adalet.az header logo
  • Bakı 13°C
07 Dekabr 2017 12:14
9321
GÜNDƏM
A- A+

İlham İsmayıl: Kəlbəcər sakini Yervandın qəzəbi...

Bu yaxınlarda əsasən rusiyalı jurnalistlərdən ibarət olan heyət "Çampord” (Yolçu) fondunun dəstəyilə Qarabağa səfər edib. Jurnalistlərin Dağlıq Qarabağa İrəvan xəttilə səfərləri yenilik deyil və özlərinin dediyi kimi Azərbaycanın "Qara siyahısı”na düşməkdən də çəkinmirlər. Türkiyədən gəlirlərsə Rusiyadan niyə gəlməsinlər? Bu səfərlərin qarşısını almaq mümkün deyilsə, çalışıb ondan yararlanmağın yolunu tapmaq lazımdır. Fikrimi açıq deyə bilərəm - Xüsusi xidmət orqanları bu işdən maksimum yaralana bilər. Xüsusilə kəşfiyyat!

Səfərdən sonra jurnalistlərin hamısının olmasa da bəzilərinin yazıları ilə tanış olmağın informasiya əldə etmək baxımından faydası var. Bu yazılarda təbliğat leytmotiv olsa da, informasiya da var. İnformasiya isə onu əldə edən üçün həm taktikadır, həm də strategiya. Yazımın məqsədi isə başqadır.
Səfər təəssüratlarından biri ilə tanış oldum və sırf müşahidə xarakterli fikirləri təqdim etməklə düşmənin vəziyyətini, həyat tərzini, hansı stimulların onlara güc verdiyini bilməyimizin zərəri olmayacağını hesab edirəm.

Stepanakertin gündəlik həyatı haqqında vizual təəssüratını bölüşən jurnalist yazır: "Yeni evlər, küçələr, mehmanxanlar tikirlər, sakit, rahat həyat öz axarı ilə davam edir”. Dediklərinin fotolarına da baxanda aydın görsənir ki, Dağlıq Qarabağ yazılan kimi inkişaf edir. Deməli, ən azı 90 faiz (yüz də yazmaq olar, amma belə daha realdır) əhali gələcəyinə rahat və ümidlə baxır.

Jurnalistlərin qeydlərində Dağlıq Qarabağın görüntüləri haqqında buna bənzər fikirlər çoxdur, xüsusilə yeni salınmş Kəlbəcər yolunun əhəmiyyəti barədə. Görüntülər öz yerində, amma əsas adamlardır və 20 ildir ki, Kəlbəcərdə məskunlaşmış Yervandla söhbət diqqət çəkməyə bilməzdi.

Jurnalist yazır: "Ermənistandan Qarabağa Kəlbəcərdən gələn yolun strateji əhəmiyyətini və yolboyu görülən işləri görəndə Azərbaycan tərəflə aparılan diplomatik alverin (məhz alver yazıb) hədəfində 5 rayonla bərabər Kəlbəcərin də adının hallanması bu gün mənasız görünür. Diplomatiya öz yerində, reallıqsa başqadır”. Jurnalist düz deyir - reallıq başqadır. Təkcə klassik Dağlıq Qarabağ Muxtar Vilayətində deyil, ətrafdakı digər işğal olunmuş rayonların da ərazilərində məskunlşan və tikinti-abadlıq işləri görən, infrastruktur yaradan ermənilər arxayın olmasalar niyə bu qədər xərc çəksinlər, hətta istehsalat sahələri yaratsınlar ki? Erməni Ağdamın, Füzulinin torpaqlarını əkib - becərir, amma məskunlaşmır. Yazılarımın birində qeyd etmişdim ki, İsrailə işğal etdiyi ərazilərdə məskunlaşmanı qadağan edən Oslo razılaşmasına baxmayaraq İsrail 10 ildə 400 min əhalini məskunlaşdırdı və beynəlxalq aləm də deyir ki, bu artıq reallıqdır və bunula razılaşmaq lazımdır. 24 ildir ermənilər işğal etdikləri Dağlıq Qarabağda və ətraf rayonlarda sürətlə məskunlaşır və hərəkətlərindən müvəqqəti olduqlarını demək olmaz. Jurnalistin dediyi kimi 5+2 və buna bənzər "dimplomatik alver”lər də heç veclərinə deyil.

Baxın, artıq Kəlbəcər sakini kimi təqdim edilən Yervand jurnalistə nə deyir: ”Biz burda yaşayırıq, uşaqlarımızı tərbiyə edib böyüdürük və sülh istəyirik”. Bunu Hadrutda, Stepanakertdə yaşayan Qarabağ ermənisi yox, Ermənistandan köçüb, tarixən 5 erməninin yaşamadığı Kəlbəcərdə məskunlaşan Yervand deyir. Deməli, Yervandın "tərbiyə etdiyi uşaq” Kəlbəcərdə anadan olub, ən azı 18-19 yaşı var və Kəlbəcəri vətəni hesab edir. Onunla perspektivdə Kəlbəcərdə doğulmayan kəlbəcərli vuruşacaq. Gözünü açıb gördüyü torpağı vətəni hesab edənlə haqqında valideynlərindən eşitdiyi torpaq uğrunda vuruşan əsgərin psixoloji durumu eyni olmayacaq. Neçə ki, o torpaqda, torpaqlarımızda doğulub, boya-başa çatan kişilər hələ ki, ölməyib, qəti addım atmaq lazımdır. Onların əlinə, bizim əlimizə silah verib vətəni azad etmək gərəkdir. Gecikirik, çox gecirik...

Jurnalist davam edir: "Sual veririk: - Diplomatlar qərara alsalar ki, Kəlbəcər Azərbaycana verilir, o evini tərk edəcəkmi? Bu sual həmsöhbətimizdə gizlədilmiyən qəzəb yaratdı və qısaca: ”belə razılaşma qəbuledilən deyil”. Dünən Kəlbəcərə köçən Yervandın "qəzəbini” sinirmək əzabdır. Yervand özünə arxayın olub danışmır, Yervandı Yerevanın siyasət danışdırır. Yervandı bizim arxayınçılığımız danışdırır. Kəlbəcəri "+2-nin” içinə qatdıqlarına görə Yervand danışır. Qəti düşünməyin ki, bir ermənidi də, danışır qoy danışsın, bu qədər diqqət ayırmaq lazım deyil. Stalindən Qorbaçova qədər hər sovet rəhbəri dəyişəndə ermənilər Qarabağı istədilər. Bizim rəhbərlər də bunu bilirdi, amma hər dəfə dedilər ki, fikir verməyin, erməni di də. Erməninin sərt şəkildə cavabını vermək əvəzinə könüllərini ermənilərə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın xalq artisti adı verməklə və bu kimi yersiz təltiflərlə guya problem həll etdilər. Sonu məlumdur.

Jurnalist Yervandla söhbətlə fikrini, gördüklərini yekunlaşdırmır: "Qafqaz institutunun təhqiqatlarına görə Qarabağın 90 faiz əhalisi konfliktin ərazi verməklə həll olunmasının əleyhinədir. Bundan başqa 83 faiz də Azərbaycana bir rayon belə verilərsə silah götürüb o hakimiyyətlə mübarizə edəcəklərinə hazır olduğunu bildiriblər”. Diqqət edirsinizmi, hətta bir rayonu da versələr öz hakimiyyətləri ilə vuruşacaqlar.

Hərdən biz də qəzəbli danışaq ki, özümüzünkülər eşitsin və bilsinlər ki, Qarabağ Azərbaycana bütöv şəkildə lazımdır, hansısa 5+2-lərlə yox...