adalet.az header logo
  • Bakı 13°C
05 Dekabr 2017 16:28
23694
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan Xalça Muzeyi könüllülərə iş verib

Dekabrın 5-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Könüllülər Günü münasibətilə "Muzey və könüllülər” adlı tədbir keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoruŞirin Məlikova bildirib ki, Beynəlxalq Könüllülər Gününün qeyd edilməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 17 dekabr 1985-ci il tarixli 40/212 saylı Qətnaməsinə əsasən təsis edilib.

O, deyib ki, 2016-cı ildən Azərbaycan Xalça Muzeyi bütün dünyada geniş yayılmış "Könüllülər hərəkatı”na qoşulub. Şirin Məlikova bütün dünyada muzeylərdə könüllülərin çalışdığını vurğulayıb. O, qeyd edib ki, könüllülərin əsas fəaliyyəti insanların muzeylərə marağının artırılması, muzey işində təcrübə, bacarıq və qabiliyyətlərinin inkişafına yönəldilir.

"Mədəniyyət və İncəsənət Universiteti, Rəssamlıq Akademiyası, Dillər Universiteti, İqtisad Universiteti və Bakı Humanitar Kollecinin 40-a yaxın tələbəsi muzeyin könüllüləri sırasına qoşulublar” – deyə Şirin Məlikova vurğulayıb. O, bildirdi ki, könüllülər arasından altı nəfər artıq muzeydə işlə təmin edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova Azərbaycan Xalça Muzeyinin təmsil etdiyi ali məktəbin tələbələri üçün təcrübə və istehsalat bazası rolunu oynadığını bildirib. ADMİU-nun tələbələrinin muzeyin layihələrində iştirak edərək öz yaradıcılıq potensiallarını göstərdiklərini deyib.

Sonra könüllülər tərəfindən muzeydə təcrübə keçdikləri dövrə həsr olunmuş video çarx və təqdimat göstərilib.

Tədbirin sonunda könüllü gənclərə sertifikatlar təqdim olunub.