ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ƏBDÜL DAYI

1956    |   2017-12-06 22:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Povest

Yusif Həsənbəy
(əvvəli ötən sayımızda)

- Sən hardasan indi? - dolu, amiranə səslə xəbər aldı Bədəlov.
- Qaraxanlı yolundayam. Amma siz hara desəz ora gələrəm. Ancaq, yoldaş Bədəlov, - səsi xırıldadı, - xeyir ola? Sən Allah, nə məsələdi? Bir balaca ucundan-qırağından eşitdirin. Bəlkə hazırlıq görüm?
- Əşşi, problem yoxdu! Bilirsən, həyətimdə bir-iki dana-duna var. Pay gətiriblər mənə. Amma bir neçə gündü kötrüm düşüblər.
- Xəstədilər bəlkə? - soruşdu Məhərrəm.
- Ola bilər. İndi safa-çürüyə kim baxır? Deyərəm, çatdırsınlar onları da sənə? Sağaldarsan, ya elə kəsərsən, neylərsən öz işindi. Eşitmişəm sən də ağına-bozuna baxmadan əlinə düşəni kəsdirib ətini göndərirsən marketlərə. Xəstəxanalara, doğum evlərinə, uşaq bağçalarına da həmin ətlərdən gedir. Deyirlər ki, maşınlarla mal-qara da ötürürsən sərhəddən o tərəfə!
-Yox! Lap heylə sən deyən kimi də deyil. Xəstə heyvanları veterinar həkimim sağaldır.
- Yaxşı da, bunları da ərit necə bacarsan. Pulunu yuxarı qiymətdən verərsən mənə. Hə, bir vaxt tap, gəl yanıma. Faizsiz kredit düzəldim, apar. Sonrasını da bilirsən də. Keçən dəfəki kimi, əl-əli yusun, əl də üzü!
- Çox sağ olun, yoldaş Bədəlov. Amma o dana-buzov sarıdan heç narahat olmayın. Əlbəttə! Kəsərik ya elə necə var satarıq. Düzəldərik, düzələr!
Əbdül kişi tikan üstə oturmuşdu elə bil Elə hey qurcalanırdı. Deməli, Məhərrəm o xəstə heyvanları kəsdirəcək. Bu ətlər də dükan-bazarlarda satılacaq, xəstəxanalarda, uşaq bağçalarında bunlardan ləzzətli xörəklər bişiriləcək? - Əbdül kişi içini yeyirdi. Ancaq Bədəlovun təklifi Məhərrəmi qanadlandırıb ala buluda qaldırmışdı. Birdən qəflət yuxusundan ayıldı elə bil. "Nədi, ay Məhərrəm, odu söndürüb külnən oynayırsan? Əsas məsələdən yayınırsan axı! Bəs bu kişini niyə oturtmusan yanında? Şabalıd gözlərinə aşıqsən? Başıma qışqırır, dözürəm. Elə bağıraram ki, bağrı çatlayar. Nazlandırdığım bəsdi! Qurtardı! Belə fürsət bir də ələ düşəcəkmi? Çətin! Qızmış dəmir maşanın ucundadırsa, onu soyutma! Zindan üstə oturdub döy!
Məhərrəm elə indicə - bu yolun içində Nurcahanın elçiliyini eləyəcək, Əbdül kişidən xeyir-dua alacaqdı.
- Hə, Əbdül dayı, sən maşına minəndə qanın bərk qaraydı. Elə hey namusdan, qeyrətdən danışırdın. Mən elə bildim ki, mənə atırsan bu kumufları.
- Sənə niyə? Allah başına daş salmasın Alsoltanın. Evində qonaqlıq vermişdi mənə. Yediyimi burnumdan gətirdi.
"Çox əcəb. Mən qurtardım şübhələrdən! Deməli davası Alsoltanlaymış". Üzü güldü Məhərrəmin. Sonra da - Ay Əbdül dayı, ay can-ciyər -dedi - Axı biz yaxın qohumuq. Yanından yel olub ötəni nakazat elərəm. Bilmirəm necə baxacaqsan bu məsələyə? Haml üçün adət olanı, mənimçün cinayət saymazsan yəqin ki? Bir neçə həftə bundan əvvəl maşınınla məhlənizdən keçirdim. Evinizin qabağındakı "Cəmşid" arxına çatanda maşını yumaq, ora-burasına əl gəzdimək keçdi ürəyimdən. Arxa təkərlərini suya salıb vedrələri, poroşokları, maçalkaları tökdüm yerə. Birdən güclü gurultu, şaqqıltı səsi gəldi həyətiniz tərəfdən. Dedim, bəlkə dağ çayı şahə qalxıb. İndi süpürləyəcək məni də, maşınımı da. Ancaq nə gördüm? Bir-birindən bir az havalı, yeniyetmə uşaqlarınız həyətinizdən çıxıb hay-harayla doluşdular maşına. Döşəmə xalçalarını, kabinkadakı ayaqaltıları da yerə tökdülər. Pəncərələri yuyan kim, parpresin ləkələrini, kapotun palçığını silən kim! Uşaqlar yaxşı işləmişdilər. Ciblərinə pul-para qoya bilərdim...
Əbdül kişi yerindən dik atıldı:
- Qoydun?
Hökmlü, zabitəli səs Məhərrəmi diksindirdi. Qurcuxub çiynini çəkdi.
- Pul uşaqları korlayar. Yox, qoymadım.
- Lap əla elədin! Əla deyirəm, neynim, namusa boğulmuşam da! Eh... - dodaqlarını büzüb başını narazılıqla buladı - Əla deyirəm, amma bunun harasıdı əla? Heç olmasa bir-iki kitab-dəftər alardılar. Allah belini qırsın Alsoltanın. Üsullu-isbatlı yaşayırdıq da. Köhnə bazara təzə nırx qoydu. Rəvan axıb gedən çayın ağzını dikdirə caladı. Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Heç bilirsən noolub? İcra başçısının qoçuları evinin yanındakı Cümə məscidinin minarəsini yıxıblar onun barısının üstünə! Alsoltan minarəni dikəldib, yerinə qoymur.
Amma iki gün əvvəl Qarxun Məscidinin axundu Hacı Mayis günorta azanında həmin o minarənin başından ağzını aşağı tutub, ay camaat, Raykopittifaqın sədri İsgəndərov yumurtanı cücə qiymətinə satdırır deyib. Sonra əlavə eıəyib ki, müdür Məmmədovun göstərişiylə avtobus sürücüləri adamları Bakıya, başqa rayonlara da çox baha qiymətə aparırlar. Dili dinc durmayıb bazarın içindəki Xalidşahın marketində kərə yağına sana yağı qatırlar deyib. İcranın qoçuları da Hacı Mayisi döyüblər. Uçurduqları minarə Alsoltanın barısını dağıdıb. Alsoltan bilməlidi ki, o Minarə kəndin bir növ radio-qovşağıdı. Ərazidə baş verən zorakılıqlar barədə xəbər verir əhaliyə. Minarəni dikəltməlidi, amma dikəltmir. Amma məni heçə-puça görə dannıyır. Evinə çağırmışdı. Yaxşı, gen-bol süfrə açdılar. Nuşicanlıqla yedik. Sonra yediklərimi burnumdan gətirdi. Dedi- ə... ə... bəsdi. özünü yığışdır. Bənna Əbülqasım sənin barını çəkdirir, papaqçı Qulam hərdən ətdən-toyuqdan göndərir sizə. Belə-belə hərəkətlər, uşaqlarına da xoş gəlməz. Elə mənə də toxunur sənin bu düşüklüyün.Camaat torpaq bölgüsündə əkin, örüş götürüb. Sənə də "Çılğalıq" da yer veriblər. Daşdı, qaya-kəsəkdi hər qarışı. Bax- deyə bövrümə bir çimdik atdı. - Bax, biz bir neçə yoldaşla fermer təsərrüfatı yaradırıq. Birinin torpağı yağışlı, dumanlı "Şimi" dərəsindədi. Orda kartof əkəcəyik. O biri torpaq çay qırağındadı, orda kələm, kök, çüğündür əkiləcək. Nənim də fermam var. Mal-qara kökəldəcəyik orda. Bəs səni necə qoşum özümüzə? Daş- kəsəkdə nə bitirək? - deyib, yapışdı yaxamdan, ay Məhərrəm, mən onu belə ası bilməzdim. Danışdıqca taxma dişləri irəli çıxır, titrəyirdi. Alnını xəncəllə doğram-doğram eləmişdilər elə bil. Qırışlar ovuna atılmaq istəyən kərtənkələ kimi çırpınır, çabalayırdı. Papirosundan dərin bir qullab alıb özünü sakitləşdirdi Alsoltan. Sonra da - Eh, neynim, görüblər ki, adamın, pulun da yoxdu, fərsizsən, sənə də o zay torpağı sırıyıblar - deyib, bərk sancdı məni. Mən də dözmədim, açıldım, nə açıldım ki...!
- Düzdü, zəngin həyat təcrübən var, amma noolsun, fantaziyam qısırdı, dedim. Torpağın zayı, yararsızı, faydasızı olmur. Əgər pay torpağımız bataqlıqdısa, suyunu qurudarıq, torpağını satarıq. Elə ordaca İtaliyada olduğu kimi ikinci bir Venetsiya şəhəri salınar. Pay torpağımız balaca bir göl də ola bilər. Çox yaxşı! Halvaçı qızı daha şirin. Orda biz qızıl balıqlar yetişdirərik. Amma mən Puşkinin "Balıqçı və balıq" nağılındakı qoca balıqçı kimi tora düşən sultan balıqdan villalar, xarici maşınlar, nökərlər, qaravaşlar istəmərəm! Uşaqlarımçın təknə dolu çörək istəyərəm. Əgər pay torpağım neft -qaz damarı üstündədisə, gəlirlərin hesabına mən də babam Zeynalabdin Tağıyev kimi məktəblər açar, fabrik, zavodlar tikərəm. Pay torpağım "Çılğalıq"dadı eləmi? Sərvəti, bar-bəhəri də daş -kəsək, qaya parçasıdı. Çox gözəl. O daş-kəsəyin harda, nəyə sərf olunacağını mən bilirəm - deyib sağollaşmadan çıxdım evlərindən.
Hə... - mızıldandı astadan, dodaqları qaçdı Məhərrəmin. "-Deməli Əbdül dayının qanını Alsoltan qaraldıb."
- Hə, belə-belə işlər , - deyərək əllərini bir-birinə çırpdı Məhərrəm, - Hə, Əbdül dayı, maşını yumaqdan danışırdım axı! Salondakı ayaqaltıları çırpıb-süpürən qızlar yorulub əldən düşdülər. Bəs mən də könüllərini almalıydım axı?! Ehtiyatlı çıxıram evdən. Bir az yemək, bişmiş də götürürəm hərdən. Bardaçokumda cürbəcür çərəzlər, növbənöv ədavalar olur. Əlimə düşəndə paxlava, şəkərbura də atıram ora. Şüşə konfetlərlə, peçenyelərlə doldurdum qızların ciblərini.
- Çox nahaq yerə! Sən də bil, başqalarına da başa sal. Nə mənə, nə də arvadım Şahzadaya - bir söznən ailəmizdən heç kimə, heç kim, heç nə verməsin bundan o yana! Mən qadağa qoyuram!
Məhərrəm Əbdül dayının bu qadağa-yasağına sən deyən elə bir əhəmiyyət vermədi. "Eh, hirslidi, danışır da. Hədiyyədən, paydan kim qaçar? Bəs o da kişidi axı! Şaqqatarını sındırmır, mənliyini qoruyur, özünü gözütox göstərir", - düşündü.
- Eşitdik. Başa düşdük, - deyə Məhərrəm gülümsündü. - Amma yazılmayan bir qanun da var. Əl-əli yuyanda gərək əl də üzü yusun! Bax, sənin o Allah saxlamış darazun, hündür, yekəpər oğlun var ha, Bakıda qiyabi oxuyan, o darazun Bəkəri deyirəm...
- Yox! Yox! Bəkər yox! Onun adı Bəkər deyil! Bəy ərdi, - mənimçin xanlardan, knyazlardan, qraflardan çox-çox irəli, özü də ər qüdrətli bəy ərdi Mənim Bəyərim! Darazun nə deməkdi bəs? Yəni xaşal deyil, salxaq deyil, incə, şümal, ucaboy oğlandı Bəyərim!
- Hə! Bəli, o Bəyər. Maşındakı mühərrikin yağını təzələdi. Dirsəkli valın yastıqlarını dəyişdi, taqqıltı yox oldu. Çarxların ikisi boşalmışdı. Kameralarını təzələdi. Çox əziyyət çəkdi Bəyər. Hə, Əbdül dayı? Bizim həyətdə Heyratı cinsindən bir xeyli toyuq-cücə var. Böyük, hündürdülər. - Eyni açılmış, üzü gülürdü Məhərrəmin. Cingiltili, oynaq səsi bulaq kimi çağlayırdı. - Hə, o cins toyuqların yumurtaları çox iri olur. Bax, ora bax! - deyərək əliylə yol kənarında dikələn şalbanı göstərdi. - Bax, o elektrik dirəyinin başında ağaran fincanları görürsən də, hə, bax o fincanlar boyda yumurtalar! Bəyərə də bişmiş yumurtalardan verdim.
Əbdül dayının künəsiylə ağdan çəhrayıya çalan, tünd qəhvəyi meşə şabalıdı gözləri az qala qapaqlarını partladacaqdı:
- Bəsdi! Yava-yava danışma! Yumurta söhbəti də nə qədər olar?! Sənin başına dəysin o yumurtalar, o fincanlar da. Çox nahaq yerə, lap başını divara döyüb yumurta vermisən Bəyərimə!
Əlini ağzına aparıb qara, şotka bığlarını ovucladı Məhərrəm - "Bıy, başıma daş! Belə də giclik, səfehlik olar? Dilim quruyardı nəhs danışan yerdə. Huş varmı ki? Ox batsın belə yaddaşa! Axı bu Əbdül dayıya hərdən "yumurta dayı" da deyirlər. Kişinin yarasına duz basdım. Qaş düzəltdiyim yerdə göz çıxartmışam" - düşünür, peşmançılıq çəkirdi.
Çəlimsiz, özü də ləngərli Əbdül kişini görənlərin ürəyində həlim mərhəmət duyğuları baş qaldırırdı. Qaraxanlıda, "Daşqazmalarda" da Novruz bayramı qonaqlıqlar, şənliklər bayramıdı. Qohumlar bir-birinin evinə gedir, bayramlaşırdı. Əbdül kişini məhəllənin yuxarı başından üzüaşağı gəldiyini görən uşaqlar əllərində, ciblərindəki qoğalları, şəkərburaları, fındıq, qoz ləpələrini Əbdül kişinin ovucuna dürtür, yaşıl, qırmızı boyalı yumurtaları köynəyinin saxlanc ətəyinə doldurur, uzaqdan bu səhnələrə heyranlıqla baxan aşyaşlılar da "yumurta dayıya bax, yumurta dayı gəlir!" - çığırışırdılar. Əbdül dayı da Allahın yetirdiyi bu azuqəni körpə uşaqlarına çatdırmağa tələsirdi. Külfət böyük idi. Arvadı Şahzadaya uşaqlardan biri lazım olanda ağzını qapıya tutub - "Gülnarə, Nazpəri, Gülpəri, Sonacan, Xonçagül, Nurcahan, Nurcamal, Ay Bəyər, ay Kərəm, ay Kamran, ay İmran, ay uşaqlar, mənə iki parça odun gətirin", - bağıranda uşaqların hamısı odun dalınca həyətə qaçırdı. Quru payız günlərində uşaqların bəziləri meşəyə cır fındıq, əzgil, yemişan yığmağa gedirdilər. Kənddə kim bir heyvan kəssə Əbdül kişinin evinə ət payı, təndir eləyənlər çörək göndərir, toy evindən çığırtma-plov, yas yerindən bozbaş qazanlarla göndərilirdi. Ailə kasıbyana yaşayır, uşaqlar ağıllı, tərbiyəli böyüyürdülər.
Əbdül kişinin çılğınlığı Məhərrəmi qıcıqlandırsa da, susmalı, dözməlydi. Durub altı- beş danışsa aralarındakı körpü dağılar, Nurcahan əldən çıxa bilərdi. Amma necə olur-olsun körpü möhkəmlənməlidi. O, elə bu maşındaca Əbdül kişidən Nurcahanın hərisini alacaq!
- Hər şeyə görə əsəbləşməyin, Əbdül dayı, - deyə boğuq səsini yumşaltmağa çalışdı.
- Bilirsən nə gəlib ağlıma? - Məhərrəmin sözünü kəsdi Əbdül kişi.
- Yox, hardan bilim? Mən falçıyam? Yoxsa ekstrasens Dadaşov?
- Qoy deyim nədi də...Göndərmişəm Bəyəri Bakıya. Daşdan keçən bir sənəd var əlində. O sənədə görə də hərəkət etməlidi. Tapşırmışam, iş baş tutan kimi qayıtsın kəndə. Ayqırımızı qoşsun həyətimizdəki arabaya, sonra sürüb getsin pay torpağımız "Cılğalığ"a. Arabanı doldursun daş, qaya parçalarıyla.
- Əlbəttə, Əbdül dayı, Bəyər Bakıya nə niyyətlə gedibsə, xeyirli olsun. Ancaq qayıdıb gələn kimi işə başlamağı məsləhətdi!
- Hansı işə, nə işdi o?
- Mən bizim avtobazanın müdirindən xahiş eləmişəm ki, ona şəhəriçi işləyən bir maşın versin. Razılıq almışam. Bəyər cavan oğlandı. Bakıya imtahan verməyə gedir tez-tez. Gündüz işləsin hökumətə, gecələr də çax-çux eləsin özüyçün.
- Necə yəni? Çax-çux nə deməkdi?
- Yəni camaatın kartofunu, yemiş-qarpızını Bakı bazarlarına daşısın! Qazandığı levi pulları da qoysun cibişdanına.
- Yox. Bəyərim belə çax-çuxlara, əyri yollara getməyəcək.
Əbdül dayının rədd cavabı Məhərrəmin aşına su qatdı. "Diplomat deyiləm. Siyasətdən xəbərim yoxdu. Yaltaqlıq bacarmıram. Dilimin altına şəkər qoymamışam. İş adamıyam. Qəssabxanam, biçənəklərim, əkin sahələrim, balaca bir fermam da var. Əlim hər yerə çatırdı. Ancaq bu təzə gələnləri doydura bilmədim. Prokuror cinayət məcəlləsini qoydu qabağıma, milis rəisi pistolet göstərdi. Bir tütünçülük sovxozu yaratmışdım. Onu dondurdum. Bir az çətinləşib pul qazanmaq. Ancaq bir layihəm var. O, baş tutan kimi, tütünçülük sovxozumu dirildərəm. Onun nəzdində bir tütün fabriki də açaram. Qalxıb, dikələrəm, Nurcahanın mərtəbələrinə ucalaram, inşallah. Boy-buxunlu, naz -qəmzəli, gözəl çoxdu hər yerdə. Ancaq Nurcahandan yoxdu. Həyalı, əsillidi çox. Heçə dəfə görüşmüşük. Bir dəfə də olsa, başını qaldırıb üzümə baxmayıb. Hərdən olub təpinmişəm, səsi çıxmayıb, üstümə qayıtmayıb. Danışanda əlləri də danışır. Axı xaıçaçıdı bu qız. Bəlkə uımə atmaqdan vərdiş yaranıb əllərində. Amma yox! İçində qaynayan güclü bir çeşmənin ləpələridi bu əllər. Böyük həyat eşqidi onu həyəcanlandıran. Yaxşı bilirəm, həm də çox sevinirəm ki, məni də sakit otumağa, süstləşməyə qoymayacaq. Onunla keçən ömür axtarışlarla, taplntılarla maraqlı, mənalı olacaq. Mus-mus deyincə bir dəfə Mustafa deməliyəm".
- Neynək, Əbdül dayı. Amma mən istərdim ki, bibim uşaqlarının güzaranı yaxşı olsun. Onlardan özümə qarşı hörmət, qayğı gördüm maşınımı yuyan yerdə. Tale qismətdi ya nədi, bilmirəm. Ancaq bilirəm ki, günəş doğub üzümə. Elə maşını sürüb getməyə hazırlaşırdım ki, birdən həyət qapınızın ağzında ucaboy bir qız göründü. Qucağında bir ləyən paltar vardı. Boynunu, çiyinlərini dolduran qumral saçları eynən bibim Şahzadanın saçlarıdı. İri, ala gözlərindən Nurcahanı tanıdım. Çox gözəldi, cazibəlidir qızınız. Məhərrəm gözaltdan Əbdül kişiyə baxdı. Dodaqları səyriyirdi kişinin. O sözünü davam etdirdi: -Başını tez-tez yana atanda buxağının altındakı sarı salxım saçları yırğalanıb dodaqlarının üstünü örtür, saçlar sanki qızı məndən yaşındırırdı. Çox gözəldi Nurcahan.
- Məhərrəm ehtiyatla, az qala pıçıltıyla danışır, tez-tez şotka bığlarını ovuclayır, gələcək qaynatasının nəfəsində bir titrəyiş olub-olmadığını öyrənməyə çalışırdı. Alnındakı qırışlar, sifətindəki çizgilər atılıb-düşmür ki? Xeyr. Məhərrəmin ayağı yer tutdu, dili açıldı. - Beləsinə müğənnimiz Müslüm Maqomayev kimi boy-buxunlu aristokrat oğlan yaraşar. Əyin-başıma baxdım. Mazutlu, ləkəliyəm! Qıza yovuşmağa ürək eləmədim. Əlçatmaz hesab elədim onu. Amma Nurcahan ləyəni arxın qırağına qoydu. Qollarını çırmalayıb maşının salonuna girdi. Kresloların üzlərini çıxarıb çantasına yığdı. - "Yuyub ütüləyərəm, gəlib apararsan! Dayıoğlumun maşını da özü kimi parıldayan, super olmalıdı", - dedi. Məzəli, şən, xürrəm qızdı çox! Mən maşının arxasına keçdim. Çarxların arasına dolmuş daşları çıxarmağa qarışdı başım. Birdən üşütmə düşdü canıma...
Əbdül dayı diksindi:
- Nəyə görə, ay bala? İndi spid, abola xəstəlikləri diz çökdürür dünyanı. Yox! Yox! Sən tərbiyəli bir kişinin oğlusan. Yava-yığdı qadınlara tamah salıb özünü xəstələndirməzsən. Bəlkə xroniki malyariya, qızdırma varmış səndə? İndi dirçəlib?
- Yox, yox! Sağlamam. Buz baltası kimiyəm. Ancaq şeytan Nurcahandı da. Soyuqluğum laqeyidliyim qızışdırmışdı onu, başıma bir vedrə su əndərdi. Ayağa qalxdım. Qız şaqqanaq çəkir, mənə yanıq verir, gah sağa, gah sola qaçırdı. Qovub-qovub axırda tutdum.

(ardı var)



İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO