adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Dekabr 2017 16:35
52290
HÜQUQ
A- A+

Nail Allahverdiyevin məhkəmə istintaqı keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı keçirilib.

Adalet.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub.Bildirilib ki, onlar hazırda Türkiyədə müalicə alırlar.

Şahid qismində isə Nailin atası Elman Allahverdiyev və dostu Mirməhəmməd İsmayılov ifadə veriblər.

Prosesdə Nail Allahverdiyevin vəkili təqsirləndirilən şəxs barəsində aparılan istintaqın qərəzli olduğunu qeyd edərək hakimdən müdafiə etdiyi şəxsə qarşı irəli sürülən 264-cü maddənin əsassız sayılmasını istəyib.

Daha sonra işə ekspert rəyi verən Sabir Şabanov danışıb. Onun ardınca çıxış edən Nail Allahverdiyev sosial mediada özü barəsində yazılan yazıları həqiqətə uyğun hesab etməyib.

"Mən həmçinin, məhkəmə psixoloji ekspertizasının rəyi ilə də razı deyiləm. Onu da qeyd edim ki, hadisə yerindən qaçmamışam. Sosial şəbəkələrdə mənim haqqımda həqiqətə uyğun olmayan yazılar yazılıb. Mən də hər kəs kimi sıravi Azərbaycan vətəndaşıyam. Məhkəmədən ədalətli qərarın verilməsini istəyirəm. Ümid edirəmki, ədalətli qərar veriləcək".

Xatırladaq ki, məhkəmə iclasında hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyeva iştirak ediblər. Prosesdə zərərçəkmiş tərəf kimi iştirak edən Ramiz Əsədov qəza zamanı yolu keçən piyada Vaqif Əsədovun oğludur. Ülviyyə Əliyeva isə Nail Allahverdiyevin sürücüsü olmuş və qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımıdır.


Nicat Novruzoğlu