Onun adı Rey

ETİBAR CƏBRAYILOĞLU
40469 | 2017-12-02 00:31
"...Bacarmıram, o hissəni yaza bilmirəm...
Qəfil zəng, girişsiz-filansız, qırıq-qırıq sözlər, üsyan dolu səs məni çaşdırır.
- Nə hissəni? Hansı hissəni? Niyə yaza bilmirsən?
- O gecə, Xocalıdan olan xanım-xatun qızların ratsiya ilə dediklərini...
...Anlayıram. Ağrını sözə çevirmək çətindi..."
Həqiqətən də çətindi. Amma mənim tanıdığım Rey, bizim tanıdığımız Rey Kərimoğlu nə vaxt asan işlə məşğul olub ki? Rey həmişə işin ən çətinindən yapışıb. Milli Qəhrəman, igidliyi dillərdə dolaşan Şirin Mirzəyevin komandirliyi altında torpaqlarımız uğrunda döyüşüb, kəşfiyyat dəstəsinin üzvü kimi erməni işğalçılarına qarşı keçirilən əməliyyatlarda fəal iştirak edib. Xankəndi istiqamətindəki əməliyyatda ağır yaralanıb, ikinci qrup Qarabağ qazisidir.
Rey Kərimoğlu səngəri redaksiyaya, avtomatı qələmə dəyişdikdən sonra jurnalist kimi müxtəlif qəzetlərdə çalışıb, Qarabağ savaşında bilavasitə iştirak etdiyi hadisələr barədə yazılar dərc etdirib. Onun xüsusi ilə Lent.az saytında yayılan "Kəşfiyyatçının xatirələri" və "Barıt qoxusu" silsiləsi maraqla qarşılanıb. Həmin yazıları bir yerə toplayan Rey Kərimoğlu "Qanun" nəşriyyatında "Kod adı "Rey". Kəşfiyyatçının xatirələri" adlı ilk kitabını çap etdirib.
Yazının əvvəlindəki sitat da elə həmin kitabın redaktoru Səhər Əhmədin yazdığı qeyddəndir. Səhər xanım davam edir: "Bir il bundan öncə Rey Kərimoğlu haqqında "Keçmiş döyüşçünün zəngimselli" adlı yazı yazmışdım: "Biz onun beynində qəlpə kimi daşıdığı xatirələrin bir ucundan tutmadıq. Halbuki bu xatirələrdən öz müharibəmizin və ədəbiyyatımızın "Əlvida silah"ını yaratmaq olardı. Mənim bu yazım isə heç vaxt baş tutmayacaq bir cəhdin, yazılmayacaq o əsərin ifadəsidir".
Amma mənim həmin yazım başqa bir cəhdin başlanğıcı oldu. Rey özü müharibə xatirələrini yazmağa başladı".
Bizim Rey Kərimoğlunun barıt qoxulu bu ilk kitabını həyəcansız oxumaq mümkün deyil. Reyin döyüşçü dostlarının, torpaq uğrunda şəhid olanların, qazilərin, erməni silahlıları ilə üzbəüz qalan Qarabağ camaatının yaşantıları, nakam sevgisi, sevinci, kədəri, əzabları var bu kitabda. Çünki kitab kod adı "Rey" olan kəşfiyyatçı Rey Kərimoğlunun xatirələri əsasında qələmə alınıb.
"... Bu döyüşdə şəhid olan Maarif adlı dostumuzu xatırlayıram. Ağdamın Qiyaslı kəndindən idi Maarif və taborda xidmət edən R. adlı qızla bir-birilərini sevirdilər... Novruzda onların nişanı olmalı idi. Qazançı döyüşündə Maarif həlak oldu. Səhv etmirəmsə ağzından vurmuşdular. Sevgilisi döyüşdən qayıdan hamının üstünə qaçıb Maarifi soruşurdu. Elə bil ürəyinə dammışdı ki, Maarifə nəsə olacaq. Şəhidlərin hamısının üzü örtülü olsa da, o, Maarifin cənazəsini uzaqdan tanıdı. Biz istəmirdik ki, qız sevgilisinin cəsədini görsün. Ancaq mümkün olmadı, o, Maarifin cəsədi aparılan xərəyə tərəf qaçdı. Onu tutmağa çalışdıq, xeyri olmadı, əlimizdən çıxıb Maarifin cənazəsini qucaqladı. Bir neçə kişi onu saxlaya bilmədik".

Və yaxud "Yerindəcə güllələnsin!" bölümündəki bir məqama fikir verin: "... Neçə vaxt idi ki, bu hücuma hazırlaşırdıq. Həm kəşfiyyat, minaatanlarımız, istehkamçılarımız, həm də digər dəstələrimiz bu əməliyyata çox ciddi hazırlaşmışdılar. Onu da qeyd edim ki, elə bizim kəşfiyyat dəstəsi bu əməliyyatla bağlı təxminən 10-12 kəşfiyyat tapşırığı həyata keçirmişdi. Bütün batalyon psixoloji baxımdan bu döyüşə hazır idi. Artilleriya hazırlığından sonra bir anlıq sakitlik çökdü. Hamı səsini içinə çəkib həyəcanla nə olacağını gözləyirdi. Birdən "UAZ"dakı səsgücləndirəndən Şirin Mirzəyevin amiranə səsi gəldi:
- BATALYON! HÜCUMA!"
Səs qulağımdan beynimə, ürəyimə, iliyimə işlədi. Ardınca tanklar nərildədi, tırıldadı, ləngər vurub yerindən irəli sıçradı. Mən ağladım..."
Bu hissi savaşdan, barıt qoxulu hadisələrin içindən keçənlər yaşaya bilər.
Rey Kərimoğlunun "Xocalıdakı günlərim: Soyqırım necə baş verdi" bölümündəki yaşantılarını sadəcə oxuyub keçmək çətindi: "... Vaxt getdikcə Xocalıdan gələn həyəcanlı xəbərlər də artırdı. Artıq axşamçağı "ratsiya"dakı qızlar ağlayaraq Xocalıya kömək istəyirdilər. Buna kömək istəmək demək də olmaz, onlar fəryad edirdi...
Qulağımdan getmir o qızların səsləri...
- Nə olar, bizə kömək edin! Allah xatirinə, bizi tək qoymayın, qıracaqlar bizi...
...Bizim batalyonun qızları da qoşulmuşdu onlara. Aidə, Xalidə, Nüşabə, Sima, Diləfruz, Raisə... hamısı ağlayırdı. Əslində, bunu sözlə ifadə etmək mümkün deyil, indi xatırladıqca yenidən yaşayıram o anları. Çox çətindi mənə o anları xatırlamaq, o səhnəni təsvir etmək.
Əsəblərim tab gətirmədi, dözə bilmədim, "ratsiya" otağını dərk etdim. Bayırda həzin qar yağırdı, atəş səsləri eşidilmirdi. Bir siqaret yandırdım, tüstünü ciyərlərimə çəkdim. Hələ məni, eləcə də Azərbaycanımızı gözləyən sabahdan xəbərim yoxdur.
"Ratsiya" otağından qızlar məni çağırdı:
- Rey, ay Rey! Xocalıdakı qızların səsi kəsildi!
Üstündən 25 il keçib, amma hələ də ratsiyada imdad diləyən Xocalı qızlarının səsi qulağımdan getmir..."
Səhər xanım Əhmədin "Redaktordan" qeydlərində vurğuladığı kimi, Rey yazıçı deyil: "Amma onun yazıları hansısa romançının Qarabağ müharibəsi haqda nə vaxtsa uyduracağı əsərlərdən daha gərəklidi. Çünki həqiqətdi. Nə saxta pafos var orda, nə yalançı laqeydlik..."
Döyüşçü və jurnalist kimi yaxşı tanıdığımız Rey Kərimoğlu bu ilk kitabını Qarabağ uğrunda savaş meydanlarında canlarını qurban verən nakam və bakirə gənclərimizin- Sənanların, Qırımxanların, Fərmanların, Teymurların... və digərlərinin ruhuna həsr edib.

TƏQVİM / ARXİV