adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Dekabr 2017 18:34
46423
MÜSAHİBƏ
A- A+

Rəşad Mahmudov: “Səhiyyənin inkişafı üçün konsepsiyanın qəbuluna ciddi ehtiyac var”

Millət vəkili Rəşad Mahmudov adalet.az saytına müsahibə verib. O müsahibəsində dövlət büdcəsində səhiyyənin yükü, səhiyyəyə ayrılan vəsaitin çəkisi, bu maliyyə resurslarının səhiyyəmizin inkişafında oynadığı rola toxunub. Rəşad Mahmudov onu da deyib ki, bu gün dünya birliyində iqtisadi geriləmələrin olduğu bir vaxtda Azərbaycanda həyata keçirilən uğurlu siyasət iqtisadi canlanmaya səbəb olub: "Cənab prezidentimizin aparmış olduğu məqsədli və planlı siyasəti nəticəsində bu gün yol xəritəsinin qəbul olunması və onun icrası ölkə iqtisadiyyatında yenidən canlanmanın başlanmasına səbəb olub. Bu proqramın qəbulu gələcəyə baxışları tamamilə dəyişdirdi. Bu gün büdcəmiz keçən ildəki ilə müqayisədə azalmadan çoxalmağa doğru gedirsə, ölkənin vacib olan dəyərlərindən biri budur. Yəni hər bir dövlətin çətin dönəmləri olar. Amma önəmli olan həmin dönəmdən şərəfli şəkildə öz təhlükəsizliyinə və sabitliyinə zərər vermədən çıxmasıdır. Sabit və təhlükəsiz olan dövlətdə hər bir vətəndaşın sosial rifahını yüksəldəcək bütün addımlar alqışlanır və onlar gələcəyə inamımızı daha da artırır. Builki büdcəmiz də hər zaman olduğu kimi, yenə də sosial yönümlüdür. Faiz nisbətlərinə baxdığımız zaman 33 faizindən çoxunun sosial sahəyə aid olması özü bir həqiqətdir. Səhiyyəyə gəldiyimiz zaman keçən illə müqayisədə bu il nisbətən artım var. Bilirsiniz, postsovet məkanında səhiyyəyə qarşı iqtisadi baxışda sovet dönəmindən qalma bəzi məqamlar var ki, əfsuslar olsun ki, onları düşüncələrdən silmək mümkün olmayıb. Bəlkə də səhiyyəyə iqtisadi baxışın səbəbindəndir ki, səhiyyəyə qarşı inam dünyanın bu şəkildə iqtisadi baxışı olmayan səhiyyə sistemlərinə görə daha aşağıdır. Bu sadəcə Azərbaycan misalı deyil. Bu, postsovet məkanının demək olar ki, 95 faizinin əsas problemidir”.

- Rəşad müəllim, səhiyyəyə olan inamı daha yüksəklərə qaldırmaq üçün hansı addımlar atılmalıdır?

- Səhiyyə nəticə etibarı ilə ölkənin sosial yönümlü siyasətinin ən vacib yerlərindən birini tutur. Çünki səhiyyə hər bir insanın ən çətin anında güvənə biləcəyi sahədir. Bəzən insanlar üçün çox ağır olur. Bilmirlər problemlərini düşünsünlər, yoxsa onun xərcini. Bu nöqteyi-nəzərdən əlbəttə ki, 2015-ci ildən İcbari Tibbi Sığorta Agentliyin yaradılması, onun fəaliyyəti gələcəklə əlaqədar birmənalı düşüncələrimizi və inamımızı qoyan bir həqiqətdir. Amma var olan bu pilot layihəsinin nəticələrini biz hələ görə bilməmişik. Yəqin ki, agentlik ilin sonun doğru bu haqda məlumatlar verəcək. Bu hadisələrə hansısa xəstəliyin ürək-damar xəstəliyi və yaxud uşaqlardakı xəstəliyi, qulağı eşitməyən insanların qulaq problemləri və yaxud psixoloji şəkildə yaxınlaşsaq, bu işin içindən çıxa bilmərik. Mənim şəxsi düşüncəm ondan ibarətdir ki, birmənalı olaraq bu işlərin dəyərləndirilməsi üçün səhiyyənin inkişafı üzrə dövlət proqramının konsepsiyası yaradılmalıdır. Bu konsepsiyada səhiyyənin Sosial Müdafiə Fondunun problemi öz əksini tapmalıdır. Eyni zamanda konsepsiya səhiyyənin bu gün inkişafında problemlər varsa, bunun altında qalan əsas səbəb nədir sualına cavab verməlidir. Bu sadəcə 6 illik tibb təhsil almaq deyil və yaxud tibb təhsili alınırsa, biz tibb təhsilini tam şəkildə ala bilirikmi? Bunun keyfiyyətindən razıyıqmı? Yaxşı, keyfiyyətindən razı deyiliksə, biz soruşaq bu gün büdcədə tibb təhsili üçün Tibb Universitetinə verdiyimiz büdcədə yer ayrılan rəqəmlər nə qədərdir? Bu sualların cavablarını tapdığımız zaman problemin həlli istiqamətində real işlər görülsə əlbəttə ki, Azərbaycan səhiyyəsinin bu günə qədər uğurlarının üzərinə yeni uğurlar əlavə edib və gələcəkdə daha inamlı bir sistem halına dönüşdürə bilərik. Səhiyyədə dediyim inkişaf konsepsiyasının məqsədini mən bir daha açıqlamaq istəyirəm. Əfsuslar olsun ki, tibb işçisinin problemini iqtisadi baxışda bu gün fəaliyyət göstərən insanlara anlatmaqda çətinlik çəkilir. Çünki sizə bir rəqəm deyim. Bu gün Azərbaycan səhiyyəsində ayrılan büdcə içərisində adambaşına düşən gəlir 50-60 ABŞ dolları arasındadır. Rusiyada təqribən 458 dollar, Almaniyada 4300 dollardır. Bu, adambaşına insan üçün bir il içərisində büdcəyə atılan vəsaitdir. Xəstəliyi olan insanlar ondan istifadə edir. Siz deyə bilərsinizmi bizim tibbimizin səviyyəsinin və xidmətinin dərəcəsi Rusiyadan on dəfə zəifdir?

- Olar.

- Mən inanmıram on dəfə zəif, effektlik on dəfə aşağı olsun. Mənim Rusiyadan xəstələrim gəlir, burada əməliyyat olunurlar. Mən nə demək istəyirəm? Kosefekdivns deyilən bir beynəlxalq dəyər var. Bu nədir? Xərclənən pul və onun yaratmış olduğu təsir. Onun nisbətini həmişə səhiyyənin dəyərləndirilməsində istifadə edin. Əgər kosefekdivns xərclənən vəsait və alınan effekt yönüylə o nisbətə görə qiymətləndirsə olsa, Azərbaycan səhiyyəsi dünyada ən qabaqcıl səhiyyələrdən biridir.

- Bəs səhiyyənin inkişafına nə problem yaradır?

- Mənə görə, ən başda hadisəyə doğru maili baxışı lazımdır. Konkret deyirəm.

- Maili baxış bu vətəndaşların içində formalaşmalıdır, ya yuxarıdan gəlməlidir?

- Bir çox ölkələrdə pablikhels menecer deyilən sistem var. Yəni ictimai səhiyyə menecerləri. Belə bir yüksək magistratura proqramlarını ölkələrdə açılmasına ehtiyac var. Bunun ən gözəl nümunəsi Qazaxıstandadır. 2005-ci ildə bu dövlət proqram qəbul olunduğu zaman dünya səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun şəkildə onlar həmin fakültəni açdılar və həmin fakültənin inkişafı Harvard Universiteti tərəfindən saxlanıldı və bu gün Qazaxıstan qısa müddət içərisində bizim kimi ölkələrə pablikhels menecerləri ixrac edən ölkə halına gəldi. Sadəcə bizim kimi postsovet məkanına deyil, Asiyanın bir çox ölkələrinə, Uzaq Şərqə. Bəzi məqamlar var ki, bunlara yaxınlaşmada mütləq bir şəkildə ana baxışın formalaşması və o yöndə təhsil proqramında ciddi dəyişikliklər etmək lazımdır. Bu gün orta tibb persionalını yaradan tibb kolleclərində ciddi bir şəkildə tədris proqramında dəyişikliklər etmək lazımdır. Bu işdə həm də mütləq bir şəkildə dünyada qəbul olunmuş tibbinə güvəndiyimiz ölkələrin tibb təhsilindəki nümunələri götürüb buraya gətirmək.

- Sizin bir planınız var, «Ürəkdən ürəyə». Bu planı niyə həyata keçirmirsiniz?

- Bəli, onunla bağlı planlar var.

- Mən istərdim «Ürəkdən ürəyə» layihəsi barəsində də danışardınız. Bu reallaşsa nə baş verə bilər. Türkiyə-Azərbaycan səhiyyəsində bir yaxınlıqmı olacaq, yoxsa… Bu arada mərhum energetika naziri Natiq Əliyevin Türkiyəyə göndərilməsində sizin də mühüm rolunuz olub. Bu barədə nə deyə bilərsiniz?

- Natiq müəllimin vaxtsız bir şəkildə həyatını itirməsi təbii ki, hər bir azərbaycanlı üçün ciddi itki oldu. Həm həkim kimi, həm də millət vəkili kimi çıxışlarımda hər zaman qeyd edirəm ki, ürək-damar xəstəlikləri ölümün və əlilliyin bir nömrəli səbəbidir. Bu sadəcə bizim şəxsi düşüncəmiz deyil, dünya səhiyyə təşkilatının da rəqəmlərinə, eləcə də Azərbaycan Səhiyyə Nazirliyinin rəqəmlərinə görə, Azərbaycanda 58,8 faiz insanın ölümünün səbəbi qan dövranı sistemi xəstəlikləridir. Natiq müəllimdə də bu xəstəlik bəlli bir mərhələdən sonra dərman müalicəsinə və heç bir cərrahi müdaxiləyə cavab verə bilməyən mərhələyə keçmişdi. Əlbəttə ki, Türkiyə və Avropa tibbi ilə əlaqələrimiz var, indi Rusiya ilə də əlaqələr qurulur. Ümumiyyətlə, beynəlxalq əlaqələri nə qədər çox istifadə etdiyin zaman var olan təcrübələri ölkəmizə gətirmək və onların faydalı hissələrindən istifadə etmək imkanı olur. Mən uzun illər Türkiyə təhsil sistemində olduğuma və 15 il orda çalışdığıma görə Türkiyənin sistemini çox gözəl bilirəm. Səhiyyə sistemi, sığorta sistemi və onların tətbiqi proseduralarından ətraflı məlumatı olan biriyəm. Və o sistemin içərisində yaşamış və işləmiş biri olaraq əlbəttə ki, bizim dövlətimiz üçün, yəni səhiyyə sistemimiz üçün Türkiyə modelindən nümunə götürərək onun üzərinə addımlar atmaq əlbəttə ki, var olan problemlərimizin həllində bizə çox böyük kömək edəcək. Bununla əlaqəli işlər də gedir. Bayaq dediyim kimi, universitetlər arasında əlaqələr yaranır. Və bu qardaşlar arasında olan münasibət ürəklər qarşılıqlı, yəni illərdi Türkiyə-Azərbaycan arasında olan qardaşlıq əlaqələrini düşünürəm ki, tibb sahəsində də çox böyük imkanlara çevirə bilərik. Bu gün bizim ətrafımızda olan insanlar öz sağlamlıqlarını Türkiyə, İran və Rusiya tibb işçilərinə həvalə edirlər. Bunlar içərisində imkana görə, əgər maddi problem olmasa Türkiyə 1-ci yerdədir. Yəni onu demək istəyirəm ki, əgər Türk səhiyyəsinə bu qədər inam varsa, onda biz bu təcrübəni ölkəmizdə tətbiq etməliyik. Bütün bunlar isə gələcək tibbimizin inkişafına böyük dəstək olacaq.

- Yerli həkimlərə güvən barəsində danışdıq. Bütün bunlar nədən qaynaqlanır və bunları necə aradan qaldırmaq olar?

- Mən, mənim təklif etdiyim konsepsiya bu problemlərin hamısının kökündəki problemi həll edir.

- Konsepsiyanı siz özünüz işləyib hazırlamısınz?

- Əlbəttə. Mənim işləyib hazırladığım bu konsepsiya bu gün dünya səhiyyə təşkilatının var olan konsepsiyasıdı. O, sistemin içərisinə yürüdüldüyü zaman avtomatik yüksək texnoloji tibbi xidmət əldə olunur. Burda məbləğ də önəmlidir. Və bu məbləğdən həkimin və tibb personalının qazanacağı maaş, ordan tibbi təhsilin artırılmasına və elmin inkişafı üçün ayrılan rəqəmlər, onun içərisində yeni texnoloji innovasiyaların ölkədə tətbiqi yer alır. Həmin konsepsiya həm də qanuni olaraq klinik protokolları tənzimləyəcək. Şikayətçi ilə qarşı tərəfin arasında olan hadisənin tənzimlənməsində mühüm rol oynayacaq. Kliniki protokol deyilən sənəd ortada olmadıqdan sonra şikayətçinin heç bir şəkildə şikayətini, problemini və yaxud ikinci bir tərəf var klinik protokol olmadıqda həkim doğru gördüyü işin reallığını ortaya qoya bilmir. Əlimizdə bir baza olmalıdı ki, bu bazalar üzərində müqayisələr aparılmalıdır. Şikayət edənin də, şikayətçinin də, şikayət olunanın da kimin haqlı olub olmadığını sadəcə bir həkim ekspert baxıb öz fikrini deyə bilər. Həqiqətən klinik protokol olmayan yerdə sadəcə ümumi rəylər üzərində işlər qurulur.

- Belə hadisələr sizin də başınıza gəlib?

- Əlbəttə. Əfsuslar olsun ki, bu sistemlər üzərinə məndə bir baza yoxdu. Mənim təhsil sistemimin ümumiyyətlə Azərbaycanla əlaqəsi olmayıb. Reallıq odur ki, bu problemlər var və bizim düşündüyümüz və görüb-görmədiyimiz ciddi problemlər var. Çünki səhiyyə sadə bir iş deyil. Ən yüksək səviyyədə inkişaf etmiş ölkələrdə belə bu problemlər dilə gətirilir. Bu gün Amerikada dünya tibbinin ən yüksək səhiyyə xidməti verilir. Amma orda da problemlər var. Nəticə etibar ilə həkimin də, səhiyyə işçisinin də ən böyük arzusu bir insana kömək etməkdir. Bu kömək edən insan əlindəki imkana, potensialına, əlinin altındakı ləvazimatına, almış olduğu tibbi biliyə və o biliyi yeniləmə potensialına görə onları birləşdirərək xəstənin qarşısına qoya bilir.

Məncə, biz bu gündən etibarən gələcək konsepsiyayla bağlı hadisədə Azərbaycanın var olan potensialını gələcəkdə daha yüksək səviyyəli ixtisasçıların və yürüyən sistemlərin, yəni gözəl xəstəxana tikərsən, gözəl xəstəxana ilə birlikdə gözəl həkimin olacaq, amma bu benzin olmayan maşın kimi fəaliyyətsiz olacaq. Onun üçün bu konsepsiyalar işlənib hazırlanmalı və həyata keçirilməlidir. Mən minlərlə əməliyyatı bölgədə eləyirəmsə, bu o deməkdir ki, bunun maddi-texniki bazası buna imkan verir. Astarada həkimlər böyrək əməliyyatını üç gün içərisində həyata keçirdilər. Ana böyrəyini qızına verdi. Rayon xəstəxanalarında bu olursa, bəs şikayətlərin səbəbi nədir? Azərbaycan tibbinin potensialı var - Maliyyə Nazirliyi, iqtisadçılar və Sosial Müdafiə Fondu və dəyərli tibb işçiləri birgə bu yöndə müzakirələr aparmalıdır. Bu sadə bir müzakirə deyil. Bu konsepsiyanın yaradılması üçün əvvəla hamı dünya təcrübəsinin nə olduğunu ortaya qoyub müzakirələrini bitirməlidir.

- Səhiyyədə təcrübə önəmlidir, yoxsa təhsil?

- Konkret hər ikisi də çox önəmlidir. Amma təhsili olmayan bir təcrübə çox təhlükəlidir. Amma təhsili sağlam olandan sonra təcrübə də üst-üstə gəlir və bir-birlərini tamamlayırlar. Əgər bu gün bir insan 16-17 yaşında tibb təhsilinə başlayırsa, 6 illik tibb təhsili ortalama 23 yaşında rezentura proqramına başlayırsa, bu o deməkdir ki, ən ortalama 5 il içərisində 28 yaşında qurtaracaq. O, gecə-gündüz əməliyyatlarda olur və onun üzərinə də ortalama 4 illik bir təcrübə gəldikdən sonra 30 yaşlarında artıq bir insan rahat bir şəkildə əməliyyat edəcək bir səviyyəyə gəlir. Ortalama o insanların özünü tanıtma işi isə gördükləri işə görə, 30-40 yaşlarında ortaya çıxır. Dünya praktikasında da bu belədi.

- Bizdə gənc şairlər bir-birini bəyənmədiyi kimi, səhiyyə sahəsində də yaşlı həkimlər gənc həkimləri bəyənmir. Həm təhsil baxımından, həm təcrübə baxımından. Bəlkə elə problemin kökü bundadı?

- Bizdə fərqlidi. Hadisələri doğru müqayisə etdiyin zaman doğru qərara gələ bilərsən. İki cür fərqli dönəm var – sovet dönəmi, postsovet dönəmi. İki cür təhsil var - sovet dönəmi olan və sovet dövründən sonrakı, xaricdəki və burdakı təhsil. Elə qol var ki, həmin qol, əgər tibb təhsilindən sonra insanı bir il sonra kəndə göndərirdi ki, təcrübə qazan, bu qolda onun qazandığı təcrübə ancaq 60 yaşında normal nəticə verə bilirdi. Şükür Allaha, dövlətin qərarı ilə 2010-cu ildən sonra rezentura proqramının başlanması bir gənc həkimə qətiyyən imkan vermir ki, rayona göndərilsin. Bir gənc həkim ən güclü ixtisasçıları olduğu mərkəzdə 5 illik təhsilini alandan sonra təkbaşına müdaxilə etmək üçün qərar vermək imkanı verilir.

- Bayaq siz qeyd etdiniz, anadangəlmə xəstəliklərin sayı da çoxdu. Elə dediyiniz ürək-damar xəstəliklərinin, qan dövranı xəstəliklərinin də sayı çoxalıb. Bu, ümumi insanlarda olan stresdimi, yoxsa qida və digər amillər də buna təsir göstərir.

- Bu çox mültifaktoriyaldı. Qazanılmış ürək xəstəliklərinin artması səbəblərinin içərisində əlbəttə ki, qida, hərəkətsiz həyat, stress faktorları və bugünkü dünyanın getdikcə təbiətdən uzaqlaşıb süni həyata dönürük. İş rejimlərimizin saatlarının çoxalması, istirahət saatlarımızın azalması bu birmənalı olaraq qazanılacaq xəstəliklərin sayını artırır. Digər məsələ isə başqadır. O da anadangəlmə ürək qüsurlarında çoxlu sayda artma var. Bunun artmasının səbəbi diaqnostikanın artmasıdı. Əslində öz halına buraxdığımız zaman anadangəlmə qüsurların sayını artıran bir amil var. Süni mayalanma yolu ilə doğulan uşaqlarda göstərilib ki, ümumiyyətlə qüsurların sayı nisbətən artır. Əlbəttə son illərdə o da tibbin bir imkanı da ki, övladı olmayan insanı övlad sahibi edir. Əfsuslar olsun ki, normadan bir az daha çox qüsurlu olma ehtimalları var.

- Bəs bir həkim kimi siz öz fəaliyyətinizi, sağlamlığınızı necə tənzimləyirsiniz?

- Orda subyektiv bir yaxınlaşma olduğuna görə, optimal bunu istifadə etməyə çalışırıq. Həm tibbi fəaliyyətim var, həm təhsil fəaliyyətim var, nəticə etibarı ilə yanımda uzun illər rezentura proqramında olan insanlar var və onların ilkləri artıq yüksək balla imtahanlarını verərək sərbəst ürək cərrahı olma imkanı qazandılar. Əlbəttə bu işlərin hamısını görərkən, ailə və övladların qarşısında olan məsuliyyətini nəzərə alaraq onlara da zaman ayırmaq lazımdır. Maksimum dərəcədə öz sağlamlığımı qorumağa çalışıram.

Ədil Ədilzadə