adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Dekabr 2017 22:09
16742
GÜNDƏM
A- A+

ƏBDÜL DAYI

Yusif Həsənbəy

(əvvəli ötən saylarımızda)

Yumşaq, qaynar əllərini ovcuma aldım. Sonra bu əlləri - "başına su tökməyin", "su tökməyin" - deyə-deyə şapalaqladım. Nurcahan titrəyə-titrəyə qımışır, mənə sığınırdı. Sonra pal-paltar dolu ləyəndən bir "Moskva" sabunu çıxartdı. Kağızını iki parça elədi. Sabunu ovcuma qoydu. Təzə dəsmalı çırpıb, qatlarını açıb çiynimə atdı. "Hirsin-pasın içindəsən, yaxşı-yaxşı yuyun, bəlkə bir az ağarda sir-sifətini", - deyib güldü. Çox tərbiyəli, dilavər qızdı. Əbdül dayı, sən, evinizin qabağındakı "Cəmşid" arxında Nurcahanla bir yerdə maşınımı yumağa icazə verərsənmi? - deyib işıldayan gözlərini Əbdül dayıya zillədi Məhərrəm.
Əbdül dayı basıb-kəsən, atıb-tutan olmasa da fit anlayan, işarə qanan adamdı. Məhərrəmin onun bostanına atdığı daşları nəinki görür, o, hətta bu daşların əlvan rənglərinə heyran olurdu. "Qız yükü, duz yüküdü! İndi əksər valideynlər qızlarını dallarına şələləyib meydan-meydan, bazar-bazar gəzdirirlər ki, çox yağlı olmasa da, heç olmasa ortabab bir müştəriyə ötürsünlər. Qızın da taxta duran bir vaxtı var. Qız şərab deyil ki, saxlandıqca suyu çəkilə, mayası saflaşdıqca əlvanlaşa, rəngi göz oxşaya, ətri nəfəs yüngülləşdirə. Qız çiçəkdi. Vaxtı keçdimi ləçəkləri tökülür, budağındakı tikanlar get-gedə itiləşir, ata-ananın, qardaş-bacıların gözündə də iynəyə dönür. Ancaq Əbdül dayının çiynində belə yüklərin nə az, nə çox, düz altısı vardı. Allah qoysa biri əriyər, ürəktəngliyi bir nəfəs azalardı. "Yox, yox, Allah saxlamış Məhərrəm indinin bir çox cavanları kimi iynə vurdurmur, əyyaş deyil. Qumara, aşığa qurşanmır. Ötəri, yüngülvari nöqsanları var, onları da çalışıb yoluna qoyarıq bəlkə. Neyniyim? Sözünü ağzından vurum? Sonra qapıma kim gələcək? İndi oğlanlar da yumşaq yer axtarırlar yıxılmağa. İndi oğlanlar qız yox, əli hər yerə çatan qaynata axtarır. Qaynata bahalı maşın, yaxşı vəzifə, beşotaqlı mənzil, dəniz sahilində villa versin.
İldə iki-üç dəfə Antalyaya, Dubaya səyahət təşkil eləsin! Amma mən elə təpərli qaynata ola bilməyəcəyəm iki dünya bir olsa da. Varlı-karlıdı Məhərrəm. Nurcahan o evlərdə neynim deməz. Qız qarımış baldızlar, əyyaş qayınları olmayan evdə dava-dalaş da olmayacaq. - Düşünür, oğrun-oğrun gülümsəyirdi. Başını yana çevirib Məhərrəmə baxdı. Köynəyi ütülü, boynu da düyməlidi. Saçlarında daraq dişlərinin yeri görünür. Qalstukunun dəyirmi düyməsi də hulqumunun altında kip oturulub. Səliqə-sahmanına baxırsa, deməli, özünü sevən, nüfuzunu qoruyandı. Amma kaş o bank müdiri Bədəlov zəng vurmayaydı. Bədəlovun dili quruyardı. Ya da ki heç eşitməyəydim o xəstə heyvanların kəsilib satılması söhbətini. Tutaq ki qızı vermədim. "Özün parazitsən. Xəstə heyvan ətlərinlə xalqı xəstələndirmə. Həkimlərimiz də xəstəyə baxmır, əlinə, cibinə baxır, dedim. Hirs vurar başına, mənə əl qaldırar. Sonra it də gedər, ip də. Dili kəsilmiş qonşular da arx başında Nurcahanla bir yerdə görüblər Məhərrəmi. Bunu rədd eləsəm qızın adını kim çəkər, qapıma kim gələr?" Əbdül kişi odla su arasında yox, odla od arasında qalmışdı.
Əbdül kişidən razılıq cavabı almayan Məhərrən gah əllərini başına aparıb saçlarını qarışdırır, gah şotka bığlarını çəngələyir, gah da sükanı ora-bura burub rahat gedən maşını oynadırdı. Arabir dirsəyini Əbdülün qabırğasına toxunduraraq, - bağışla, bilmədim, dayı, - deyib gözlərinə zillənirdi. Əbdül Məhərrəmin ondan cavab gözlədiyini bilsə də susur, ayaq sürüyür, rədd cavabı verməyə çətinlik çəkirdi. Dönüb tərs-tərs Məhərrəmə baxdı:
- Sən Nurcahanla birlikdə maşın yumaq istəyirsən? Bir az fikirləşərəm, baxaram hələ. O maşın yumağa gərək uşaqlar da qoşula. Amma onların ikisi məktəbdə riyaziyyat, ikisi də təbiət dərnəyinin üzvləridi. Yerdə qalanları da həyətdə toyuq-cücəyə baxır! -deyib səsini bir az da qaldırdı - Ay atam, ay qardaşım, əlləri nacax-dəhrə tutanlar meşədən qışlıq odun gətirməlidirlər. Nurcahanın da heç vaxtı yoxdu. Bir xalça toxuyub ortasında da Öndərimiz Heydər müəllimin şəkli. Deyir, hansı marketdəsə divardan asdırıb, sərgiləyəcək. Sonra da Öndərin özünə bağışlayacaq, o xalça-əsəri.
Əbdül kişinin köntöv cavabı Məhərrəmin aşına su qatdı. "Neynək? Əbdül kişi bir az fikirləşərəm, hələ baxaram deyirsə deməli hələ ümid, inam yeri var. Bir gəlişlə hansı ata qız verər elçilərə? Qız sahibi gərək özünü də, qızını da qiymətə mindirsin! Hələ oğlan evi kəndin ağsaqqallarını gətirməlidi qız atasının hüzuruna. Hələ qlz sahibi də "sabah- birigünə" salmalıdı bu məsələnin həllini. Bazardan qoz almaq deyil ki! Bir qız almaq, bir pud qızıl almaqdan çətindi. Buna baxmayaraq, Məhərrəm, ruhdan düşməyəcək, tutduğu yerdən kəsəcəkdi.
-Nurcahanın öndərə xalça bağışlaması tarixi bir hadisə olacaq. Qəzetlər ondan yazacaq, televiziyalarda Nurcahan ekran qəhrəmanına çevriləcək. Ancaq Heydər müəllim Bakıda deyil- mızıldandı Məhərrəm.
-Harda olur -olsun, gülər üzü, dağ cüssəli boy- buxunu gözümüzün qabağındadı daim- dedi Əbdül kişi. - Adı dilimizdə, məhəbbəti ürəyimizin başındadı. Məhəbbəti ürəklərə damla-damla süzülür, zaman keçdikcə sellərə döndü o damlalar. Sonralar qaçqın və köçkünlərimiz üçün çadır şəhərcikləri tikdirdəcək, o sellər də nəhrlərə çevriləcək. "Əsrin Kontraktı" layihəsini ortaya qoymaqla bu məhəbbət əbədi məhəbbət olacaq. Neft kəmərlərimiz keçən ölkələrdə zahı qadınlar dünyaya gətirdikləri körpələrin adını Heydər qoyacaqlar. Məscidlərdə bütün namazlar Öndər-rəhbərə dualarla başlanır. Hə, Məhərrəm, deyə sözünü davam etdirdi. -Rəhbər deyirik ona. Amma rəhbər siyasi adıdır. Hələ başqa adları da var. Əkinçilər onu - Həsən bəy Zərdabi, bağbanlar -Miçurin, idmançılar, - Sali-Süleyman, hüquqşünaslar - Siseron, din xadimləri - Peyğəmbər, amma xalq onu, çox sadə, yığcam bir kəlməylə, - Öndər çağırır. Respublikaya birinci rəhbərliyi dövründə maşinisti olduğu, siyasi, iqtisadi, mədəni reformalarla dolu sürət qatarının qabağını kəsən şlanqbaumları təkərlər altında cilik-cilik elədi. Pambıqçılar plana görə üç yüz əlli min ton əvəzinə bir milyon ton pambıq verdilər dövlətə. Üzüm satışı 1,5 milyon tondan 3 milyon tona qaldırıldı. Yüzlərlə konserv kombinatı, meyvə emalı, şərab zavodu tikildi. Quba bağbanları 100 min tondan artıq meyvə yetişdirdilər. Sumqayıtda sintetik-kauçuk zavodunun hasilatı artdı. "Neft daşları"nda yeni estokadalar quruldu. Yeni buruqlar hesabına yanacaq hasilatı record həddə çardı. Yetmişdən çox Azərbaycan gəmisi dünya sularında yükdaçımalara cəlb olundu. Xəzinəmizə xarici valyuta axını gücləndi. Onun təşəbbüsüylə Respublikamızın neçə-neçə sənət adamına "Sosialist əməyi qəhrəmanl" fəxri adı verildi.
Ay Məhərrəm. Öndərimizin fikri-zikri ölkəynən, xalqnandı. Bakıda otura-otura burda nə var, nə yox bizdən yaxşı görür. Sudan korluq çəkməyə qoymayacaq bizi. Bir də görəcəksən Naxçıvanın "Badamlı" suları kranlarımızdan şaqqa-şaqqla axır.
Ay Məhərrəm. Öndərimizin şan-şöhrəti yerlərə, göylərə sığmır. Hər ailənin süfrəsinə bir nimçə, bir də bir qaşıq artıq qoyulur. Birdən Öndərimiz qapıdan girər içəri. Bütün evlərdə ütülü, ətirli bir yataq dəsti saxlanılır. Öndər gecələmək istəsə qu tükündən balınc, ipək yorğan, keçi yunundan tutulmuş döşək gəbələr üstünə səriləcək, pəncərədən əsən sərin yellərin qoynunda Öndər dincələcəkdir. Öndərimiz kabinetdə oturub, ora-bura əmrlər göndərən rəhbərlərdən deyil. Şahidlərin dilindən eşitmişəm ki, Qubada Qudyal çayı sahilində su anbarının tikildiyi yeri özü seçib. Qırxbeş dərəcə isti Kürdəmirdə yığılmış taxılın anbarlara daşınmasını nəzarətdə saxlayırdı. Sadəliyi, təbiiliyilə xalqımızın sevimlisidi Öndərimiz. Qusar rayonunun ən ucqar Zindan-Muruq kəndində sağıcılarla görüşə gələn Öndərə bir stəkan çay gətirirlər. Öndərin gözü qazanların yanındakı içi ayranla dolu sərnicə sataşır. O, "çayı qocalanda içərlər" deyib sərnicin başına çəkir. Sağıcı ləzgi qadınlardan biri "İn Öndər kas, para çimi kas ya! Riq para çimi ya!(Bizim Öndərimiz çox qızğın, ürəyi odly-alovlu kişidi) - deyib, sağıcı qadınlar da şirin-şirin gülüşüblər.
- Ay Məhərrəm, sən də oxumuş, savadlı adamsan, amma bir möcüzə çaşdırıb məni. Şirin yuxunun içində göyə əl açıb: - Ey qüdrət sahibi! Ey bizi yaradan! Sən özün kömək ol, qaçqınlarımız yurdlarına qayıtsınlar - demişdim ki, birdən buludlar aralandı, çiyinində şəfəqlərdən biçilmiş bir yapıncı, başında ulduzlardan toxunmuş bir çələng Öndərimiz Heydər müəllim canlandı gözüm önündə. Sonra o görüntü yox oldu. Ağlın nə kəsir bu yuxudan?
Məhərrəm sinəsini irəli verdi. - Bəli, Əbdül dayı. Siz çox saf adamsız - dedi. Bir an susdu, fikrə getdi. Sonra təmkinlə sözünü davam etdirdi. - Yaradan hər şeyi görən, eşidn, biləndi. Yaradan saf, əməli -saleh bəndələrini daha çox sevir, onların arzularını həyata keçirir. Öndərimiz Heydər şəfəqlərin və ulduzların içində bir nur parçası kimi görünüb gözünüzə. Burda qaranlıq nə var ki? Arzunuz çin olacaq, Öndərimiz Qaraxanlıya gələcək Əbdül müəllim! Siz Öndərlə görüçəcəksiz.
Əbdül kişi - Nolaydı, tələsəydi, bir az tez gələydi o gələn! Sən də dilində düzəldərik düzələr deyirdin! Hanı bəs? Nəyə məhəttəlsən? -Hardan, nədən başlamağı da özün bilməlisən! Amma Öndərin gəlişiylə bütün əyrilər düzəlməlidi. Bunu qətiyyətlə dedi Əbdül kişi. -Rayonumuzda tütünçülük briqadiri kimi ad-san qazanmışdın. Sosialist yarışlarının keçici bayraqlarını alırdın. Düz, halal adamdın. Bir az dəyişmısən. Doktorun ağzına bir şey atıb invalid kağızı düzəltmək istəyirsən mənimçün! Bəyərimi "çax-çux" yoluyla qazanmağa dəvət eləyirsən. Ancaq bu əlamətlər qandan gəlmə deyil. Dövranın ağırlıqları səni də əyib. Düzəldərlər, düzələrsən, inşallah! "Cəmşid" arxında maşınını yumağa da tələsmə. Arxımıza su gəlmir! Bir az fikirləşərəm. Baxaram hələ!
Məhərrəm heç nə eşitmirdi. Şotka bığlarının yarıdan çoxu yuxarı qalxmış alt dodağının altında itib-batmışdı. Yoldan çıxan maşın yamac döşündə xəndəkdən xəndəyə atılır, daşdan-daşa çırpılır, irəliləyirdi. Birdən maşının burnu qayaya dirəndi. Kabinə silkələnib laxladı. Əbdül kişi bir əliylə pəncərə çərçivəsindən, bir əliylə oturacaqdan yapışıb qamətini düzəltdi. Mühərrik uğuldayırdı. Amma maşın donmuşdu. Nə irəli, nə geri! Məhərrəm qazı artırdı. Kabinə titrədi, ban caqqıldadı. Aman Allah, qaz bir az da artırılsa, maşın burnuyla geriyə qanrılıb arxası üstə qayalara çırpılacaq, iki parça olub dərəyə yuvarlanacaqdı. Xoşbəxtlikdən mühərrik söndü. Amma nə illah eləsə də, təzədən mühərrik işə düşmədi. Nəhayət maşından düşüb, kapotu qaldırdı. Cərəyan naqilləri yerindəydi. Benzin nasosu şlanqdan ayırdı. Ordlarını zurnaçı ordları kimi şişirdib kanalını var gücüylə üfürdü. Onu yerinə oturdanda qoltuq cibindəki telefon titrədi. Nömrəsini gözdən keçirib, sevincək bu Nurcahanın zəngidi-dedi.
Dünya gözəlləşdi gözündə bir an! Dərələrdən sel kimi, təpələrdən yel kimi axıb gələn Nurcahanın səsi Məhərrəmin sustalmış duyğularını cana gətirəcək, damarlarında qanını qaynadacaq, yelləncəkdə olduğu kimi ürəyini uçunduracaqdı.
- Sən?.. Sən?.. Sən?.. - Həyəcanlı, həm də qısılan, ehtiyatlanan səs, Məhərrəmin tapdanmış ürəyinə yağ kimi yayılırdı. - Əlbəttə, sənin axtardığınam. Rüstəm Zal kimi güclü, Koroğlu kimi dəliqanlı, Ağ ayı kimi soyuğa dözümlü, dəvə kimi istilərə davamlı Məhərəməm mən. Ah, nə gözəl! Nə yaxşı!.. - Məhərrəm telefonu qulağına kip yapışdırdı. Nurcahanın nəfəsiylə gələn istilik Məhərrəmin əsəblərinə məlhəm kimi yayılırdı. - Allah-təalaya qurban olum ki, bu çətin anlarımda səsin gəldi, ürəyim açıldı. Ölərəm, amma səni "neynim" deməyə qoymaram. Əhsən yaradanına!
Fərhada dağ çapdıran, Otelloya döyüş zəfərləri qazandıran, Leylasına qovuşmaq istəyilə səhraların məşəqqətinə dözə-dözə, "mən dönmərəm bu yoldan, ölüm olsa qayəti" deyən Məcnunu məhəbbət Olimpinə qaldıran o ilahi qüvvə Məhərrəmi də dingildədir, cuşa gətirirdi. Gözü sinəsində çarpazlanmış qoluna sataşdı. Biləyinin buğumunda qaralan damar bədöv kəhərin yançağında qırmanc zolu kimi titrəyir, çapalayırdı.
- Toxuduğum "Məhəbbət" adlı xalça-əsərinə lalənin qara xalılarını düzürdüm, birdən sən yadıma düşdün. Tez aynabəndə çıxdım. Maşınını, səni də arxın yanında görməyəndə bilirsən necə kövrəldim?
- Arxınıza su gəlir ki?
- Bəs necə? Axı bizim "Cəmşid" arxımız "Şirvan" kanalına calaqdı. Elə gəlir, şaqqa-şaraqnan.
Məhərrəmin qolundakı damar bir az da daralıb, şişdi. " Allah, Allah. Bir balaca boyu olan Əbdül kişininin dam dolusu toyları varmış. Qayda-qanun güdməkdə "Səfillər" romanındakı Caveri kölgədə qoyan bu "yumurta" dayı arxımıza su gəlmir, deyib ağ yalan danışır. Bəlkə bu gedişlə o məni sınağa çəkir? Əlindəki qızılı dişinə vurub bərk-boşunu yoxlayır? Buna görə ondan inciməyə dəyməz", - Məhərrəm özünü sakitləşdirdi.
- Gələcəm! Allah-təala yol verər inşaallah! Gələcəm mütləq. Maşınımı da elə bir yerdə yuyarıq.
- Evdə tək olanda mənə bağışladığın qızıllarla bəzənib güzgünün qabağına gəlirəm. Gözələm, işığam başdan-başa. Amma bu gözəllik sənə qismət olmasa mənə də gərək deyil.
Nurcahanın səsi titrədi. Onun udqunduğunu da eşitdi Məhərrəm:
- Sənə nə oldu? Dağıdaram dünyanı! Xətrinə dəyəni yox elərəm!
- İnanıram. Amma səbirli ol. Özünü ələ al!
- Noolub ki? De, tez elə!
- Mənə nişan gətirmək istəyirlər.
Məhərrəm büzüşdü, balacalandı birdən. Əllərini əsməcə tutdu. Ayağının birini götürüb, o birini qoyur, telefonu gah döş cibinə dürtür, gah sinəsinə sıxırdı.
- Nə? Nişan nədi?
- Nişanlayırlar məni. Bizə elçi gəlir! Məni İqtisadiyyat nazirliyində şöbə müdiri, bir neçə ticarət mərkəzi, Xəzər sahilində bağı, İstanbulda villası olan oğlan almaq istəyir.
- Sən hardan bilirsən onun imkanlarını?
- Xəbər gətirən arvad dedi.
- Mən o alçağın başını kəsməsəm, başımda papaq gəzdirməyəcəm!
- Yox, bu çıxış yolu deyil! Məsələ ağılla, tədbirlə həll olunmalıdı.
- Necə? Hansı tədbirdi? Bilirsənsə de də!
- Sən qabaqlamalısan onun elçilərini. Əlbəttə, əvvəlcə atam-anamın razılığını almalısan.
- Hardadı bibim? Gəlib görüm də.
- Bibin doğum evindədi. Ora səni buraxmazlar. Atamla danış! Sonra da elçilərin gəlsin. Gecikdirsən, iş işdən keçər. - Mən təcili nişan almalıyam səndən!
"Tunq", "tunq", "tunq"!
Telefonun zumerləri Məhərrəmin beynində təbil kimi döyüldü.
Məhərrəm benzin-nasosu oxa bərkitdi. Kapotun burnundakı dəstək-dəmiri kənara çəkdi və kapot şappıltıyla qapandı. O, tələsirdi. Amma hara, niyə, nə üçün... Bibisinə, doğum evinə çatdırsınmı özünu? Həkimlərlə dil tapar, içəri girə bilərdi. Amma Şahzada nəçidi Əbdül kişi olan yerdə. Namus, qeyrət məsələsi başıpapaqlının ixtiyarındadı. Məhərrəm çiyni üstündən Əbdül kişiyə baxdı. Həmişəki bəyaz sifəti indi boyat bozlomac kimi pörtmüşdü.
Geriyə yol yoxdu. Qırılma, sınma Məhərrəm! Bir çıxış yolu tap. Təzə bir taktika işlət! Əbdül kişi də yaman bozarıb, deməli narahatdı. Narahatdı ona görə ki, məni bərk incidib. Vicdan əzabı çəkir. Bu, mənim xeyrimədi. Cüzi bir işıq görürəm qaranlıqlar içində. Amma günəş də doğanda əvvəl balaca bir şəfəq çırtdayır. Sonra bu şəfəq o biri şəfəqlərə yol açır, günəş doğur. Lap tutaq ki, gözünün düşməniyəm Əbdül kişinin. Ancaq özümə dost eləməliyəm onu. Buna görə də ona yaxınlıq eləməli, ona dost olduğumu bildirməliyəm.
- Əbdül dayı, elə hey atıb-tutur, götür-qoy eləyirəm, görürəm ki, bu Qaraxanlı mahalında ən dövlətli, varlı kişi elə sənsən.
- Çox sağ ol, tərifə görə. Amma sən dövlət, var deyirsən? Villalarım, maşınlarım, fermalarım, dəyirmanlarım, bağlarım, əkin sahələrim yoxdu, pay torpağım da "Cığalıq" deyilən sahə də daşlıq, qayalıqdı.
- Çox sağlam, tərbiyəli övladların var. Düz deyirlər ki, daş daşlığa yağar. Anam o gün danışırdı ki, quymaq çalacam, sən də doğum evinə - Şahzada bibinin yanına apararsan məni. Gözün aydın olsun, ay Əbdül dayı, bibim bir övlad da gətirəcək dünyaya səninçün.
- Hə... - Narazılıqla başını bulaya-bulaya - Bəli, doğum evindədi Şahzada bibin- dedi. Sonra da dərindən bir "ah" ötürüb sözünü davam etdirdi. -Yalvardım, and-aman elədim ki, boynuna düşəni rədd elə. Kitayda bir ailədə bir uşaq bəs eləyir. Qayıdıb nə cavab versə yaxşıdı? Sən də gedib Kitaydan alaydın arvadı. Ancaq mənim Quranım, Allahım var. Sən heç narahat olma. Qazana bir qaşıq su, bir-iki əriştə artıq atacağam. O inadkar bibin "sən burnundan uzağı görmürsən" - deyib üstümə çəmkirdi. Bilirsənmi, - dedi, - o balam dünyaya gələn kimi bir ulduz artacaq göydə. Didərginlərə ərzaq, dərman aparan karvanların yollarını işıqlandıracaq. Günəşdə bir şəfəq də artacaq.
(ardı var)