ANA SƏHİFƏ / MƏMLƏKƏT

Din və dövlət münasibətləri milli maraqlar kontekstində

282995    |   2017-12-07 12:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan dünyada müxtəlif dinlərin nümayəndələrinin mehriban, sakit yaşadığı, fərqli inanc sahiblərinin bir-birinə hörmətlə yanaşdığı nümunəvi məmləkət kimi tanınır. Ölkəmizi multikultural dəyərlərə böyük önəm verən diyar kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdədir. Tolerantlıq din və dövlət münasibətlərinin fövqündə dayanmaqla bəşəri və milli maraqlara xidmət edən dəyər olaraq qəbul edilir.

Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması, bütövlükdə, islam dünyasına, eləcə də dünyaya ciddi mesaj oldu. Qərbdə İslamofobiyanın gücləndiyi təqdirdə Azərbaycanda "İslam Həmrəyliyi” ilinin elan olunmasını artan təzyiqlərə qarşı ciddi cavab kimi qiymətləndirmək də olar. Başa vurmaqda olduğumuz bu il ərzində Azərbaycanda dövlət və qeyri-dövlət səviyyəsində İslam həmrəyliyi yönündə görülən işlərə nəzər saldıqda çox maraqlı mənzərə yaranır. Çünki bu gün dünyada məqsədyönlü şəkildə islamofobiya siyasəti aparılır, islam ölkələrinin əleyhinə kampaniya həyata keçirilir. Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamofobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq üçün də həmrəylik nümayiş etdirmək lazımdır. Azərbaycan hər zaman islam həmrəylik prinsipindən çıxış edib. İslamın insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməsinə dayandığını vurğulayıb. Yəni bütün dünyaya, bir daha İslamın mərhəmət və humanizm prinsiplərinə əsaslanan bir din olduğunu çatdırıb. Bütün dinlərin, əslində, sülhə, həmrəyliyə çağırdığını xüsusi olaraq, vurğulayıb. Ölkəmizdə elan olunan 2017-ci il "İslam Həmrəylik ili" təkcə Azərbaycan üçün, islam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmli oldu. Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlər, Yaxın Şərqdə baş verən hadisələr heç də İslam dinindən irəli gələn bir məsələ deyildir. Əsl İslamla, Avropanın dünyaya təqdim etdiyi İslam arasında sözsüz ki, böyük uçurum var. İslamın əsl mahiyyətinin dünyaya təqdim edilməsində Azərbaycan çox böyük işlər gördü. Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Ümumiyyətlə, Ulu öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri, o cümlədən müsəlman respublikaları tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də Ümummilli Lider Heydər Əliyev siyasətini layiqli formada davam etdirən Prezident cənab İlham Əliyevin uğurlarının nəticəsidir.

Təəssüf ki, İslam ölkələrini bir-birinə qarşı qaldırmaq, onlar arasında məzhəb və təriqət savaşlarına rəvac vermək prosesləri hal-hazırda mövcuddur.

Başağrısına çevrilən təriqətlər

Məsələn, bir vaxtlar çoxları tərəfindən ciddi qəbul edilməyən, perspektivsiz hesab olunan vəhhabilik bu gün bəzi ölkələrdə, o cümlədən, Azərbaycanda başağrısına, təhlükə mənbəyinə çevrilib. Suriyada hakimiyyətə qarşı aparılan savaşda Azərbaycandan olan radikal dindarların da iştirak etməsi tez-tez onların ölüm xəbərlərinin yayılması cəmiyyətdə hakimiyyət dairələrində narahatlıqla qarşılanır. Azərbaycan dövləti xarici ölkələrdə terrorçu qruplaşmaların tərkibində döyüşən vətəndaşların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində effektiv addımlar atır.

Təəssüf ki, bəzən ölkə daxilində də dindən bir vasitə, qalxan kimi istifadə edənlərə rast gəlinir. Ötən il Bakının Nardaran qəsəbəsində xaricdən idarə olunan dini ekstremist qüvvələrin fəallaşması dövləti təcili tədbirlər görməyə vadar etdi. Eyni zamanda Türkiyədə 2016-cı il 15 iyun qiyam cəhdi zamanı media-din münasibətləri bir daha gündəmə gəldi. Fətullah Gülən terror şəbəkəsinin (FETÖ) özəyini təşkil edən "Nur camaatı” və onun himayəsindəki media holdinqlər Türkiyənin dünyəvi sütunlarını laxlatmağa çalışırdılar. Şəbəkənin Azərbaycandakı özəkləri, xüsusilə də, media qurumları 15 iyundan sonra aşkarlanaraq fəaliyyətlərinə son qoyuldu. Bu əməliyyatlar sonrakı müddətdə də davam etdi. Ölkədə qarışıqlıq salmaq istəyən qeyri-ənənəvi dini sektaların üzvləri lazımi cəzalarını almaqdadırlar. Ölkədə sabitliyi pozmaq istəyən radikal dini qüvvələrin hansısa ad altında qanunsuz birləşərək qarşıdurma yaratması, təxribat xarakterli hərəkətlər etməsi cəmiyyətin müxtəlif siyasi qütbləri tərəfindən daim pislənir, ictimaiyyət bu məsələdə hüquq-mühafizə orqanlarını dəstəkləyir. Təəssüf ki, bəzi xarici qüvvələr və onların buradakı əlaltıları baş verənləri vicdan azadlığının pozulması kimi qiymətləndirməyə cəhd etdilər.

Qarabağ kimi dərdimiz ola-ola...

Milli Məclisin deputatı, tarixçi alim, professor Musa Qasımlı hesab edir ki, Azərbaycan dünyəvi dövlətdir: "Ölkəmizdə din dövlətdən ayrıdır. Dövlət dindarların ibadəti üçün bütün şəraiti yaradıb. Konstitusiyamızda vətəndaşların vicdan azadlığı tam təmin edilib. Bu şəraitdən istifadə edərək müqəddəs dinimiz olan İslamı siyasət alətinə çevirmək cəhdləri yolverilməzdir qarşısı amansızlıqla alınmalıdır. Adlarını demokratik təşkilat qoyanların Azərbaycanı orta əsrlərə aparmaq istəyən qrupları şəxsləri müdafiə etmələri bir daha göstərir ki, onlar ölkəmizdə xaos anarxiyanın olmasında maraqlıdırlar buna hakimiyyəti zəiflətməkdə bir vasitə kimi baxırlar. Azərbaycanın hər bir vətəndaşı qanuna riayət etməlidir. Dindar dini ibadətini evində məscidlərdə sərbəst şəkildə edə bilər. Başqa ölkənin dini təsiri altına düşmək dini siyasiləşdirmək yolverilməzdir. Konstitusiya quruluşunun əleyhinə olanları insanları itaətsizliyə çağıranları necə müdafiə etmək olar?"

M.Qasımlı Azərbaycanda din dövlət münasibətlərinin milli maraqlar üzərində qurulduğunu vurğulayaraq hər kəsin bu dəyərlərə hörmətlə yanaşmasının vacib olduğunu bildirdi.

Milli Məclisin insan haqları komitəsinin üzvü Çingiz Qənizadənin sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olduğundan Kostitusiyaya görə hər kəsin istədiyi dinə etiqad etmək hüququ var: "Konstitusiyanın 18-ci maddəsində qeyd olunur ki, insan ləyaqətini alçaldan, sülhpərvərlik və insanlıq əleyhinə yönələn dini ideyaların təbliği və yayılması qanunla qadağan edilir. Hər bir dini fəaliyyətlə məşğul olan ictimai birliyin, dini icmanın dövlət qeydiyyatı olmalıdır. Amma məlumata görə, Nardaranda xeyli sayda məscid var ki, onlar da qeydiyyata alınmayıb. "Müsəlman Birliyi" adlı birlik özü qanunsuz fəaliyyət göstərib. Çox təəssüf ki, xeyli vaxt biz bunlara göz yumduq. Müəyyən cavabdeh qurumlar vaxtında bu işlə məşğul olmamışdı. İndi güc yük düşür polisin üzərinə".

Ç.Qənizadə sözlərinə belə davam etdi: "İslam dinində müxtəlif məzhəblərə qulluq etmək dövrü bitib. Bu gün müxtəlif təriqət, məzhəblərarası ayrı-seçkilik, müsəlman aləmini parçalamağa yönəlmiş bir siyasətdir. Mollalarımızın əksəriyyəti ərəb dilini bilmir nəticədə oxuduqları Quranın məğzini dərk etmirlər. Bu gün din xadimləri ilk növbədə Azərbaycançılıq idealogiyasına, milli maraqlarımıza xidmət etməlidirlər. Hər kəs maraqlı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin".

Millət vəkilinə görə, dini etiqad azadlığı hüququna Azərbaycanda da ölkə Konstitusiyası və milli qanunvericiliklə təminat verilir: "Lakin digər insan hüquqları kimi, bu hüquq da (Avropa Konvensiyasının 2-ci bəndinin 9-cu maddəsində göstərildiyi kimi) ictimai təhlükəsizliyi və dövlətin maraqlarını təhdid etdiyi təqdirdə məhdudlaşdırıla bilər. Qədim dövrlərdən digər dinlərə loyal münasibət göstərən tolerant dövlət olan zəngin tarixə malik Azərbaycanda həm xristianlar, həm yəhudilər, həm müsəlmanlar sülh bir-birinə hörmət şəraitində yaşayırlar. Bütün əsas dinlər ölkəmizdə mövcud olmaq imkanına malikdirlər. Vətəndaşlar öz seçimləri əsasında bunlardan hər hansı birinin tərəfdarı olmaqda, etiqad azadlığı ilə bağlı konstitusiya hüququnu həyata keçirməkdə azaddırlar. Lakin təəssüflər olsun ki, hazırda bəşəriyyət inkişafın müasir mərhələsində mövcud olan dinlərin parçalanmasına istiqamətlənib, ölkə, cəmiyyət insan təhlükəsizliyinə ciddi hədə olan destruktiv, radikal dini təriqətlərlə qarşılaşıb. Bu, Azərbaycanın milli maraqlarına, genofonduna ciddi təhlükədir».

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidində imam-camaatı Şahin Həsənli hesab edir ki, din-dövlət münasibətləri daim inkişaf etdirilməlidir: "Mən din-dövlət münasibətində gərginliyin tərəfdarı deyiləm. Əgər problem yaranarsa, bunu hüquq müstəvisində həll etmək lazımdır. İctimai-siyasi sabitlik, dövlət maraqları hər bir vətəndaş, o cümlədən, dindarlar üçün olduqca vacib dəyərdir. Həssas bir dönəmdə yaşayırıq. Bu gün dünyada dövlətlər din faktorundan istifadə edib başqa ölkələri zəiflədir. Buna görə , dindarlar həssas olmalı, ölkədə kənar qüvvələrin təxribatlarının həyata keçməsinə imkan verməməlidirlər. Bəzi dindarların radikallaşmasının səbəbi onların din barədə tam məlumatlı olmaması ilə bağlıdır".

Ş.Həsənli qeyd etdi ki, Azərbaycanda tarixən din, məzhəb zəmnində qarşıdurma olmayıb: "Bu, bizim milli dəyərimizdir. Bu dəyəri qorumaq, yaşatmaq lazımdır. Azərbaycanda İslam dininin iki əsas məzhəbi var ki, onlar arasında heç vaxt qarşıdurma olmayıb. Amma təəssüflər olsun ki, bəzi xarici qüvvələr bizdəki məzhəbləri qorxunc bir şey kimi dünyaya təqdim etmək istəyirlər. Nəticədə dinə dövlətə ağır zərbə dəyir. Biz bu dövlətdə yaşayacağıq bu dövlətin müstəqilliyi bizim üçün müqəddəs olmalıdır. Heç bir addım dövlətin müstəqilliyini kölgə altına almamalıdır. Azərbaycan dövlətinə, xalqına sadiq olmaq bizim ilahi, dini vəzifəmizdir".

Ş.Həsənliyə görə, bütün müsəlman ölkələrində din-dövlət münasibətləri həmin ölkənin milli maraqları üzərində qurulub: "Bu mənada heç bir ölkə öz maraqları üzərində qurduğu münasibətləri digər ölkələrə zorla sırımamalıdır".

Cəza tələbi

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna və "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinə təklif olunan son dəyişikliklərə görə, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycanda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər. Layihəyə görə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin mərasimlərin aparılması qadağandır. İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz idarələrin üzərində yerləşdirilə bilər.

"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsində isə Azərbaycanda Aşura mərasimləri zamanı müxtəlif tamaşaların keçirilməsinə qadağa tətbiq edilməsi nəzərdə tutulub.

Sonda onu da bildirək ki, hər bir ölkənin, cəmiyyətin inkişafının başlıca amillərindən biri dövlət-din münasibətlərində milli maraqların təmin edilməsidir.

Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.




İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO