ANA SƏHİFƏ / Layihə

CANLI TARİX

1651    |   2017-12-05 00:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Əslində bu yazını içimdə çox yazmışam. Özü də hər dəfə fərqli-fərqli üslublarda, fərqli-fərqli fikirlərlə, sözlərlə. Düzünə qalsa, bu cür yazmağımın, yazıya bu yanaşmağımın səbəbini heç fikirləşməmişəm də. Eləcə içimdən keçib... ilk cümləsindən başlayıb sonuncu nöqtəsində bir də görmüşəm ki, yazını bitirmişəm. Bütün o yazdıqlarımın təkcə ikisini yəqin ki, oxucular yadlarında saxlayıblar və yaxud da xatırlayırlar. Onlardan biri mənim tələblik illərimə təsadüf edir...
Dövlət Universitetində oxuyurdum. O vaxtlar "Lenin tərbiyəsi uğrunda" adlı universitet qəzeti var idi. Qəzetdə işləyirdim. Bu mənə həm maddi cəhətdən köməklik idi, həm universitetin, eləcə də universitetin məzunları ilə əlaqələr qurmaqda, həm də ürəyimdəkiləri yazmaqda. Bax, həmin günlərin birində qəzetin redaktoru, çox hörmətli Ağamusa Zeynalov mənə tapşırıq verdi:
- Dədə, Cəmil müəllimlə əlaqə saxla, qəzetimizin yubileyi ilə bağlı ürək sözlərini öyrən.
Adətən işçilərinə "dədə" deyə müraciət edən Ağamusa müəllim sözünü başa çatdırmamış hiss etdi ki, ona maraqla baxıram. Açığını deyim ki, onun söylədiyi ad mənə tanış, doğma olsa da, ancaq hansı Cəmil müəllimdən söhbət getdiyini bilmirdim. Deyəsən, Ağamusa müəllim ürəyimdən keçənləri hiss etdi və bir az qınaq dolu təbəssümlə dedi:
- Dədə, bizim Cəmil müəllim deyirəm. Sənin də kəndçin, həmyerlindi!..
Artıq söhbətin kimdən getdiyi mənə bəlli oldu. Bildim ki, Cəmil Əlibəyovun telefonunu axtarıb tapmalıyam, onunla görüşməliyəm. Dostların, tanışların vasitəsi ilə kinostudiyanın nömərsini tapdım. Onda Cəmil Əlibəyov Azərbaycanın bu möhtəşəm ünvanına, Cəfər Cabbarılının adını daşıyan kinostudiyaya rəhbərlik edirdi...
Mən Cəmil müəllimlə görüşə tələsdim. Cəmi beş dəqiqə vaxtını aldım. Amma bu beş dəqiqə ömrümə, yaddaşıma yazıldı. Onun səmimiyyəti, qarşısındakı şəxsin kimliyindən asılı olmayaraq, göstərdiyi mehribanlıq, hətta bir tələbəni çaya qonaq etməsi yenicə böyük söz dünyasına qədəm qoyan, daha doğrusu, bu istəkdə olan mənim üçün çox böyük diqqət, çox böyük ehtiram idi...
İkinci dəfə mən Cəmil müəllim haqqında "Ədalət" qəzetində yazı yazdım. Onda da elə indi olduğu kimi, yazını yazmağımın təşəbbüsçüsü millət vəkili Aqil Abbas oldu. Sözarası mənə dedi ki, Cəmil müəllimin 75 yaşı olur... Bu sözlər mənə bəs etdi və mən Cəmil Əlibəyov haqqında bildiklərimi, eşitdiklərimi, ondan oxuduqlarımı gözümün önünə gətirdim, yenidən təkrarladım, xatirələrə daldım. Hətta Cəmil müəllimin doğulduğu kəndi, lap elə onun dünyaya gəldiyi evi, ocağı yaddaşımda təkrar ziyarət elədim. Həmin arada Füzuli rayonunun qaim-qədim kəndlərindən olan Dədəlini bir kino lenti kimi gözümün önündən keçirdim. Bu kənddə Əlibəyovlara aid o mülkün həyət-bacasını gəzib dolaşdım. O mühitdə mənə süfrə açan, məni qonaq kimi əzizləyən mərhum Ayaz müəllimi xatırladım. Yeri gəlmişkən deyim ki, zamanında sözünün kəsəri ilə, şəxsiyyəti ilə çoxlarımızın öyündüyü Ayaz Əlibəyov əsl bəy oğlu bəy, əsl kişi oğlu kişi idi. Çünki o, "ot kökü üstə bitər" atalar sözünün canlı nümunələrindən biri idi. Mən bu həyətdə gördüyüm gülləri, çiçəkləri kom halında başqa həyət-bacada görməmişdim və bu gün də görməmişəm. Cəmil müəllimin bu ata ocağında yüz illiklərin oturuşmuş bir adəti, bir qayda-qanunu heç bir diqtəsiz, heç bir təsirsiz, özü öz axarı ilə davam edirdi...
Mənim Cəmil müəllimin yubileyi ilə bağlı yazdığım o ikinci yazı bilmirəm necə alındı, amma onun oxucusu, onun həmyerlisi, onun soydaşı kimi çalışdım ki, əsərlərinin içərisindən baxıb Cəmil müəllimə öz oxucu sevgimi çatdırım. Yenə səmimi etiraf edim ki, o yazının necə alındığını heç indi də xatırlamıram. Bircə yaddaşımda o qalıb ki, həmin vaxt, daha doğrusu, yazı çap olunandan sonra o illərdə baş redaktorluq edən Aqil Abbas mənə Cəmil Əlibəyovun təşəkkürünü çatdırdı. Təbii ki. bu Cəmil müəllimin soyundan, kökündən gələn bir ağayanalıq, bir diqqət idi. Ola bilsin ki, mənim yazım bəlkə də həmin günlərdə yubilyara ünvanlanmış təbriklərin sırasında ən sonuncu yerdə dayanmışdı. Amma buna baxmayaraq, Cəmil müəllim öz böyüklüyünü ortaya qoymuşdu və bu mənim üçün çox böyük qiymət idig
Bugünün oxucusu, daha doğrusu, bu günün gəncliyi ola bilsin ki, Cəmil Əlibəyovu o qədər də yaxşı tanımır. Ona görə də mən bir balaca keçmişə. Cəmil müəllimin tərcümeyi-halına üz tuturam. Xatırlatmaq istəyirəm ki, Cəmil Ədil oğlu Əlibəyov 1927-ci il dekabr ayının 5-də Füzuli rayonunun Dədəli kəndində doğulub. Çox qədim bir nəslin, bir kökün davamçısı olan Cəmil müəllim ağır uşaqlıq, çətin yeniyetməlik dövrü yaşayıb. Atası bolşeviklərin represiya maşınından canını qurtarmaq üçün Araz çayının o biri tayına keçməyə məcbur olub. Anası Ziba xanım övladlarını böyük çətinliklərlə böyütməyə məcbur olub. Kulak uşaqları olan Cəmil müəllim, eləcə də onun digər ailə üzvləri dövrün ən sərt sınaqları ilə qarşılaşıblar. Təsəvvür edin ki, bolşeviklər Cəmil müəllimin ata mülkünü məktəb ediblər, amma bu məktəbdə Cəmil müəllimə oxumağa imkan verməyiblər. Çünki o, qolçomaq övladı idi, bəy oğlu idi. Buna baxmayararq, Allah Cəmil müəllimə fitri bir istedad, qabiliyyət vermişdi, onu bolşeviklər Cəmil müəllimn əlindən almaq gücündə deyildilər. Bu haqsızlığın qarşılığı olaraq Cəmil müəllim dayılarının yardımı ilə elə evdəcə təhsil aldı, yazdı, oxudu, öyrəndi. Onun hazırlıq səviyyəsini görüb ali məktəbə qəbul etdilər. Burada da bədxahlar dinc dayanmadı, burda da yazıb-pozdular. Dövlət universitetinin sonuncu kursunda, şərqşünaslüq fakültəsində oxuyan Cəmil müəllimi universitetdən kənralaşdırdılar. O dözdü, o mübarizə apardı və nəticədə qalib gəldi və universitetə bərpa olndu. Təhsilini başa vurandan sonra onu "Azərbaycan gəncləri" qəzetinə işə qəbul etdilər. Bu, 1949-cu il idi. Çox qısa müddət işlədi. Yenə yazdılar, yenə Moskvanı, Bakını qarışdırdılar və yenə də Cəmil müəllimi işdən uzaqlaşdırdılar. Çünki o, bəy oğlu idi. Stalinin ölümündən sonra Cəmil müəllim yenidən "Azərbaycan gəncləri" qəzetindəki işinə qayıtdı. Qısa bir müddətdə kiçik ədəbi işçidən baş redaktor vəzifəsinə yüksəldi. Məhz Cəmil Əlibəyovun dövründə onun istedadının, rəhbərlik məharətinin nəticəsində 20 min tirajla çıxan "Azərbaycan gəncləri" qəzeti artıq 450 min tirajla çap olunurdu. Azərbaycan kimi balaca bir respublikada gənclərə aid 450 min tirajlı qəzetin çap olunması elə-belə asan məsələ deyildi. Bu məsələni Cəmil Əlibəyov həll etmişdi, bu qabiliyyəti Cəmil Əlibəyov ortaya qoymuşdu!
Burda bir məqamı da xatırladım. Cəmil Əlibəyovun baş redaktor olduğu illərin qəzetlərini paytaxtımızın ən böyük kitabxanası olan Axundov kitabxanasında dəfələrlə vərəqləmişəm. Mətbuatdakı rəngarəngiliyin, mətbuatın oxucu ilə təmasını, əlaqələrini onun səhifələrində rahatca görmüşəm, izləmişəm. Bir oxucu kimi, bir yazı-pozuya meylli adam kimi görmüşəm ki, Azərbaycanın ən ucqar kəndlərindən də "Azərbaycan gəncləri" qəzetinin ünvanına məktublar gəlib, oxucu arzuları, oxucu istəkləri çatdılıb. Bu qəzet-oxucu körpüsünü məhz Cəmil Əlibəyov yaratmışdı. Ona görə də Cəmil Əlibəyov məktəbini keçənlər, tez-tez deyldiyi kimi, Cəmil Əlibəyov "şinelindən" çıxanlar qəzeti də, qəzetçiliyi də, jurnalistikanı da uca tutublar, həmişə seviblər, həmişə sevdiriblər. Bu gün də "Azərbaycan gəncləri" qəzetinin adı gələndə ilk xatırlanan imza sahibi kimi Cəmil Əlibəyovun adı yada düşür.
Cəmil müəllim Azərbaycan ictimaiyyətinə təkcə jurnalist, qəzetçi, publisist kimi deyil, həm də yazıçı, dramaturq, ssenarist kimi də çox yaxşı tanışdır. Onun 50-yə yaxın kitabı ölkə daxilində, sovetlər dönəmində Azərbaycanın hüdudlarından kənarda böyük tirajla çap olunub. Bir oxucu kimi onun sevə-sevə oxuduğum "Mənim analı dünyam", "Sınaq", "Həyatın özü", "İlk məhəbbət", "Qış məcarası" romanları, çoxlu sayda hekayə və povestləri bu gün də mənim oxucu yaddaşımda dərin iz buraxıb. Burda bir məqamı xüsusi qeyd etməliyəm ki, Cəmil müəllim öz yaşadıqlarını, öz müşahidələrini yazan yazıçıdır. Ona görə də əsərləri maraqla qarşılanıb, maraqla da oxunubdu. Üstəlik, onun kinostudiyaya rəhbərlik etdiyi illərdə Azərbaycan kinosunun çox byöük sıçrayışlar etməsi danılmaz bir faktdır. Məhz həmin illərdə dalbadal, bu gün də maraqla izlədiyimiz bədii filmlər çəkilib. Onların arasında "Dədə Qorqud", "Babək", "Tütək səsi", "Dərviş Parisi partladır", "Qaynana", "Ad günü", "İstintaq", "Papaq" və digər filmlər on minlərlə tamaşaçının sevgisini və rəğbətini qazanıbdır.
Ümumiyyətlə, Cəmil Əlibəyov istər qəzetdə, istər kinostudiyada, istər Azərbaycan Televiziyası və Radiosu Komitəsində sədr müavini işləyəndə, istər "Kommunist" qəzetinə rəhbərlik edəndə öz böyük potensialını xalq üçün sərf etməkdən çəkinməmişdir. Bu gün də Azərbaycan radiosunun bazar günləri səslənən "Bulaq" verilişi də məhz Cəmil Əlibəyovun xidmətlərinin nəticəsidir.
Bəli, mən Azərbaycanın çox dəyərli bir ziyalısı, necə deyərlər, öz böyüklüyünü böyüklük səviyyəsində saxlamağı bacaran Cəmil Ədil oğlu Əlibəyov haqqında ürəyimdən gəlib keçənlərin bir qismini onun 90 illik yubileyinə hədiyyə edirəm. Bilmirəm, bu hədiyyə layiqli alındı, yoxsa yox, bir onu bilirəm ki, Cəmil müəllim böyük ziyalı, dəyərli kişi, böyük qəzetçi, böyük söz adamı idi. Böyüklük Allahdan verilən paydır. Zənnimcə, Allahın verdiyi bu böyüklük Cəmil Əlibəyovun halal tituludur. Mən onun 90 illik yubileyində ruhu qarşısında baş əyir və doğum günün mübarək deyirəm.

Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO