Çempionlar Liqasında “Qarabağ” möcüzəsi bitdi
Dünən Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.
Oyundan sonra klub rəsmiləri və bəzi futbolçular oyun haqqında fikirlərini bölüşüblər:
"Roma"nın baş məşqçisi Eusebio Di Françesko: "Xüsusi təəssüratım yoxdur. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə o qədər də yaxşı oynamadıq. Fasilədən sonra isə hücumların kəsərini artıraraq istəyimizə çatdıq. Artıq 1/8 final və daha böyük hədəflər haqqında düşünməliyik. BUndan sonra daha çox çalışacaq və istəkli olacağıq. «Atletiko» kimi komandanı yarışdan kənarda qoymaq, «Çelsi»ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq «Roma» adına böyük hadisədir. Komandanın sol cinahı hücumların qurulmasında daha yaxşı çıxış edir, futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çox qol görmək istəyirəm. Əldə olunanlardan daha çoxuna nail olmaq fikrindəyik.Heç bir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, indiyə kimi dediklərimin heç birmənası olmazdı. «Çelsi» ilə oyunu çıxmaq şərtilə «Qarabağ» yaxşı oyun sərgilədi. «Qarabağ» layiqli rəqib idi. Xüsusilə, «Atletiko» ilə oyunda daha yaxşı oynadı və bizim pley-ofa çıxmağımıza bir növ kömək etdi”.
"Roma"nın futbolçusu Dieqo Perotti: "Bizim üçün gözəl bir andır. Heç kim bizə inanmırdı. Biz isə çox çalışdıq və qrupu birinci pillədə tamamlamaq üçün çox məşq etdik. Rəqib öz oyununu oynayırdı. Biz isə öz məqamımızı gözləyirdik. Bu cür oyunlar çox təhlükəli olur. Asan matç olmadı. Biz birlikdə çalışdıq və qalib gəldik. İndi bu andan həzz almalıyıq”.
"Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana: "Biz öz oyunumuzu oynadıq. Baş məşqçi müdafiədə etibarlı oynayıb, rəqibi əks-hücumda yaxalamaq tapşırığı vermişdi. Hesab 1:0 olandan sonra qol vurmaq üçün şanslarımız oldu. Amma yararlana bilmədik.Çempionlar Liqasının qrup mərhələsində oynadığımız üçün fəxr edirik. Əlimizdən gələni etdik. Avropa nəhəngləri ilə bir qrupda mübarizə apardıq. Bütün bunları nəzərə alsaq, qazandığımız xalları uğur saymaq olar”.
"Roma”nın kapitanı Daniele De Rossi: "Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik. Amma yekunda istədiyimiz nəticəyə nail olduq. "Roma"nın Avropadakı adı bizim üçün önəmlidir. Xoşbəxtik. Avropa turnirlərində bəzən zərbələr aldıq. Bu cür çətin qrupu ilk pillədə bitirmək xoşdur.De Rossi əldə etdikləri uğurlarda baş məşqçiləri Di Françesko böyük rol oynadığını söyləyib. Di Françesko hamını təəccübləndirdi. Gələn kimi, komandanı Avropada yeni səviyyəyə çatdırdı. Di Françesko bizi rəqibin kimliyindən asılı olmayaraq, aqressiv oyun göstərməyə alışdırdı”.
"Qarabağ"ın futbolçusu Maksim Medvedev:"Bizim üçün ağır oyun oldu. Çünki rəqib bütün oyunumuzu analiz etmişdi. Topla çox rəftar edə bilmədik, ona görə oyun ərzində problemlərimiz oldu. Çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Amma əsas oyunçularımız yox idi, buna görə bir az anlaşılmazlıq olurdu. Bəzi məqamlarda top saxlamaq istəsək də, buna nail ola bilmədik. Sonda isə 1 qol buraxdıq və qol imkanlarımızdan istifadə edə bilmədik. Romadan xalsız qayıtdığımıza görə məyusuq.Çox adam bizdən heç nə gözləmirdi. Amma hiss olunurdu ki, komandada oyundan-oyuna irəliləyiş var. "Atletiko"dan iki xal aldıq və bu bizim üçün əla nəticədir. Bizim üçün böyük təcrübə oldu. Gələcəkdə yenidən bu turnirdə iştirak etməyə çalışacağıq. İnşallah, növbəti dəfə daha yaxşı komandalarla eyni qrupa düşəcəyik və öz sözümüzü deməyə nail olacağıq. Ən zəif oyunumuzu səfərdə "Çelsi"yə qarşı oynadıq. Çünki ilk oyun idi, təcrübə yox idi. Stress və təzyiqin olması bizə imkan vermədi ki, yaxşı futbol nümayiş etdirək. Ən yaxşı oyunumuzu isə səfərdə "Atletiko"ya qarşı keçirdik, qol vura bildik. Bakıda atmosfer əla idi. Bundan başqa, "Atletiko"nun stadionu xoşuma gəldi. Yeni stadion idi və orada hava çox yaxşı idi. Fikirləşirəm ki, formaları azarkeşlərə, qarabağlılara versəm, daha yaxşı olar. Çünki heç özümdə də saxlamıram. Çalışıram ki, azarkeşlərə verim, onların motivasiyası olsun və gələn oyunlarımıza da gəlsinlər”.
"Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev:"Oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki Londondakı matçın taleyini bu görüşün nəticəsi təyin edəcəkdi. Birinci hissədə lazımı səviyyədə müdafiə oluna bildik. Amma "Roma”nın ikinci hissənin ilk 15 dəqiqəsindəki təzyiqinə dözə bilmədik. Bizim üçün vacib olan rəqibin təzyiqinin qarşısını almaq idi. İkinci hissədə bunu edə bilmədik. Ani bir epizodda qapımızda top gördük. Qoldan sonra da öz oyunumuzu göstərməyə çalışdıq. Ancaq səfərdə "Roma” kimi komnadaya qarşı oynamaq asan deyildi. Əlimizdən gələni etdik. Məncə, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etdik. Növbəti illərdə də bu cür səviyyəli turnirə qatılmağa çalışacağıq. Karyeramızı bitirənə qədər hər ilÇempionlar Liqasına vəsiqə qazansaq, əla olar. İlk dəfə oynadıq, həqiqətən ləzzət aldıq.Futbolçu üçün daha üzücü böyükhesablı məğlubiyyətdir. Bir də prinsip söhbəti var. Bu görüş bizim üçün elə də əhəmiyyət daşımırdı. Fərdi heç kimi qeyd etmək istəmirəm. Ümumi olaraq deyim ki, Şehiçdən tutmuş Ndlovuya kimi hamı vəzifəsindən öhdəsindən gəlməyə çalışdı. Ən azından 70-80 faiz bacardıq. İndi daha çox əmin oluram, Çempionlar Liqasında ehtiyat oyunçular skamyası daha zəngin olmalıdır. Çünki bu cür turnirdə itkiləri düşünmək ciddi problemlər yaradır. İnanıram ki, qarşıdakı illərdə daha çox futbolçumuz olacaq və belə problemləri yaşamayacağıq.De Rossi Dünya və Avropa çempionatlarında oynayıb. Bu futbolçuya gözümüş öyrəşib.Özümü De Rossi ilə müqayisə etmirəm. Amma yuxarı səviyyəyə çıxmaq üçün mənə bir şans lazımdır. Həmin şans olandan sonra bu suala cavab verə bilərəm”.
"Roma”nın futbolçusu Raca Nainqqolan:"Bu, çətin oyunda qazanılan yaxşı nəticədir. Çünki rəqib tamamilə müdafiədən oynayırdı. Biz rəqib qapısına yol tapmağa çalışırdıq. "Qarabağ” isə sərt oynayırdı. Ancaq sonadək səbr etdik, öz oyun üslubumuza sadiq qaldıq və sonda bunun bəhrəsini gördük. Düzgün oynadıq və lazım olan qolu vurduq.Nainqqolan qrupdan çıxmağa layiq olduqlarını əlavə edib. Biz başqa nəticə gözləmirdik. Növbəti mərhələyə qrup lideri kimi adlamağı bacardıq. Buna layiqik”.