ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qoşa qanad

1765    |   2017-12-06 21:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Bir ailənin qısa tarixçəsi)


Hacıbaba kişi və Balabacı xanım həyat yoldaşı kimi bir-birini yarım sözdən başa düşdüklərinə, həmişə də mehriban yaşadıqlarına görə bütün qohumlar, dostlar, tanışlar onları qoşa qanad adlandırırdılar. Onlar səkkiz övlad böyüdüblər. Hamısının da təhsil almasına köməklik ediblər. Hacıbaba kişi həmişə deyərmiş: "Arvad, sözümüz bir olsa, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik. Biz özümüz lazım olan kimi təhsil almadıq. Təki övladlarımız, nəvələrimiz təhsil alsınlar".
Hacıbaba kişi və Balabacı xanımın oğlu, dəyərli ziyalı, gözəl musiqiçi, Əməkdar müəllim, Sumqayıt Musiqi Kollecinin şöbə müdiri Abdul Haşımovla əyləşib, onun ata-anasının keşməkeşli həyat yolunu, 7 bacı və qardaşını, həm də ailənin böyük övladı Abdul müəllimi böyütmək üçün onların hansı çətinliklərdən keçdiyi yolu vərəqləyirik. Abdul Hacıbaba oğlundan öyrənirəm ki, atası Hacıbaba Abdul oğlu 15 yanvar 1914-cü il tarixdə Corat kəndində anadan olub. Zəhmətkeş ailəsində dünyaya göz açıb. Atası Abdul kişi, anası Çərkəz xanım olub. Babası Həşim kişi isə böyük təsərrüfatçı adam olmaqla, halal əməyi və alın təri ilə öz ailəsin dolandırıb. Corat kənd ərazisində bir neçə yerdə torpaq sahələri olub və bağ-bostan məhsulları əkib becəriblər. Bu torpaqlarda isə indi Sumqayıt şəhərinin mikrorayon və məhəllələri salınıb. Onlardan keçmiş kənd ərazisində yerləşən "Orucalı yeri"ndə, "Xannənə bağları"nda, indiki Sumqayıt İstilik Elektirik Stansiyası yaxınlığında olan "Dəhnə bağları" adlanan torpaq sahələri Həşim kişinin olub. Eyni zamanda bu ailə o dövürdə mövcud olmuş kolxoz təsərrüfatında da çalışıb. Hacıbaba kişi ibtidai təhsilini kənd məktəbində almış, sonralar isə Binəqədi kəndində yerləşən "Fəhlə-zavod peşə məktəbi"ndə təhsilini davam etdirmişdir. Sumqayıt şəhəri salınarkən o, uzun müddət, yəni təqaüdə çıxana kimi şəhərin müxtəlif sənaye müəssisələrində çalışıb. On nəfərdən ibarət ailəni dolandırmaq üçün o, balıqçılıq, heyvandarlıq və bağçılıq alətləri düzəltməklə də məşğul olub. Dəmirçi işləyən böyük qardaşı Abasdan dəmirçilik sənətini öyrənib və az müddətdə yaxşı sənətkar olub. O dövrdə dəmirçiyə böyük ehtiyac vardı. Çünki kolxoz bağlarında və şəxsi həyətyanı sahələrdə üzüm tənəklərini budamaq üçün indiki kimi qayçı yox idi. Onun üçün xırda dişli qatlanan cib mişarından istifadə edilirdi ki, Corat və ətraf kəndlərdə bu aləti düzəldə bilən yalnız Hacıbaba və qardaşı Abas idi. Onlar bu alətləri düzəldərək o dövrdə kolxozun üzüm, əncir bağlarında çalışan kolxoz əməkçilərinə verir, əvəzində isə bağ-bostan məhsulları alıb ailəsinə gətirirdilər.
Corat kəndində ilk motosikil da məhz Hacıbaba kişidə olub. O dövrdə motosikil ailə və təsərrüfat üçün çox əhəmiyyətli nəqliyyat növü hesab edilirdi.
-Abdul müəllim, belə danışırlar ki, sizin atanız həm də peşəkar balıqçı olub.
-Bəli. Atam Hacıbaba kişi dəmirçilik sənəti kimi balıqçılıq peşəsinə də yüksək səviyyədə yiyələnmişdi və kənddə mövcud olan balıqçılıq kolxozunda da çalışırdı. Ümumiyyətlə Abşeron yarımadasının digər kəndləri kimi Corat kəndinin də dəniz sahilində yerləşməsi və vətəgələrin salınması balıqçılıq peşəsinin inkişafına müsbət təsir göstərib. Tarixlər boyu bu kəndin də camaatı balıqçılıqla məşğul olmaqla öz ailələrini dolandırıblar. O zaman indiki kimi lazım olan balıqçılıq ləvazimatları və texnika yox idi. Balıqçılar məcbur olub, primitiv qayıqlarla dənizə çıxırdılar ki, bu da çox vaxt faciə ilə nəticələnirdi. Atam belə hadisələr haqqında danışardı və gələcəkdə balıqçılıqla məşğul olmağı bizə məsləhət bilmiridi. Ona görə də çalışırdı ki, biz dərslərimizi yaxşı oxuyub, lazım olan sənətlərə yiyələnək. Sovet hakimiyyəti qurulandan sonra dövlət tərəfindən təşkil edilmiş balıqçılıq kolxozları, bununla əlaqədar dəniz sahilində salınmış vətəgələr və şəxsi balıqçılıq təsərrüfatlarında əhalinin çox hissəsi əmək fəaliyyəti göstərirdilər. Bundan başqa balıqçılıqla bağlı digər sahələr-qayıq düzəltmək, tor toxumaq, qırmaq düzəltmək və itiləmək, ip hazırlamaq, balıq duzlamaq və sairə sahələr də kənd əhalisinin məşğuliyyətinin bir hissəsini təşkil edirdi.
-Siz həmin vaxtı atanıza köməklik edirdinizmi?
- Biz dənizə balıq tutmağa getmirdik. Amma balıqların duzlanmasında, tor toxumaq, qırmaq düzəltmək sahəsində biz də ona köməklik edirdik. O, çalışırdı bizi fiziki əməyə cəlb eləsin ki, həyatın qədrini yaxşı bilək. Təsərüffat və məişət işlərini bacaraq. Öz şəxsi təsərrüfatlarında atam özü və ailə üzvlərimiz, həm də böyük qardaşları Manaf, Aslan, Abas və bacıları Leyla bibim də birgə çalışırdılar. İndi həmin yerlərdən keçərkən o günlər xoş xatirə kimi yadıma düşür, açığı kövrəlirəm...
-Hacıbaba kişi sizi əməyə öyrətsə də, amma çalışıb ki, siz dərslərinizi yaxşı oxuyasız.
-Açığı atam çox ailəcanlı idi. Özünü oda-közə vururdu ki, bizə təhsil üçün lazım olan bütün şəraiti yaratsın. Böyük ailəmizin kiçik mənzil şəraiti vardı. O, çox çətinliklə də olsa, 1961-ci ildə ata-baba mülkündə ikimərtəbəli ev tikdirdi. Bununla da ailəmizin mənzil şəraitini yaxşılaşdı. Dərslərimizə ciddi nəzarət edirdi. Geyim və yeməkdən korluq çəkməyimizə imkan vermirdi.
-Siz hamınız dərslərinizi yaxşı oxuyurdunuz. İstədiyiniz ali məktəbə qəbul ola bilərdiniz. Bəs necə olub ki, Hacıbaba kişinin övladlarının dördü musiqi sahəsini seçdi?
-Həm atam, həm də anam musiqini çox sevirdilər. Atam muğamlarımızı çox əla bilirdi. Çalışırdı ki, biz də musiqiyə məhəbbət ruhunda böyüyək. Mən lap uşaq yaşlarımdan musiqi ilə məşğul olurdum. Tərifləmək olmasın yaxşı tar çalırdım. Gördü ki, mənim bu sahəyə meylim çoxdur, icazə verdi ki, təhsilimi bu sahədə davam etdirim. Bu sahədə həm Sumqayıt Musiqi Texnikumunu, həm də Üzeyir Hacıbəyov adına Dövlər Konservatoriyasını bitirdim. Məndən sonra qardaşım Rahib və bacılarım, Nigar, Şirinbacı və Simuzər də musiqi sahəsində ali təhsil aldılar. Rəhmətlik qardaşım Sahib də qarmon ixtisası üzrə musiqi məktəbini bitirmişdir və gözəl qarmon çalaraq el şənliklərində iştirak edirdi. Yuxarıda dediyim kimi atam Hacıbaba kişi poeziya və musiqi xiridarı idi. O, klassik şairlərimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin və Əliağa Vahidin yaradıcılığlarını çox sevirdi və onları həmişə mütaliə edirdi. Klassik xanəndələrimiz Seyid Şuşinski, Zülfü Adıgözəlöv, Hacıbaba Hüseynov, tarzənlərimiz Qurban Pirimov, Hacı Məmmədov kimi sənətkarların ifalarını böyük həvəslə dinləyirdi. Onu da deyim ki, məşhur aktiyorlar - Həsənağa Salayev, Həsənağa Turabov, Eldəniz Zeynalov, televiziya rejissoru Tofiq Zeynalov və kinoşünas, kinorejissor Ayaz Salayevə də atamın qohumluğu çatır.
Bu sənətkarlar özləri də bir-biri ilə qohum idilər. Onların Məşədi Dərya adlı babaları ilə mənim ata babamın qohumluqları olub. Atam, həm də ibadətkar və təqvalı insan idi. Ailəsinə də bu xüsusiyyətlər sirayət etmişdi. Oruc və namazında sabitqədəm idi. Baxmayaraq ki, ailənin dolanışığı üçün dincəlmədən çalışırdı, bununla bərabər fitrə-zəkatını, sədəqəsini də vaxtlı-vaxtında verirdi. Balıq ovundan gətirdiyi balıq və kürüdən imkansız, ehtiyacı olan qohum-qonşulara pay verərdi. O dövürdə kənd əhaləsinin əksəriyyəti şəriət baxımından nərə balığını və kürüsünü, eləcə də "zalom" balığını (buna rus balığı da deyirdilər) yemədikləri üçün o, bu ailələrə "kütüm" və "berj" adlanan balıq göndərərdi.

(ardı var)
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi



İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO