ANA SƏHİFƏ / ƏDƏBİYYAT

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

11751    |   2017-12-02 12:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.

BEŞİNCİ FƏSİL

Səhər tezdən babam gilin qapısının ağzındaydım. Qapı köhnə olsa da hələ möhkəm idi. Onun düzəldilməsinə yəqin ki, bütöv bir qoz ağacı sərf olunub. Bu qapını kəndimizin mahir ustası Vad əl-Basır düzəldib. O, dülgərlik peşəsini məktəbdə oxuyub öyrənməsə də, əlindən sakiya təkəri də, onlarçün halqa da, qapı da, bir sözlə, hər şey düzəltmək gəlirdi. Üstəlik, çıxığı yerinə salmağı, sınmış sümüyə təpitmə qoymağı, yaranı dağlamağı, qan almağı da bacarırdı. Eşşəklərdən yaxşı baş çıxardırdı. Kənddə heç kim əvvəlcədən Vad əl-Basırla məsləhətləşmədən eşşək almazdı. O hələ sağdır, amma öz peşəsiylə çoxdan vidalaşıb, daha babamın evindəki qapılardan düzəltmir. İndi bir az cavan olanlar Omdurmanda fıstıq ağacından, hətta dəmirdən də qapı düzəldildiyini bilir və gedib ordan alıb gətirirlər. Nasoslar peyda olandan sonrasa daha sakiyə də heç kimə lazım olmadı.

Qapının arxasından bərk gülüş səsləri gəldi və mən babamın cingiltili gülüşünü, Vad ər-Rəisin qarnını tutub şaqqanaq çəkməsini, doyunca yeyib mıxlanmış başqa bir adamın qəhqəhəsini asanlıqla bir-birindən ayırdım. Bəkrinin səsini də tanıdım. Bint Məhcub bərkdən, əsl kişi kimi gülürdü. Sanki bağlı qapının arasından onların hamısını görürdüm. Babam xəz dərili canamazın üstündə oturub səndəl ağacından düzəldilmiş təsbehini çevirirdi. Təsbehin daşları sakiya navalçası kimi onun barmaqlarının arasından eyni ardıcılıqla keçirdi.

Babamın köhnə dostları Bint Məhcub, Vad ər-Rəis, Bəkri alçaq taxtın üstündə rahatlanmışdılar. Babam sidqi-ürəkdən inanırdı ki, hündür taxt şöhrəstpərəstlik, alçaq taxtsa təvazökarlıq əlamətidir.

Taxta dirsəklənmiş Bint Məhcubun digər əlində siqaret var idi. Vad ər-Rəisin bığlarının ucundan ədəbsiz əhvalatlar axıb tökülürdü. Bəkri həmişəki kimi öz aləminə qapılmışdı.

Babamın böyük evi nə daşdan, nə də bişmiş kərpicdən hörülmüşdü. O, torpaqdan, buğda yetişdirilən adi torpaqdan idi. Ev tarlanın davamı kimi düz onun kənarında tikilmişdi. Həyətdə əncir və akasiya ağacları əkilmişdi. Ətrafdakı sahədə bitən bitkilər evin rütubətdən kif basmış divarlarında da göyərirdi.

Evin içi daha çox labirintə oxşayırdı. Onun necə tikildiyini bir allah bilir. Hər halda, bu ev bir, hətta on ilə indiki səviyyəyə çatmayıb. İçəridə çoxlu sayda böyük və kiçik otaqlar var. Bu otaqlar ehtiyac olduqca tikilib və kortəbii şəkildə əvvəlki otaqlara calanıb. Babam bir balaca pul toplayan kimi evə yeni bir otaq artırılırdı. Onun fikrinə görə pul adama ona görə lazımdır ki, tiksin. Evdə dəhlizlər nəzərdə tutulmamışdı, otaqlar bir-birinin içinə açılırdı. Qapılar o qədər alçaq idi ki, girib-çıxanda alnının tirə toxunmaması üçün əyilmək lazım gəlirdi. Ümumiyyətlə, qapı qoyulmamış otaqlar da var idi. Bəzi otaqlar pəncərəli, bəzisi pəncərəsiz idi, bəzilərinin divarları hamar, bəzilərinin divarlarısa çınqıl, qara gil və təzək qarışığıyla malalandığı üçün kələ-kötür idi. Tavan və çatlar palma ağaclarının, nil akasiyalarının budaqlarından və gövdəsindən, dam örtüyüsə palma yarpaqlarından idi.

Yayda ev sərin, qışda isti olur. Zahiri görkəmindən möhkəm evə oxşamır, əlbəttə, yalnız zahiri görkəmindən, çünki onun möhkəmliyi zamanın öz sınağından çıxıb.

Mən ala qapıdan içəri girib yan-yörəyə göz gəzdirdim. Həyət çox büyükdür. Sağ tərəfdəki döşənəklərin üstündə xurma və qabıqlı istiot qurudulurdu. Sol tərəfdə buğda və paxla kisələri yığılmışdı. Bəzilərinin ağzı tikilmiş, bəzilərinin ağzı açıq idi. Uzaq bir küncdə keçi acgözlüklə arpanı gözünə təpir, çəpişsə onun əmcəyini əmirdi. Evin ovqatı sahələrlə sıx bağlıydı, nəbzi əkin-biçinlə vururdu. Tarlalar göyərir – evdə şənlikdir, quraqlıq sahələri məhv edir – evdə matəmdir.

Babamın evinin iyini dünyanın bütün qoxuları arasında dərhal tanıyıram. Məgər un, bibər, xurma, paxla, lobya, dəvətikanı kimi müxtəlif qoxuların qarıışığından ibarət olan bu iyi unutmaq olar? Bütün bunlarsa böyük bir manqalın üstündə tüstülənən buxurun xoş ətri içində boğulur.

Bu rayihə daim mənə, demək olar ki, hər şeydən imtina eləyən tərki-dünya babamın allaha ibadət etmək üçün lazım olan ləvazimatlardan ötrü son qəpiyini də əsirgəmədiyini xatırladır. Üstündə namaz qıldığı, soyuq gecələrdəsə yorğan kimi üstünə saldığı iri canamaz üç bəbir dərisindən tikilmişdi. Misdən hazırlanmış, hər tərəfi rəsm və naxışlarla bəzədilmiş dəstnamaz parçı mis məcməyinin üstünə qoyulmuşdu. Babam səndəl ağacından düzəldilmiş təsbehiylə xüsusi qürur duyurdu. Onu nazla çevirir, üzünə yaxınlaşdıraraq əvvəcə sol, sonra sağ yanağına sıxır, ləzzətlə iyləyərək qoxusunu sinəsinə çəkirdi.

Bir də görürdün gözlərini qıyıb xatirələrə dalırdı. Bu vaxt, allah eləməsin, nəvələrindən biri ona mane olsun. O zaman təsbehi uşağın balaca başına döyəcləyərək qışqırırdı: "İtil burdan, şeytan”.

Evdəki otaqlar və həyətdəki palmalar kimi allaha ibadət törəninin də öz mənası var idi. O da insanın keçmişini, yaşanmış ömrünün illərini canlandırırdı.

Qapının ağzında duyduğum ləzzətdən zövq alaraq yavaşıdım. Hər dəfə kəndimizə dönərkən babamın evinin astanasında məni eyniylə bu cür hisslər bürüyür. Olduqca qoca, qüdrətli, həyatda çox şeylər görmüş bu adamın yer üzündəki mövcudluğundan doğan sevinc və heyrət hissləri. Babamı qucaqlayanda ruhuma tayı-bərabəri olmayan, misilsiz bir qoxu çökürdü – sanki sərdabənin xəfif sərinliyinə südəmər uşaq nəfəsinin hərarəti qarımışmışdı.

Onun yavaş, sakit səsi dərhal adamda inam yaradırdı. Danışanda mənə elə gəlirdi ki, bizim qayğılar, qayğılar, yalnız qayğılar vəd eləyən narahat gələcəyimizə körpü salır. Gələcək uzaqlarda çox tutqun görünür. O öz bitkin formasına düşməyib, sirli, əsrarəngiz dağ zirvəsi kimi qatı dumana bürünüb.

Sənaye Avropasıyla müqayisədə biz kimik? Kasıb kəndlilər, vəssalam! Ancaq babamı qucaqlayanda mən özümü bəstəkar təbiətin yaratdığı simfoniya kimi zəngin və güclü hiss edirəm.

Yox, mənim babam hündür, yaşlı ağaca bənzəmir. Onu kökləri yerə möhkəm oturmuş qollu-budaqlı palıdla müqayisə etmək olmaz. Əgər ağaclarla müqayisə eləmək lazımdırsa, onda babamı Sudanın səhralarında bitən qalın qabıqlı, iti tikanlı balaca sayali ağacına bənzətmək olar – axı, ölümün özü belə onların qarşısında gücsüzdür. Bu ağaclar öz həyat enerjisini yavaş-yavaş, xəsisliklə xərcləyir. Babam da belədir. Bütün azar-bezarlardan, aclıq və müharibələrdən sağ çıxmağı bacarıb. İndi onun yaşı yüzə yaxınlaşsa da, dişlərinin hamısı yerindədir. Dar gözləri ensiz yarığa oxşayırdı, elə bil koruş idi, əslindəsə, bu gözlər hətta qaranlıqda da görürdü. Üzgün bədəni quruyub qırışmışdı. Zərrə qədər də piyi yox idi. Sümükləri nazilsə də, dərisi və əzələləri qartısa da hələ ki, eşşəyin belinə rahat qalxır və hər gün evdən sübh alatoranlıqda çıxıb məscidə piyada gedir.

Mən oturub rahatlanana qədər babam gözlədi, sonra gülüşünü güclə boğaraq, ətəyiylə gözünün yaşını silib dedi:

-Vad ər-Rəis, allaha and olsun ki, sənin danışdığın əhvalatdan adamın qarnı sancır.

Vad ər-Rəis mənim gəlişimlə yarımçıq kəsdiyi əhvalatın ardını danışmağa davam elədi:

-Hə, beləliklə, hacı Əhməd, həmin qızı eşşəyə mindirib öz qabağımda oturtdum, osa ora-bura burulmağa, fırfıra kimi fırlanmağa başladı. Sağa-sola əyilir, yuxarı atılıb-düşür və birdən tarappp! Əynindəki bütün paltarı çıxıb töküldü. Baxıram, gözlərimə inanmıram. Anadangəlmə, lümlüt qarşımda oturub. Özü də, deyəsən, nil kənizlərindən idi. Hacı Əhməd, deyim, sən də bil. Döşləri dimdik durub göz deşirdi. Necə də gözəl idi! Dərisini elə bil yağ sürtüb hamarlamışdın, ay işığında parıldayıb rəngdən-rəngə düşürdü. Az qala, dəli olmaq mümkün idi. Günəbaxan sahəsində çılpaq bir yer görüb, eşşəyin belindən endim, əlbəttə, mənimlə birlikdə o da aşağı düşdü. Təzəcə onu bərk-bərk qucarlamaq istəyirdim ki, qarğıdalıların arasından şırıltı gəldi, sonra hansısa bir səs soruşdu: "Orda kim var?” Cavanlığımızda biz nələr uydurmamışıq, hacı Əhməd! Birdən ağlıma gəldi ki, özümü ifrit kimi qələmə versəm necədir? Yəqin, dadıma çatar. Və şeytanın da həsəd aparacağı vəhşi bir səslə anqırdım. Qumu hara gəldi sovurur, özümü dəli kimi aparıram. Həmin adam qorxub dabanlarına tüpürdü. Necə bilirsiniz, bu kim olsa yaxşıdır? Mənim öz əmim İsa. Sən demə, o məni günəbaxan sahəsinə kimi izləyirmiş. Qızı düz toyun içindən çıxardıb aparan andan gözünü məndən çəkməyb. İfrit kimi tullanıb-düşdüyümü görəndə elə bilib ki, mənə nəsə olub. Allah kömək olmuş, səhəri hava açılar-açılmaz atamın yanına gələrək, hər şeyi əvvəldən axıra kimi necə var, eləcə də ona danışandan sonra dedi: "Sənin oğlun murdar şeytandır. Əgər bu gün ona arvad tapmasaq, kənddəki bütün qızları korlayacaq və rüsvay olacağıq”. Bax, elə həmin gün məni Rəcəb əmimin qızıyla evləndirdilər. Allah ona rəhmət eləsin, bir müddətdən sonra zavallı qız doğuş vaxtı öldü.

Bint Məhcub xeyli güləndən sonra, siqaretdən tutulmuş xırıltılı kişi səsiylə dedi:

-Görürəm, az qala, lap uşaqlıqdan belə şeylərə aludə olmusan.

-Heç olmasa sən dinmə, Bint Məhcub, – deyə Vad ər-Rəis kefini pozmadan cavab verdi. – Kim olmasa da sən bu işlərdə ustasan. Səkkiz ər basdırmısan, indi də kimsə çıxsa fürsəti əldən verib "yox” deməzsən, hərçənd, artıq yaşlı arvadsan.

-Nə etmək olar, – babam dedi. – Bint Məhcub kimisini bütün dünyada axtarıb tapa bilməzsən.

Bütün bu vaxt ərzində gülməkdən kəlmə də kəsməyə macal tapmayan Bəkri Bint Məhcuba tərəf dönüb dilləndi:

-De görüm, ərlərindən hansını daha çox sevmisən?

-Vad əl-Bəşiri, – deyə Bint Məhcub fikirləşmədən cavab verdi.

-O cins ayğıra oxşayanı? – deyə Bəkri bildirdi. – Onun şam yeməyi həmişə keçilərə qismət olurdu.

Bint Məhcub barmağının ucuyla siqaretin külünü döşəməyə çırpdı:

-İnanın ki, o məni qucaqlayanda xöşbəxtlikdən ölüb qurtarırdım. Axşam namazı bitən kimi yanıma gəlidi. Biz sübh şəfəqləri düşüncə bir-birimizi oxşayırdıq. Sübh azanını eşidən kimi deyirdi: "Oh allah, oh Bint Məhcub.”

-Həyatının yaxşı dövründə, enerjisinin coşub daşdığı vaxtda sən onu qəbirə gömdün, – babam dedi.

-Sən nə danışırsan, sadəcə olaraq, tale ona az ömür qismət eləmişdi, – deyə Bint Məhcub təbəssümlə cavab verdi. – Bizim burda danışdığımız şeylərdən hələ ölən olmayıb.

Bint Məhcub saçları qara məxmər rəngli, uca boylu bir qadın idi. Yetmiş yaşı olsa da, indi də sifətinə baxanda bir vaxtlar necə gözəl olduğu hiss edilirdi. Kənddə onu tanımayan, çox vaxt açıq-saçıqlığıyla seçilən söhbətlərinə heç olmasa gecəyə kimi oturub qulaq asmaq istəməyən bir kimsə tapmaq çox çətin idi. O, siqaret çəkir, çaxır içir, ən latayır söyüşlər söyür, bir sözlə, özünü kişi kimi aparırdı. Deyilənə görə, anası hansısa yerli sultanların birinin qızıydı. Bint Məhcub yalnız kəndin məşhur və varlı kişilərinə ərə gedir, bir-birinin ardınca onların dalından dəyir və hər dəfə dul qalanda xeyli varlanırdı. Vur-tut bir oğul doğsa da, qızlarının sayı-hesabı yoxdur. Onların hamısı təkcə gözəllikləriylə yox, həm də açıq-saçıq söhbətləriylə öz analarına oxşayırdı.

Belə bir əhvalat danışırlar. Bint Məhcubun qızı ərə gedir, ancaq onun adaxlısı anasının çox da xoşuna gəlmir. Toydan sonra onlar kənddən gedir və bir ildən sonra qayıdırlar.

Qyıdandan sonra Bint Məhcubun kürəkəni ziyafət düzəltmək və arvad qohumlarının hamısını ora dəvət eləmək qərarına gəlir. "Bilirsən nədir, – arvadı ona deyir, – anam ağzına nə gəldi danışmaqdan utanıb eləmir. Yaxşısı budur, onu ayrıca dəvət edək”.

Belə də edirlər. Bişirib-düşürür və qayınananı şama çağırırlar. Bint Məhcub yaxşı yeyib-içəndən sonra qızına deyir: "Əminə, bu kişi sənə layiq deyil. Yaxşı evin-eşiyin, qəşəng pal-paltarın var. Yoldaşın sənin əl-qollarına qızıl qolbağlar düzüb, boynunu mirvariylə bəzəyib. Ancaq bunlar hamısı boş şeylərdir. Sifətindən görürəm ki, yataqda ondan heç bir ləzzət görmürsən”. Kürəkənsə yanlarında durub hər şeyi eşidir. "Əsl kişiylə yatmağın nə olduğunu bilmək istəyirsənsə mən münasib adam tanıyıram. Əgər o, yanına gəlmək istəsə, arxayın ola bilərsən ki, səni doyurmayınca, ürəyinin yanğısını söndürməyincə səndən əl çəkməyəcək.” Əminənin əri bu sözlərdən necə əsib-coşmuşdusa, elə orda həmişəlik onunla vidalaşmışdı.

-Qulaq as, – deyə Bint Məhcub Vad ər-Rəisə tərəf döndü, – sənə nolub? İki ildir bir arvadla qane olub oturmusan. Hərarətin soyumayıb ki?

Vad ər-Rəislə babam mənasını mənim sonra başa düşdüyüm baxışlarla baxışdılar.

-Düz sözə nə deyəsən. Mənim sifətim şeyx sifəti, ürəyim yeniyetmə ürəyidir. Bəlkə sən mənə yarayan hansısa boşanmış və ya dulcığaz birisini tanıyırsan?

-Xeyirxah məsləhətə qulaq as, Vad ər-Rəis, – deyə Bəkri söhbətə qarışdı. – Səndən nə adaxlı? Qocalmısan, yetmişi çoxdan vurmusan. Artıq nəvələrinin də uşaqları var. Utanmırsan? Hər il bir toy eləmək keçir könlündən. Daha ağır oturub batman gəlmək vaxtıdır. Yaxşısı budur, uca və əlçatmaz olan allahla görüş gününə hazırlaş!

Bint Məhcubla babam bir ağızdan gülüşdülər, Vad ər-Rəissə ona təhqiramiz cavab verdi:

-Sən belə şeyləri nə qanırsan! Sənə, elə hacı Əhmədə də bir arvad kifayətdir. Onlar ölüb sizi tək qoysalar da, yenidən evlənməyə cəsarətiniz çatmaz! Hacı Əhməd bütün günü namaz qılır, Qurandan surələr oxuyur, elə bil cənnət ancaq ondan ötrüdür. Bəs sən, Bəkri, sən nəyə lazımsan? Hey pul yığırsan, ölənəcən də yığacaqsan. Allah böyük və qüdrətlidir, evlənməyə xeyir-dua verdiyi kimi, boşanmağa da izn verir. Allah nə deyir? "Ya onları xoşluqla saxlayın, ya da xoşluqla yola salın”. Onun başqa bir sözünü də xatırlayın: "Qadınlar və kişilər dünyanın bəzəyidirlər”.

Mən ona etiraz eləyib dedim ki, Quranda "qadınlar və kişilər” yox, "kişilərin pulu” yazılıb.

-Orda nə yazılmğından asılı olmayaraq, – Vad ər-Rəis davam elədi, – mən özüm dəqiq bilirəm ki, ər-ərvad həyatının zövqü- səfası bütün dünyəvi ləzzətlərdən üstündür.

Uzun və iynə kimi nazik ucları yuxarı qatlanmış bığlarını eşən Vad ər-Rəis sol əlilə sanki tutqun sifətinə yapışdırılmış ağ rəngli sıx saqqalını tumarladı. Gicgahları da ağ çalmayla örtüldüyünə görə onun sifəti, qəşəng, ağıl nuruna boyanmış işıqlı gözləri, incə formada azacıq donqar burnu sanki ağ çərçivənin arasından görünürdü. Vad ər-Rəis adət-ənənəyə tapınaraq göz qapağına sürmə çəkmişdi. Mənə elə gəlir ki, o, sadəcə olaraq, öz üst-başına, xarici aləminə çox diqqət yetirir. Vad ər-Rəisin sifətinin qəşəngliyinə söz ola bilməz. Onun sifəti babamın və ya Bəkrinin üzü kimi heç də qurumuş boranı tək qırışmayıb. Odur ki, Vad ər-Rəis öz qiymətini yaxşı bilirdi.

Onun gəncliyində indikindən də xeyli qəşəng olduğunu və qarşısına çıxan bütün qızların qəlbini fəth elədiyini çox eşitmişəm. Neçə dəfə evləndiyinin və boşandığının sayını da bilən yoxdur. Gəlinləri harda gəldi axtarır, bu barədə soruşanda da məntiqli cavab verirdi: "Qan qaynayır, neyləmək olar!” Onun arvadlarından Xandaklı dankalavlını, Hedarefli henlaviykalını[1] və həbəş qızını özüm də xatırlayıram.

Axırıncı, deyəsən, Xartumda yaşayan böyük oğlunun evində qulluqçu işləyirdi.

Vad ər- Rəis dördüncü həcc ziyarətindən Nigeriyalı bir qadınla qayıtmışdı. Onu necə tapdığını soruşanda demişdi ki, həmin qadın və onun əriylə Sudan limanından Ciddə limana gedərkən gəmidə tanış olmuşdu. Ancaq onlar Ərəfat dağına ayaq basdıqları gün qadının əri ölür. Kişi can verərkən guya Vad ər-Rəisi yanına çağırıb deyir: "Arvadımı sənə vəsiyyət edirəm, onda muğayat ol, qayğısına qal”.

Bu izdivac da onu sakitləşdirmədi. Onlar cəmi üç il birlikdə yaşadılar, hərçənd, Vad ər-Rəisçün üç il də az müddət deyildi. Düzdür, o, qaydalara sən deyən ciddi əməl edən qadın deyildi, ancaq sonsuzluğu kişinin də ürəyincəydi. Vad ər-Rəis öz sevgi macəralarını hər yoldan ötənə danışmağı xoşlayırdı. İndi də tez-tez ibrətamiz tərzdə deyirdi: "Kim pozğun qadınla evlənməyib, o əsl ailə həyatının ləzzətini dadmayıb, onun nə olduğunu başa düşməyib”.

Nigeriyalının üstünə tezliklə ikinci arvadı aldı. Kababişi qəbiləsindən olan həmin qadını Həmrət əş-Şeyx səfərindən qayıdarkən gətirmişdi. Arvadları öz aralarında yola getmir, elə hey dalaşırdılar. Vad ər-Rəis kababişi qadının tərəfini tutur və ona xoş gəlmək üçün pozğun arvadla boşanır, ancaq ikinci arvad da tezliklə evdən qaçıb Həmrət əş-Şeyxə, öz doğmalarının yanına qayıdır.

Vad ər-Rəis məni ümumi söhbətə cəlb etmək məqsədilə dirsəyiylə mənalı-mənalı böyrümü dürtmələyirdi:

-Deyilənə görə, xristianlarda qadın nəsə xüsusi bir şeydir, təsəvvür eləmək çətindir.

-Allah bilir, – deyə cavab verdim.

-Bu nə sözdür, danışırsan? – deyə Vad ər-Rəis sakitləşmək bilmirdi. – Dayan bir görüm, yeniyetmə, gənc, qəşəng bir oğlan gücünün aşıb-daşdığı bir vaxtda yeddi il elə bir ölkədə yaşayır ki, yalnız fit çalmaq kifayətdir ki... İndi də burda bizə kəf gəlir: bilmirəm! – Cavab gözləmədən davam elədi: – Hərçənd, səndən başqa heç nə gözləmək olmazdı! Sənə görə kişiyə bir arvad da kifayətdir. Ancaq sənin əmin başqa xəmirdən yoğrulub – əsl kişidir!

Həqiqətən, kənddə bizim ailə hqqında deyirdilər ki, onlarda heç kim boşanmır və ikinci dəfə evlənmir. Bunu ağıllarına necə gəldi o cür də izah edirdilər, məsələn, guya bizdə kişilər arvadların qapazaltısıdır. Ancaq bunun bir neçə dəfə boşanıb-evlənən Əbdül-Kərim əmimə dəxli yox idi.

-Məgər xristianların arvadlarını bizim kənd qadınlarıyla müqayisə eləmək olar? – deyə Bint Məhcub dedi. – Mümkün deyil! Qoyasan elə çərənləsinlər. İstəyirsən onlara heç su da içirtmə, amma imkan ver boş-boş danışsınlar. Bizimkilərsə masaj da eləməyi bacarır, tənbəki də, dürlü-dürlü ətirlər də hazırlayır, nəm havada haranı lazımdır bərk-bərk silir, yaxşıca ovuşdurur. Bizim kənd arvadları axşam namazından sonra qırmızı həsirin üstünə uzanıb qucağını açır, kişilər də özünü lap Əbu Zeyd əl-Hilalinin[2] özü kimi hiss edirlər.

Babamla Bəkri ikisi də birdən güldü. Vad ər-Rəissə saymazyana dedi:

-Bəsdi daha, Bint Məhcub, çox özündən deyirsən. Dildən pərgarsan, bəs əməldə? Görüntüdən başqa bir şey deyilsən.

-Görüntü özünsən! – deyə Bint Məhcub dişlərini qıcayıb mırıldadı.

-Görürsənmi, – deyə babam həmişəki kimi sakit və ağıllı tərzdə dedi, – Vad ər-Rəis daha çox qurd dəymiş qadınları xoşlayır.

-Qulaq as,hacı Əhməd, and içirəm ki, əgər sən bircə dəfə həbəş qadınını öpsəydin, öz təsbehini çoxdan bir kənara tullamışdın. Onun ağuşunda uşaq vaxtı bədəninin lazımsız hissəsi kimi kəsilib atılan kiçik ət parçası kimi bütün duaları unudursan.

-Bu daha ağ oldu! İslamda sünnət vacibdir, – deyə Bəkri bildirdi.

-Nə islam, hansı islam? – deyə Vad ər-Rəis hirsləndi, – Sənin öz islamın var, hacı Əhmədin öz islamı. Çox bilən olmusuz! Yəni, misirlilərlə suriyalılar müsəlman deyillər? Bax, onlar nə istədiklərini dəqiq bilirlər, qanunlara hörmətlə yanaşırlar: onlarda qadınları allah necə yaradıbsa, elə də qalıb. Bəs bizdə? Tutub hamısını qoyun kimi qırxırıq.

Babam gülməkdən necə uğunub getdisə, hətta təsbehi də əlindən saldı.

-Misirli qadınlar yadına düşdü! – nəhayət, güc-bəla dedi. – Onları harda tapıb işinə baxacaqsan?!

-Necə yəni! Bəs sən onlar haqqında nə bilirsən? Heç olmasa danışma, sus! – deyə Vad ər-Rəis coşdu.

-E, sən də, deyəsən, unutmusan ki, – deyə Bəkri babamın köməyinə gəldi, – bizim hacı Əhməd Misirdə olub. Hər necə olsa da, on il orda qalıb.

-Piyada getmişəm, – deyə babam əlavə etdi. – Yadımdadır ki, özümlə təsbehdən və dəstamaz parçından başqa heç nə götürməmişdim.

-Çox yeri gəzib-dolaşdın? – deyə Vad ər-Rəis acı-acı dedi. – Necə getmişdin, elə də qayıtdın, eləmi? Təsbeh və parçla! And içirəm ki, sənin yerində mən olsaydım yalın əllə qayıtmazdım. Əmin ola bilərsən.

-Bunu kim bilmir? Sən, əlbəttə, ordan mütləq arvad gətirərdin. Səndən başqa nə gözləmək olar? Sən axı, başqa heç bir şey haqqında düşünmürsən! Düzdür, mən yaxşı pulla qayıtdım – torpaq aldım, sakiya qurdum, uşaqlarımın əyin-başını düzəltdim.

-Hə bilirik, bilirik. Ancaq, hacı Əhməd, doğrudanmı Misirdə heç bir dəfə də maraqlanmadın ki, bu Misir qadınları necə şeydir?

Babam təsbehi yerdən qaldırıb yenidən sakiyə çarxı kimi barmaqlarının arasında çevirməyə başladı. Birdən hamısı yerindəcə dondu, babam başını arxaya söykəyib ağzını açdı – sanki havası çatmırdı.

-Dəli olmusan, Vad ər-Rəis? – deyə Bəkri hamını qabaqladı. – Yekə adamsan, ancaq boş-boş şeylər danışrsan. Qadın hər yerdə qadındır da, nə fərqi var, istər Misirdə, istər Sudanda, istərsə də İraqda olsun, istər qara, ağ, qırmızı, sarı olsun...

Vad ər-Rəis bu qəfil etirazdan karıxdı və cavab verməyə söz tapmadı. O yalnız Bint Məhcubdan dəstək gözləyirmiş kimi çəpəki halda ona tərəf baxdı.

-Düzünü söyləsəm, Misirdə az qala evlənəcəkdim – deyə babam danışmağa başladı – Misirlilər yaxşı adamlardır, dost qədri biləndilər. Misir qadınları haqqında da pis sözlər işlətmək olmaz. Bulakda bir əməli-saleh adamla tanış olmuşdum. Biz həmişə ilk sübh namazında Əbul-Əla məscidində görüşürdük. Sonra məni evlərinə dəvət elədi. Ailəsiylə belə tanış oldum. Oğlu yox idi, ancaq qızları var idi, özü də düz altısı, hamısı da çoxdan həddi-buluğa çatmışdı. Bir dəfə o mənə dedi: "Qulaq as, sudanlı, sən dindar, əməli-saleh adamsan, dostluğu qoruyub saxlamağı bacarırsan, bir sözlə, sədaqətli, ləyaqətli insansan. İzn ver, qızlarımdan birini evlənmək üçün sənə təklif edim. Bilirsən, Vad ər-Rəis, onun böyük qızı çox xoşuma gəlirdi. Ancaq bu zaman anamın vəfatıyla bağlı teleqram aldım və dərhal yığışıb yola düşdüm. Və bir də ora qayıtmadım.

-Allah ananın yerini cənnətlik eləsin, – Bəkri dedi, – çox ləyaqətli qadın idi.

Vad ər-Rəissə dərindən nəfəs aldı:

-Təəssüf! Çox təəssüf! Həyata bir bax! Kim istəmir xoşbəxtlik özü gəlib onun başına qonur. And içirəm ki, sənin yerində mən olsaydım bu imkanı əldən buraxmazdım. Evlənər və cavan arvadla öz kefimçün yaşayardım. Bilmirəm, allahın da çoxdan yadından çıxartdığı bu yerlərə səni dartıb gətirən nə idi?!

-Belə bir nağıl var, yadındadır? Orda ceyran nə deyir? Mənim ölkəm mənimdir! – Bəkri dedi.

Bint Məhcub növbəti siqaretini yandırdı. Gomgöy burumlar artıq altında qatı siqaret tüstüsünün yırğalandığı tavana doğru qalxdı. O, Vad ər-Rəisə müraciətlə dedi:

-Hə, əlbəttə, səninki heç vaxt gətirmir, şişman bir şeysən. Yaşın çoxdan yetmişi keçsə də, heç cür böyümək bilmirsən.

-Yetmiş, yetmiş... Yetmiş yaş nədir, axı? – deyə Vad ər-Rəis qışqırdı. – Vur-tut bir gündür, çox deyil. Bəs sənin öz yaşın neçədir? Sən, yəqin ki, bizim bu hacı Əhməddən də böyüksən.

-Allahından qorx, Vad ər-Rəis, – deyə babam barışdırıcı tərzdə dedi. – Mən evlənəndə Bint Məhcub heç dünyaya gəlməmişdi.

-Di yaxşı, onsuz da, – deyə Vad ər Rəis geri çəkilmədi, – mən elə indi də sizin hamınızdan daha gümraham. And içirəm ki, sənin nəvənlə də gücümü sınaya bilərəm.

-Sözdə pəhləvansan! – deyə Bint Məhcub bayaqkı sözlərini xatırlatdı. – İşə gələndə hələ bilmək olmaz necəsən.

-Özün mənə ərə gəl, Bint Məhcub, özün də yoxla!

-Sən nə qırıldadırsan?! Mənim Vad ər-Bəşirim məni tərk eləyəndən sonra belə şeylər barədə fikirləşməyi də yadırğamışam. Sənsə, Vad ər-Rəis, allaha and olsun, lap körpə uşaq olmusan. Deyəsən, bütün ağlını, əlbəttə, əgər olubsa, yad yataqlara səpib qurtarmısan. Al, bu da sənin cavabın.

Gülüş səsləri onun axırıncı sözlərini eşidilməz etdi. Hətta əvvəlki sözlərə ancaq dodaqlarını azca əyərək yüngülcə gülməklə kifayətlənən Bəkri elə bərk qəhqəhə çəkdi ki, büsbütün titrəməyə başladı. Babam təsbeh çevirməyi dayandırıb arabir hıçqırara-hıçqıra yavaşdan güldü. Bint Məhcub xırıltılı kişi səsiylə şaqqnaq çəkdi, Vad Ər-Rəisin gülüşüsə daha çox at xorultusunu xatırladırdı. Hamısının gözlərindən yaş axırdı.

-Qoy,allah günahımızdan keçsin, tövbəmizi qəbul etsin – deyə babam dilləndi.

-Qoy,allah bizi bağışlasın! Aman allah, yaman güldük, ha, – Bint Məhcub dedi. – Oy allah, xahiş edirəm, bizim tez-tez bir yerə yığlmağımıza imkan ver, bu xoş saatları əlimizdən alma!

-Qoy, allah bizi bağışlasın! – Bəkri hütüləyə-hütüləyə donquldandı, – Bütün günah və qəbahətlərimizi əfv etsin, bizə xoşbəxt sonluq qismət eləsin!

-Qoy, böyük və qüdrətli allah bizi bağışlasın! – Vad ər-Rəis dedi. – Qoy, onun iradəsi burda, yer üzündə də, orda da başımızın üstündə olsun.

Birdən Bint Məhcub sanki otuz yaşlı kişi kimi cəld və yüngül hərəkətlə yerindən qalxaraq dümdüz dayandı. İllər onun belini əyməmiş, qadın öz qızlıq qədd-qamətini saxlamışdı. Daim özündən narazı olan Bəkri, onun ardınca Vad ər-Rəis də yüngülcə əsasına söykənərək ayağa durdular. Babam canamazının üstündən qalxıb öz alçaq taxtına keçdi.

Mən onlara baxdım: üç qoca, bir qarı sanki qəbirlərinin qırağında dayanaraq qəhqəhə çəkib gülürdülər.

Kim bilir, bəlkə, sabah onlar son mənzilə yola düşəcəklər. Nəvə böyüyüb ata, ata baba olacaq – karvan heç nə olmayıb kimi öz yoluna davam etməkdədir.

Düz qapının ağzında Vad ər-Rəis dönüb mənə dedi:

-Səhər tez dur və bizə gəl. Səhər yeməyini birlikdə yeyək.

Babam taxtın üstündə yerini rahatladı və birdən sakitcə gülməyə başladı. Sifətinə baxanda hiss elədim ki,o bu axşam öz dostlarıyla gülüş və qəhqəhələr içində keçirdiyi gecənin ovqatını yenidən yaşamağa başlayır.

-Bilirsən, Vad ər-Rəis səni niyə səhər yeməyinə çağırdı? – deyə bir müddətdən sonra məndən soruşdu.

İzah elədim ki, biz dostuq və birinci dəfə deyil ki, o məni qonaq çağırır.

-Yox. Məsələ bu cür sadə deyil. O səndən bir qulluq gözləyir.

-Məndən? Mən ona nə qulluq göstərə bilərəm?

-O, evlənmək istəyir.

Ürəkdən güldüm:

-Burda mənlik nə iş var ki?

-Bilirsən, sən gəlinin hamisisən.

Mən susmağa üstünlük verdim.

-Vad ər-Rəis, – deyə babam mənim heç nə anlamadığımı qərara alıb davam elədi, – Mustafa Səidin dul arvadına evlənmək istəyir.

Ancaq mən yenə bir kəlmə də danışmadım.

-Vad ər-Rəis çox da qoca deyil, – babam davam elədi. – Bundan əlavə, onun çoxlu pulu var. Qadınasa həmişə qəyyum və dəstək lazımdır. Artıq onun ərinin vəfatından üç il keçib. Doğrudanmı, o həmişəlik dul qalmaq fikrindədir?

Başa saldım ki, mənim bu məsələyə heç bir dəxlim yoxdur. Axı, onun atası, qardaşı var. Vad ər-Rəis niyə onlarla danışmır?

-Sən nə deyirsən? Bütün kənd bilir ki, Mustafa Səid öz arvadını və uşaqlarına baxmağı sənə tapşırıb, onların hamisi sənsən.

Dedim ki, mən həqiqətən hamiyəm, ancaq yalnız uşaqların hamisi. Dul qadınsa öz bildiyi kimi hərəkət eləyə bilər. Üstəlik, o heç tənha da deyil.

-Ancaq qadın sənə etibar eləyir. Sən necə desən, elə də edəcək.

Qəzəb və hiddət hissi içimi sarsıtdı. Doğrudanmı, adət-ənənə bu qədər güclü şeydir ki, hamı fikirləşmədən ona tabe olur?

-Özün yaxşı bilirsən ki, o, Vad ər-Rəisdən daha münasib kişiləri rədd edib – dedim. – Axı, Vad ər-Rəis ondan düz qırx il böyükdür!

Ancaq babam təkid edirdi ki, Vad ər-Rəis hələ cavandır, evində bolluq və firavanlıq hökm sürür və üstəlik, gəlinin qohumları da razıdır. Ancaq qadın özü Vad ər-Rəisə rədd cavabı verə bilər. Ona görə də Vad ər-Rəis bu işdə mənim vasitəçi olmağımı istəyir.

Özümü güclə saxlamışdım, hiss eləyirdim ki, bir az da keçsə partlayacam. Beynimdə tamamilə qeyri-ixtiyari olaraq eyni vaxtda iki iyrənc mənzərə yarandı və dərhal da bir-birinə qarışdı. Mən Mahmudun qızı və Mustafa Səidin dul qalmış arvadı Hasananı hansısa bir ingilisin ağuşunda gördüm və ingilis bir andaca dönüb qoca Vad ər-Rəisə çevrildi. Və Nilin dirsəyindəki balaca bir kənddə günəşin doğmağına lap az qalmış qulağıma həmin qadının səsi gəldi.

Əlbəttə, bu da günahdır, hərçənd, təbiidir, insanın doğulması və ölməsi kimi, Nilin daşması və taxılın yetişməsi kimi...

Mahmudun qızını, Mustafa Səidin otuz yaşlı dul arvadını büsbütün göz yaşları içində təzəcə yetmiş yaşlı Vad-ər-Rəisin yanında təsəvvür eləmişdim ki, onun artıq neçə ildir öz həmkəndlilərini şənləndirdiyi saysız-hesabsız macəralarını xatırladım. Halım xarab oldu. Qışqırmaqdan özümü güclə saxladım və heç babamın çağırışına da hay vermədən küçəyə qaçdım.

Evdə hər şeyi atama danışdım. O yalnız gülümsəməklə kifayətləndi:

-Heç belə şeyləri də ürəyə salmaq olarmı?

ALTINCI FƏSİL

Gündüz saat dörddə mən Mustafa Səidin evinə yollandım. Əl qapısın açıb həyətə girdim və sol tərəfə, bişmiş kərpicdən tikilmiş uzun otağa baxdım. Sakitliyə qərq olmuş otaq sərdabəyə, yox, sərdabəyə yox, daha çox, reyd vaxtı lövbər salmış və hələ növbəsi çatmamış gəmiyə oxşayırdı. Ev sahibəsi məni qonaq otağının girişində yerləşən terrasdakı kresloda, həmin unudulmaz gecədə əyləşdiyim yerdə oturtdu və bir istəkan limon şirəsi süzdü. Bir az keçmiş uşaqlar gəldilər və mənimlə salamlaşdılar. Böyük oğlana babasının, anasının atası Mahmudun adını qoymuş, kiçiyisə atasının adıyla Səid adlandırmışlar. Adi uşaqlar idilər, birinin səkkiz, o birinin yeddi yaşı var idi. Hər səhər onlar eşşəyin belində altı mil aralıda yerləşən məktəbə gedirdilər. Həmin oğlanları mənə, necə deyərlər, miras qoymuşdular və onların işlərinin necə getdiyini öyrənmək zərurəti hər il məni bura, bu kəndə gətirirdi. Bu dəfə qərara gəldim ki, artıq uşaqları sünnət eləməyin vaxtı çatıb. Biz sünnət edərkən bayram şənliyi düzəldir, müğənnilər, carçılar, aşıqlar çağırırdıq ki, qoy, bu hadisə uşaqlıq illərinin xoş xatirəsi kimi onların yaddaşında həmişəlik qalsın. Mən Mustafa Səidin xahişini xatırlayıram: "Oğlanlarımı onları gözləyən çətinliklərdən qoru”. Ancaq bilirdim ki, bunu yerinə yetirməyəcəm. Onlara böyümək lazımdır, ondan sonra hara getmək istəsələr qoy, getsinlər. Hər kəs lap başlanğıcdan öz yolunu getməlidir, hərçənd, uşaqlıq illərindən baxanda dünya çox nəhayətsiz görünür.

Uşaqlar çoxdan getsə də anaları hələ də qarşımda dayanmışdı. Hündür, qədd-qamətli və bir az dolu bədəni şəkər qamışı kimi elastik idi. O nə əllərinə, nə də ayaqlarına həna qoyurdu, üstündən xoş ətir gəlirdi. Xeyli incə dodaqları, ağ, möhkəm, dübbədüz dişləri var idi. Əgər dünyaya ürkək bir kədərlə baxan iri qara gözləri olmasaydı, sifəti o qədər də gözə çarpmazdı. Onunla salamlaşarkən əllərimdə barmaqlarının zərifliyini və hərarətini hiss elədim. Hasana öz incə ədası və nəcib jestlərinə görə adi kənd gözəllərinə oxşamır, onlardan xeyli fərqlənirdi. Onda qeyri-adi nəsə var idi və elə bil bütün terras xüsusi, yalnız bu qadına xas olan gözəlliklə işıqlanmışdı. Bəlkə də bütün bunlar mənim fantaziyamın məhsuluydu. Kim bilir!

Onunla hər görüşümdə narahatlıq, üzücü bir nigarançılıq hiss eləyir və getməyə, mümkün qədər tez durub getməyə tələsirdim. Budur, Vad ər-Rəis bu qadını öz labüd ölümü ərəfəsində yaşadığı qocalıq xofuna qurban vermək istəyir. Bir ayağının gorda olan vaxtında ölümlə alverə gedərək ondan daha bir-iki il qopartmağa çalışır. Bəs niyə? Bəs niyə o məhz Hasananı seçmişdi?

Nə qədər xahiş eləsəm də, təkidlə ayaq üstə dayanmaqda davam elədi və nəhayət, məcburiyyət qarşısında qalaraq dedim: "Əgər sən oturmasan, mən gedəcəm”. Yalnız bundan sonra əyləşdi. Ağır söhbət yavaş-yavaş başladı və çox uzun çəkdi. Öz adi trayektoriyası üzrə hərəkət eləyən günəş artıq qüruba enir, hava get-gedə sərinləşirdi. Narahatlığım tədricən ötüb keçdi. O mənim hansısa bir zarafatıma gülərkən birdən-birə sanki canlandı. Sakit və şırıltılı gülüşü ürəymi titrətdi. Qürubun qızartısı getdikcə daha da genişlənərək bütün qərb səmasına yayıldı. Elə bil savaşlarda həlak olan milyonlarla adamın qanı qəfildən göylə yer arasındakı əraziyə səpələndi. Sonra qapqara zülmət öz yenilməz əzəmətindən xətircəm halda bir həmləylə yerin üstünə düşdü və onun gözlərindəki ürkək kədəri məndən gizlədən qalın örtüklə ətrafdakı hər şeyi bürüdü. Yalnız səs qaldı, güllərin rayihəsi kimi incə, sehrli səs, – indicə quruya biləsi bulaq.

Qəflətən soruşdum:

-Sən Mustafa Səidi sevirdin?

O susdu. Mənsə cavab gözləyir və fikirləşirdim ki, bir az da keçsə, canına Hasananın ətri hopmuş zülmət sanki alnıma yazılmış rolumu oynamağa imkan verməyəcək. Sonra düşündüm ki, burda, belə bir vaxtda ona bu sualı vermək axmaqlıq idi. Birdən sanki zülmətin içindən pəncərə açıldı və səs, onun səsi gəldi:

-O mənim uşaqlarımın atasıydı.

Sanki səsində kədər yox, ancaq sevgi və şəfqət var idi. Conra yenidən sükut çökdü. Bu sükut elə bil qadının qulağına nəsə pıçıldadı və yenidən dilləndi:

-O, yaxşı ər, qayğıkeş ataydı. Bir allah bilir, onun bu evdə yeri necə görünür.

Zülmət qaranlığın içində ona tərəf əyildim və soruşdum:

-Sən onun əslən hardan olduğunu bilirdin?

-Əlbəttə, Xartumdan.

-Bəs orda o nəylə məşğul idi?

-Ticarətlə - deyə cavab verdi.

-Səncə, o bura niyə gəlmişdi?

-Bunu bir allah bilir.

Nəsə bir ümidsizlik hiss elədim. Aydın oldu ki, hər şey o qədər də sadə deyil. Hardansa adama ruh verən, özüylə yüngül qoxu gətirən meh əsdi. Mən bu ətirdən ləzzət alaraq, nəşələnərək dərindən, lap dərindən nəfəs alsam da, ümidsizlik hissləri getdikcə qəlbimə daha çox hakim kəsilirdi. Yenə sanki qatı zülmətin içindən böyük, enli pəncərə açıldı və onun səsini – bu dəfə kədər və qəm-qüssə çökmüş, sanki çayın dibindən çıxıb gələn boğuq səsini eşitdim:

-Mənə elə gəlirdi ki, o məndən nəsə gizlədirdi.

-Niyə belə düşünürsən? – deyə tələsik soruşdum.

-Axşamlar təkbaşına o otaqda otururdu. – dedi.

-Mən hücuma keçdim:

-Orda, o otaqda nə var?

-Bilmirəm, – deyə cavab verdi. – Mən heç vaxt ora girməmişəm. Axı, açar sizdədir. Niyə özün baxmırsan?

Həqiqətən də, axı, niyə baxmıram? Bax, indi biz, mən və o durub ora gedərik. Fənəri götürüb qapını açarıq. Bəs birdən biz onu orda gördük, onda necə olacaq? Birdən tavanın altındakı ip qarmağından asılı haldadır? Ola bilsin ki, elə döşəmənin üstündə çöməlib oturub?

Soruşdum:

-Sən elə zənn edirsən ki, o səndən nəsə gizlədirdi? Niyə, axı?

-Bəzən gecələr yuxuda nəsə danışırdı... hansısa yad dildə. – Onun səsindəki şəfqət və kədər yox oldu, indi bu səs daha kəskin, qıraqları iti qarğıdalı kimi sərt idi.

-Bilmirsən, hansı dildə?

-Yox, mən hardan bilim...

Tam səbirsiz halda ona tərəf əyildim.

-Yuxuda cin... cin... ya da buna bənzər hansısa bir sözü tez-tez təkrarlayırdı, nə bilim, bəlkə də qarışdırıram.

Mən burda, elə bu saatda, bu cür bir zülmət içində onun, Mustafa Səidin səsini və həmin səsin dənizin üzündə qalan, dibinə getməyən ölü balinalar kimi yox olmayan, havada donub qalan əks-sədasını eşitmişəm.

"Oh, mən onu daim izləmiş, düz üç il təqib etmişəm. Oxun yayı gündən-günə daha bərk və tarım gərilirdi. Mənim karvanlarım qəm-qüssə və ehtiraslar səhrasında susuzluqdan yanaraq inildəyir, xeyli uzaqlarda peyda olan ilğımlar bütün varlığımı özünə cəzb edirdi. Bəli... Ceynin "gedək, gedək mənimlə” – deyə söylədiyi həmin gecə mənim həyatım artıq tam tükənərək sönmüşdü; adamı çoxdan bezdirib təngə gətirmiş bir varlığı harasa sürüyüb daşımağın zərrə qədər də mənası yox idi”.

Hardasa yaxınlıqda uşaq ağlayırdı.

-O sanki sonunun çatdığını hiss eləmişdi, – deyə Hasana davam elədi. – Ölümünə lap az, bir həftədən də az qalmış, öz işlərini sahmana saldı. Bütün gün ərzində bununla məşğul oldu. Borclarını ödədi, yarımçıq işləri başa çatdırdı. Ölümqabağısa məni yanına çağırıb öz əmlakıyla bağlı məsələlər barədə məlumat verdi, bir xeyli uşaqlar haqqında danışdı və sanki vəsiyyət eləyirdi. Axırda surquçla möhürlənmiş məktub verib dedi: Hər ehtimala qarşı. Birdən başıma nəsə gəldi, azmı belə şeylər olur. Və sizi uşaqların hamisi təyin elədiyini bildirdi. Həmişə, hətta xırda məsələlərdən ötrü də sizə müraciət eləməyi məsləhət gördü. Onda mən ağladım və dedim: "Allahın köməyilə birtəhər keçinərik”. Gör, mənə nə cavab verdi: "Sən nə danışırsan! Mən, sadəcə olaraq, bəzi ehtiyat tədbirləri görmək istəyirəm. Axı, həyatda nə desən ola bilər!” Həmin gün ona yalvardım ki, sahəyə getməsin: hər tərəfi o qədər su basıb ki, hətta batmaq olar. Çox qorxurdum. Ancaq dedi ki, narahat olmağa dəyməz və üstəlik, özüm də yaxşı üzə bilirəm. Buna baxmayaraq mən bütün günü ürəyinə pis bir şey daman adam kimi özümə yer tapa bilmirdim. Gecəyə kimi qayıtmadığını görəndə başıma hava gəldi, artıq əməlli-başlı dəli olurdum. Bilmədim neyləyim, kömək üçün hara qaçım. Beləcə, bir daha gəlib çıxmadı. Nə olmalıydısa, o da oldu.

Mən onun ağlamağını eşitməkdən çox hiss eləyirdim, səssiz ağlayır, hönkürməməyə çalışırdı. Ancaq sonra özünü saxlamağa gücü çatmadı və hönkürtüsü bizi əhatə eləyən zülməti parçaladı. Ətrafda nə bir ətir, nə sakitlik qaldı. Kim olduğunu heç cürə öyrənə bilmədiyi ərini itirmiş bir qadının hönkürtüsündən başqa hər şey qeybə çəkildi. Ancaq gəmisinin yelkənini yığaraq naməlum bir ilğımın arxasınca düşən ər dalğaların qoynuda yerimək üçün özünü fırtınalı dənizin ixtiyarına vermişdi.

Öz şirin xülyalarının əsirinə çevrilmiş qoca Vad ər-Rəissə evində oturub ləzzətlə keçirəcəyi gecələrinin həsrətiylə alışıb-yanırdı. Bəs mən? Bəs mən indi nə edə bilərəm? Bəlkə, yaxınlaşıb onu sinəmə sıxım, yaylığımla göz yaşlarını silim, nəsə deyim, ürəyinə bir sakitlik gətirim? Əllərimi kreslonun yanına dirəyib ayağa qalxdım, ancaq qəfil hiss elədim ki, nə olduğunu heç cür anlamadığım tanış bir şey məni tutub saxlayır, tərpənməyə qoymur. Elə bu vəziyyətdə də yerimdəcə donub qaldım. Bu vaxt üstümə hədsiz bir ağırlıq çökdü və mən bu ağırlığa tab gətirməyərək kresloya yıxıldım. Gözlərimin qabağına dəhşətli bir qaranlıq çökdü. Bu, qatran kimi bərk və qatı, işığı söndürərkən düşən qəfil qaranlıq deyildi, nəsə başqa, əbədi, əzəli bir zülmət idi, sanki dünyada, ümumiyyətlə, işıq mövcud deyilmiş, göydəki ulduzlarsa, sadəcə olaraq, köhnə, nimdaş paltarların üstündəki yırtıqlar idi. Havanın ətri güclə duyulur, ətrafdakı səs-səda barxandakı qarışqa pəncələrinin xışıltısı kimi qətiyyən eşidilmirdi. Zülmətin bətnindən, ucsuz-bucaqsız biyabanın dərinliyindən bir səs gəldi – ancaq o bu qadının səsi deyildi. Onda nə qəzəb, nə kədər, nə qorxu, nə də heyrət var idi. Sadəcə, səs idi, vəssalam.

"Vəkillərsə mənim vücudum uğrunda qızğın surətdə mübahisə edirdi, – deyə bu səs bildirirdi. – Mən bir şəxsiyyət kimi onlardan ötrü qətiyyən mövcud deyildim, onları yalnız bədən, vücud maraqlandırırdı. Hələ bilsən necə dəstək qazana bilirdilər! Məsələn, kilsənin yeniləşməsi hərəkatının Oksforddakı təşkilatçılarından və ideya rəhbərlərindən biri, mason, protestantizmin Afrikada yayılması üzrə rəhbər komitənin üzvü professor Maksvell Foster Kin. Əvvəllər mənə olan nifrətini gizlətməyi belə unutmurdu. Mən Oksfordda onun tələbəsi olarkən eyni sözləri donqudana-donqudana təkrarlamaqdan yorulmurdu: "Siz, mister Səid, bizim Afrikadakı mədəni missiyamızın nə qədər mənasız bir şey olduğuna əla sübutsunuz. Sizdən ötrü çəkdiyimiz bu qədər əziyyətlərə, sizə təhsil vermək, sizi mədəni, hərtərəfli inkişaf eləmiş adama çevirmək yolunda göstərdiyimiz ağlasığmaz ciddi-cəhdlərə baxmayaraq, mahiyyətcə zərrə qədər də dəyişməmisiniz, sizə baxanda adama elə gəlir ki, sanki dünən ağacdan düşüb cəngəlliyi tərk eləmisiniz”. Bax, hətta belə bir adam mənə olan bu cür münasibətinə rəğmən, hakim və andlıları məharətlə inandırmağa çalışırdı ki, məni dar ağacından xilas etmək lazımdır. Bəs ser Artur Xokins? O iki dəfə evlənib boşanmışdı. Sevgi macəraları dillərdə dastan olan bu cənab solçu dairələrdə və bohemada olan öz yüksək əlaqələriylə fəxr edir, kişilənirdi. 1925- ci ilin milad bayramını mən onun evində qeyd eləmişəm. Bir dəfə o mənə dedi: "Siz, əlbəttə, səfeh və çox murdarsınız. Ancaq mənim sizə qarşı heç bir pis fikrim yoxdur. Nə etmək olar? Mən özüm də beləyəm”! Ancaq məhkəmədə mənim boğazıma kəndir keçirdib daha bərk sıxmaqdan ötrü bütün biliyini və zəngin təcrübəsini işə saldı. Andlılar necə? Onların arasında kimlər yox idi! Fəhlə, həkim, müəllim, ticarətçi, hətta tabut qayıran. Onlarla mənim heç bir kontaktım yox idi, heç ola da bilməzdi! Nə vaxtsa onların birindən otaq kirayələmək istəsəydim verməzdilər. Əgər hər hansının qızı yanına gəlib desəydi ki, mən afrikalıya ərə gedirəm, istəkli atanın ayağı altındakı yer yarılardı. Ancaq məhkəmədə onların hamısı öz həyatlarında ilk dəfə olaraq özlərindən yüksəkdə durmağa, içlərindəki mövhumatı boğmağa və öz ruhunun böyüklüyünü, əzəmətini hiss eləməyə cəhd göstərdi. Əslində, onlar mənim yox, mən onların üstündə öz üstünlüyümü hiss edirdim. Bunu necə izah eləmək olar? Axı, bu təntənəli mərasim mənim şərəfimə düzənlənmişdi – gəlmə, yad bir adamın şərəfinə. Bütün bu mürəkkəb ayinə məndən, mənim taleyimi həll eləməkdən ötrü rəvac verilmişdi. Mahmud Vad Əhmədin Anbar döyüşündəki məğlubiyyətindən sonra əli qandallı general Kitçenerin yanına necə gətirildiyini yadınıza salın. General ondan soruşmuşdu: "Sən niyə mənim ölkəmə gəlmisən? Dağıtmaqdan, talan etməkdən ötrü?” Bu sözləri gəlmə, yad bir adam yerin yiyəsinə deyir, osa fağır-fağır, itaətkarcasına başını aşağı salıb susur. Qoy, heç olmasa, indi mən onları həyəcanlanmağa məcbur edim.

Məhkəmə zalında mən Roma qılınclarının Karfagendəki cingiltisini, Allebendi[3] süvarilərinin mindiyi atların Yerusəlim küçələrindəki ayaq tappıltılarını eşidirdim. Nildə ilk dəfə üzən gəmilər öz göyərtələrində taxıl yox, top daşıyırdı. Bəs dəmiryolları? Axı, o yolları səhralarda əsgər daşımaqdan ötrü çəkmişdilər. Məktəblər ona görə tikilirdi ki, bizə öz dillərində "hə” deməyi öyrətsinlər. Onlar bizə xüsusi növ, avropasayağı zorakılıq mərəzi gətirmişdilər – bizim dünyamızda əvvəllər beləsini görən olmamışdı. Onlarla birlikdə min illər boyu avropalıların özünü gəmirib məhv eləyən öldürücü epidemiya da gəlmişdi. Bəli, cənablar, bəli! Mən bura, sizin yanınıza fateh kimi, işğalçı kimi gəlmişəm, mən sizin qalanızın içinə, onun düz ürəyinə soxulmuşam. Mən sizin öz əllərinizlə tarixin qan damarlarına yeritdiyiniz zəhərin bir damcısıyam. Yox, heç ağlınıza da gətirməyin, mən Otello deyiləm. Kimdir o Otello? Mif, əfsanə, yalan, başqa heç kim!”

Mən oturub elə burda, həmin bu yerdə, bu cür qaranlıq bir gecədə Mustafa Səidin dediklərini anlamaq istəyirdim. Yanımdasa qadın ağlayır, ancaq onun hönkürtüsü sanki hardansa uzaqlardan gələrək beynimdə nə vaxtsa eşitdiyim və əbədi olaraq yaddaşıma həkk olunmuş dağınıq səs və sədalarla – hardasa evimizin yanındakı uşaq qışqırtısına, xoruz banına, eşşək anqırtısına, Nilin digər sahilindəki toy hay-küyünə qarışırdı. Bir azdan qəlbimdə ağrı və şəfqət duyğuları oyadan bu hönkürtü həmin səslərin hamısını batırdı, onların qabağına sədd çəkdi. Ancaq mən heç nə eləmədim, onun ağlamağına mane olmamaqdan ötrü tərpənmədən sakitcə yerimdə oturdum. Nəhayət, o özü heydən düşüb sakitləşdi, səsini kəsdi. Yalnız bu vaxt bir neçə təsəlliverici söz dedim:

-Keçmişin əsiri olub qalmağın bir faydası yoxdur. Sənin iki uşağın var, hələ cavan və gözəlsən. Gələcək barədə düşünməyin vaxtıdır. Bəlkə də, artıq səni təngə gətirmiş çoxsaylı adaxlılardan hansısa birinin təklifini qəbul eləmək vaxtıdır.

-Mustafa Səiddən sonra mənə heç kim lazım deyil, – deyə dərhal dilləndi, sanki cavabı əvvəlcədən hazır idi. Həm də elə sərt etiraz elədi ki, bunu ondan gözləmirdim.

-Görürsən, – bunu niyə söylədiyimi özüm də bilmədən dedim, – Vad ər-Rəis səninlə evlənmək istəyir. Atan və başqa quhumlarının etirazı yoxdur. Özüsə məndən, necə deyərlər, elçilik eləməyi xahiş edib.

O uzun müddət dinib-danışmadı. Mən də susdum. Daha heç nə deməyəcəyindən duyuq düşüb sakitcə durub getmək istədim. Ancaq bu zaman qaranlıqdan ülgücün tiyəsi kimi sərt səsi eşidildi. Mənə elə gəldi ki, mən onu eşitmir, sadəcə, bütün vücudumla hiss eləyirəm.

-Əgər onlar məni məcbur eləsələr, onu da, özümü də öldürəcəm.

Münasib cavab axtarmaq üçün fikirləşdiyim vaxt müəzzinin dindarları namaza çağıran səsi gəldi: "Allahu əkbər! Allahu əkbər!” O, ayağa qalxdı, mən də durdum və heç nə demədən çıxıb getdim.

Səhər kofesini içdiyim vaxt Vad ər-Rəis yanıma gəldi və dedi ki, öz dünənki dəvətini xatırlatmaq istəyir. Ancaq gözəl başa düşürdüm ki, məni gözləməyə onun, sadəcə, səbri çatmayıb və səylərimin nəticəsini öyrənmək üçün belə tez yüyürüb gəlib. Oturmağa macal tapmamış sorğu-suala başlamasına imkan vermədim, özüm onu qaqbaqladım:

-Heç nə alınan deyil. O, ərə getmək istəmir və qərarında qətidir. Sənin yerində olsaydım bu fikri birdəfəlik başımdan atıb, ondan əl çəkərdim. Onsuz da, bir nəticəsi olmayacaq.

Sözümün bomba kimi partlayacağını heç cür gözləmirdim. Axı, Vad ər-Rəisin özü uzun həyatı boyu qadınları eşşək kimi dəyişən bir adamdır və bu qəfil rədd cavabından onun belə azğınlaşacağını təsəvvür eləmək olmazdı. Ancaq sözüm qulağına çatar-çatmaz, gözləri ölgünləşdi, sifəti bozardı. Qaşları titrədi və dodaqlarını elə amansızlıqla dişlədi ki, bu dəqiqə onları gəmirib qopardacağını düşünərək bərk qorxdum. Qızdırmalı kimi əsməyə, əsasını qəzəblə döşəməyə çırpmağa başladı. Sonra sağ ayağının ayaqqabısını soyundu, təzədən onu geyinməyə çalışdı, bir neçə uğursuz cəhddən sonra, nəhayət, buna nail oldu, ancaq dərhal yenə çıxartdı və bunu bir neçə dəfə təkrar elədi. Bu zaman sanki nəsə söyləmək istəyən adam kimi ağzını balıq kimi aralayırdı. Onu tanımaq olmurdu. Vad ər-Rəis vurulub? Heyrətamizdir! Təsəvvür eləmək belə çətindir!

-Doğrudanmı, evlənmək üçün başqa qadın qəhətdir? – deyə soruşdum.

-Başqası mənə lazım deyil, – deyə cavab verdi.

Onun ağıllı, iti gözləri iki şüşə diyircəyə dönmüşüdü. Onlar hərəkətsiz halda və dalğın-dalğın düz qabağa baxır və içəridən işıqlanırdı.

-Onsuz da, mənə gələcək, hər şeylə barışacaq. O özünü nə hesab eləyir? Kraliça? Şah qızı? Kənddə kefin istəyən qədər dul qadın var. Qoy, hələ şadlığına şinnik eləsin, allaha minnətdarlıq eləsin ki, mənim kimi bir adam onunla evlənmək istəyir.

-Əgər başqalarından yaxşı heç nəylə fərqlənmirsə, onda onu əldə etməkçün bu qədər inadkarlıq göstərməyə dəyərmi? – deyə soruşdum. – Axı, onun təkcə səni rədd etmədiyini özün məndən də yaxşı bilirsən. Bilirsən ki, səndən başqa da ona çox adam elçi düşüb, həm də daha cavan kişilər! Yoxsa sən həyatının qalan hissəsini onun uşaqlarının tərbiyəsinə həsr eləmək istəyirsən? Kim sənə mane olur? Get və öz xidmətini təklif elə.

Bunu demişdim ki, o, qəzəbindən zəncir gəmirməyə başladı, sanki ağlını itirdi. Vad ər-Rəisin buna qadir olduğunu təsəvvürümə də gətirə bilməzdim. Aman allah, o necə də coşub özündən çıxmışdı! Qəzəbi vulkan ağzından çıxan lava kimi qaynayırdı. Nələr danışmırdı, nələr demirdi! Söyüşün biri bir qəpik idi. Mən sarsıntı içindəydim.

-Hasana Bint Mahmudun niyə ərə getmək istəməməsini səndən soruşmaq lazımdır! Yəqin, hər nədirsə səndən keçib! Siz öz aranızda danışmısınız. Sən, axı, niyə qarışırsan? Sənin nə işinə qalıb? Sən onun nəyisən? Atası? Qardaşı? Onun uşaqlarının hamisi heç kimdir! Yox, sən istəsən də, istəməsən də, o özü istəsə də, istəməsə də mənə gələcək! Atası razıdır? Razıdır. Qardaşları da həmçinin. Başqa nə lazımdır? Sizin danışığınızsa boş söz-söhbətdən başqa bir şey deyil. Çoxda ki, sizə məktəbdə nəsə öyrədirlər! Biz öz bildiyimiz kimi birtəhər keçinərik. Bura kənddir, burda qadınlar kişilərə qulaq asır, kişilər qadınlara yox. Bax, məsələ belədir!

Qulaqlarıma inana bilmirdim ki, bütün bunları danışan Vad ər-Rəisdir! Bilmirəm, bu zaman atam otağa girməsəydi və mən tələsik çıxıb getməsəydim sonra nə baş verə bilərdi?!

Mən sahəyə, Məhcubun yanına getdim. Biz onunla tay-tuşuq, uşaqlıqda bir yerdə oynamış, ibtidai sinifdə bir partada oturmuşduq. O həmişə məndən daha qabilyyətli təsir bağışlayırdı. Məktəbi qurtaranda Məhcubun dediyi sözlər indi də yadımdadır: "Oxumaq daha bəsdir. Biz artıq nə lazımdırsa onu bilirik. Hətta artıqlamasıyla. Oxuya bilirik? Bilirik. Üstəlik, yazmağı və saymağı da bilirik. Bundan artıq nə lazımdır? Biz ata-babalarımız kimi kəndliyik. Kəndliyə nə lazımdır? Məktub yazmaq, qəzet oxumaq və duaları bilmək. Çətinlik-zad olsa, hökumətlə necəsə razılaşa bilərik”. Mən öz yolumla getdim, Məhcubsa kənddə qaldı və indi burda hamıya başçılıq eləyir. Kənddə hər şey, bütün hakimiyyət onun əlindədir. Özünüz fikir verin: o həm kənd təsərrüfatı üzrə planlaşdırma komitəsinin sədri, həm kənd təsərrüfatı kooperativinin rəhbəri, həm də kənddəki bütün mövcud komitələrin üzvüdür. Bəs, əyalət mərkəzinə nədənsə şikayət etmək üçün nümayəndə heyəti gedəndə ona kim rəhbərlik edir? Əlbəttə, Məhcub! Ölkə müstəqilliyə qovuşandan sonra Məhcub milli-demokrat partiyası yerli şöbəsinin başçısı oldu. Bəzən biz uşaqlıq illərini xatırlayanda o deyirdi: "İndi özün bax gör, sən kimsən, mən kim? Sən iri hökumət məmuru, mənsə əvvəlki kimi adı-sanı olmayan bu ucqar kənddə yaşayan adi bir kəndli”.

"Sən nə danışırsan?! Doğrudanmı başa düşmürsən ki, həyatda əsl uğura nail olan məhz sənsən, – deyə ona səmimi bir heyranlıq hissilə etiraz edirəm – Sən ölkənin həyatıyla sıx bağlı bir adamsan və birbaşa ona təsir göstərirsən. Bəs mən kiməm? Adi bir məmur. Özümüz boş-boş danışır, hələ üstəlik, bu zaman başqalarına da mane oluruq. Əlimizdən başqa heç nə gəlmir. Sənin kimi adamlarsa hakimiyyətin qanuni varisləridir. Siz həyatın canı, əsəb sistemi, torpağın duzusuz”.

Bunun cavabında Məhcub ürəkdən və bərkdən güldü: "Əgər sən dediyin kimi biz həqiqətən torpağın duzuyuqsa, onda o çoxdan şitləşib və bütün dadını-tamını itirib”.

Vad ər-Rəislə aramızda olanları ətraflı şəkildə Məhcuba danışdım. Söhbətimi qurtaran kimi o, bərkdən qəhqəhə çəkdi:

-Sən də küsməyə adam tapdın! Vad ər-Rəis artıq çoxdan uşaqlaşmağa başlayıb, nə çərənlədiyini özü də bilmir.

-Bilirsən ki, mənim o qadınla bağlı marağım vəzifə borcundan başqa bir şey deyil. Aramızda başqa heç nə yoxdur.

-Vecinə də alma! Bütün bu yalanlara və şayiələrə fikir vermə. Öz işinlə məşğul ol. Kənddə hamı səni yaxşı tanıyır, sənin haqqındakı bu cür dedi-qodulara heç kim inanmaz. Əslində, adamların sənə xüsusi hörmətinin əsas səbəbi elə Mustafa Səidin – allah ona rəhmət eləsin – uşaqlarına vicdanla qayğı göstərməyinlə bağlıdır. Hamı bilir ki, o sənə yad adam idi və belə bir yükün altına girməyə heç nə səni vadar eləmirdi. – O bir az susdu və sonra əlavə elədi: – Yeri gəlmişkən, əgər qızın atası və qardaşları isralıdırlarsa, onda nə etmək olar?

-Axı, o özü istəmir, ümumiyyətlə, ərə getmək istəmir! – deyə qışqırdım.

-Nolsun ki? – deyə sözümü kəsdi. – Buraların qayda-qanununu sən özün də yaxşı bilirsən. Nəyə təəccüblənirsən, axı? Qadın kişi üçündür. Vəssalam. Kişi kişi olaraq qalacaq – onun haqqında nə deyilməsindən asılı olmayaraq.

-Bəs əgər o istəmirsə, başa düşürsən, istəmir və bizim zəmanədə...

Məhcub yenə sözümü kəsdi və fikirlərimi davam etdirməyə imkan vermədi:

-Bəli, dünya dəyişib, bu həqiqətdir. Ancaq o qədər də yox. Yalnız bəzi şeylər dəyişib, vəssalam. Sakiyənin əvəzinə nasoslar, taxta kotanların əvəzinə dəmir kotanlar. Biz qızlarımızı məktəbə göndəririk... Radio... Avtomobillər... Biz araq və maris əvəzinə viski və pivə içməyə öyrəşmişik. Ancaq təəssüf ki, bütün başqa şeylər necə var, elə də qalıb. – Sonra gülə-gülə əlavə elədi: – Ancaq mən ürəkdən inanıram ki, sən və sənin kimilər nazir olandan sonra hər şey dəyişəcək! Düzdür, bu hələlik yalnız arzudur, – deyə təbəssümlə sözünə yekun vurdu.

Bir az toxdayandan sonra soruşdum:

-Doğrudanmı, sən elə düşünürsən ki, Vad ər-Rəis Hasana Bint Mahmuda elə vurulub ki, onsuz yaşaya bilmir?

-Burda inanılmayası nə var ki? Vad ər-Rəis sevməyi və ehtiraslardan başını itirməyi yaxşı bacarır. Artıq iki ildir ki, ancaq həmin qadın haqqında danışır. Adı dilindən düşmür. Çoxdan ona elçi düşüb və qızın atasının razılığın alıb. Ancaq Hasana qəti şəkildə etiraz eləyir. Hamı fikirləşirdi ki, bir müddət keçəcək, qız sakitləşib razılıq verəcək. Görürsən də, nə vəziyyət yaranıb?!

-Onda izah elə görüm, bunca inadkarlığın, bu qədər düşgünlüyün səbəbi nədir? Təsəvvür eləmək mümkün deyil. Axı, Vadər-Rəis Hasana Bint Mahmudu tanıyanda o hələ balaca uşaq idi. Sən yəqin ki, onun necə tərs, şıltaq, qoçaq bir qız olduğunu xatırlayırsan. Oğlanlardan daha yaxşı ağaca dırmaşır, davada onlardan geri qalmır, onlardan heç də pis dalaşmırdı. Doğrudanmı, Vad ər-Rəis bütün bunları unudub? O hətta oğlanlarla birlikdə çimir və üzürdü. Niyə belə tərslik edir? Niyə öz dediyindən əl çəkmir, heç nə eşitmək istəmir.

-Bunun izahını istəyirsən? Vad ər-Rəis elə adamlardandır ki, bir şeyə aludə oldusa, gözü ayağının altını görmür. Deyək ki, bu cür bir adam eşşək almağa gedir. Ona hər şey əvvəcədən məlumdur, onu heç nəylə təəccübləndirə bilməzsən. Gözü qəfil bir eşşəyi tutur, amma eşşək satlıq deyil. Ancaq o mütləq həmin eşşəyi almaq istəyir. Başqa eşşəklər ona lazım deyil. Heyvan sahibi eşşəyin satlıq olmadığını söyləsə də, adam dediyindən dönmür. Guya bu ən qəşəng və güclü eşşək imiş. Və hər şeyin istədiyi kimi olması üçün düz üçqat artıq pul ödəyir. – Məhcub susdu, bir müddət sonra fikirli-fikirli davam elədi: – Ancaq nə deyirsən de, Bint Mahmud Mustafa Səidin arvadı olandan sonra çox dəyişdi. Əlbəttə, bütün qadınlar ərə gedəndən sonra dəyişirlər, ancaq Bint Mahmud tamam başqa adam oldu. Hətta biz də, onunla bir küçədə böyüyən, onunla eyni oyunları oynayan həmyaşıdları da bu gün onu tanıya bilmirik. Sanki birinci dəfədir görürük. Bilirsən, indi o əsl şəhərli qadın kimidir!

Məhcubdan Mustafa Səid haqqında soruşdum. O dedi:

-Allah ona rəhmət eləsin! Mənə hörmət edir, elə mən də ona ehtiramla yanaşırdım. Düzdür, əvvəllər münasibətlərimiz elə də yaxın deyildi. Ancaq planlaşdırma komitəsində birgə çalışarkən yavaş-yavaş yaxınlaşdıq. Onun ölümü bizimçün ağır itki oldu. Axı,o bizə çox kömək edirdi, xüsusilə planla bağlı. Bütün hesablaşmaları öz üzərinə götürmüşdü və hər şeyin öhdəsindən əla gəlirdi. Ticarət məsələlərindəki təcrübəsi də karımıza çatırdı. Gəlirləri necə səmərəli xərcləmək barədə məsləhətlər verirdi. Dəyirman tikmək də onun ağlına gəlmişdi. Bilirsən də dəyirman necə gəlir gətirir! Taxıl üyütməkçün adamlar daha haralardan bura axışmırlar! Hələ kooperativ dükanlar? Bu da onun fikriydi. Bizdə qiymətlər Xartumdan yüksək deyil. Əvvəllər gəmilərlə ayda bir-iki dəfə mal gəldiyi məncə yadında olar. Bəs ticarətçilər nə edirdi? Bu və ya digər malın bazarda tam qurtarmasını gözləyir, sonra satırdılar, ancaq necə? Üç dəfə bahasına. Mustafa Səid buna son qoydu. İndi öz təsərrüfatımızda onlarla yük maşını var və onlar hər gün birbaşa Xartumdan və ya Omdurmandan mal gətirir. Mən kooperativlərə rəhbərliyi öz üzərinə götürməsni dəfələrlə xahiş eləsəm də razılaşmadı, dedi ki, bunu öhdəsindən səndən yaxşı heç kim gələ bilməz. Omda da, ticatətçilər də ona qatı nifrət bəsləyirdilər. Çünki məhz Mustafa Səid onların alverini öldürdü, adamların gözünü açdı, bu insanların bir qəpiyə dəyməyən əsl sifətini hamıya göstərdi. Mustafanın həlakından sonra onun öldürülməsi barədə şayiələr əbəs yerə yayılmamışdı. Düzdür, mən bilirəm ki, bu cəfəngiyyatdır. O, sadəcə, boğulmuşdu. Həmin il daşqın vaxtı tək o yox, onlarla, yüzlərlə adam batmışdı. Təəssüf. Mustafa ağıllı, hərtərəfli inkişaf eləmiş, geniş təhsil görmüş adam idi. Mənim fikrimcə, o ən azı nazir ola bilərdi. Ancaq harda? Bizim cəmiyyətdə belə haqq-ədalət hardadır?

-Hə, görürəm ki, siyasət səni tam öz caynağına alıb və korlayıb, – dedim. – Sən artıq hakimiyyətdən başqa heç nə barədə düşünə bilmirsən. Ancaq gəl, hələlik, bütün bu nazirləri və hökuməti bir kənara qoyaq. Yaxşısı budur, danış görüm, o kim idi, nəçiydi?

-Bilmirəm sən nəyi nəzərdə tutursan? – Məhcubun sifətini təəccüb bürüdü. – Mən, axı, hər şeyi söylədim.

Düzünü desəm, nəyi bilmək istədiyimi Məhcuba izah eləmək məndən ötrü çox çətin idi. Ancaq bu arada o özü sözünə davam elədi:

-Yeri gəlmişkən, Mustafa Səidlə niyə bu qədər maraqlandığını heç cür başa düşə bilmirəm. Axı, sən onun barəsində bir dəfə məni sorğu-sual eləmisən. Üstəlik, onun öz uşaqlarına niyə məhz səni qəyyum seçməsi də mənə çatmır. Söz yox ki, sən hər cür hörmətə layiq adamsan və sənə etibar eləmək olar. Onun etimadını da tam doğrultmusan. Ancaq o bunun belə olacağını əvvəlcədən necə görə bilərdi? Axı, siz uzun illərin tanışı deyildiniz. Biz kənddə xeyli vaxt onunla çiyin-çiyinə yaşamışdıq, sənsə nadir hallarda, həm də qısa müddətdə buralarda görünmüsən. Mən elə bilirdim ki, o məni, dar ayaqda sənin babanı qəyyum edəcək. Bax, sənisə? Baban Mustafanın yaxın dostuydu. O, babanın söhbətlərinə qulaq asmağı sevirdi. Tez-tez mənə deyirdi: "Bilirsən, Məhcub, hacı Əhməd çox maraqlı, müəyyən nöqteyi-nəzərdən nadir adamdır. Deyəndə ki, hacı Əhməd çoxdan ağlını itirib, çox əsəbiləşir və məni qınayırdı: "Sən nə danışırsan! Belə söz demə. Hacı Əhməd bizim tariximizin canlı bir zərrəsidir”.

Burda mən Məhcubun sözünü kəsdim:

-Hər halda, mənim qəyyumluğum yalnız kağız üstündədir. Hamiliyin bütün ağırlığı sənin çiyninə düşür. Mən, axı, daim Xartumda oluram, uşaqlarsa burda sənin nəzarətin altındadır.

-Ağıllı və tərbiyəli uşaqlardır! Atalarına çəkiblər. İkisi də əla oxuyur. Onlardan yaxşısı ağlına da gəlməsin.

-Əgər Vad ər-Rəisin təkid elədiyi bu gülünc – bəli, məhz gülünc, başqa cür adlandırmaq mümkün deyil – izdivac baş tutsa, onların taleyi necə olacaq?

-Di özünü ələ al, toxta bir az! Vad ər-Rəis, yəqin ki, özünə başqa gəlin tapıb onunla qurdunu öldürəcək. Şər deməsən, xeyir gəlməz, əgər Bint Mahmud razılıq verməyə məcbur olsa, bu evlilik çətin ki, bir və ya iki ildən çox çəksin. Onda qadının onun torpaqlarına, suvarılan sahələrinə sahiblənmək hüququ olacaq. Onun torpaqlarısa az deyil. Burda pis nə var ki?

Məhcub susdu və qəfil verdiyi bir sualla məni heyrətləndirdi:

-Yeri gəlmışkən, niyə sən özün onunla evlənmirsən ki?

-Ürəyim yerindən atlandı və sürətlə çırpınmağa başladı.

-Yəqin, zarafat eləyirsən? – deyə səsimin titrəməsini gizlətməyə çalışaraq karıxmış halda dedim.

-Bəs, ciddi desəm, necə? Həqiqətən, niyə axı, sən özün onunla evlənməyəsən? Əminəm ki, qız buna həvəslə razılaşar. Sən onun uşaqlarının hamisisən. Ümumiyyətlə, ata əvəzisən, burda nə var ki?

Hələ dünən gecə onun ətrini içimə çəkərkən ağlıma hər dürlü fikirlər gəlirdi. Və həqiqətən, kim bilir... Məhcubun necə güldüyünü eşitdim. O dedi:

-Ancaq demə ki, evliyəm və uşaqlarım var. Kişilər bir dəfə evlənmirlər, bu adi bir işdir. Sən nə birinci, nə də sonuncusan.

-Yox, sən doğrudan da, dəli olmusan! – Bu sözləri deyərək onunla sağollaşıb getdim.

Ancaq bununla yanaşı, sanki qəlbimin dərinliyində gizlənmiş hansısa duyğular qəfil oyanmağa, aşkara çıxmağa başladı və mənə çox şey agah oldu. Başa düşdüm ki, həqiqətin düz gözünün içinə baxmalıyam. Bəli, mən Hasana Bint Mahmudu, Mustafa Səidin dul arvadını sevirəm, mən onu sevirəm. Vad ər-Rəis, Mustafa Səid və milyonlarla başqaları kimi bütün kainatı gəmirib yeyən bu xəstəliyin mikrobları məndən də yan ötməyib.



[1]Sudanda yaşayan köçəri və yarım oturaq qeyri-ərəb tayfaları.

[2] Ərəblərdə dastan qəhqəmanı.

[3] Birinci Dünya Müharibəsin dövründə, 1917-ci ilin dekadrında həmin vaxta kimi Osmanlı imperiyasının tabeliyində olan Yerusəlimə girən ingilis qoşunlarına komandiri.


Yazının əvəllini BURADAN oxuya bilərsiniz


İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK