adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Dekabr 2017 11:01
16854
İDMAN
A- A+

Çempionlar Liqasında “Qarabağ” möcüzəsi bitdi

Dünən Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.


Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ” sonuncu oyununa çıxıb.Ağdam təmsilçisi İtaliyada "Roma”nın qonağı olub.

Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyük idi. "Canavarlar” 1/8 finala çıxmaq üçünqələbə qazanmalı idilər. Qarşılıqlı hücumlar şəraitində keçən oyun "Roma”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Qarabağ”ın Çempionlar Liqasındakı oyunları bu il üçün bitdi. Bununla yanaşı "Qarabağ” ilk dəfə mübarizə apardığı Çempionlar Liqasının qrup mərhələsində yaddaqalan oyun nümayiş etdirərək Avropanın adlı-sanlı klublarından xal ala bildi.


Qeyd edək ki, "Roma” ilə "Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra klub rəsmiləri və bəzi futbolçular oyun haqqında fikirlərini bölüşüblər:


"Qarabağ”ın prezidenti Tahir Gözəl : "3-4 əsas futbolçumuz meydana çıxmasa da, çox gözəl oyun alındı. Komandamız yaxşı oyun nümayiş edirdi."Roma” nəhəng klubdur. Buna baxmayaraq, futbolçularımız üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldilər. 1-2 epizodumuz oldu ki, onlar alınsaydı, qrupun taleyi dəyişəcəkdi. "Atletiko”nun tək ümidi biz idik. İş elə gətirdi ki, kimin hara gedəcəyini "Qarabağ” müəyyənləşdirdi. "Roma” – "Qarabağ” oyunu həlledici oldu. Kaş bərabərə qalsaydıq. Əslində məqsədimiz 1 xal idi. Amma hesab edirəm, mübarizədən alnıaçıq, qürurla çıxdıq”.

"Çelsi” ilə ilk oyuna böyük həyəcanla çıxmışdıq. Çünki qrupdakı ilk matçımız idi. Buna görə də Londonda böyük hesabla uduzduq. Ancaq "Roma” və "Atletiko” ilə oyunlarımızdan çox razı qaldıq. "Çelsi” ilə Bakıdakı görüş isə mənim üçün ən ağır oyunlardan biri oldu. Hələ də o epizod yadımdan çıxmır. Hakimin penalti verib-verməməsi onun öz əlindədir. Buna ehtiramla yanaşıram. Amma qırmızı vərəqə göstərməsinin yeri yox idi. Nə edə bilərdik? Çarəsiz idik. Həmin oyun mənə çox ağır təsir elədi. Ümumiyyətlə, oyunlarda çox qırmızı vərəqələr gördük. Bugünkü oyuna da baxmaq lazımdır, görək, oyundankənar vəziyyət var idimi. Etirazım yoxdur, ancaq baxmaq lazımdır. Mübahisəli epizoddur”.
"Bu klubların tarixlərinə, alıb-satdığı oyunçulara baxanda, sözsüz ki, "Qarabağ”ın tarix yazdığını söyləmək olar. Bizim məqsədimiz "Qarabağ” adını Avropada tanıtmaq, eşitdirmək idi. Bu gün "Qarabağ”ın prezidentiyəm” deyəndə, dönürlər, məni təbrik edirlər. Artıq Avropada "Qarabağ”a ehtiramla yanaşırlar. Bu kollektivə keyfiyyətli oyun sərgiləyən, Avropa səviyyəli komanda kimi baxırlar. Bu, böyük uğurdur”.


"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov:" Futbolçularımı təbrik edirəm. İstərdik ki, məğlub olmayaq. Amma 1 qol oyunun taleyini həll etdi.«Çelsi» ilə ilk oyunu nəzərə almasaq, komandanın çıxışından razı qaldım. Bəzi oyunlarda daha yaxşı nəticə göstərə bilərdik. Bəzi məqamlarda alınan qırmızı kartlar olmasaydı, daha çox xal toplaya bilərdik. Həm də təcrübə öz sözünü dedi.Ramil Şeydayev və Ağabala oyunun gedişini dəyişmək üçün meydana buraxdım. Mahirlə Dino çox güc sərf etmişdi və oyunda sürəti artırmaq üçün onları əvəzlədim.Bizim kimi komandada nə qədər çox futbolçu olsa, variantlarımız, xal toplamaq imkanlarımız da çox olacaqdı.Müdafiədə diqqətli oynadılar. Futbolçuların, əsas da müdafiəçilərin çıxışından razı qaldım. Sadəcə, onlar bəzi epizodlarda hücuma qoşulmaq sarıdan problem yaşadı”.



"Roma"nın baş məşqçisi Eusebio Di Françesko: "Xüsusi təəssüratım yoxdur. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə o qədər də yaxşı oynamadıq. Fasilədən sonra isə hücumların kəsərini artıraraq istəyimizə çatdıq. Artıq 1/8 final və daha böyük hədəflər haqqında düşünməliyik. BUndan sonra daha çox çalışacaq və istəkli olacağıq. «Atletiko» kimi komandanı yarışdan kənarda qoymaq, «Çelsi»ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq «Roma» adına böyük hadisədir. Komandanın sol cinahı hücumların qurulmasında daha yaxşı çıxış edir, futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çox qol görmək istəyirəm. Əldə olunanlardan daha çoxuna nail olmaq fikrindəyik.Heç bir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, indiyə kimi dediklərimin heç birmənası olmazdı. «Çelsi» ilə oyunu çıxmaq şərtilə «Qarabağ» yaxşı oyun sərgilədi. «Qarabağ» layiqli rəqib idi. Xüsusilə, «Atletiko» ilə oyunda daha yaxşı oynadı və bizim pley-ofa çıxmağımıza bir növ kömək etdi”.




"Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov: "Bizim itiriləsi bir şeyimiz yox idi. Amma "Roma” üçün vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. Çempionlar Liqasında son oyunumuz olduğundan yaxşı nəticə qazanmaq istəyirdik. Uduzmağımıza baxmayaraq, pis mübarizə aparmadıq. Amma "Roma” "Roma”dır. Elə futbolçular var ki, hər bir şansdan maksimum yararlanırlar. Bu gün onlar da ən xırda imkandan istifadə edib, qol vurdular.Ümumi götürsək, yaxşı oyun alındı. Artıq bunu unutmaq lazımdır. Çempionlar Liqası bitdi. Yenidən Premyer Liqada çempion olub, bu turnirin qrup mərhələsinə düşmək lazımdır.Ümumiyyətlə, ilk dəfə mübarizə apardığınız turnirdə yaxşı çıxış etdik.Dünyanın top komandalarını Bakıya gətirdik. Həqiqətən Azərbaycan futbolu üçün böyük bir şeydir. "Atletiko”dan 2 xal götürdük. Ümumiyyətlə, hər bir komandadan xal almaq istəyirdik. Sadəcə, bəzi şanssızlıqlarımız oldu. Bununla belə, Çempionlar Liqasına alışmağa başlayırıq. "Roma” ilə hər iki matçda yaxşı oyun sərgilədik. Sadəcə, əllərinə düşən imkanlardan yaxşı istifadə etdilər və qələbə qazandılar.Heyətlə bağlı preoblemlərimiz oldu. Buna baxmayaraq, baş məşqçi hər dəfə meydana ideal heyəti buraxmağa çalışırdı. Bunu da bacarırdı. Gördüyünüz kimi, komanda heç bir oyunda pis təsir bağışlamadı. Əsas odur ki, itkilərə baxmayaraq, istədiyimiz oyunu göstərdik.”



"Roma"nın futbolçusu Dieqo Perotti: "Bizim üçün gözəl bir andır. Heç kim bizə inanmırdı. Biz isə çox çalışdıq və qrupu birinci pillədə tamamlamaq üçün çox məşq etdik. Rəqib öz oyununu oynayırdı. Biz isə öz məqamımızı gözləyirdik. Bu cür oyunlar çox təhlükəli olur. Asan matç olmadı. Biz birlikdə çalışdıq və qalib gəldik. İndi bu andan həzz almalıyıq”.





"Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana: "Biz öz oyunumuzu oynadıq. Baş məşqçi müdafiədə etibarlı oynayıb, rəqibi əks-hücumda yaxalamaq tapşırığı vermişdi. Hesab 1:0 olandan sonra qol vurmaq üçün şanslarımız oldu. Amma yararlana bilmədik.Çempionlar Liqasının qrup mərhələsində oynadığımız üçün fəxr edirik. Əlimizdən gələni etdik. Avropa nəhəngləri ilə bir qrupda mübarizə apardıq. Bütün bunları nəzərə alsaq, qazandığımız xalları uğur saymaq olar”.




"Roma”nın kapitanı Daniele De Rossi: "Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik. Amma yekunda istədiyimiz nəticəyə nail olduq. "Roma"nın Avropadakı adı bizim üçün önəmlidir. Xoşbəxtik. Avropa turnirlərində bəzən zərbələr aldıq. Bu cür çətin qrupu ilk pillədə bitirmək xoşdur.De Rossi əldə etdikləri uğurlarda baş məşqçiləri Di Françesko böyük rol oynadığını söyləyib. Di Françesko hamını təəccübləndirdi. Gələn kimi, komandanı Avropada yeni səviyyəyə çatdırdı. Di Françesko bizi rəqibin kimliyindən asılı olmayaraq, aqressiv oyun göstərməyə alışdırdı”.




"Qarabağ"ın futbolçusu Maksim Medvedev:"Bizim üçün ağır oyun oldu. Çünki rəqib bütün oyunumuzu analiz etmişdi. Topla çox rəftar edə bilmədik, ona görə oyun ərzində problemlərimiz oldu. Çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Amma əsas oyunçularımız yox idi, buna görə bir az anlaşılmazlıq olurdu. Bəzi məqamlarda top saxlamaq istəsək də, buna nail ola bilmədik. Sonda isə 1 qol buraxdıq və qol imkanlarımızdan istifadə edə bilmədik. Romadan xalsız qayıtdığımıza görə məyusuq.Çox adam bizdən heç nə gözləmirdi. Amma hiss olunurdu ki, komandada oyundan-oyuna irəliləyiş var. "Atletiko"dan iki xal aldıq və bu bizim üçün əla nəticədir. Bizim üçün böyük təcrübə oldu. Gələcəkdə yenidən bu turnirdə iştirak etməyə çalışacağıq. İnşallah, növbəti dəfə daha yaxşı komandalarla eyni qrupa düşəcəyik və öz sözümüzü deməyə nail olacağıq. Ən zəif oyunumuzu səfərdə "Çelsi"yə qarşı oynadıq. Çünki ilk oyun idi, təcrübə yox idi. Stress və təzyiqin olması bizə imkan vermədi ki, yaxşı futbol nümayiş etdirək. Ən yaxşı oyunumuzu isə səfərdə "Atletiko"ya qarşı keçirdik, qol vura bildik. Bakıda atmosfer əla idi. Bundan başqa, "Atletiko"nun stadionu xoşuma gəldi. Yeni stadion idi və orada hava çox yaxşı idi. Fikirləşirəm ki, formaları azarkeşlərə, qarabağlılara versəm, daha yaxşı olar. Çünki heç özümdə də saxlamıram. Çalışıram ki, azarkeşlərə verim, onların motivasiyası olsun və gələn oyunlarımıza da gəlsinlər”.


"Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev:"Oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki Londondakı matçın taleyini bu görüşün nəticəsi təyin edəcəkdi. Birinci hissədə lazımı səviyyədə müdafiə oluna bildik. Amma "Roma”nın ikinci hissənin ilk 15 dəqiqəsindəki təzyiqinə dözə bilmədik. Bizim üçün vacib olan rəqibin təzyiqinin qarşısını almaq idi. İkinci hissədə bunu edə bilmədik. Ani bir epizodda qapımızda top gördük. Qoldan sonra da öz oyunumuzu göstərməyə çalışdıq. Ancaq səfərdə "Roma” kimi komnadaya qarşı oynamaq asan deyildi. Əlimizdən gələni etdik. Məncə, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etdik. Növbəti illərdə də bu cür səviyyəli turnirə qatılmağa çalışacağıq. Karyeramızı bitirənə qədər hər ilÇempionlar Liqasına vəsiqə qazansaq, əla olar. İlk dəfə oynadıq, həqiqətən ləzzət aldıq.Futbolçu üçün daha üzücü böyükhesablı məğlubiyyətdir. Bir də prinsip söhbəti var. Bu görüş bizim üçün elə də əhəmiyyət daşımırdı. Fərdi heç kimi qeyd etmək istəmirəm. Ümumi olaraq deyim ki, Şehiçdən tutmuş Ndlovuya kimi hamı vəzifəsindən öhdəsindən gəlməyə çalışdı. Ən azından 70-80 faiz bacardıq. İndi daha çox əmin oluram, Çempionlar Liqasında ehtiyat oyunçular skamyası daha zəngin olmalıdır. Çünki bu cür turnirdə itkiləri düşünmək ciddi problemlər yaradır. İnanıram ki, qarşıdakı illərdə daha çox futbolçumuz olacaq və belə problemləri yaşamayacağıq.De Rossi Dünya və Avropa çempionatlarında oynayıb. Bu futbolçuya gözümüş öyrəşib.Özümü De Rossi ilə müqayisə etmirəm. Amma yuxarı səviyyəyə çıxmaq üçün mənə bir şans lazımdır. Həmin şans olandan sonra bu suala cavab verə bilərəm”.


"Roma”nın futbolçusu Raca Nainqqolan:"Bu, çətin oyunda qazanılan yaxşı nəticədir. Çünki rəqib tamamilə müdafiədən oynayırdı. Biz rəqib qapısına yol tapmağa çalışırdıq. "Qarabağ” isə sərt oynayırdı. Ancaq sonadək səbr etdik, öz oyun üslubumuza sadiq qaldıq və sonda bunun bəhrəsini gördük. Düzgün oynadıq və lazım olan qolu vurduq.Nainqqolan qrupdan çıxmağa layiq olduqlarını əlavə edib. Biz başqa nəticə gözləmirdik. Növbəti mərhələyə qrup lideri kimi adlamağı bacardıq. Buna layiqik”.