adalet.az header logo
  • Bakı 11°C
02 Dekabr 2017 00:43
19259
ƏDƏBİYYAT
A- A+

Səni düşünürəm

Sən mənim gözümə köçmüsən, Bakı,
Ən təmiz sözümə köçmüsən, Bakı.
Köçmüsən qəlbimə gecələrinlə,
Bütün evlərinlə, küçələrinlə.
Qəlbimdir ünvanın, ürəyim, Bakı,
Hər coşğun arzumun sahili sənsən,
Tufanlı ümmanın-ürəyim, Bakı.
Mən pöhrə, sən isə bitdiyim torpaq,
Şəhdinlə böyüdüm, əzizim, bir bax.
Yığmışam qəlbimə ulduzlarını.
Yığmışam qəlbimə arzularını.
Qəlbimə köçmüsən,
mən də keçmişəm
Qəlbindən alagöz,
nur qızlarının.
Səni ürəyimdə daşıyıram mən,
Səni diləyimdə daşıyıram mən.
Bu gözəl dünyanın ən bəxtəvəri
Özüməm, özüməm, inan ki, Bakı-
Bu ana qoynunda yaşayıram mən.
O ala gözlümün vətəni sənsən;
Hər şirin nəğməmin, hər əfsanəmin,
Ən kövrək sözümün vətəni sənsən.
Daş olub küçənə döşənnəm, Bakı.
Səni düşünürəm, mən səni, Bakı.
Əzizim, təmizim, ey pakım mənim,
Yeganəm, birdanəm, ay Bakım mənim.

***

Yorğun meyxanada kecdi gecəmiz,
Yalançı şərablar aldatdı bizi.
Göygözlü qızların baxışlarında
Aldandı günümüz, bir gündüzümüz.

Yorğun meyxanada keçdi gecəmiz,
Zirzəmi toranı yellədi bizi.
Tumurcuq fənərlər yanıb-söndükcə
Seçmədik toranda bir-birimizi.

Günahı nə imiş meyxanaların,
Meyxana dəmində keyimək yaxşı.
Atanı, ananı unudub burda
Saxta sifətləri geyinmək yaxşı.

Meyxana işığı mayaka döndü,
Ömür pərvanətək yandı işıqda.
Sadəlövh uşaqlıq - dilsiz-ağızsız
Dayandı eşikdə, dondu eşikdə...


VİDA ŞEİRİ

Bir də o yerlərə düşməz güzarım,
Bir də o yerlərə səsləmə məni.
Sən aylı gecədə ay işığında
Bürünüb, bir daha gözləmə məni.

Aylı eyvanından əsən küləyə
Tapşır ki, yaxamdan əl çəksin mənim.
Yorğun gözlərimdən axan gileyə
"Tapşır" ki, yaxamdan əl çəksin mənim.

Qalmasın bir ömrün gündoğanında,
Günbatan küləyi qarsız üzümü.
İtmiş bir nəğməni soraqlamaqçün
Yolları yormağın yoxdu lüzumu...

Bir də o yerlərə düşməz güzarım,
Bir də o yerlərə səsləmə məni.
Sən aylı gecədə ay işığında
Bürünüb, bir daha gözləmə məni...


YAXŞI ADAMLAR

("Yaxşılıq" şeirinin müəllifi Söhrab Tahirə)

Qəlbində xoş arzu, işıq daşıyan
Səhralar oyadır addımlarıyla.
Məsəl var, deyir ki, insan yaşayan
Torpaq da tanınır adamlarıyla.

Mən belə düşünüb, belə yazmışam -
Yerə ilk toxumu yaxşılar səpib.
Dumana düşmüşəm, çəndə azmışam
Yaxşının evini yol özü tapıb.

Yaxşılar mərd olur, gözü-könlü tox,
Yaxşılar heç kimi verməzlər bada.
Yaxşılıq sədəqə, pay deyil ki, yox -
Yaxşılıq ummaram namərddən, yaddan.

Yaxşılıq yaraşır kişi adına,
Pislər yaddaşımdan pozulub, itib.
Yaxşılar hər zaman düşür yadıma,
Dar gündə dadıma yaxşılar yetib.

Ortada bir yeyib, qıraqda gəzən
"Dost"lara inanma, deyər - "naşıdır!"
Bir qolu zorlunun hayından bəzən
Yaxşının bir ötkəm sözü yaxşıdır.

Yaxşının adına yapışmaz ləkə,
Namərd əlləşsə də səyi hədərdir.
Bu qoca dünyanın yaşı da bəlkə
Yaxşı əməllərin sayı qədərdir.

Pisliklə döyüşə hər gün varam ki,
Yaxşı adamların qəlbi isinə.
Mən öz taleyimə minnətdaram ki,
Yaxşılar çox çıxır yolum üstünə...


NARLI GECƏ

"Toğrul Nərimanbəyovun
emalatxanasında"n


Budaqdan qopmuş
nar kimi,
Üfüqə diyirləndi
gülöyşə günəş -
Qıpqırmızı
nar şırəsinə
bulaşdı qürub.
Bir azdan
dənəvər-dənəvər
mələs ulduzlar
səpiləcək səmaya.
Nar çiçəyi kimi
çıttayacaq
pəncərələrdə işıqlar.
Yenə də
əlləri göydə
diz çökəcək Təzə Pir
axşam namazına.
Narlı yuxular görəcək bu gecə
Nar yanaqlı körpələr.


KAMANÇALARIN XOR SƏSİ

Qaranquş dimdiyindən
Günəşin bir sap
Qızıl saçağı düşdü -
Bir lalə boylandı yamacda.
Dağ döşünə
qürub saldı lalələr.
Sona çığırtısından
bir göl düşdü dərəyə.
Yamac boyu
cavan, qıvraq qovaqlar
bir-birini
qovdu sahilə.
Meh əsdi
Bir pıçıltı gəzdi
Sahildə saçlarını
Günəşin tellərinə hörən
Söyüdlərin sırasında.
O tayda
dəyirman pərlərinə
başaşağı çırpıldı
balıqların yuxusu.
Meşəni dinşəyən
Əliyin dodaqlarına
Uzaq üfüqlərin
Mavi öpüşü kimi
Qovdu külək.
Böyürtkən kollarının
Tikanlarında
Pırttaşıq düşdü külək.
Sonra
çapdı uzaq üfüqlərə
Göylərin göy ürgəsitək.


Məhəbbət düsturu

Oxşardır sevginin tarixçələri...
Yatmışdıq yuxudan ayıldıq, əlbət!
Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq, çıxaq məhəbbət...


Heç kimə dərs deyil, olub-olacaq...
Həzz ilə zülm edir özünə millət.
Səndən gördüklərim bunlardır ancaq
Üstəgəl məşəqqət, çıxaq mərhəmət...

Hər şeydə günahkar tək məni saydın,
Biz necə olaydıq səninlə xoşbəxt?!
Cəbrinin cavabı öncədən aydın,
Üstəgəl haqsızlıq, çıxaq ədalət!!!

Nə günə qoyurdu məni o eşqin,
Hardandı səndəki bu kin, küdurət?!
Hasilə nə qaldı, indi bax sevin...
Üstəgəl miskinlik, çıxaq əzəmət...

Dedilər sınama, sınanan haqdı,
Əzilən adamdan umma dəyanət.
Gör gəlib axırı hayana çıxdı! -
Üstəgəl xəyanət, çıxaq sədaqət...

Mən ülfət ummadım, sən həsrət dedin...
Dözümə tapmadım özümdə qüdrət!
İndi bu qalığı haqq-hesab edin
Üstəgəl fəlakət, çıxaq səadət...
"DÜNYA, MƏNNƏN
DANIŞ GÖRÜM"

Dünya, boyun bircə qarış...
Qarı dünya, qımış görüm.
Ürəyimdə yağ qalmamış,
Dünya, mənnən danış görüm.

Yolların yüyrəkdi sənin,
Yerişin küləkdi sənin.
Olanım - ürəkdi mənim,
Dünya, mənnən yarış görüm.

Niyə belə yaraqlısan,
Hansı fikir, soraqlısan,
Mən haqsızam, sən haqlısan,
Dünya, mənnən vuruş görüm.

A qırışmal, gidi dünya,
Neynədin igidi, dünya?
Mən bilmirəm, sən bilirsən...
Dünya, mənnən barış görüm.


"MƏN ŞEİRİMİN ÇOXUNU"

Mən şeirimin çoxunu
Gəzə-gəzə yazmışam.
Hər kəlmənin üstünə
Əsə-əsə yazmışam.

Xoşlamadım hap-gopu...
Hər sözə qanım hopub!
Canımdan can qoparıb
Kəsə-kəsə yazmışam.

Yandırmışam özümü...
Hər söz ocaq közümü?!
Gödək edib sözümü,
Kəsə-kəsə yazmışam.

Baxmadım qışa-yaza,
Qələm naşı, dil qısa...
Sözdə lay qaza-qaza,
Aza-aza... yazmışam.

Çox çaşmışam qarıxıb,
Söz dizimi xıxırdıb!
Gah özümdən darıxıb,
Bezə-bezə yazmışam.

Bağlamadım bel yada,
Doğmam kaman, tar ya da!
Dil dediyin dəryada
Üzə-üzə yazmışam.

Dar mühit qəfəsini
Odlayardı nəfəsim!
Düşünmə ki, səsimi
Qısa-qısa yazmışam.

Hər bir misram mismardı, -
Mənə dəmir, mis ramdı!
Sözü döyüb israrla,
Əzə-əzə yazmışam.

Demə Çingiz qocalıb,
Murazından öc alıb.
Mən zirvəyə ucalıb,
Süzə-süzə yazmışam.

P.S.

... Şeir xudam, mən bəndə!
Şairdən söz düşəndə
Yada salın ki, mən də
Nəsə, nəsə yazmışam...