adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

UNA NƏ QATAQ?

FAİQ QİSMƏTOĞLU
58194 | 2017-12-05 23:04
... Biz artıq hər şeyə bir şey qatmağa alışmışıq. Və öyrəşmişik ki, nəsə qatqı olmayanda onu da yeyə bilmirik. Gərək qatqı olsun ki, biz də həmin məhsulu bəh-bəhlə yeyək. Yoxsa əks təqdirdə, bizim ağzımız yaxşı yeməklərin dadını çox çətin ki, bilə! Axı, biz həm də boyat-boyat, köhnə-köhnə qidaları və yeməkləri həzm eləməyə öyrəşmişik. Hər şeyə öyrəşirik, hər şeyə bizi öyrəşdirirlər və bundan sonra da hər şeyə öyrəşəcəyik. Ağzımız nədi ki, nəyəsə öyrəşməyək. Yoxsa o məhsullara min cür qatqı qatanlar ağzımızı cırıb qulağımızın dibinə qoyar və deyərlər ki, yeyirsiniz yeyin, yemirsiniz cəhənnəmə yeyin!..
Məsələn, kolbosaya nəsə qatıllar dinmirik, yağın başına yüz oyun açırlar susuruq, şəkər tozunun, şirniyyat məhsullarının içinə nə qatırlar onu bir Allah bilir, buna da göz yumuruq. Məsələn, arağın içərisinə dimidrol qatırlar və onu da içənlər keflənməklə yanaşı, həm də bərk yuxuya gedirlər. Yəni yata bilmirsənsə, bizim yerli araqlardan (heç xaricdən gətirilənlər də əvvəlkilər kimi keyfiyyətli deyil) o dəqiqə yuxu səni tutacaq, kəlləni atıb yatacaqsan. Və qalxanda görəcəksən ki, başın bədənindən çıxır...
Çaya, konserviləşdirilmiş məhsullara nələr qatmırlar. Allah bilir bu oyunbazlar bu məhsullara nə qədər qatqılar əlavə edirlər. Heç uzağa getməyək, "Qəbələ südü" adıyla satılan məhsulların da başına olmazın oyunu açılır. Babalı deyənlərin boynuna: buyururlar ki, bəh-bəhlə satılan həmin südün tərkibinə nə qədər kimyəvi qatqılar əlavə olunur. Bilmirsiniz ki, dədə-babadan südü bir-iki gün saxlayan kimi o dəqiqə çürüyür. Bəs "Qəbələ südü" niyə çürümür? Çürüməz də, onun başına açılan oyun hər hansı bir insanın başına gətirilsə, o insan dönüb olar cavan oğlan. Axı indi hər şey müxtəlif kimyəvi maddələrlə zənginləşdirilir və onun müddəti uzadılır.
İndi çoxları yod çatışmazlığından danışır. Heç 30-40 il bundan əvvəl belə yod çatışmazlığı yox idi. Və yod çatşmazlığının olması da müxtəlif cür xəstəliklər yaradır. Tibbi dildə bu xəstəliyə qalxanvarı vəzin ağırlaşması deyilir. Ancaq loru dildə isə bu xəstəlik belə adlanır: zob! İndi düşünün görək bu yod çatışmazlığından ölkəmizdə on minlərlə insan necə əziyyət çəkir. Hətta mağaza və dükanlarda satılan əksər duzların tərkibi yodlaşdırılmayıb. Bax, onda görün bu yazıq camaat yodsuzluqdan hansı əzab-əziyyəti yaşamalı olurlar.
İndi də söz-söhbət gəzir ki, bəs unun tərkibinə də müəyən vitaminlər vurulacaq. Yaxşı, belə isə niyə indiyə qədər bununla əlaqədar lazımı qurumlar bir addım belə irəliyə getməyib? Görəsən, gün hardan doğub belə? Yenə yadıma 40 il bundan əvvəl anamın bişirdiyi isti təndir çörəyi düşür. Onda hər şeyin dadı-tamı vardı. Onda bir çörəyi pendirlə, soğanla bal kimi bəh-bəh deyə-deyə yeyərdk. Onda tək anamın bişirdiyi təndir çörəyi deyil, hər şeyin dadı-tamı vardı. İndi nə yeyirsən bir dad hiss eləmirsən. Çünki əksər məhsulların geni dəyişdirilib və ölkəmizə geni məlum olmayan toxumlar gətirilib.
Bəs necə olmalıydı? Bilmirsiniz ki, hər şeyin geni dəyişdiriləndə, yerli toxum növləri bilərəkdən məhv ediləndə belə bir hadisələr başımıza gəlməliydi? Ölkəmizdə nə qədər institutlar var, elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir. Gərək onlar yerli toxumların məhv olmasına imkan verməyəydilər. Hansı ki, o institutlara dövlət tərəfindən ətək-ətək pul ayrılır. O pullarsa göyə sovrulur və kimlərinsə cibinə axır.
Bakıda camaatın içdiyi Kürün suyunu nə qədər təmizləsən də və onun tərkibinə nə qədər əlavələr qatsan da, yenə o suyu qaynatmadan içmək mümkün deyil. Əgər kimsə içə bilirsə, onunla hər dəqiq, hər an mübahisə etməyə, hətta mərc kəsməyə hazırıq.
Bir halda ki, unun da tərkibinə müəyyən vitaminlər qatmaq istəyirlər, qoy qatsınlar! Təki ondan bişirilən çörəklər dadlı olsun. Təki o çörəklərdən anamızın 40 il bundan əvvəl bişirdiyi təndir çörəyinin ətri gəlsin. Təki bu dadlı, bu bərəkətli çörəklər əvvəlki çörəklər kimi doyumlu olsun və insanlar tərəfindən bəh-bəhlə alınsın. İndi görək o qatqını əlavə edəndən sonra bu çörəklər 40 il bundan əvvəlki çörəyin ətrini, dadını verəcəkmi? Bax, bunu zaman göstərəcək. Zamanasa etibar yoxdu...

TƏQVİM / ARXİV