adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Dekabr 2017 16:33
17757
SİYASƏT
A- A+

Dünyanı çaş-baş salan qərar

ABŞ Prezidenti Donald Tramp ötən gün Qüdsü İsrailin paytaxtı elan edib və ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib. Artıq Türkiyə ilə yanaşı bir sıra ölkələr Trampın bu qərarı ilə bağlı bəyanatlar səsləndiriblər. Azərbaycanda da bu məsələyə baxış birmənalı deyil. 

Millət vəkili Qənirə Paşayeva Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə münasibətində qeyd edib ki, Yaxın Şərqdə məzhəb qarşıdurmasından sonra ikinci - söndürülməsi daha çətin olan bir atəş yandırıldı. O bildirib ki, bu qərarından sonra Trampın necə biri olduğunu bütün müsəlman dünyası gördü: "Donald Trampın son açıqlamaları bölgəni daha da qarışdıracaq, gərginlikləri artıracaq. Çox çətin günlərin qarşıda olduğundan müsəlman dünyası hələ xəbərsizdir. Çünki onlar arasında birlik, bərabərlik yoxdur".

Millət vəkili vurğulayıb ki, biz bu mənzərəni Qarabağda - Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunanda görmüşdük: "Həmin vaxt da müsəlman qardaşlarımız bizə köməyə gəlməmişdi, əksinə, onların bəziləri hələ də Ermənistanla yaxın əlaqələrini davam etdirir. Bu atəş nə qədər yanacaq, sonu nə olacaq, heç kim bilmir, amma üzülənlərin sayı çox olacaq".

Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair bəyanatı reallığa çevrilərsə, bu, Yaxın Şərqdə yeni qalmaqala səbəb olacaq. Onun sözlərinə görə, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, qərar Fələstinlə yanaşı, digər ərəb dövlətlərinə qarşı yönəlib. "Fələstin rəsmiləri artıq bəyan edib ki, onlar ABŞ-ın vasitəçiliyindən imtina ediblər. ABŞ prezidentinin belə qərəzli mövqeyi İsrail-Fələstin probleminə öz mənfi təsirini göstərəcək. Hesab edirəm ki, bu bəyanat Fələstindən başqa digər ərəb dövlətlərinə də zərbədir. Ərəb ölkələri heç vaxt bununla razılaşa bilməzlər. Hətta ABŞ-ın yaxın müttəfiqi Səudiyyə Ərəbistanı bəyanatla çıxış edərək qərara etiraz edib”.

F.Sadıqovun fikrincə, Trampın Qüdslə bağlı qərarı hətta İsrailin maraqlarına da ziddir: "Ola bilsin ki, Tramp seçkiqabağı kampaniya zamanı yəhudi lobbisinə bu barədə söz verib. Fikrimcə, ABŞ-da yaşayan sağlam düşüncəli yəhudilər anlayırlar ki, bu qərar İsrailin maraqlarına ziddir. Çünki, qərar regionda yeni qalmaqla səbəb olacaq, sabitlik pozulacaq. Hətta münaqişə yenidən alovlana bilər. Bir sözlə, Trampın atdığı addım Yaxın Şərqdə stabilliyin bərpa olunmasına zərbə vuracaq. Təsadüfi deyil ki, Qərb dövlətlərinin rəhbərləri Trampa qarşı bəyanatlarla çıxış ediblər. Xüsusilə, Almaniya, Fransa, İngiltərə, Avropa İttifaqının rəsmiləri qərarı pisləyiblər. Onlar hesab edirlər ki, Trampın atdığı addım yalnışdır. Çünki müvəqqəti stabilliyə zərbədir. Görünür, bu reallığı bəzi siyasətçilər ya qəbul etmək istəmirlər, ya da dərk etmirlər”.

Politoloq məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında keçirilməsi planlaşdırılan iclasdan gözləntilərini açıqlayıb: "İclasdan sonra ola bilər ki, Trampın bəyanatı yerinə yetirilmədi. Bəllidir, bir sıra ölkələr səfirliklərini Qüdsə köçürmürlər, bunun təhlükəli olduğunu dərk edirlər. BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib ki, Qüdsün taleyi danışıqlar yolu ilə həll edilməlidir. Əgər beynəlxalq hüquq normaları varsa, məsələ bu şəkildə həll olunmalıdır. Tramp hesab edir ki, danışıqları pozmaq lazımdır. Onun qərarı Qüdslə bağlı danışıqları pozmağa hesablanıb. Əminəm ki, məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə olunsa, ABŞ-ın əleyhinə tənqidi fikirlər səslənəcək. Əslində bu qərar ABŞ-ın maraqlarına da ziddir. Məlumatlara görə, dövlət katibi və digər rəsmilər Trampın qərarına qarşıdırlar və bəyanatla razılaşmırlar”.

F.Sadıqov hesab edir ki, Trampın qərarı özünün söylədiyi kimi sülhə xidmət etməyəcək: "Bu qərar sülhə xidmət etmir. Aydın görünür ki, qərar birmənalı olaraq qalmaqala və stabilliyin pozulmasına gətirib çıxaracaq”.

Politoloq Nəzakət Məmmədova isə hesab edir ki, ABŞ-ın Qüdsü İsrailin paytaxt şəhəri kimi tanıması və öz diplomatik nümayəndəliklərini Təl-Əvivdən Qüdsə köçürmə qərarı verməsi çox radikal bir addım oldu: "Əslində, bu barədə hələ 1995-ci ildə Klintonun prezidentliyi dövründə qərar var idi, lakin hər 6 aydan bir ABŞ prezidentləri Konqresin bu qərarına veto qoymaqla onun icrasının qarşısını alırdılar. Çünki bu, ABŞ-in dünyadakı nüfuzuna xələl gətirməklə yanaşı, onun İsrail-Fələstin münaqişəsindəki neytral vasitəçi statusunu da şübhə altında qoyar, ərəb müttəfiqləri ilə münasibətlərinə xələl gətirə bilərdi. Lakin Tramp bu qərara veto qoymadı və beləliklə də yəhudi lobbisinin təsiri ilə ABŞ Konqresində qəbul edilən qərar qüvvəyə mindi. Bu hadisə dünya ictimaiyyəti, Avropa Birliyi, Rusiya, İran, Türkiyə və bir sıra ərəb ölkələrinin narazılığına səbəb olub və getdikcə də bu narazılıq güclənəcəkdir. Türkiyə prezidentinin nümayəndəsi bu ədalətsiz qərarı tanımadıqlarını bəyan edib, Xarici İşlər Nazirliyi isə bu qərarı yenidən gözdən keçirtməyə və məsuliyyətsiz addımlardan yayınmağa çağırıb”.

N.Məmmədova deyib ki, artıq Fələstin ABŞ-ın vasitəçiliyindən imtina edib: "Çünki ABŞ bu addımı atmaqla neytral vasitəçi olmadığını sübut etmiş oldu. Şübhəsiz ki, bu qərarın verilməsində Trampın ətrafında olan yəhudi millətindən olan şəxslərin böyük təsiri olub. Onun öz qızı həmin millətdən olan şəxsə ərə gedib və yəhudiliyi qəbul edib, yəhudi ayinləri icra edir, Bu xalqa pərəstiş duyur. Tramp ailəsinin şəxsi mövqeyi dediyimiz kimi burada rol oynayıb. Eyni zamanda, ABŞ Suriyadakı məğlubiyyətin əvəzini Qüdsdə çıxırmış kimi bir təsəvvür yaranır. Çünki Qüdsün paytaxt kimi tanınması artıq müharibə yolu ilə Yaxın Şərqi İsrailin tabeçiliyinə verə bilməyən, hələ ki, İsrailə müttəfiq ola biləcək kürd dövləti yarada bilməyən ABŞ-ın öz diplomatik imkanlarından istifadə edərək bu radikal addımı atması deməkdir. Suriyada məğlubiyyət, Rusiyanın faktiki üstünlüyü ABŞ-ın beynəlxalq nüfuzuna böyük kölgə saldı.

Buna görə də o, Yaxın Şərqdə əsas söz sahibi olduğunu sübut etmək üçün bu addımı atdı. Bununla da İsraili dəstəklədiyini bir daha sübut etdi və Yaxın Şərqin açar məsələsi olan Qüds probleminə öz münasibətini ortaya qoydu. Bunun nəticəsində Rusiya, İran, Türkiyə və Avropa Birliyinin vahid mövqedən çıxış edəcəyini, ABŞ hegemonluğuna qarşı səfərbər olacaqlarını gözləmək olar. Bu addım nəinki Yaxın Şərqdə, hətta dünyada güc tarazlığını dəqiq şəkildə nizamlayaraq bundan sonrakı bir sıra proseslərə öz təsirini göstərəcəkdir”.

Ədil Ədilzadə