ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ƏBDÜL DAYI

Ağrılı illərin xoş təəssüratları

2529    |   2017-12-05 22:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yusif Həsənbəy istedadlı olduğu qədər də təcrübəli qələm sahibidir. Və ədəbiyyat qarşısında, heç şübhəsiz, özünəməxsus xidmətləri vardır. Yaradıcılığa şeirlə başlayıb, ilk növbədə, şair kimi məşhurlaşsa da, pyesləri tamaşaya qoyulmuş, nəsr əsərləri nəşr edilmişdir.
Ədibin yeni povesti göstərir ki, səksəni geridə qoyub doxsana yaxınlaşan sənətkarın qələmi bu gün də Azərbaycan cəmiyyətində baş vermiş mürəkkəb tarixi hadisələrin mahiyyətinə varmağa, milli (və ümumbəşəri) həqiqətləri ortaya çıxarıb sənətkarlıqla təqdim etməyə qadirdir.
Mahiyyət isə bundan ibarətdir ki, patriarxal həyat tərzindən heç də tamamilə uzaqlaşmamış Azərbaycan kəndi keçən əsrin 20- ci, 30- cu illərində sosialistləşdiriləndən sonra eklektik (həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan qarışıq, qeyri- orqanik) bir cəmiyyətə çevrilməyə başladı ki, əsrin sonunda sovet hakimiyyətinin çökməsi ilə həmin cəmiyyət daxilindəki eklektika, tamamilə təbii olaraq, baş qaldırıb hər cür hərcmərclik üçün "münbit" şərait yaratdı. Və yazıçı 80- ci illərin sonu - 90- cı illərin əvvəllərini əhatə edən həmin hərcmərclik dövrünün həm disharmoniya yaradan, həm də harminoya axtaran qüvvələrinin psixoloji- əxlaqi mövqelərini öz gözə görünən və görünməyən qəhrəmanlarının hərəkətləri, reaksiyaları, refleksləri vasitəsilə dərindən təhlil etməyə çalışmışdır.
Süjet nə qədər sadə (hadisələr Qaraxun- Qaraxanlı yolunda baş verir və hadisələr "UAZ"da öz kəndlərinə gedən yeni sahibkar Məhərrəmlə onun gələcək qaynatası Əbdül kişinin söhbətləri, daha doğrusu, mübahisələri zəminində təqdim olunur) olsa da, povestin məzmun- mündərəcəsi o qədər mürəkkəb, çoxmiqyaslı və düşündürücüdür. Əbdül kimi min əzab- əziyyətlə (ancaq namus- qeyrətlə) saxladığı ailəsinin üzvü olan qızı Nurcahanı elə bir oğlana vermək istəyir ki, cəmiyyətdəki hərcmərcliyin tüfeyli iştirakçısı, onun yaratdığı "münbit" şəraitin törəməsi deyil, əksinə, min illərin haqq- ədalət təsəvvürlərinin (və təcrübəsinin) daşıyıcısı olmuş olsun. Əslində, Məhərrəmin ruhunda, təbiətində Əbdül kişinin axtardığı həmin xüsusiyyətlər var, ancaq məsələ burasındadır ki, o da zamanla "ayaqlaşmağa" çalışmış, dost- tanışdan geri qalmamaq, beş kişidən biri olmaq üçün yeni "mühit"in üzvi tərkib hissəsinə çevrilmiş, yaxud çevrilməkdədir. Bununla belə görür (və hərdən də vicdanı qəbul etmir) ki, biznesdə qazandığı "uğurlar"ın, demək olar ki, hamısı başqalarının, bütövlükdə cəmiyyətin çox ciddi fəlakətlərə uğraması hesabına ortaya çıxır. Bir tərəfdən, öz istedadı, zəhmətkeşliyi, saf daxili aləmi ilə dünyaşöhrətli xalçaçı rəssama çevrilən Nurcahanın məhəbbəti, digər tərəfdən isə, Əbdül kişinin öz inamında, inadında son dərəcə möhkəm, səbatlı olması Məhərrəmi məcbur edir ki, nalayiq işlərdən əl çəkib haqqın yoluna qayıtsın.
Əsərdə Ulu Öndər Heydər Əliyevin, həqiqətən, yaddaqalan obrazı yaradılmışdır. Nurcahanın toxuduğu rəngbərəng xalçalarda, buldozerçi Muxtarın dağ yollarını daş- qayadan təmizləməsində və s. Ulu Öndərə tükənməz xalq məhəbbəti konkret bədii detallarla təsvir olunmuşdur. Kəndin (və rayonun) cəmiyyəti əmindir ki, onları mövcud (və bundan sonra da mövcud ola biləcək) fəlakətlərdən ancaq Heydər Əliyein iradəsi xilas etməyə qadirdir.
Heç şübhə yoxdur ki, Yusif Həsənbəyin yeni əsəri istər ideya- mövzusuna, istər məzmun- mündərəcəsinə, istərsə də dil- üslub səmimiyyətinə görə geniş maraq doğuracaqdır.
Nizami Cəfərov
Milli Məclisin deputatı, akademik

Maşın su şırımlarıyla xəndək-xəndək olmuş çaylaqdan keçirdi. Qarxun-Qaraxanlı yolunun bu zəhlətökən hissəsini güllə kimi şütüyüb keçməyə vərdişli Məhərrəm, indi ayağını sürət pedalından tez-tez götürür, dişləriylə dodaqlarını gəmirə-gəmirə "UAZ"ını gəlin arabası qaydasınca, - birayaq-birayaq sürürdü.
Məhərrəm sahibkar idi. Nahar fasiləsini Qarxundakı evlərində keçirib, Qaraxanlı səmtində bəzi təsərrüfatlarına baş çəkməyə gedirdi. O, keçmiş sovxoz ditektoru, indi isə super-fermer Alsoltan kişinin bu ara-bərələrdə "Domsovet" adıyla tanınan villasıyla üz-üzə göy minbərli, minarəsi uçurulmuş Cümə məscidinin yanından keçərkən maşına əl qaldıran, Məhərrəmin də göydə axtarıb bu yolda tapdığı Əbdül kişini böyük məmnuniyyətlə yanında oturdub özünə yol yoldaşı etmişdi.
İmkanı, hökmü olsaydı, əgər bacarsaydı elə Əbdül dayının xətrinə bu xaraba yolun yerinə pambıq döşətdirərdi ki, maşın yırğalanmasın. Əbdül dayını atıb-tutmasın!
Bəs axı, kimdi, nəçidi bu Əbdül dayı? Bəlkə sanballı bir təşkilatın rəhbəri, ya varlı-karlı, sözü daşdan keçən nüfuz sahibidi? Xeyr. Nə eləsindən, nə beləsindən! Amma qohumdu. Əbdül dayı qohum yox, lap Allahın bacısı oğlu olsa belə qabağından yeməyən Məhərrəm onun başına dolanmayacaq! Çünki qulluqda durub, naz çəkənlərdən deyildi Məhərrəm. Ancaq indi qayğı, hörmət göstərməliydi. Axı, Məhərrəmin Əbdül kişidən umacağı vardı. Xanın dilənçiyə işə düşmüşdü. İndi o, diribaşlığı, işgüzarlığı, zəmanənin sazına balaban olmağıyla da heyran etməliydi bibisi əri Əbdül kişini. Sonra da Allahın izni, peyğəmbərin şəriəti, Əbdül kişinin xeyir-duasıyla Qaraxanlının iki min adam tutan "Duman dağ" şadlıq sarayında üç gün, üç gecə toy çaldırıb bibisi qızı gözəl Nurcahanı evlərinə aparacaq, şər-şürdən uzaq, sakit bir həyata qədəm qoyacaqdı.
Amma sən saydığını say! Elə bil basaratı bağlanmışdı Məhərrəmin. O, nə illah eləsə də təkərlər çalalardan çaqqıltıyla qopur, maşın elə hey atılıb-düşürdü. Məhərrəm bu naqisliyə birtəhər dözərdi. Ancaq onu hövsələdən çıxardan, oturacağın o biri başında yumağa dönmüş Əbdül dayının qaradinməzliyi, qaşqabaq sallamasıydı. "Bu kişiyə nolub belə? Kömür kimi qaralıb?! Çırtma vursan qanı sellərlə axar. Məndən incikdi yəqin. Yoxsa bu mıs-mırıq nəyə görədi? Qanlı-qanlı baxır hərdən. Nəyə görə? Səbəb varmı? Var! Özü də səbatdı-sanballısından. Bəli, bir neçə həftə bundan əvvəl bu kişinin məhləsində mən başı daşlı, qonşuların gözü qabağında həmin bu Əbdül dayının gözəl qızı Nurcahanla deyib-güldük. Zarafatlaşdıq. Əlini əlimə götürdüm. Nazlandı, şaqqanaq çəkdi. Söz gəzdirən, aravuran nə çox Qaraxanlının "Daşqazmalar" qəsəbəsində. Oranın camaatı qaşınmayan yerdən qan çıxardandı. Bir balaca boy verib qalxdınsa, sayılıb-seçildinsə, qurtardı. Səni şərriyəcəklər, didib-dağıdacaqlar, ta o zamanacan ki, gücdən-amandan düşəsən. Yəqin bizi bir yerdə görən, məni istəməyənlər, paxılların birinin üstünə beşini də qoyub kişini mindiriblər cin atına. "Hə, Əbdül dayı, arxınızın yanında sənin o Nurcahanınla mazaqlaşır, xosunlaşırdı o şorgöz Məhərrəm! Hə, hə, o Məhərrəm əyyaşın biridi. Kənddə neçə qızın üzünü açıb. Amma sən yatmısan fil qulağında" - qızışdırıblar. Mənə nə olub ey? Nöş belə didib-dağıdıram özümü? Ölmək-ölməkdi, daha xırıldamaq nədi? Qırt eləməliyəm! Son qoymalıyam işgəncələrə!"
Ştanq qaldırmağa hazırlaşırmış kimi qamətini dikəldib bir ağız öskürdü. Öskürəyə diksinən Əbdül dayı gözlərini parpresə zillədi. O, başını tez-tez geri atır, yumruğunu dizinə çırpır, dodaqlarını kip qapayırdı. Ağdan çəhrayıya çalan, künəsiylə cır, meşə şabalıdına oxşayan tünd-qəhvəyi gözlərinin altı tuluqlamışdı. Onun xəstəhal görkəmi kövrəltdi Məhərrəmi. "Əsəb gərginliyi, ruhi sarsıntıların nəticəsidi sifətdə qızartılar, gözlərin oynaması da. İndi atmaq, aldatmaq dəbdi. Amma acizin, yoxsulun biridi bu kişi. Üçdə alacağı, beşdə verəcəyi yoxdu. Burda "atmaq" söhbəti ola bilməz. Amma yetişmiş, gözəl-göyçək, su sonası- qızı Nurcahan var! Düz tapmışam! O kişini namus, qeyrət məsələsidi darıxdıran".
Birdən nə fikirləşdisə Əbdül dayı qurşaqdan yuxarısıyla Məhərrəmə tərəf əyildi. Yumruğunu başı üzərində tovlayaraq:
- Mən hər kəsin haqqını özünə qaytaracam! Heç kimə borclu qalmayacam! Kişi adımı, qeyrətimi təmizə çıxaracam! - deyib ikiqat olmuş Əbdül dayı barmağını gah yola, gah da Məhərrəmə silkələyir, tez-tez udqunurdu.
"Hə, zənnimdə yanılmamışam. Dava-qırğını məniynəndi". Qan Məhərrəmin beyninə vurur, onu soyuq tər alıb gedirdi. Alnının ortasında baş-başa gələn qaşlarının cod tükləri bir-birinə sarmandı. "Yox! Əsəbi başda ağıl olmur! Yüz ölçüb bir biçərlər belə yerdə. Əgər əlimdən yanıqlıdısa pişim-pişimlə qılığına girməliyəm. Şirin dillə ilanı yuvasından çıxarmaq olar"
- Əbdül dayı, maşınım iti gedəndi. Çox vaxt yanımda oturanın başı gicəllənir, ürəyi uçunur. Təyyarədə olduğu kimi də... Uçuş vaxtı stüardessalar sərnişinlərə nanəli "Barbaris" konfeti verirlər. Ürəkbulanması keçib gedir. Amma sən bilməzsən belə incəlikləri. Təyyarədə uçmamısan axı! Sənin samolyotun at-arabadı. Papaq altında oğullar var ki, Antalyaya şam yeməyinə uçurlar! Moskvaya günorta naharına. Dayan, dayan, sən bəlkə Məkkəyə Həcc ziyarətinə uçmusan? Deyirlər əlinə az-para pul düşən ora alverə gedir. Bəlkə təşkil edim, sən də gedəsən ora, ucuz alıb, baha satasan?
- Yox! Zina, haram işlər əlimdən gəlməz - deyə Məhərrəmə çəp-çəpi baxdı Əbdül kişi - Təklifə görə çox sağ ol. Amma sözü bişirməmiş ağzından çıxartma. Kiminlə nə barədə danışacağına fikir ver. Mən heç vaxt haram tikə yeməmişəm. Yemərəm də. Kefə qalanda övladlarım məktəbdən əla qiymət götirəndə kefim kökəlir. Evimizdə bayram olur. - deyib üzünü yana tutdu Əbdül kişi.
- Yaxşı, hirslənmə, götür bu Barbarisi, at ağzuva - deyib cibindən çıxardığı konfeti Əbdül kişiyə tərəf uzatdı Məhərrəm!
- İstəmirəm. Üz vurma, götürməyəcəm!
- Niyə? Nolar axı?! Konfetdi də!
- Bilirəm. Amma konfet yox ey, brilyant da olsa götürmərəm. Allah evini yıxmasın Alsoltanın, yazıqdı.
- Hansı Alsoltan? Keçmiş sovxoş direktoru? Səni də öz yanında baş mühasib işlədirdi? Axı, o, dostundu. İndi aranızda nə olub özünüz bilərsiniz. Ancaq bu konfeti at ağzuva. Rəngin-ruhun özünə gəlsin. Di götür, - deyə konfeti Əbdülün ovucuna basdı.
Əbdül kişi:
- Çox sağ ol, - deyib başını narazılıqla buladı və konfeti şitin üstünə qoyub Məhərrəmə tərəf sürüşdürdü:
- Qaynar süd içmişəm. Ağzım yanıb. Bundan belə suyu da üfürə-üfürə içəcəm. Ailəmə görə narahat olma! Dünyamız da belə qalmaz. Yoxsulluğun daşını ataram, inşallah. Konfetini qoy cibinə. Mən minnət götürməyəcəm heç kəsdən. Allah min rəhmət eləsin Alsoltanın atasına. Necə də yüngülləşirəm. Çiynimdən yüklər atılır.
- Ay Əbdül dayı, bir tanışım var, ömründə cəbhə üzü görməyib. Ancaq özünə əlillik kağızı düzəldib, düşüb idarələrin canına. İcra başçısından torpaq sahəsi alıb neçə hektar. Sosial Təminat nazirliyindən maşın götürüb, uşaqları məktəblərdə pulsuz oxuyurlar. Kəndin gur yerində bir maqazin açıblar onunçun. Döymədiyi qapı qalmayıb, nə istəyir verirlər. Görürəm, ayağını çəkirsən. Daşın altında qalıb əzilib. Şikəstsən də. Həkimlərin ağzına bir şey atım, bəlkə bir əlillik sənədi düzəldək səninçün?
- Ağzını yum! Paxırını dağıltma üstümüzə! Qanacaqsız! Gah alverə qoşursan məni, gah saxta sənədlərlə pensiyaya çıxardırsan! Mən fırıldaqçıyam?! Dələduzam?!
- Ay kişi, bu əyri dünyada düzlük sənə qalıb?
- Dünyanı yaradan düz yaradıb. Ancaq onu biraz əyiblər. Amma ürəyimə damıb ki, Qaraxanlının əyriliklərini düzəldən gələcək.
Təklifinin yersiz olduğunu anlayan Məhərrəm dilini uşaq kimi çıxarıb, astaca dişlədi. Başını çiynləri arasında gizlədib udqundu. Əbdül kişinin qəzəbli gözlərinə baxmaqdan çəkindi. Bığlarını tumarlamağı xoşlayan barmaqları, indi tükləri yoluşdururdu. Bəyaz sifəti pul kimi qızarmışdı.
Qamçı xoşlamayam kəhəri şallağa tutmuşdular. Ağrı güc verdikcə fınxırır, arxa ayaqları üstə bədənboyu qalxaraq qabaq ayaqlarını sağa-sola çırpa-çırpa aşağıdakı əli şallaqlıya qanlı-qanlı baxır, gürzlərə oxşayan qara, dolu dırnaqlarıyla onun başını dəlib-deşmək həvəsi get-gedə qızışırdı.
Maşın yoldan çıxmışdı. Xırda təpələr üstündə atıla-düşə irəliləyirdi. Ürəyində öz-özünü söyür, taleyini yamanlayırdı Məhərrəm "Əşşi, uşağam mən? Yoxsa əlsiz-ayaqsız acizin biriyəm? Yaxşılığı başa düşmür. Dişinin dibindən çıxanı döşəyir canıma. Dözmərəm, hirs vurar başıma, əlimdəm xata çıxar. "Kaş ki, çay qırağlndakı yeməkxana açıq olaydı. Orda bir çaynik kəkotulu, mürəbbəli, şokoladlı çaya qonaq eləyərdim kişini! Əcəblərim soyuyar, ağlımı cəm eləyərdim. Sonrası da allah kərimdi" düşüncələr içində pəncərədən aşağı boylandı Məhərrəm. Ancaq dərədə həmişə titrəyə-titrəyə axan balaca çay qurumuşdu. Böyüyüb, şişmiş ağ daşları gözə girirdi. Amma bu nədi? Yeməkxananın bacasından tüstü çıxmır. Müdir Süleymana çər dəyib? Həmişə mələfələrlə ağaran stollar, indi bozarır. Əlində boşqablarla ora-bura qaçışan ofisant Əlyar da yoxdu. Birdən maşının ağzı dikə dirəndi. Məhərrəm yuxudan ayıldı elə bil. Qazı artırıb təpəni aşdı. Sonra yenə əyilib pəncərədən aşağı boylandı.
- Hə, Məhərrəm bala, yaman xoşuma gəlirsən. Tez-tez pəncərənin gözündən başını çıxarıb dərədəki çaya baxırsan ki, su var, ya yoxdu? Quruyub, daşları ağara qalıb.
- Eh... - köks ötürdü, Məhərrəm. Sürəti azaldıb bir də dərəyə boylandı. Yeməkxana qapısında girvənkəlik kilidi görüncə:
- Yoxdu! Yoxdu! Yoxdu! - bağırıb əliylə dizini yumruqladı. Amma karın gönlündəki başqaydı. Əbdül kişi bu "yoxdu", "yoxdu" nidalarını "çayda su yoxdu" kimi başa düşür, buna görə də Məhərrəmn narahat olması onun xoşuna gəlirdi. .
- Əlbəttə, ot kökü üstə bitər. Elə rəhmətlik anama çəkmisən! Mən zənnimdə yanılmamışam. Qeyrətli, elcanlı oğlansan. Çayda su yoxdu! Bax, elə bu susuzluğun bizə necə od qoyduğudu səni darıxdıran. Çayda su yoxdursa deməli dəyirmanda daşlar hərlənməyəcək. Ah, noola ki, hərrə-daşın altından fəvvarələrlə sışrayan un topaları havada yelpic kimi yellənə. Sonra bu yelpinclər dəyirman təknəsinin taxta divarına çırpıla, unun sərin küləyi aclığın yanğılarını soyuda. Amma dəyirman arxında su yoxdur, təknələrdə çörək axtaran əllər süfrəni çırpıb dağıdacaq, iti, əsəbi barmaqların ucunda təknə divarlarından talaşalar qopacaq.
- Ay kişi, - deyə Əbdül dayının sözünü ağzında kəsdi Məhərrəm, - Mən su yoxdu deyə darıxıb eləmirəm. Gəl sən də olmayan şeyi boynuma qoyma. Rayonun Su idarəsi, Təbiəti Mühafizə təşkilatı, İcra hakimiyyəti var. Qoy göllərin, nohurların sularını nasoslarla çəkib axıtsınlar həyətlərə!
- Başa düşürəm səni, Məhərrəm, əsəblərin sözünə baxmır. Rayonda ağırdı vəziyyət. Yemi, suyu çatmır mal-qaranın qırılmaq qorxusu var. Bəlkə sənin kimi imkanı olan başqa birisi yaxasını kənara çəkər, Moskvaya günorta naharına, Antalyaya şam yeməyinə uçar, Qara dəniz sahilindəki kurortların birində eyş-işrətə qurşanardı. Amma sən el-oba adamısan, çətinliklərə biganə deyilsən. Elə bil qurğuşun çəkilib göyün üzünə. Günəş qızışdıqca qızmar hava daşı-torpağı qurudur. Canlılar boğulur. O yamacdakı ağaclara bax! Yaşıl yarpaqları qızarıb, tökülüb! Elə bil ki, qırmızı kərpicləri doğrayıb səpiblər meşənin yerinə. O dəhşətli mənzərələr qanını yaman qaraldır. Mən səni bu dərəcədə torpağa, kökə bağlı, bir belə təəssübkeş bilməzdim.
Məhərrəm: - Çox tərifləmə məni. Qoltuğumun altına qarpız qoyma!
- Əlbəttə, xoşbəxtəm ki, səni özümçün kəşf eləmişəm. Çətin vaxtdı. Başbilənlərimiz də xəşilin yağlı tərəfini öz qabağına çəkənlərdi. Toxun acdan xəbəri yoxdu. Belə getsə bostanlar, tərəvəzlər xəzəl olacaq. Təbiətin üzü dönüb. İndilər leysan yağışlarının vaxtıdı. Ancaq yağmır. Çayda su yoxdursa, dəyirman daşları hərlənməyəcək. Təndirlər qalanmayacaq. Bağlar barsız, uşaqlar meyvəsiz qalacaqlar.
Məhərrəm Əbdül kişinin böyüklüyü önündə kiçilirdi. "Kəsək oturub daşın halına ağlayır? Özün belə cırtdan, amma ürəyin də fil ürəyi. Bu kişi bəlkə yuxuda da acdı. "Təknəni cırmaqlayan barmaqlar təknədən talaçalar qoparır". Eşidəndə adamın tükləri biz-biz olur. Günü-güzaranı belə ağır, amma həyata məhəbbəti dəryalarcadı. Ağlım oynayanda əsəblərim qarışır, danışığımı, hərəkətimi bilmirəm. "Ay yönsüz, ay taxtabaş, gözünü yaxşı-yaxşı aç, bu kişiyə qaynataya baxan kimi bax!". Uşaqları balacadı. Əl yetir, tez böyüsünlər. Çalış oğlu Bəyəri samballı bir işə düzəlt. Bu kişi kasıblığın daşın atsın."
İllərlə hökm sürən Sovetlərin binəsi sökülür, tağları uçulurdu. Azərbaycanda dağıdıcı müxalifət dövlət başçısını ölkədən qaçırtdı. Hakimiyyətə gələn səriştəsiz prezident nüfuzlu kürsülərdən "Biz İranı özümüzə birləşdirib gücləndirəcəyik". "Çinə bayrağımızı sancmalıyıq". "Türklərə qardaş olarıq!" - deyə bağırır, özünü dünya ictimaiyyətinin gözündə kiçildir, gülünc vəziyyətə salırdı.
Ölkədə qapa-qap, capa-cap başlanmışdı. Bəzi nazirlər balanslarında olan mülkləri, torpaq sahələrini, dövlət əmlakını dollara çevirib altlarını doldururdular. İcra hakimiyyəti başçılarının sərəncamıyla kəhrizlər, bulaqlar, göllər tikanlı məftillərlə çəpərlənir, örüşlər, yaylaqlar imkanlılar arasında bölüşdürülürdü.
Araya çökən sakitliyi "Koroğlu" üverturasının qıvraq sədaları pozdu. Kabinə uğuldadı. Telefondakı çağrışçının nömrəsini görən Məhərrəmin dodaqları qaçdı:
- Hə, Əbdül dayı, zəng vuran yoldaş Bədəlovdu! Özümü tanıyandan onu Qaraxanlıdakı Dövlət Bankının direktoru görmüşəm. İndi özəlləşdirib onu. Görürsən də kimlərlə işləyirik, - deyib lovğa-lovğa irişdi. Amma bu süni təbəssüm Əbdül kişini açmadı. Qaş-qabaq salladı. Bunu görən Məhərrəm də əsəbiləşdi. Telefonun bir neçə düyməsini birdən basdı. - Bəli, bəli! Məhərrəməm mən, eşidirəm, yoldaş Bədəlov. Nömrənizi görən kimi tanıdım. Bir qulluğunuz, tapşırığınız olsun!

(ardı var)


İmza:
SON XƏBƏRLƏR
2017-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK