ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yaratdığı obrazın depressiyasına düşən dahi

2927    |   2017-12-07 16:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur Amerika yazıçısı Cerom Devid Selincer Azərbaycanda da sevilən yazarlardandır. Xüsusən onun 1951-ci ildə qələmə aldığı və 1980-ci illərin sonlarında Azərbaycan dilinə tərcümə olunmuş "Çovdarlıqda uçurumdan qoruyan” romanı gənclərin maraqla oxuduğu əsərlərdəndir.

1919-cu ildə doğulub, 2010-cu ildə 92 yaşında vəfat edən yazıçı bu əsəri yazandan sonrakı ömrünü rahib kimi tənha yaşamağa qərar verdi. Hətta deyilənlərə görə, qapıları bağlayıb əlində silah öz otağına qapanıbmış. Yazıçı özünün yaratdığı Holden Kolflid obrazını sanki həyatda görürmüş kimi davranır və bütün insanlara bu adla müraciət edirmiş.

Qızı danışır

Onun həyatının gerçək mənzərəsini isə yazıçının qızı Marqaret Selincer qələmə alıb. Xanım Selincerin "Balıqçının oğlu” kitabı Cerom Selincerə həsr olunub. Marqaret 31 il insanlardan qaçıb bir meşədə daldalanan atasının elə də sadə olmayan, ziddiyyətli həyatını mübaliğəsiz-şişirtməsiz təsvir edib. Kitabın girişini oxuyanda elə zənn edirsən ki, bu qız qarşında oturub səninlə danışır.

Təhsil aldığı nüfuzlu kollec və məktəblərin çoxundan qovulan Selincer axır ki, hərbi məktəbə daxil olur. Burada həm nizam-intizam öyrənir, həm də yazmağa başlayır. Gecələr yorğanın altında fənər işığında fasiləsiz işləyir.

Selincer normal ali təhsil ala bilməyib. 1930-cu illərdə pendir və kolbasa istehsalını öyrənmək üçün getdiyi Polşadan, Avstriyadan da əliboş qayıdıb. Atası fərasətsiz oğlunun yazmaq, böyük yazıçı olmaq arzusunu səfehlik sayırmış. O, övladının öz davamçısı olmasını istəsə də, pendir gənc Selinceri qətiyyən maraqlandırmaz, buna görə də ailədə narazılıq yaranarmış. Yeganə romanını həsr elədiyi anası isə Selinceri sona qədər dəstəkləyib.

40-cı illərdə Cerom Uil Bernetin qısa hekayə kurslarına yazılır. Amerikanın ən tanınmış yazıçılarının ilk dəfə dərc olunduğu "Stori maqazin” jurnalının redaktoru olan Bernet Selincerə əməlli-başlı atalıq eləyir. O, Bernetin xeyir-duası ilə ilk hekayəsini qələmə alır. Redaktor "Yeniyetmələr” hekayəsinə görə Ceroma 25 dollar qonorar da ödəyir.

Ancaq Selincerin ən böyük arzusu "Nyu Yorker”in səhifələrində görünmək idi. Dəfələrlə rədd cavabı alsa da, o, təslim olmurdu. Nəhayət, 1941-ci ilin sonunda arzusuna çatdı. Amma Holden Kolfild haqda yazdığı "Medison Avenyudakı yüngül etiraz” hekayəsi müharibə başlanandan sonra arxivə atıldı.


Müharibə illəri

1942-ci ildə Selincer əsgərliyə çağırılır və İkinci Dünya Müharibəsinin sonuna kimi döyüşlərdə olur. Eləcə də müttəfiq qoşunların tərkibində bir neçə ağır döyüşlərdə iştirak edir. Müttəfiqlərin qoşunları Almaniyaya daxil olanda, Parisdə hərbi müxbir kimi çalışan yazıçı Ernest Heminqueylə görüşür. O, Heminqueyin sadə xasiyyətindən və onunla çox mehriban görüşündən xeyli mütəəssir olur. Heminquey də Selincerin yazılarından və istedadından çox təsirlənib qeyd edir: "İlahi, bu oğlan çox istedadlıdır". Onlar müharibədən sonra xeyli vaxt məktublaşırlar. Selincer Heminqueyə yazdığı məktublarda onunla tanışlığını müharibə illərinin ən işıqlı xatirəsi olduğunu dəfələrlə vurğulayır. 

Selincer müharibədə fransız və alman dillərini mükəmməl bildiyi üçün əsirlərin dindirilməsində də yaxından iştirak edir. Müharibədə yaşadıqları ona çox ağır təsir göstərir. Almaniyanın məğlubiyyətindən sonra o, bir neçə həftə xəstəxanada yatmağa məcbur olur. Sonralar müharibə haqqında danışanda o, qızına bu sözləri deyir: "Yanan insan bədəninin iyini nə qədər çox yaşasan belə heç vaxt tam unuda bilməzsən". Onun müharibə illərində yaşadığı ağır günlərin izləri ilə əsərlərinin bir çoxunda rastlaşmaq olar. 

Depressiya, böhran…

1948-ci ildə Selincer çox məşhur hekayələrindən biri olan "Banan balığının asan ovlanan günü"nü "Nev Yorker" jurnalına yollayır. Hekayə redaktorların o qədər xoşlarına gəlir ki, gələcək hekayələrinin ilkin nəşrinin çap hüququnu əldə etmək üçün yazıçı ilə müqavilə imzalayırlar.

Selincer Holden Kolfildi öz depressiyası ilə yükləmişdi. Bu, bir növ qara magiya idi. Hisslər keçicidir, əsər isə qalır və bir gün kimsə bu depressiyaya yoluxur. Kitabda "öldürmək” sözü tez-tez işlədilir, dəli sözünə isə düz 30 dəfə rast gəlinir.

"Esquire” jurnalına müsahibəsində özünü "dəli” adlandırmış Con Lennonu 1980-ci il dekabrın 8-də Manhettendəki evinin qarşısında güllələyən Mark Çepman qaçmayıb, əlindəki fənərin işığında "Çovdarlıqda uçurumdan qoruyan”ı oxumağa başlamışdı. Bu romanla yaşadığını deyən Marka məhkəmə ömürlük həbs cəzası verəndə, hətta hökm oxunanda belə Çepman kitabı əlindən yerə qoymamışdı.

Yazıçının qızı xatırlayır: "Tərk edilmiş qadın gücsüz deyildi, əksinə o, hər şeyi etməyə hazırıdı, təki həyat yoldaşı onunla birgə, baş-başa olsun... Ancaq atamı tapmaq anama çox çətin gəlirdi. Əsəblərinin pozulması ucbatından Kler xəstəxanaya düşəsi oldu.

Atam qayıdanda anam onun rəğbətini qazanmaq üçün nə edə bilərdisə hamısını elədi. Pis-yaxşı buna nail oldu. Mənim anam deyirdi ki, hərdən özünü sehri-tilsimli nağılın qəhrəmanı kimi hiss eləyir: bir çətinliyi aşdıqdan sonra yenisiylə qarşılaşır, daha sonra həlli mümkünsüz başqa bir məsələylə üzləşir və beləcə sonsuza qədər davam edir...”.


Son

Gözəl arvadını komda dustaq kimi saxlayan Selincer məişət həyatı üçün əlini ağdan-qaraya vurmurdu. Evdə istilik sistemi, eləcə də əlüzyuyan yox idi. Hətta paltar yumağa münasib bir yer də tapılmırdı. Buna baxmayaraq, yazıçı öz arvadından hər gün dadlı axşam yeməyi və həftədə iki dəfə döşəkağının təzələnməsini tələb edirdi.

Marqaret kitabında yazdığı kimi, o, qardaşı Metlə təsadüf nəticəsində dünyaya gəlib. Ataları çətin ki, onları arzulayardı... Bütün bunlar bir yana, Cerom Selincer onlarla həmişə söhbətləşir, oynayır, onlara maraqlı əhvalatlar danışırdı.

Cerom Selincer dinlə maraqlanır, zen-buddizmi, sayentologiyanı, xristianlığı öyrənirdi. Marqaretin kitabında atasının başqa qəribə maraqları haqda da söhbət açılır.

Qadınlara olan ehtirası Selinceri heç vaxt pis vəziyyətdə qoymadı. 66 yaşında yazıçı öz arvadı ilə ayrılıb Kolin adlı qadınla evləndi. Evləndiyi xanımın da eynən Kler kimi 16 yaşı vardı və gənc qadın ömrünün sonuna qədər Selincerin yaşadığı tənha komada qalmağa razılıq verdi.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK