adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Dekabr 2017 12:37
11671
MƏMLƏKƏT
A- A+

ONLAR VƏTƏNİ SEVİRLƏR

Vətən sevgisi hər bir bağçadan, hər bir ailədən və hər bir məktəbdən başlayır. Yəni uşaq dil açandan, ağlı kəsəndən bu müqəddəs kəlamı yaddaşına həkk edir. Daha doğrusu, «Vətən» sözünü onların yaddaşına böyüklər, tərbiyəçilər, müəllimlər yazırlar. Təbii ki, hər hansı uşaq gözünü açıb ətrafındakı insanları görəndə, tanıyanda zaman-zaman dərk edir ki, bu gördüyü yurd, gördüyü ocaq Vətəndir, anadır!

Bayaq dedik ki, Vətəni sevdirən insanlardan biri də müəllimlərdi. O müəllimlər ki, bizə savad veriblər, düz yol göstəriblər və ən nəhayət, Vətəni sevməyi öyrədiblər. Və Vətən sevgisi hər bir məktəbdə, hər bir təhsil ocağında gənclərin yaddaşına və dünya görüşünə daha geniş hopdurulur. Başqa sözlə demiş olsaq, bu yeniyetmələr və gənclər Vətəni böyük mənada orta məktəblərdə təhsil aldıqları 11 ildə daha dərindən dərk edirlər.

Füzuli rayonunda da şagirdlərin vətənpərvərlik tərbiyəsi, Vətənə olan böyük sevgisi və istəyi həmişə diqqət mərkəzində saxlanılır. Cəbhə bölgəsi olan bu rayonda yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə çox böyük ehtiyac var. Çünki bu gənclər hər şeyi yaxşı bilir və hər şeyi yaxşı da başa düşürlər. Onlar düşmənin işğal etdiyi Füzuli rayonunun iki addımlığında yaşayırlar. Yəni bu iki addımlıqda yağı düşmənin hansı hoqqadan çıxdığını, hansı namərdlik etdiyini hər bir füzulili gənc və şagird çox yaxşı bilir.

Horadiz şəhəri yağı düşmənin qarşısında duran möhtəşəm bir qalaya bənzəyir. Artıq bu qala zaman-zaman daha da möhkəmlənib və möhtəşəm olub. Çünki ondan əvvəl dünyanın tanıdığı və yenidən tikilən bir kəndi dayanıb – Cocuq Mərcanlı. Cocuq Mərcanlıda birinci mərhələdə 50 ev tikilib və hər cür infrastrukturla sakinlərin istifadəsinə verilib. Orda Şuşa məscidinin oxşarı olan iki minarəli və iki salonlu möhtəşəm məscid fəaliyyət göstərir. Artıq ikinci mərhələdə isə 100 ev tikilib, məktəb, uşaq bağçası, xəstəxana tam hazır vəziyyətdədir. Bu gün, sabah Cocuq Mərcanlıya sakinlərin ikinci axını başlayacaq.

Elə bil mətləbdən bir qədər uzağa düşdük. Axı biz Horadiz şəhərindən danışırdıq. Horadizin özündə bir neçə nümunəvi tam orta məktəb var. Onlardan biri də 2 nömrəli Horadiz şəhər tam orta məktəbidir. Məktəbə çox savadlı, təcrübəli, ziyalı bir xanım rəhbərlik edir – Ləman Əliyeva. Ləman Əliyeva həm də Bilik Fondunun Füzuli rayonu üzrə nümayəndəsidir. Bu xanım o qədər bacarıqlı, o qədər təşkilatçı ziyalıdır ki, kimin o məktəbə yolu düşsə, bu təhsil ocağında yüksək tədrisin, təlim-tərbiyənin şahidi olar.

Bu gün təhsil ocağında 271 şagird oxuyur. Əlbəttə, düşmənin iki addımlığında yerləşən şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi daim diqqət mərkəzindədir. Bu şagirdlər aprel döyüşləri zamanı hər şeyi öz gözləri ilə görüblər. Bu şagirdlər qəhrəman oğullarımızın erməni işğalçılarını necə məhv etdiklərinin şahidi olublar. Və bu şagirdlər və müəllimlər aprel döyüşləri zamanı bir saata da olsun Horadizi tərk eləməyiblər. Elə ən byöük vətənpərvərlik odur ki, döyüşlərin ən qızğın məqamında, ən çətin anında Horadizdə olasan və döyüşən əsgərlərimizə dayaq durasan. O uşaqlar aprel döyüşləri zamanı hətta dəstə ilə qan vermək üçün xəstəxanalara axışırdılar. Bax, budur Vətəni sevmək! Bax, budur vətənpərvərlik!

Məktəbin direktoru Ləman Əliyeva deyir ki, biz tez-tez şagirdlərimizlə bir yerdə hərbi hissələrə baş çəkir, tarixi günlərdə, xüsusən Novruz və Yeni il bayramlarında onları yaddan çıxarmırıq. Dəfələrlə məktəbimizin kollektivi sərhəd qoşunlarının «N» hərbi hissəsində və eləcə də digər hərbi hissələrdə olub. Hətta əsgərlərimizə şagirdlərimiz məktub yazmağı və bayram günlərində sovqat aparmağı belə yaddan çıxarmayıblar. İndi yeni il münasibəti ilə biz yaxın günlərdə yenidən hərbi hissələri ziyarət edəcək, əsgərlərimizlə görüşəcəyik. Bu görüşlər həm əsgərələrə, həm də şagirdlərimizə çox yüksək ovqat verir. Bu görüşlər bir daha şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyələndirir.

Ötən il bu məktəbi bitirmiş 21 məzundan 7-si müxtəlif ali məktəbin tələbəsi adını qazanıb. 2 məzun isə 500-dən yuxarı bal toplayıb. Məktəbin məzunu Rüstəmli Raiq 580 balla Prezident Yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. Könül Mahmudova isə 530 balla Dillər Universitetinin tələbəsi adını qazanıb. Xan Abbasquluzadə 467 balla Azərbaycan Neft Kimya Akademiyasının tələbəsi adını əldə edib. Bütün bunlar onu göstərir ki, Horadiz şəhər 2 nömrəli tam orta məktəbində tədrisin keyfiyyəti müasir tələblərə cavab verir və şagirdlərlə yeni texnologiyanın sirləri öyrədilir.

Aydındır ki, müasir tədrisin dünya səviyyəsində olması üçün hər bir müəllim öz üzərində işləməli, yeni metod və texnologiyalardan bəhrələnməlidir. Bu mənada məktəbin müəllmilərindən İradə Behbudova, Hikmət Quliyev, Vüqar Həsənov, Ülviyyə Quliyeva digər müəllimlərdən tamamilə seçilirlər. Onlar həm tədrisin yeni metodlarından istifadə edir, həm də müasir texnologiyaya üstünlük verirlər. Onu da qeyd edək ki, adını və soyadını çəkdiyimiz müəllimlər Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə yüksək bal toplayıblar.

Horadiz şəhərinin 2 nömrəli tam orta məktəbində demək olar ki, bu gün çox sağlam bir mühit yaradılıb. Burda direktor-müəllim və valideyn münasibətləri ən sivil qaydada tənzimlənir, mövcud problemlər qısa zaman kəsiyində və heç bir söz-söhbət olmadan öz həllini tapır.

Məktəbin direktoru Ləman xanım Əliyeva bir daha bizimlə söhbətində bir fikri xüsusilə vurğuladı ki, bizim yaşadığımız şəhər strateji əhəmiyyətli mövqedir. Biz burda gənclərimizi, şagirdlərimizi elə bir vətənpərvərlik ruhunda tərbiyə etməliyik ki, onlar hər an, hər dəqiqə hər bir çətin vəziyyətə hazır olmalıdılar. Tam məsuliyyətlə deyirəm ki, bizim məktəbdə bu ruh yüksəkliyi yaradılıb, şagirdlərimizin Vətən sevgisi əbədi bir məşəl kimi işıq saçır. Mən inanıram ki, Vətən onların hər hansı birinə «oğul» desə, bu uşaqlar həmin an, həmin dəqiqə silaha sarılıb düşmənin üstünə atıla bilər…


Faiq QİSMƏTOĞLU