adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Dekabr 2017 10:09
13958
İDMAN
A- A+

“Roma” - “Qarabağ” oyununa azərbaycanlı azarkeşlər sürpriz HAZIRLAYIB

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Qarabağ” klubu İtaliyanın "Roma” klubu ilə qarşılaşacaq.

Oyundan öncə bir qrup azərbaycanlı gənc İtaliyaya gedən "Qarabağ” klubunun futbolçularını coşqu ilə qarşılayıb.

Bu barədəAzərbaycan-İtaliya Gənclər Assosasiyasının həmsədri Emin Rüstəmov Modern.az-adanışıb. O bildirib ki, Assosasiyanın təşəbbüsü ilə bir qrup gənc milli musiqimizin sədaları altında komandamıza dəstək nümayiş etdirib:

""Qarabağ” klubunun futbolçuları ilə görüşdük və demək olar ki, hamısı ilə həmsöhbət olduq. Futbolçularımız bizə çox mehriban və səmimi münasibət göstərdilər.

Bəzən onları salam verməməklə qınayırlar. Amma nəzərə almaq lazımdır ki, oyunçularımız uzun yol gəlir və yorğun olurlar. Bu baxımdan onlarla görüşməkdə heç bir problem olmadı. Hazırda əhval-ruhiyyə əladır və hər kəs səbrsizliklə bu günkü oyunu gözləyir”.

E.Rüstəmov qeyd edib ki, "Qarabağ”-"Roma” oyunu zamanı stadionda sürpriz olacaq:

"Azərbaycanlılar olan sektorda 162 nəfərin iştirakı ilə bayrağımızın təsvirini özündə əks etdirən bir xareoqrafiya hazırlamışıq. Hər kəsə bir ədəd A3 formatında rəngli kağızlar düşür. Həmin kağızları yuxarı qaldıran zaman bayraq əmələ gələcək. 28 nəfərin iştirakı ilə isə böyük "Qarabağ” yazısı olacaq. Yuxarıda bayraq təsvirinin, aşağıda isə "Qarabağ” yazısının eyni anda açılması bir növ subliminal mesajdır. Biz Qarabağın Azərbaycana məxsus olduğunu bir daha xatırladacağıq.

Əslində siyasi pankartların açılmasına icazə vermədilər. Ona görə də bunu edə bildik. Bunun üçün kluba müraciət etmişik ki, UEFA-dan icazə alsınlar. Bildiyim qədərilə artıq heç bir problem qalmayıb. Ümid edirik, uğurlu alınar. Qeyd edim ki, ideya bizə məxsusdur”.

Müsahibimiz bildirib ki, oyunda Azərbaycan sektorunda 200-dən çox azərbaycanlı olacaq:

"Amma romalıların arasında da azərbaycanlılar olacaq. Çünki bileti oradan alanlar da var”.

Xatırladaq ki, "Roma”-"Qarabağ” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı "Olimpiko” stadionunda başlayacaq.