ANA SƏHİFƏ / YAZARLAR

Bakıda keçirilən “Qala gecə”lərinin QALASIZlığı

Əzizə İsmayılova

8936    |   2017-12-04 15:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq neçənci dəfədir ki, Bakıda keçirilən film təqdimatlarında təkrarlanan, kənardan o qədər də xoş görünməyən və hesab edirəm ki, yanlış istiqamətdə yönləndirilən vacib və bir qədər də narahatlıq doğuran bir məsələ haqda danışmaq istədim.

Bu günlərdə Bakıda cinema zalların birində türk filmi olan "Kardeşim benim 2”-nin təqdimat mərasimi, yeni leksikonla desək, "Qala gecə”sinin keçirilməsi, filmdə rol alan həmvətənimiz Kamran Ağabalayevin "Qala”ya dəvət olunmaması və "Qala”ya gələn gənclərin türk aktyoru Burakın ətrafında yaratdıqları coşqusunun bəzi saytlarda və sosial şəbəkələrdə tənqid və təhqir atəşinə tutulması, sosial aləmdə o qədər də xoş mənzərə yaratmadı.

Bu qədər insanın ünvanına hədyan deyilməsində səbəb çox bəsit idi - Burakı görən gənclər ona "hücum” çəkiblərmiş.

Təcrübəli imza sahiblərinin məsələni bir qədər də dramatikləşdirmə yönündə olan yazıları, həmişə olduğu kimi bir növ közərən ocağa körük vurma effekti verdi. Bütün bunlar kənardan heç xoş görünmədi və bir qədər ürəkağrıdıcı mənzərə yaratdı.

- Filmdə rol almasına rəğmən Kamran niyə "Qala”ya dəvət almamışdı?

- "Qala gecə”lərdə diqqətdən yayınan məsələlər nə ola bilər?

- "Qala gecə”lərə qatılan gənclər niyə hər dəfə belə söz "gülləbaranına” məruz qalır? Niyə onları bu qədər incidirik?

Ardıcıllıqla keçək mətləbə ...

Başlayım ondan ki, birinci məsələ ətrafındakı söz-söhbətə aydınlıq gətirmək üçün həmin filmdə rol alan, amma "Qala”da iştirak etməyən aktyor Kamran Ağabalayevlə kiçik bir söhbət etdim. Bəzi məsələləri bir də onun dilindən eşitmək, bəzi məsələlərə bir aktyor və bu cəbhənin adamı kimi bir də onun baxışları ilə baxmağa çalışmaq işin xeyrinə ola bilərdi.

Kamran Ağabalayev kimdir, niyə çəkildiyi filmə dəvət almayıb - bu haqda bir azdan. Adəti üzrə istəyirəm qonaqdan başlayım.

Əvvəlcə deyim ki, "Qala gecə”yə dəvət alan jurnalistlər sırasında olmadığımdan orada yaşananları canlı görmə, müşahidə etmə və filmi izləmə şansım olmadığı üçün mətbuatda və sosial aləmdə yazılanlara istinadən danışmaq məcburiyyətindəyəm. Amma bundan əvvəlki "Qala”larda gördüklərim bir çox anda yəqin ki, köməyimə çatacaq.

Deməli, bir neçə gün əvvəl, şəhərimizin tanınan cinema məkanlarının birində "Kardeşim benim 2” filminin "Qala gecə”si baş tutdu. Dəvət üzrə filmin baş qəhrəmanlarından birini canlandıran Burak Özçivit və filmdə rol alan daha iki xanım ulduz da gecəyə qatılmışdı.Burak Özçivit "sevdalısı” olan gənclər onu əməlli-başlı sevgi və coşqu ilə qarşılayıblar ki, bu coşqu bir qədər tərs tərəfə yönləndirilib (bura dönəcəyik).

Qısa özət keçim ki, Burak Özçivit 1984-cü il doğumlu gənc bir insandır. Əvvəl maneken olub, sonra isə boy-buxunu, yaraşığı və istedadı onu çəkiliş meydanına gətirib çıxarıb. Deyilənə görə, onun tanınmasına səbəb olan əsas obrazlardan biri 2011-2013-cü illər arasında çəkildiyi "Möhtəşəm yüz il” serialında Malkoçoğluobrazı olub. 2015-ci ildə start götürüb, 2017-ci ildə final fiti verilən "Kara Sevda”serialındakı Kemal Soydere obrazı isə onu geniş tamaşaçı kütləsinə sevdirib. Bu üzdən də ona qarşı olan sevgi və coşqu, əslində başa düşüləndir.

Kamran Ağabalayev kimdir?

Kamran Ağabalayev də 1980-ci il doğumludur. Bakıda anadan olub. Əslində BDU-nun hüquq fakültəsini bitirib. Hətta bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində də çalışıb. O da Burak qədər yaraşıqlı-boylu-buxunlu və çox xarizmatik bir insandır. Bəlkə də elə bu üzdən o da günlərin bir günü özünü çəkiliş meydançasında görüb və bu meydan hüquq meydanından daha böyük, daha cazibədar görünüb onun üçün.

Kinoda ilk obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram” filmində canlandırıb - mayor Savelyev.


Bir çox aktyor master-klasslarında iştirak edib və edir. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib. "Tərkedilmiş” filmindəki "Çirkin” obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor” nominasiyasında mükafata layiq görülüb.

-Kamran, niyə məhz aktyorluq?

- Çünki mən bu sənəti sevirəm. Çünki burda adrenalin var. Özümü bu dünyada daha aydın görürəm. Aktyor olmaq böyük üstünlükdür. Ona görə ki, sən istədiyin obrazı istədiyin kimi yarada bilirsən. Bir anın içində dönüb olursan həkim, bir anın içində prokuror, ya cani. İstədiyin hərəkəti istədiyin kimi edə bilirsən. Buna görə səni tutmurlar, danlamırlar, sorğu-sual etmirlər. Sən özün istədiyin hər cür obrazı yaşama şansı ilə bir olursan. Belə deyim, mən istəsəm bir gün Əzizə ola bilərəm (mənə işarə ilə. İ.Ə.), Əzizəni gördüyüm, bildiyim kimi canlandıra bilərəm, amma sən heç vaxt Kamran ola bilməzsən, yaşaya bilməzsən Kamranı. Mən həm Kamranam, həm də sadaladığım və sadalamadığım bütün obrazlar. Onların heç biri isə Kamran deyillər, sadəcə obrazdırlar. Budur aktyorluqda məni özünə bağlayan əsas şey.

-Kamran, mətbuatda əvvəlcə "Kardeşim benim 2” filminin təqdimat mərasiminə dəvət almadığın yazıldı, sonra isə təşkilatçılar bu xəbəri təkzib etdilər. Bildirdilər ki, "dəvətnamə göndərilib, sən gəlməmisən”. "Qala”ya niyə qatılmadın?

-Mənə dəvətnamə gəlməyib. Daha doğrusu, sonradan dedilər ki, bəs göndərmək yaddan çıxıb. "Çağırılmayan yerdə olmaq” xasiyyətim yoxdur, ona görə qatılmadım.

- Axı, bu elə bir məqamdır ki, sənin orda olman vacib idi. Necə ola bilər ki, Türkiyədən səninlə eyni səhnəni paylaşan aktyorlar Bakıya, sənin evinə gəlir, amma sən o evdə yoxsan? Bu nə dərəcədə düzgün yanaşmadır?

- Məncə, bunu təşkilatçılar düşünməli idilər. Bir şeyi deyim, bir neçə ay əvvəl mən zəng edib həmin o cinema rəhbərliyindən 4 bilet xahiş etmişdim, onlar da "ok” vermişdilər. Nəticədə isə biletlər gəlmədi, məlum oldu ki, bu işi görməli olan xanım sadəcə biletləri göndərməyi unudub.

- Kamran, məsələyə loyal yanaşman çox təqdirəlayiqdir, təbii ki. Amma yenə də burda bir məqam var. Niyə cinema rəhbərliyi sənin həmin filmdə rol aldığını bildiyi halda sadəcə kiməsə "dəvətnamə göndərin” tapşırığı verməklə kifayətlənib. Niyə sənə telefon açıb sənin mütləq orda olmalı olduğun, loru dillə desəm "tələb etməyib”? Axı o aktyorlar bura qonaq gəlirlər və sənin onlarla eyni "Qala” səhnəsində yer almaman, yalnız sənə deyil, bizim özümüzün özümüzə hörmətsizliyi kimi qəbul edilməzmi? Axı türklər heç zaman belə bir addım atmazlar. Bəlkə yanılıram, hətta mənə elə gəlir ki, əgər belə bir şey olsa, onlar nəinki filmdə rol alan hansısa aktyoru, lap ən sonuncu planda yer alan bir simalarını da mütləq o səhnəyə çıxarardılar. Deyilmi?

- Razıyam. Amma mənim üçün film, "motor” sözündən sonra başlayır və çəkiliş bitəndən sonra hər şey elə orda da bitir. Ondan sonra baş verənlərlə maraqlanmıram. Dəvət göndərməmələrini normal qarşıladım, çünki pul veriblər, "Qala” təşkil ediblər, kimi istəsələr onu da çağıracaqlar. Mən deyə bilmərəm ki, niyə məni çağırmadınız? Ürəyi istəməyib çağırmayıb. Rus demiş, "tem bolee” filmdə rol aldığımı bilirlər, əvvəldən də telefon açıb bilet istəmişdim. Çağırmaq istəməyən adama zorla demək olmaz ki, çağır məni də. Ona görə normal qəbul etdim.

Mənə ağır gələn o oldu ki, sonradan açıqlama verdilər ki, "biz dəvətnamə göndərmişik”, guya mən getməmişəm. Əslində isə, dediyim kimi, dəvətnamələri göndərmək yaddan çıxıb. Burak da mətbuat konfransında, səhv etmirəmsə, sual verib ki, "bəs Kamran hanı?”. Cavab nə olub, xəbərsizəm.

-Kamran, bir məsələyə də sənin fikrini almaq istəyirəm, hansı ki, bu məsələyə bizim ümumi baxışımız məni çox narahat edir və hesab edirəm ki, nəyisə düz etmirik. Amma əvvəlcə bir şey soruşum.

Bu günə kimi neçə filmdə rol almısan və hansı ölkələrdə?

- 25-ə yaxın filmdə rollarım olub. Bizdən başqa Türkiyə, İran, Amerikada.

-Hansı rollar olub, epizodik yoxsa...

-Əsasən baş və əsas rollar...

-İndi gələk əsas məsələyə. Qeyd etdiyin ölkələrdə də yəqin ki, "Qala gecə”lərinə qatılmısan. Bizim "Qala”ya gələn insanlarımızın, xüsusən də gənclərimizin coşqusu məsələsində hansısa müqayisə aparmaq olarmı? Bizdə bu səpkidə çox sərt təpkilərin yer aldığı yazılar yazıldı. Ətrafında daha sərt fikirlər səsləndi. Hər dəfə sosial media sanki içindəki nə qədər nifrət vardısa, bu "Gecə”lərdə coşqu yaradan gənclərin ünvanına yönləndirir. Sənin bir aktyor kimi bu məsələdə baxışın, fikrin necədir? Doğrudurmu, məsələyə bu cür yanaşma? Aktyorun coşqu ilə qarşılanması eybdirmi?

- Doğru hesab etmirəm bunu. Çünki insanlar əgər coşqu göstərirsə, demək ki, qarşısındakı insanı sevirlər. Sevgi olmasa coşqu da olmaz. Olduğum ölkələrdə də bu belədir. Təbii ki, o ölkələrdə aktyora bu qədər yaxın ola bilmə imkanı yaradılmır. Müəyyən bir baryer var və gələn tamaşaçı da bilir ki, bu səddi onsuz da keçə bilməyəcək. Burak da çox yaraşıqlı bir oğlandır, hesab edirəm normal bir şeydir. İnsanlar sevir və sevgilərini bildirmək istəyir.

- İştirak etdiyim tədbirlərdəki müşahidələrim deyir ki, bizdə "Qala gecə”lərdə sanki hansısa məqamlar diqqətdən qaçır, yaxud bilərəkdən və ya bilməyərəkdən ön planda olmalı, hansısa məsələlər arxa plana keçir, arxa plan önə çəkilir. Bir aktyor kimi sənin baxışın daha aydın ola bilər. Nə düşünürsən, diqqətdən yayınan məsələlər nə ola bilər?

- Hesab edirəm ki, belə təqdimatlarda ən çox üstünlük jurnalistlərə verilməlidir və jurnalistlər təqdimatdan heç olmasa bir gün əvvəl film nümayişinə dəvət olunmalıdırlar. Təqdimatlara kafe-restoranlarda şəkil çəkdirməklə siması tanınanlar yox, tanınmış aktyorlar, rejissorlar dəvət olunmalıdır ki, filmdən sonra jurnalist film haqqında kimdənsə fikir ala bilsin. Bizdə isə ən böyük problem odur ki, "Qala gecə”lər bir növ toyu xatırladır. Yəni, kimlərisə çağırırlar, onlar da gəlir. Yeyirlər-içirlər. Filmə baxan baxır, baxmayan elə foyedəcə bir-iki şəkil çəkdirir və çıxıb gedir. Film haqqında normal, sağlam tənqid və ya hər hansı bir fikir yazan olmur. Film keçir arxa plana, şəkillər, fotosessiyalar 1-ci plana. Təbii ki, bu da lazımdır, amma belə yox.

Birdə bizdə belə bir maraqlı yanaşma var. Əgər filmə dəvət almısansa, film heç xoşuna gəlməsə də, ürəyincə olmasa da heç olmasa 3-5 cümlə ilə mütləq bir tərif deməlisən. Niyə axı?

Elə bil toya getmisən tost deməlisən, bircə pul yeşiyi çatmır...

Kamrana maraqlı söhbəti və ayırdığı vaxta görə təşəkkür edib ayrılırıq.

Sonda "fanat ordusu” adı verilib hər hansı bir aktyorun ətrafında coşqu yaradan gənclərə irad tutan, onları çox ağır ifadələrlə ittiham edən və gülüş obyektinə çevirən böyüklərimizə bir xitab etmək istərdim.

Yazıda da qeyd etdiyim kimi, bu hal hər dəfə təkrar olunur və hesab edirəm ki, biz bilmədən el birliyi ilə çox böyük səhvə yol veririk.

Əzizlər, sizə elə gəlmirmi ki, sadəcə emosiyalarınıza qapılıb seçdiyiniz ən kəsərli, ən sərt ifadələrinizin dili ilə bu gəncləri sadəcə öz sevdikləri, pərəstiş etdikləri bir aktyorun ətrafında coşqu yaratdıqları üçün bu qədər küçümsəmək, onların tərtəmiz dünyalarına qara pərdə salmaqdı?

Sizə elə gəlmirmi ki, bu gənclərin içlərində olan həyat eşqi, onların etmək istədikləri bütün çılğınlıqlarla qidalanır?

Sizə elə gəlmirmi ki, onlar haqqında bu qədər sərt mövqe tutmağımız, onların iç dünyasına icazəsiz girməyimiz və məhz "biz bu cür görmüşük” deyə "elə bu cür də olmalıdır” hökmü ilə onların dünyasında "yerdəyişmə” etməyə çalışmanız azmış kimi, başqalarını da buna təhrik etməmiz, onları bizdən uzaq tutur, uzaqlaşdırır? Ətrafa sevgi ilə güldükləri halda, məhz biz belə istəyirik deyə qəzəbə, kinə-küdurətə təslim olurlar?

Bizə elə gəlmirmi ki, övladının sadəcə əyləndiyi üçün kiminsə çəkdiyi şəkilin altında tökülən bu boyda səbəbsiz nifrət, bu boyda kin-küdurət bir atanı, bir ananı mənən məhv edə bilər? Övladını sırf bizim içimizdə gizlədə və sahib çıxa bilmədiyimiz nifrətimiz zədələməsin deyə çəkib "qadağa qəfəsinə” salmasına səbəb ola bilər?

Niyə axı bizim pozitivliyə, sevgiyə, coşquya qarşı bu qədər keçilməz sədlərimiz var? Heçmi yaxşı ola biləcək nəsə görmürsünüz o boyda sevgi dənizində?

Bəlkə özümüzlə başbaşa qalıb bir az səmimi olsaq, öz aləminizdə bu suala cavab axtarsaq... Kim bilir, bəlkə bütün cavablar bu sualın arxasındadır.

Gəlin düşünək ki, o Burakın və ya bir başqa bu coşqu sahibinin yerində biz, məhz biz ola bilsəydik, o gənclər bizim ətrafımızda bu boyda sevgi nümayiş etdirsəydilər, o zaman da buna biabırçılıqdır, rüsvayçılıqdır, ayıbdır-deyə üsyan edəcəkdikmi?. Onların böyüdən valideynlərə nifrət həvəsində olacaqdıq, yoxsa alınlarından öpmək həvəsində?..

Gənclik həyatın çox gözəl, çox həssas dövrüdür. O yaşda hər birimiz ətrafdakı hər kəsdən, hər şeydən sevgi ummamışıqmı? Heçmi bizim hansısa ağılalmaz çılğınlığımız olmayıb?

Olmayıbsa, demək ki, gənc olmamışıq, ola bilməmişik. Bəlkə çiynimizdəki məsuliyyət yükü daha ağır olub, bəlkə yaşımızdan daha tez böyüməyi tərbiyə ediblər bizə. Bir də ayılmışıq ki, gəncliyin nə olduğunu bilməmişik, yaşamamışıq. Ömür pilləkənimizdə gənclik pilləsi ya qırılıb düşüb, ya da onun üstünə basmadan daha yüksəyə qalxmağa çalışmışıq. İndi o pillədə olanları qəbul edə bilmirik.

Biz yaşamamışıqsa, demək onlar da yaşamamalıdır, "ayıbdır, biabırçılıqdır, rüsvayçılıqdır. Bunların ataları-anaları hara baxır, necə tərbiyə verir” kimi ittihamlarla ən həssas yerlərindən, ən iti balta ilə vurmağa çalışırıq, vururuq da. Əslində isə özümüzün ətrafında bu ordunu təsəvvür edəndə, burda nə "ayıb, nə biabırçı, nə rüsvay olunacaq bir şey yoxdur. Ata-anaları da onlara çox gözəl tərbiyə verir – sevməklərinə, sevilməklərinə qarşı çıxmırlar. Demək onlar da cavan olublar. "Ürəyin nə qədər sevə bilir sev, hansı şıltaqlığı etmək istəyirsən et, əminəm ki, sən hər şeyin ən yaxşısına layiqsən” - deyə böyüdürlər övladlarını.

Burakı və ya hansısa qeyri Burakı görüb coşqu göstərmək deyil biabırçılıq. Biabırçılıq, rəngarəng, al-əlvan olan hər şeyi ancaq bir rəngdə - QARA görmək və hər kəsin bu pərdə arxasından baxmağa məcbur etmək cəhdidir.

Sevin gənclər, sevilin. Heç kimin həyat eşqinizə çəpər çəkməsinə icazə verməyin. Valideynləriniz də əminəm ki, həmişə sizin gülüşünüzdən yana olacaqlar.

"Qala gecə”lərimizin QALAsı sizsiniz və siz olacaqsınız...




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO