adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Dekabr 2017 00:48
71271
ƏDƏBİYYAT
A- A+

AZƏRBAYCAN QƏZƏLİ

ƏDƏBİ HƏYAT

V yazı

4. Füzulidən sonra (XVII-XVII və XIX əsrlərdə) qəzəlin inkişafı heç də ləngimir, ancaq bu mərhələni Füzuli ənənələrinin davamı kimi səciyyələndirə bilərik.
Ədəbiyyat tariximizdə XVII-XVIII əsrlər ayrıca bir mərhələdir. Bu mərhələni səciyyələndirən başlıca xüsusiyyətlərdən biri və ən önəmlisi o idi ki, ədəbiyyatda klassik şeir ənənələri ilə yanaşı xalq şeiri, xüsusilə epik şeir də öncüllük kəsb edirdi. Aşıq poeziyasının ustadları - Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Valeh məhz bu dövrdə yaşayıb-yaratmış, şeir dilimizin xəlqiləşməsində və xalq şeiri formalarının (qoşma, gəraylı, təcnis və s.) populyarlaşmasında mühüm rol oynamışlar. Bu dövrün poeziyasında epik şeirin "Vərqa və Gülşa" (Məsihi), "Qisseyi-Şirzad" (Məhcur Şirvani), "Şəhriyar" dastanı, "Bəxtiyarnamə" (Fədai), "Seyfəlmülul" (Hamid), "Qəndəhərnamə" (Saib Təbrizi) və s. nümunələri yaranmış, dastançılıq ənənələri də qüvvətlənmişdi. Lakin Füzulidən sonra klassik şeir ənənələri heç də zəifləmədi, əksinə, Füzuli təsiri (xüsusilə qəzəl janrında) getdikcə klassik poeziyanın canına, qanına hopmağa başladı. Füzuli şeirinin bədii təsvir vasitələri, obrazlı ifadə tərzi, məcazlar sistemi şairlər üçün sanki bir dərs vəsaitinə çevrildi. Məsələn, Füzulinin "Söz" qəzəli sonrakı əsrlərdə yaşayan şairlərin yaradıcılıq yoluna gur bir işıq saldı - həmin qəzələ xeyli nəzirələr yazıldı və təbii ki, o nəzirələr öz bədii səviyyəsinə görə orijinala çatmasa da, hər halda, Nizaminin təbirincə desək, "hər kəlmənin qarşısında qələm kimi baş əymək" səlahiyyəti yarandı. Belə sənətkarlardan biri də görkəmli Azərbaycan şairi Saib Təbrizi (1601-1676) idi. Onun həm doğma dilimizdə, həm də farsca yazdığı qəzəllər, Füzuli ədəbi məktəbinin layiqli davamçısı kimi tanınması, şeirdə təzə üslublara meyl etməsi ("Hind üslubu", "İsfahan səpgi"), hind poeziyasına təsiri barədə H.Araslı, B.Azəroğlu və bir çox İran və Hind alimləri müəyyən fikir söyləmişlər. Bunlar ədəbiyyatda yeni cərəyanlar kimi tədqiq olunur. Hind üslubunda yazan şairlər həm məzmun gözəlliyinə, həm də forma gözəlliyinə diqqət yetirir, şeirə o vaxtacan işlənməyən ifadələr, təşbehlər gətirirdilər. İran alimi Cuya Dəstqeybi yazırdı: "Bu söz və istilahlar Saibin şeirində tamamilə başqa şəkil alır. Çox zaman öz gözəlliyi, xoş ahəngi və qulağı oxşaması, qəlbə yatması və hisslərə təsiri ilə şeirə yeni bədiilik gətirir... Saib şeirində ifadə gözəlliyinin əhəmiyyəti çox böyükdür. Elə buna görə də onu xüsusi səbəbkarı sahibi adlandırırıq" (Sitat B.Azəroğlunun "Saib Təbrizinin sənət dünyası" monoqrafiyasından götürülüb). Amma Saib Təbrizi hansı səpkiyə müraciət edir-etsin, o, poeziyamızda Füzuli ənənələrinin davamçısı idi. "Aşiq qanını vəsməli qaşın nihan içər. Cövhərli tiğ qın ara peyvəstə qan içər". "Artıq eylər badeyi-safi mənim heyranlığım, Dərddən təmir qıl, saqi, pozulmuş könlümü". Saib Təbrizinin "Söz" qəzəli isə Füzulinin eyni adlı qəzəlindən təsirlənərək yazılan şeirlər içində ən sanballısıdır.

Mehribanlıq eyləyib mən sözlərə verdim sığal,
Quş kimi açdı qanad, göylərdə cövlan etdi söz.

Gərçi İsgəndər üçün lövhə qoyuldu qəbrinə,
Qəbrimi rövşən edib, xalqa nümayan etdi söz.
Çün qələmtək öz başından keçdi Saib söz üçün,
Bu səbəbdəndir onu məşhuri-dövran etdi söz.

XVII əsrin daha bir görkəmli şairi-Qövsi Təbrizi də Füzuli ənənələrini yaşadan qüdrətli bir sənətkar idi. Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında (I cild, 1978) oxuyuruq: "Azərbaycan şüərasından "Qövsi" təxəllüs zərif və xoştəb bir şairin yazma divani-əşar və qəzəliyyatı əlimizə düşmüşdü. Bu divandan həkim Qövsi kim və hansı yerin adamı olduğu anlaşılmadı, vəli şiveyi-lisanından və üslubi kəlamından bizim Zaqafqaziya torpağının rayihəsi gəlir... Qövsinin üslubi-kəlamı Rum şairlərinin üslubi-kəlamına bir azacıq bənzəyir isə də, ona Rum şairi dəxi demək olmaz. Yenə təxminən demək olur ki, Qövsi Azərbaycanın İran dövlətinə mütəəlliq məhəllələrində, xüsusən, Təbrizdə və ya ona qərib şəhərlərin birisində vücuda gəlmişdir". Ədəbiyyat tariximizdə Qövsi Təbrizi ilə bağlı bir sıra maraqlı tədqiqat əsərləri yazılıb (mərhum professor Mirəli Seyidovun monoqrafiyasını xatırlamaq kifayətdir). Qövsi də Saib Təbrizi kimi həm fars dilində, həm də doğma Azərbaycan türkcəsində qəzəllər yazmış, Saib kimi o da xalq ədəbiyyatından, folklardan yetərincə faydalanmışdır. Onun məşhur "Haray kim, nə dilim var, nə bir dil anlayanım, Əgərçi ney kibi cismim fəğan ilə doludur" beyti doğma ana dilimizə biganə yanaşanlara sərt bir ittiham idi. Qövsinin sənət və sənətkar haqqında maraqlı fikirləri ilə qarşılaşırıq. Onun fikrincə, şeirdə forma ilə məzmun bir-birini tamamlamalıdır, sözün arxasında məna dayanmasa, o şeir kamil sayılmaz. Şair odur ki, az sözlə dərin mənalar ifadə etsin.
Şikayətlənirdi ki, istedadsız qələm sahibləri düzü-dünyanı bürüyüb, həqiqi şavrlər isə çox azdır və onlara qiymət verən tapılmır. Qövsinin Füzulinin "Söz" qəzəlinə nəzirəsi də XVII əsr şairinin nəzəri-estetik görüşlərinin bariz nümunəsi idi:

Görmənəm bir həmnəfəs ta eyləyim izhar söz,
Yoxsa kim ney tək mənim sinəmdə həm çox var söz.

Doğru söz hər kimsəyə təsir edər, naseh, vəli
Aşiqi məst eylərü, aqilləri huşyar söz.

Sərfəsizdir gövhəri israfilə sərf eyləmək,
Ta zərurət düşməyincə söyləmən, zinhar söz.

Gövhəri - sirabi etməzlər xəzəfdən imtiyaz,
Yoxsa dəryalarca, Qövsi, qətrələrdə var söz.

Əlbəttə, Füzuli təsirini adını çəkdiyimiz şairlərin ustadın qəzəllərinə nəzirələr yazması ilə məhdudlaşdırmaq doğru olmaz. Saib də, Qövsi də Füzuli cazibəsində olsalar da, mükəmməl şairlər olmuşlar (Füzuli təsirini yalnız forma, bədii təsvir vasitələri müstəvisində anlamaq lazımdır). Hər iki şairin qəzəlləri bədii gözəllik nümunələri idi. Həm də onların qəzəllərində humanizm təbliğ olunur, "insan insan kimi yaşamalıdır" fikri təbliğ edilirdi. Dövrün ictimai ziddiyyətləri də qəzəllərində öz əksini tapmışdı.
XVIII əsr həm də poeziyada "Vaqif mərhələsi"dir. Molla Pənah Vaqif ədəbiyyatımızda Füzulidən sonra və həm də ondan fərqli yeni bir üslubun və məktəbin banisidir. Vaqifin tədqiqatçısı Araz Dadaşzadə yazır ki, XVIII əsrədək klassik poeziya ilə aşıq şeiri müəyyən dərəcədə bir-birindən ayrı inkişaf edirdi. Vaqifin ən böyük xidməti onda oldu ki, bu iki qolun yaxşı cəhətlərini özündə birləşdirdi. Vaqifin əruz vəznli şeirləri də var və bu şeirlər içərisində qəzəlləri də xüsusi yer tutur. Qoşmalarındakı sadəlik, folklordan, xalq şeirindən gələn o təbiilik qəzəllərində də nəzərə çarpır.

Mehribanlıq görməyib ğir məhliqadan küsmüşəm,
Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.

Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,
Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm.

Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin,
Daş bağırlı saqiyi-sahib-cəfadən küsmüşəm.

Çün "uman yerdən küsərlər" bir məsəldir xalq ara,
Küsdüyüm bica deyildir, aşinadəın küsmüşəm.

Gördüm əvvəl ki, binasın yarlıq etmək deyil,
Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm

Ədəbiyyat tarixində, xüsusilə, F.B.Köçərlinin təqdimatında Vaqiflə bir sırada Q.B.Zakirin də adı yanaşı çəkilir və bu da onların xalq şeirinə daha çox meyl göstərməsi ilə izah oluna bilər. Q.B.Zakir bizim ədəbiyyatda ictimai satiranın banisi kimi yad olunur. Digər tərəfdən, Zakir də Vaqif yolunu davam etdirmiş, qoşmalar, gəraylılar, təcnislər yazmışdır və deyək ki, onun xalq poeziyasına bağlılığı daha intensiv olmuşdur. Ədəbiyyat tarixində üç bir-birindən gözəl "Durnalar" rədifli qoşma var ki, bunların sonuncusunu Zakir qələmə almışdır. Lakin Zakir həm də klassik poeziyaya bağlı idi, onun qəzəlləri, müxəmməsləri, müstəzadları, tərcibəndlər və tərcibəndləri də bu bağlılığın əyani nümunəsiydi. Zakirin qəzəlləri onun qoşmaları qədər sadə dildə yazılmasa da, hər halda, çox qəliz də deyil və qoşmalarından fərqli olaraq Zakirin poetik ustalığı, sənətkarlıq qüdrəti qəzəllərində üstün nəzərə çarpır.

Ol cəfakər nəzərdən bizi atmış kimidir,
Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir.

Gəc gedib qaşlarını mahi-növə bənzətmə,
Usta diki yayı baş-başa çatmış kimidir.

Arizi-alını, derdim, əsəri-meydəndir,
Baxdım əmma nagəhi-çeşm qanatmış kimidir.

Çeşmi-məmstanələri guşeyi-əbrulərdə
Tağ arasında Xütən ceyranı yatmış kimidir.

Qönçənin başını hər sübhü masa yarmaqdan,
Ol məhin ağzına məxfi dil uzatmış kimidir.

Demə yoxdur əsəri ahü fəğanın, Zakir,
Xabdən ol məhi-bimehri oyatmış kimidir.
5. XIX əsri ədəbiyyat tarixçiləri yeni bir dövr: "əsrin həyəcan və həqiqət səsini dünyaya və tarixə car çəkmək"lə ədəbi-bədii fikrin realist istiqamət alması-Axundovla başlanan bədii yaddaş-Azərbaycan türk intibahı, maarifçi realizm dövrü, satirik ədəbiyyatın geniş vüsət qazanması, milli mətbuatın və teatrın təşəkkülü kimi səciyyələndirirlər. Bir sözlə, yeni şüur əsri, köhnə ədəbi təsəvvürləri qırıb-dağıtmağa başlayan bir əsr. Lakin ədəbiyyatda, bədii fikirdə baş verən bu yeni meyllər klassik ədəbiyyatın "buzunu" əritməyə hələ ki, qadir deyildi. Poeziyada klassik ənənələr yenə bütün "mexanizmi" ilə hərəkətdə idi-əruz vəzni tam gücüylə poeziyanın forma-struktur komponentini müəyyənləşdirirdi.
Söhbət ədəbi formalardan-şeir şəkillərindən gedərsə, ilk növbədə, qəzəlin birinci sırada durduğunu söyləyə bilərik. XIX əsr Azərbaycan ədəbiyyatında heç bir ədəbi forma qəzəl qədər mütəhərrik deyildi. Təsəvvür edin, Azərbaycanda səkkiz ədəbi məclis fəaliyyət göstərirdi, bu ədəbi məclislərə toplaşanların əksəriyyəti qəzəl yazırdı, həmin məclislərdə bu qəzəllər müzakirə olunurdu, Füzuliyə və digər klassik şairlərə qəzəl-nəzirələr oxunurdu. Bu qəzəllər muğam ifaçıları tərəfindən həmin o ədəbi məclislərdə, toylarda ifa edilirdi.
Qəzəlin XIX əsr mərhələsini, bu mərhələdə yaranan külli-miqdarda nümunələri nəzərdən keçirərkən aşağıdakı nəticələrə gəldik ki, XIX əsr Azərbaycan qəzəlinin həm müəyyən mənada yüksəliş dövrü, həm də eniş dövrü olmuşdur.
- Qəzəl populyarlıq qazanır, xalqın milli-mənəvi dəyərləri sırasında yer alır, muğam məclislərinin bəzəyi olur, hətta maarifçi fikirləri ifadə etmək üçün bir vasitəyə çevrilir. Bunların reallaşması qəzəl ustadlarının sayəsində mümkün idi və Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Nəbatinin, Xan qızı Natəvanın, Mirzə Nəsrullah Baharın, Bixudun, Mir Möhsün Nəvvabın, Fatma xanım Kəminənin, Heyran xanımın, Qasirin, Racinin, Həsənəli xan Qaradağinin, Sədi Sani Qarabağinin, Məhəmməd Bülbül Qaryağdının, Məhəmməd ağa Cürminin, Əbdülxaliq Yusifin, Əbdülxaliq Cənnətinin, Azər Buzovnalının qəzəlləri bu janrın yeni bir vüsət qazanmasında əvəzsiz rol oynadı. Bu adlar içərisində Seyid Əzim Şirvaninin xüsusi yeri var və əgər Füzulidən sonra "USTADİ-ƏZƏM" "təyinatı" verilsə, bu, Seyid Əzimin qismətinə düşər. Müasiri Ağəli bəy Nasehin "Sərdəftəri-əhli-fəzlü ürfan" kimi dəyərləndirdiyi Seyid Əzim doğrudan da, adları çəkilən əksər XIX əsr şairlərinin mənəvi ustadı olmuşdur. Hətta mübaliğəli səslənsə də, deməliyik ki, Füzuli olmasaydı, Seyid Əzim poeziyamızda birinci qəzəl ustadı kimi şöhrətlənəcəkdi. Seyid Əzim Füzuli ənənələrini yaşadan, lakin bu ənənəni özünün novator-şair keyfiyyətləri ilə zənginləşdirən bir şair idi. Ümumiyyətlə, qəzəldə Füzulidən sonra novatorluq etmək mümkün idimi? Seyid Əzim qəzələ yeni ab-hava gətirdi, qəzəlin dili xeyli sadələşdi, qəzələ həyati detallar, real hisslər daxil oldu. Deyək ki, Füzulinin platonik məhəbbətini Seyid Əzimin Yer gözəllərinin sevgisi əvəz elədi. Füzulinin heç bir qəzəlində gözəlin yaşadığı məkanın adı çəkilmir. Konkret şəxslərin də adlarına təsadüf etmirik.
Amma Seyid Əzimin qəzəllərində coğrafi adlarla (şəhər, çay), tanış adamların ismi ilə qarşılaşırıq: "Kənari-çeşmimə sancıldı oxların ney tək, Sudan qəmiş bitirən Kür kənarına bənzər", "Neçə məhru gözəl Şirvanda könlümdən qərar almış, Tənimdən tab, gözdən xab, əldən ixtiyar almış", "Səfayi-Kəbeyi-kuyin taparmı şeyxi-hərəm, Əgər yüz il yügürə Məpvdən Səfayə qədər", "Cürmilə çoxdu bu qəzəlin fərqi Seyyida, Gər simi-şeirə bir məhəki-imtiyaz olur". Qəzəldə zarafat, yumor, xalqdan gələn şirin, duzlu atalar sözləri və məsəllərə də (hətta söyüşə də) Seyid Əzim divanında rastlaşmaq olar: "Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid, Öz yarüvi tut, özgə nigarı nə gərəkdir?", "Yarını əğyar ilə gördü, özün öldürmədi, Adını aşiq qoyub, Seyyiddə hərgiz ar yox", "Əgər məşuqə mənzurundu, get bir şahibaz istə, Bu məşhur bir məsəldir, Seyyida, "qaz vur, qazan doldur", "Seyyida, yar eşidib naleyi-zarimi dedi: Bu nə itdir ki, gəlib kuyimə fəryad eylər", "Səni Yusif bilib, verdim könül mülkündə sultanlıq, Əzizim, nuri-eynim, sən gəda oğlu gədasənmiş", "Görər əğyar ilə yarını ölməz, İlahi, Seyyidə bir ar gəlsin".
(ardı gələn saylarımızda)


Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru