adalet.az header logo
  • Bakı 13°C
02 Dekabr 2017 00:18
14773
ƏDƏBİYYAT
A- A+

Sevmək - ürək işidir

(Əbülfət Mədətoğlunun sevgi səltənətində)


Yaşar QASIMBƏYLİ
Filologiya elmləri doktoru,
AMEA-nın baş elmi işçisi

Poeziyanı ürəyin gündəliyinə çevirmək... Başqa cür demək də olar: ürəkdən keçənləri, ürəyin gördüklərini və yaşadıqlarını poeziyaya çevirmək. Bu, çox çətin və məsuliyyətli bir işdir.
Lirika həmişə bu seçimdən başlanıb. Hətta lirikaya yad olan, ictimai, siyasi hadisə və prosesləri, mövzu və problemləri könül gündəliyi dərəcəsinə yüksəldənlər, ürəkdən keçirib ağ kağıza köçürənlər də olub. Yəni həyatın hər üzünü lirikaya gətirmək olar. Amma bircə şərtlə, ürəyin izni ilə, ürəkdən keçirməklə! Əbülfət Mədətoğlunun əksər şeirləri ürəkdən keçənlərin ifadəsidir. O, bütün lirika toplularında tərəddüd etmədən və cəsarətlə ürəyinin döyüntülərini, yaşantılarını bədiiləşdirib.
Əbülfət Mədətoğlunun sevgi və sezgilər səltənətində ən çox diqqəti cəlb edən və yaddaşlara hopan nədir? Nələrdir? Şair "Sevgi pıçıltıları", "Ürəyim sənlə danışır", "Mənim kimi sevə bilsən..." və başqa bir-birindən emosional kitablarında ürəyinin həyatla ünsiyyətindən necə və hansı tərzdə söhbət açır? Öncə vurğulamaq istəyirəm ki, Ə.Mədətoğlunun lirikası son çərək əsrin maraqlı və yaddaqalan estetik axtışlarından biri kimi diqqətəlayiqdir. Onun lirik "məni" özü və duyğular aləmi haqqında səmimiyyətlə belə söyləyir:

Lal-kar sevgilərin dili açılsın
Məcnundan sonrakı Məcnun özüməm.
Mənim ürəyimdən tonqal çatılsın
Mən sönən Kərəmin yanan közüyəm.

Müəllif sanki hər bir şeirində ürəyinin sevgi tarixindən söz açır, qəlbinin sevgi sirlərini bizimlə bölüşür:

"Allahım, sevgimin ilk şahidi sən,
Məni də, onu da sən yaratmısan.
Necə sevdiyimi özün bilirsən -
Məni bilə-bilə oda atmısan...

Allahım, bilirəm günahım böyük,
Cəzamı sevməklə, sevinməklə ver.
Adımı yazdığın ruhuma sahib,
Sən onu başına çevirməklə ver".

Özünü klassik aşiqlərin, Məcnunun, Kərəmin, Fərhadın varisi sayan bu lirik "mən" öz mənəvi-psixoloji yaşantılarında, həyəcan və iztirablarında nə dərəcədə haqlıdır? Onun öz sevgisi barəsində düşündükləri ilə real həyatdakı vəziyyət və həqiqətlər nə qədər bir-birinə uyğundur? Bu müqayisələr lirik qəhrəmanın yaddaşında müdam davam edir, daim hərəkətdədir, onun şübhə və tərəddüdləri dayanmaq, susmaq bilmir. Lirik "mən" öz sevgisinin qəribəliyini, gözlənilməzliyini hamıdan yaxşı duyur və təsəvvür edir. Amma bu qəribəlikləri dəf etmək, onları öz içindən və taleyindən kənarlaşdırmaq, uzaqlaşdırmaq onun ixtiyarında deyil. Bu bənzərsiz mənəvi iztirablar onu bir an olsun rahat buraxmır. Lirik "mən" çıxış yolunu tapa bilmir, lirik "sən" isə onun dərdlərinə, iztirablarına cavab verməkdə acizdir:

Qalmasın ortalıqda
Bizim uğursuz sevgi.
Gəl, görüşüb bir yerdə
Bu sevgini dəfn edək...

Bu "uğursuz sevgi"nin taleyi lirik "mən"i sonsuz iztirablara qərq edir, onu yaşatmaq da, ondan xilas olmaq da mümkünsüz kimi duyulur: "Amma harda? Bu ürək Səndə varmı, de görək?! Mənə ki sən əzəldən İnanmamısan, axı. Ürəyimi saymısan "Şəhərin baş vağzalı!" Yəqin ki, bu son anda İstəməzsən sevgimiz Olsun "vağzal uşağı!"
Ə.Mədətoğlunun yanaraq vəsf etdiyi bu sevginin əvvəli necə başlayıb, sonu necə qurtaracaq? Bu yandırıcı və düşündürücü sevgi yaşantıları şairə əzab və iztirablardan başqa daha nələr vəd edir? Buradaca qeyd etməliyik ki, şeirə çevrilə bilən xoşbəxt sevgilər yoxdur dünyada! Əminliklə söyləmək mümkündür ki, indiyə kimi bütün şairlər uğursuz sevgiləri tərənnüm ediblər. Baxtlı sevgilərdən poeziya çox vaxt xəbər tutmayıb, daha doğrusu, onların poeziyaya ehtiyacı olmayıb. Demək, poeziyanın bədii xammalı və predmeti baxtsız sevgilərdir. Görəsən, dünyanın ilk baxtsız aşiqi kim olub? Və bəlkə poeziyanın tarixi elə o baxtsız aşiqin sızıltılarından, iniltilərindən başlanıb? Ümumən, ədəbiyyatda özünə yuva salmış və daşlaşmış sevgilər tarixini nəzərdən keçirsək, onları çox da mürəkkəb olmayan aşağıdakı təsnifata yerləşdirmək olar: Baxtsız və Vaxtsız sevgilər. Bizə məlum olan bütün poetik sevgi tarixçələri bu bölgüyə rahatca daxil ola bilir. Ola bilsin ki, kimsə bir və ya bir neçə istisna tapa bilər, amma bütün zamanların tragik və baxtız aşiqlərinin intim lirikasına misilsiz bənzərsizlik bəxş edən məhz həmin bir-birindən qəmgin və hüznlu sevgi taleləridir. "Leyli və Məcnun", "Əsli və Kərəm", "Fərhad və Şirin", "Mehr və Müştəri", "Tahir və Zöhrə", "Romeo və Culyetta", "Tristan və İzolda", "Bədbəxt Liza" və başqa sevgi faciələri, məhəbbət dramlarının məğzində də məhz baxtsız və vaxtsız sevgi faciələri mövcud olmayıbmı?

Heç də təəssüflənmə,
Nə baş verib ki, axı.
Vaxtsız gələn sevginin-
Tutubdu bizi ahı...
Şairin aşağıdakı misraları bizim klassik və müasir lirik əhvali-ruhiyyələr və talelər barəsindəki düşüncə və təəssüratlarımıza təkan verir, zatən, lirik "mən" də öz sevgi duyğularının özünəməxsusluğu və qəribəliyi səbəblərini dərindən dərk etməyə qadirdir:

"Qorxma, öldürən deyil,
Mən dözümlü bəndəyəm.
Həsrətdən ölən olub -
Mən deyiləm, sən deyən.

Canım daş, ürəyim daş,
Sözlərim də buz kimi.
Gözümdə bir gilə yaş -
Ağaracaq duz kimi.

Nə olsun bu dünyanın
O qədər şikəsti var.
Mən də onlardan biri -
Zaman udar, unudar".

Amma lirik qəhrəmanın özünə və sevgisinə amasız yanaşmasını biz bölüşmürük. Çünki insanlıq tarixi də, poetik tarixlər də onu göstərir ki, sevgi taleyində və qismətindəki uğursuzluq, müəllifin dediyi kimi, bəxtsizlik heç də asan unudulacaq bir hal deyil. Zaman onu qismən uda bilər, amma poeziyanın şahidlik etdiyi və poeziyaya yol tapmış baxtız sevgilər yaddaşlarda, ürəklərdə yuva salır. Ya bu sevginin sahiblərindən, ya da həssas qəlbli şahidlərindən biri onu hökmən poeziyanın hədəfinə çevirir.
Bu, baxtsız və vaxtsız sevgilərin son taleyidir. Poeziyada yaşamaq onların alnına yazılıb. Baxtlı sevgilər öz sahiblərini nə qədər sevindirsələr və ruhən zənginləşdirib yüksəltsələr də, onların ömrü öz sahiblərinin və müasirlərinin ömrü qədərdir. Baxtsız və vaxtsız sevgilərin ömrü, ünvanı isə əbədiyyətdir. Zatən, vaxtsızlıq müstəvisində doğulan və yaşamağa başlayan fövqəladə mənəvi yaşantılar həmişə öz təbiətinə və mahiyyətinə, yəni vaxtsızlıq keyfiyyətinə malik olurlar.
Məhz buna görə də onlar elə əvvəldən axıra kimi zaman və vaxt sərhədlərinə sığmadan, yəni əbədiyyətin illər və aylarla ölçülməyən zaman axarında mövcud olurlar. Öz sahiblərini, onları qəlblərində daşıyanları bir damcı, bir anlıq belə bəxt və səadətə tamarzı qoyan belə sevgilər neçə-neçə on illər, yüz illər ərzində saysız-hesabsız ürəklərə ümid, təsəlli və bir-birindən xoşbəxt sevgi ilğımları, arzuları yaşadırlar:

hələ yaşayıram, hələ ki, varam,
hələ daşıyıram min illik qəmi.
mən elə həminki, köhnə adamam -
nə dərya dəyişib, nə də ki, gəmi.

Zatən, Ə.Mədətoğlunun lirikasına, onun poetik aləminə təbiilik və səmimiyyət bəxş edən də onun lirik qəhrəmanının həmin "min illik qəm"in müqəddəsliyini və cazibəsini dərindən dərk etməsi, o ilkinliyi hifz etməyə can atmasıdır:

"Hələ sabahlara neçə sabah var
Hələ neçə-neçə dan olmalıdı.
Hələ neçə günah, neçə savab var -
Yaşanıb bir ürək, can olmalıdı.

Hələ bilmirəm ki, neçə hələ var,
Neçəsi oyundu, neçəsi gerçək.
Bizi də gözləyən neçə tələ var -
Allahım, kömək ol, sovuşub keçək!"

Əbülfət Mədətoğlunun lirika toplularından birinə (Əbülfət Mədətoğlu. Sevgi pıçıltıları. Bakı, 2007) mənalı ön söz yazan ustad şairimiz Musa Yaqub şairin sevgi və sezgi səltənəti barəsində aşağıdakıları söyləyir: "Toplunun adı bütün şeirlərin ruhundan doğan bir addır: "Sevgi pıçıltıları". İlk sevginin əlifbası olan pıçıltılar çox gözəl və məxsusi addır. İçdə xoş əzabın harayı, hiss və duyğuların tüğyanı olan, yəni içdə dözən, üzdə utanıb pıçıltıya dönən həzin, qəribə bir səs - sevgi pıçıltıları..." Böyük sevgi şairimiz Musa Yaqubun öz istedadlı şair həmkarının sevgi dünyası və duyğuları barəsində yazdıqları, səmimi düşüncələri təkcə müəllifin özü üçün deyil, həm də oxucular və poeziya həvəskarları üçün də, bizcə, çox qiymətlidir: "Əslində, Əbülfətin yaratdığı, böyütdüyü sevgi ağacının yarpaqları bir-birinə çox oxşayır. Amma diqqət yetirəndə görürsən ki, hər yarpağın öz düzümü, öz dözümü, öz sözü, öz titrəyişi var. Və bütövlükdə bu ağac ətrafa, dağa, daşa, havaya, suya, xüsusi ilə də insanlara qəribə bir sevgi nəğməsi pıçıldayır. Həmçinin, bu sevgi real sevgidir. Bəlkə də real təşbehi sevgiyə çox da uyuşan söz deyil. Onu demək istəyirəm ki, Əbülfətin əksər şeirlərindəki məhəbbət havası həyati münasibətlərdən doğan hiss və həyəcanlardır:

Halımı soruşursan,
halım sənin əlində..."

Öz lirikasını min illik poetik ənənə və təcrübələr əsasında yaradan müəllif "hələ yaşayıram, hələ ki, varam, hələ daşıyıram min illik qəmi" deyərkən əsla mübaliğəyə yol vermir. Onun lirik qəhrəmanı öz duyğu və hissiyatını ifadə edərkən lirikanın əzəl-əbəd qanunlarına və şərtlərinə əməl etməyə çalışır. Xüsusi qeyd etməliyik ki, Əbülfət Mədətoğlunun sevgi dünyası əsl aşiqlərin mənəvi məskənini və məkanını xatırlardır. Burada gərəksiz təfərrüat və təfsilatlara, artıq və lüzumsuz ünvan və təyinatlara yer yoxdur. Klassik aşiqlərdə olduğu kimi, onun lirik qəhrəmanlarının yaşadığı zaman və məkan da xəyali və təxminidir. Yaxın poetik keçmişimizdə, xüsusən, sovet dövrünün poetik təcrübələrində olduğu kimi, onun şeirlərində lirik qəhrəmanın tərcümeyi-halı, yaxın ətrafı, hətta iş yeri və ya təhsil aldığı müəssisənin adına qədər lazımsız izah və arayışlara qətiyyən rast gəlməzsən.
60-cı illərdən ədəbiyyatımızda başlanan və müxtəlif poetik nəsillərin yaradıcılığında cilalanan lirik üslub, xüsusən, klassik ifadə tərzinə qayıdış Ə.Mədətoğlunun şeirlərində də ciddi bir özünəməxsusluq kimi diqqəti çəkir. Hüseyn Arif, Əliağa Kürçaylı, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Əli Kərim, Musa Yaqub, Vaqif Səmədoğlu, Məmməd Araz, Ramiz Rövşən və başqa istedadlı şairlərimizin yaradıcılğında meydana çıxmağa başlayan bu estetik keyfiyyət Ə.Mədətoğlu lirikasının da özünəməxsus xüsusiyyətlərindən birinə çevrilmişdir. Yəni onun şeirlərində də lirik "mən" və "sən"in iztirablarının, yaşantılarının zamanı və məkanının da təsəvvür etmək o qədər də asan deyil. Düzdür, şeirləri oxuyarkən, hiss edirsən ki, onlar da bizim müasirlərimizdir. Amma onların, klassik aşiqlərdə olduğu kimi, ictimai mənsubiyyəti və məşğuliyyəti haqqında müəllif heç bir informasiya verməyi qarşısına məqsəd qoymur. Zatən, klassik aşiqlərin lirik qəhrəmanları haqqında biz nə qədər bilgiyə malik idiksə, çağdaş lirikanın personajları barəsində də, təxminən, o qədər informasiya ala bilirik. Bizcə, bu poetik epoxalar arasındakı yalnız formal və zahiri uyğunluq deyil, həm də bədii estetik ifadə tərzinin həmahəngliyinə can atmaq və müəyyən dərəcədə ona nail olmaq deməkdir. Bu isə Əbülfət Mədətoğlunun yaradıcılığının ciddi uğurlarından biri kimi dəyərləndirilə bilər.

"525-ci qəzet"
1 dekabr, 2017