adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Dekabr 2017 22:55
13627
ƏDƏBİYYAT
A- A+

BİR GÜNÜM BİR ÖMRƏ YETƏR

Deyən Kişi dünya ilə heç-heçədi

Şair Sabir Yusifoğlu öz sözünü artıq oxuculara çatdırıb. Necə deyərlər, o, necə yazdığını, hər bir misrasıyla, hər bir fikriylə oxucu süfrəsinə təqdim edib və onun təqdim etdiyi rəngarəng misra və fikirləri də biz artıq yaddaş kartımıza yazmışıq. Bu obrazlı deyimin ardınca vurğulamaq istəyirəm ki, hər kitab özündən öncə əgər səsini, sözünü özündə toplayıb gətirdiklərini oxucuya mesaj edə bilibsə, onda...
Bəli, bax onda bu gəliş gözlənilməz olmur və hər kəs də əlini o kitaba doğru ürəklə, inamla uzadır. Səbəb də bu kitabın nədən ibarət olduğuna az-çox bələdçilikdi. Bax, bu mənada mən Sabir Yusifoğlunun poeziyasına, şeir çələnginə bələd olduğumdan onun əldə etdiyim kitabını da tez-tez gözdən keçirirəm. Redaktoru Ulu Ağsəs olan "Dünya ilə heç-heçəyəm" kitabını da demək olar ki, dəfələrlə bir oxucu marağı ilə gözdən keçirmişəm. Hər vərəqləyəndə də yaddaşıma fərqli-fərqli məqamlar naxış salıb. O naxışlardan biri belədi:

Bir az yoxam, bir az varam,
özümnən də dəyib aram.
Birdən özümdə olmaram,
bax ha,
özüm deyəndə gəl!..

Mənə elə gəlir ki, içində iynə ucu boyda işıq olan, məhəbbət duyğusu olan hər kəs bu misranı oxuyanda istər-istəməz onu təkrar bir də gözdən keçirəcək. Və istər-istəməz dodaqları o misraları təkrar bir də oxşayacaqdı. Axı, söhbət ən pak və ən səmimi duyğulardan gedir. Və üstəlik, bu söhbətin kökləndiyi simdə başqa bir çalar da var. O çalar da belədi:

Gedək,
orda nə ev-eşik,
nə də bir otaq olmasın.
Heç Allah da işimizə
qarışıb ortaq olmasın.

Bəli, mən Sabirin bu həzin pıçıltısını elə bil ki, ürəyinin səsi kimi lap yaxından eşidirəm və eşitdiyim o səs, daha doğrusu, o pıçıltı deyəsən təkcə mənə deyil, elə divara söykənib dayanmış sənə də çatır, sənə də özünü eşitdirir. Çünki Sabir deyir ki:

Ürəyimin saatını
düzəldib qurdum divara.
ovuclayıb dərdlərimi
ürəklə vurdum divara.

Bu divar durub neyləsin,
bircə belini əyməsin.
Vətənə soyuq dəyməsin,
çiynimi verdim divara.

Dünyanın başı çatışmır
ağlı, ya yaşı çatışmır?!
Gördüm ki, daşı çatışmır
özümü hördüm divara.

İndi özünüz deyin, dünyanın pozulan tarazlığını, uçmuş divarını düzəltməyə çalışan, ona özünü daş kimi hörən, tarazlığını saxlamaq üçün çiynini söykəyən şair təkcə gücü çatanı etmir. Həm də hər kəsi ona qoşulub gücü çatandan artıq nələrisə etməyə kökləyir. Və bununla insanlara dünyadakı pozulan tarazlığı da xatırladır, üstəlik nələrsə etməyə lazım olduğunu da. Elə bu məqamda şairin və şəxsən bir oxucu kimi mənim gözümün önündə gəlib Qarabağ dayanır.

Bu səs yurdun qərib səsi,
özüm üçün qəribsədim.
Bir "Qarabağ şikəstəsi"
uçur Qarabağa tərəf.

"Dünyayla heç-heçəyəm" deyən şair bu məqamda Qarabağa tərəf uçan səsiylə təsəlli tapsa da, amma onu da dəqiq bilir ki, bir gün əlləri də, ayaqları da ondan izinsiz Qarabağa tərəf qaçacaq... onun xilası üçün silaha sarılacaq. Bax, onda hətta yolunun üstündə itib onun arxasınca baxan lalə də onu saxlaya bilməyəcək. Çünki söhbət Vətənin xilasından gedir.

Bəxtimə gün doğub, günümdə yandır,
Allah, onunsuz ömrü, günü dayandır.
Sındırmaq istəsən, sən məni sındır,
Sındırma arxamca baxan laləni.

Hər bir şairin, ümumiyyətlə, hər bir söz adamının hər də bir yazı ovqatı olur. Mənə görə, şeir ürəkdən kağızı süzülənə qədər şair o ovqatı yaşayır. Dünyaya gələn şeir həmin ovqatı şairin əlindən alıb hopdurur özünə. Onda oxucu qarşısına şeir bax, belə çıxır:

Sən mənə çox fikir vermə,
Bir az köhnəlmiş kişiyəm.
Ağlına gəlməyən belə,
Dərdlə yüklənmiş kişiyəm.

Hər şey köhnəlmiş bayatı,
Ümid cücərir, boy atmır.
Hər hava canıma yatmır,
Sözə köklənmiş kişiyəm.

Bir günüm bir ömrə yetər,
Bu ömür də bir gün bitər.
Dünyada Allahdan betər,
Təkəm, təklənmiş kişiyəm.

Bəli, mən Sabirin sizə təqdim etdiyim bu kitabını şair dostumuz, həm də bu kitabın ön sözünün müəllifi İbrahim İlyaslıya yazdığı şeirlə tamamlamaq istəyirəm. Bu da təsadüfi deyil. Çünki həmin şeirdə Sabir həm də bizlərə deyir ki:

Dərinə çox getdik deyə,
Elə də üzdə olmadıq.
Görünməyə göründük e...
Di gəl ki, gözdə olmadıq.

Yəqin ki, bu misraların özü artıq mənim, xüsusilə Sabirin nə demək istədiyini ifadə edir. Amma Sabir kişi, biz özümüzü göstərməsək də, yəni gözlərə təpməsək də, görmək istəyənlər özləri görəcəklər.