər balıqlardan müxtəlif növlü yeməklər - qızartma, soyutma, kotlet, qutab, kabab, düşbərə, mütəncəm və sairə yeməklər bişirirdi. Nərə balığının yağının çox böyük müalicəvi əhəmiyyətini bilərək onu əridib, şüşə qablara yığıb ehtiyacı olanlara təmənnasız verərdi. Çünki balıq yağı zəif görməyə, yanığa və digər xəstəliklərə qarşı əhəmiyyətli sayılırdı. Ailənin bütün uşaqlarına bu yağdan içməyi tövsiyə edirdi. Ona görə də bizim ailə üzvlərinin heç biri, həmçinin anam da bu günə kimi eynəkdən istifadə etmirlər. Gələn il mənim 70 yaşım olacaq. Hələ də eynəkdən istifadə etmirəm. Anamın da incəsənətə, ədəbiyyata, xüsusən də musiqiyə olan rəğbəti övladlarına da sirayət etmişdi. O, yaşının bu ahıl vaxtında da gözəl nitq qabiliyyətinə və təfəkkür tərzinə malikdir. Yadımdadır ki, körpə vaxtımızda bizi tavandan asılmış nənnidə yellədərək, "Segah" muğamı üzərində bayatı züm-zümə edər, gözündən yaş gələ-gələ, gövrələrək bizi yatızdırardı. Balalarına lay-lay deyə-deyə yellədiyi nəninin tavandan asılmış tutacaqları indi də yaşadığı evin tavanında durur. Söz düşəndə də deyir: "Qoy övladlarım yanıma gəlib-gedəndə baxıb öz körpəliklərini xatırlasınlar". Anam nəvə-nəticələri ətrafına toplaşanda onlara elm, təhsil və savad almağın vacibliyindən danışıb tövsiyələr verər. Həmçinin övlad tərbiyə etmək, Corat kəndinin tarixindən, mənsub olduğu nəslin ağsaqqal və ağbircəklərindən, onların keçmiş sosial-məişət şəraitindən danışır, ölkəmizin ictimai-iqtisadi inkişafından və əhalimizin maddi rifah halının indi daha da yaxşılaşmasından onlara ətraflı məlumat verir. Nəvələri, nəticələri onu diqqətlə dinləyir və onun nəsihətlərinə əməl edirlər. Onun sözünün əvvəli də şeirlə başlayır, sonu da şeirlə qurtarır.
Abdul müəllimin atası və anası haqqında böyük həvəslə dediklərinə qulaq asandan sonra fikirləşdim ki, bu yazı həqiqətən də hamının marağına səbəb olacaq. Doğrudan da belə ağsaqqalların və ağbirçəklərin həyatını öyrənmək indiki nəslə çox lazımdır. Çünki bu gün məmləkətimizdə boşanma halları çox olduğuna görə Hacıbaba kişinin və Balabacı xanımın həyatı cavanlarımıza bir örnək ola bilər. Təsəvvür edin ki, onların övladları, nəvələri və nəticələri hamısı cəmiyyətimizdə özlərinin layiqli yerlərini tutublar. Belə ki, onların oğlu Abdul Haşımov (Tar)- Respublikanın Əməkdar müəllimidir. Sumqayıt Musiqi Kollecində şöbə müdiri işləyir, 3 ali təhsilli övladı 8 nəvəsi var. Qızları - Çərkəz Balamiyeva 54 saylı uşaq bağçasında tərbiyəçi işləyib, hazırda təqaüdçüdür. 3 övladı 8 nəvəsi var. Ali təhsillidir. Gəlinləri Aşura Həşimova - Sumqayıt Dövlət Universitetinin dosentidir. Nəvələri Şəhriyar Musayev (kamança ) III Beynalxalq Müsabiqənin laureatidır (III yer), Afaq Qəniyeva (fortepiano) - sənətşunaslıq üzrə fəlsəfə doktorudur. Sumqayıt Dövlət Universitetinin baş müəllimidir. İlkin Həşimov (ksilofon) - Respublika müsabiqəsinin laureatidır(II yer ). Mehri Həşimova - Almaniyada təcrübə keçmiş yüksək ixtisaslı kordioloq, həm də pianoçudur. Qızları - Nigar Musayeva ali təhsillidir. Sumqayıt Musiqi Kollecində kamança ixtisası üzrə müəllim işləyir. 3 övladı 3 nəvəsi var. Qızları Simuzər Zahirova ali təhsillidir.
Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə musiqi müəllim işləyir. 2 qız övladı var. O biri qızları - Şirinbacı Muradova ali təhsillidir. Fikrət Əmirova adına Sumqayıt 5 saylı uşaq musiqi məktəbində fortepiano müəllimi işləyir. 3 övladı 3 nəvəsi var. Oğlu - Rahib Həşimov ali təhsillidir. Sumqayıt Musiqi Kollecində klarnet ixtisası üzrə müəllim işləyir. Qızları- Bəsti Həşimova 2 övladı 3 nəvəsi var. Türkiyə Respublikasında yaşayırlar. Bax, belə ailə doğrudan da həsəd aparılası ailədir. Belə ailələri təbliğ etmək biz yazarların müqəddəs borcudur. Belə ki, cavan ailələrə bir örnək olsun. Atalarımız belə yerdə gözəl deyiblər: "Ailə özü müstəqil bir ölkədir. Həmin ölkədə haqq-ədalət, birlik, mehribançılıq, böyük-kiçik yeri bilmək olsa, bu kiçik, müstəqil ölkə, yaşadığı böyük ölkə üçün də böyük işlər görə bilərlər". Qoşa qanad olan Hacıbaba kişi və Balabacı xanım məhz belə müqəddəs, həsəd aparılası ailəni məmləkətimizə bəxş ediblər.

Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi