adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Noyabr 2017 23:37
33501
LAYİHƏ
A- A+

Ən qədim türk soylarından - KOLANILAR...

(əvvəli ötən saylarımızda)

Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar atalarının torpaqlarına geri dönə bildi. Burada Ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-ci ildə 248 nəfər, 1931-ci ildə 294 Azərbaycanlı yaşamışdır".
1978-ci ildə kəndin adı Ermənistan hökuməti tərəfindən dəyişdirilib Qriboyedov adı qoyulmuşdur.
Kolagirən - Ermənistanda Yeni Bayazid ərazisində olub. Erməni mənbələrində kəndin adı Kolaqran şəklində yazılmışdır. Kəndin adının ilk variantının Kolanı qırılan olduğu ehtimal edilir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Kolanıqırılan (Kölagirən, Kolaqran) kəndinə ilk ermənilər köçə başlamışdır. 1905-1906-cı illərdə erməni-türk (azərbaycanlı) münaqişəsi zamanı kənddə yaşayan Türklərə qarşı qətliamlar törədilmiş, daha sonra Türklər kənddən sürgün edilmişdir. 1935-ci ildə kəndin adı dəyişdirilərək Dzovinar qoyulmuşdur.
Kolalı - Ermənistanda Eçmiedzin qəzasında, Zəngibasar (Masis) rayonunda kənd olub. Kəndin digər adı "Kolalı Aralıq Dənizi" olmuşdu. 1948-1949-ci ildə bu kəndin əhalisi zorla deportasiya edilərək, kənd əsasən ləğv edilir.
Kolalı - Bu kənd Ermənistanda Vedi (Ararat) bölgəsində olub. Erməni sənədlərində bu kəndin adı bəzən Kolanı kimi də qeyd edilib. Bu kəndin əhalisi də 1948-1949-ci ildə deportasiya edilmiş və kənd yaşayış yeri kimi tarixdən silinmişdir.
Şor kolanlı - Zəngibasar (Masis) rayonunun ərazisində, Araz çayının sahilində olub. 1918-ci ildə kəndin əhalisi deportasiya edilmişdir. Deportasiya zamanı çox sayda insan həyatını itirir. Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərinin bir hissəsi əzəli torpaqlarına geri qayıdır. Amma bu qayıdış də uzun çəkmir. 1988-ci ildə Şor kolanlı əhalisinin türkləri öz dədə-baba torpaqlarından yenidən deportasiya edilir.
Bunlardan başqa Ermənistanın Hamamlı (Spitak) rayonunda Goran adlı bir kənd olub. Ehtimal ki, bu kəndin də əsası Kolanı Türkləri tərəfindən yaradılıb. Goran tayfası Kolanı türk soyunun qollarından (tirələrindən) biridir.

Şirvan və Muğan kolanıları

Kolanıların Şirvana gəldiyi tarixi dəqiq məlum deyil. Ancaq birmənalı olaraq demək olar ki, Şirvanda Kolanıların yaşayış tarixi Naxçıvanda, Qarabağda və Ermənistanda olduğu qədər qədim deyil. Böyük ehtimalla kolanılar bu torpaqlara 16-ci əsrdə gəlməyə başlamış və bu proses 18-ci əsrin sonlarına qədər davam etmişdir. Coğrafiyaçı Nurəddin Bəndəliyevin bu sahədə müəyyən tədqiqatları istisna edilərsə, Şirvan Kolanılarının tarixi indiyə qədər elmi tədqiqata daxil edilməyib. Ayrı-ayrı müəlliflər Şirvan Kolanıları ilə bağlı məqalələr yazmışlar. Amma bu yazılarda da Şirvan Kolanılarının tarixi, etnoqrafiyası və bugünkü vəziyyəti subyektiv şəkildə dəyərləndirilmiş, hər hansı tutarlı tarixi sənədə istinad edilməmişdir. Bu səbəbdən də Şirvan Kolanılarının yaşayış tarixi bir neçə yüz il olmasına baxmayaraq, xeyli açılmamış anlar var. Ən əsası isə Şirvan Kolanılarının ilk dəfə bu ölkələrdə nə vaxt və hansı səbəblə köçməsi dəqiq məlum deyil. Bu barədə yazıçılar tərəfindən yalnız ehtimallar üzərində fikir yürüdülmüşdür.
1500-ci ildə Səfəvi-Qızılbaş döyüşçüləri ilə Dərbəndlilər sülaləsindən olan Şirvanşah Fərrux Yassar arasında qanlı toqquşma olur. Bu toqquşma Şamaxı yaxınlığında Cabanı düzənliyində yaranır. Nəticədə Səfəvilər qalib gəlir, Fərrux Yassar öldürülür. 1501-ci ildə isə bildiyimiz kimi, İsmayılın başçılığı ilə Səfəvi dövlətinin əsası qoyulur. Vuruşdan sonra Səfəvi icmasının bir hissəsi Şamaxı bölgəsində yerləşir. Məsələn, Qobustan rayonunun Poladlı kəndində yaşayan yerli əhali əslən Safevi-Kızılbaşlardan ibarətdir. Səfəvi-Qızılbaş hakimiyyətindən sonra Cənubi Azərbaycandan bəzi Türk boylarının bir hissəsi Şirvan ərazisinə köçürülür. Kolanı və həmçinin Cəyirli Türklərinin bir hissəsi 16-cu əsrdə Qızılbaşlar tərəfindən Şamaxıya köçürülən elatlardan idi. Böyük ehtimalla bu boylar Şamaxı ərazisinə Qızılbaşlığı yaymaq və bu sahələrdə idarəetmənin gücləndirilməsi məqsədilə köçürülmüşdü. Kolanılar əvvəldən axıra Qızılbaş hakimiyyətinin etibarlı tərəfdarlarından olmuşdu. Təsadüfi deyil ki, 1736-cı ildə Qızılbaşların süqutundan sonra hakimiyyətə gələn Nadir Şah Kolanılara divan tutdu. Minlərlə Kolanı Türkünü cənubi Azərbaycandan Əfqanıstana sürgün etmişdi. Niyə ki, Qızılbaş hakimiyyətinin etibarlı tərəfdarı Kolanı bəyləri Nadirin 1736-cı il martın 21-də Muğanda - Kürlə Arazın birləşdiyi yerdə keçirdiyi qurultaya - tac goyma mərasiminə - törəninə qatılmamışdı.
Şamaxıya köçürülən Kolanılar ilk vaxtlarda bu bölgənin şimal torpaqlarına Qızmeydanı (böyük ehtimalla ilk variantda Quzmeydanı və ya Oğuzmeydanı olub) və Xilmilli torpaqlarına yerləşmişdi.
Haşiyə: Xilmilli sözü xol və Kol sözündən əmələ gəlmiş ola bilir. Azərbaycanda bu adda soyun mövcud olduğuna dair ciddi versiya var. Neftçala rayonunda Xıllı, Xolqarabucaq, Koltuk adında yaşayış məntəqələri var. Bu yer adlarının də etimologiyası xol (hil, Kol) etnosunun adı ilə bağlı ola bilər. Bu baxımdan ilk vaxtlar Şirvana köç edən oğuzmənşəli Kolanı Türklərinin məhz Qızmeydanı (Quzmeydanı, Oğuzmeydanı) və Xilmilli torpaqlarına yerləşməsi düşündürücü məqamlardır.
Kolanıların Şirvan bölgəsinə köçü 18-ci əsrin sonuna qədər davam etmişdir. Buraya köç edən Kolanılar eyni regiondan gəlmirdi. Şirvana gələn Kolanılar əsasən Naxçıvan, Qarabağ və Cənubi Azərbaycandan gələnlər idi. Cənubdan gələn Kolanılar Savalan dağının ətəklərindən gəldiyinə inanırlar. Yaşlı nəslin körpəlikdən böyüklərindən eşitdiklərinə görə, Savalandan gələn Kolanılar əslən Xorasan Türkləridir. Xorasanın ən qədim Türk yurdlarından olması inkar edilə bilməz.
Rusiya İmperiyasının Şimali Azərbaycanı işğalından sonra bu ərazilərdə ruslaşdırma siyasəti aparılmağa başlanır. 19-ci əsrin ortalarında Xilmilliyə ruslar köçürülür. Qızmeydanı bölgəsində isə ruslardan ibarət olan Astraxanka kənd qurulur. Rus kəndlərinin məhz bu sahələrdə salınması əslində Kolanıların parçalanması və zəifləməsi məqsədilə keçirilirdi. Bundan sonra Kolanılar müxtəlif yerlərə köç etməyə başlayır. Bir hissəsi Şamaxı yaxınlığındakı, indiki Sabir kəndi ərazisindədirlər. Böyük hissəsi isə Qubanın, Şabranın və Siyəzənin torpaqlarına yerləşdi. Hazırda Siyəzən rayonunda Kolanı adlı kənd var. Bu kəndin əhalisi məhz bu köç zamanı Şamaxıdan gedib Siyəzəndə kənd salmışdılar. Sonralar Bakı yaxınlığına - Fatmayı və Kürdəxanı kəndlərinə də gedənlər olur. Kolanılardan bir neçə nəsil Sabir üzərindən Şamaxının cənub hissəsində yerləşən Girdə yaylağına köçür. Girdə yaylası buraya köçənə qədər yüz ildir heyvandarlıqla məşğul olan Kolanıların qışlaq sahəsi idi. 20-cu əsrin ortalarına qədər Kolanılar qışı Girdədə və Girdədən cənubda "Qışlaq yurdu" ("Qışlaq yurdu" hazırda Hacıqabul rayonunun ərazisindədir) adlandırdıqları yerdə keçirirdilər.
Kolanıları buralarda da rahat buraxmırlar. Sovet hakimiyyəti qurulduqdan sonra Şamaxı Kolanılarının daha dərdli günləri başlayır. Elin qabaqcıl insanları və zəngin adamları xüsusi təqiblərə məruz qalır. 1937-ci illər repressiyası bu kəndin də əhalisindən uzaq olmur. Daha pisi isə 1950-ci ildə Mir Cəfər Bağırov tərəfindən tərəkəməliyin ləğv edilməsi göstərişi olur. Tərəkəməliyin ləğvinden sonra Girdə yaylasında Dağ Kolanı kəndi kimi tanınan Kolanı obası sürətlə dağılmağa başlayır. Əhali ətraf bölgələrə səpələnməyə başlayır. Nəticədə Kolanı ağbirçəklərinin və qocalarının tebirince desək, "Kolanılar hamısı yurddan köç oldu". Girdəni tərk etmək məcburiyyətində qalan Kolanıların bir qismi yaxınlıqdakı Poladlı (Qobustan rayonu) kəndində yerləşir. Muğan ölkəsindəki Kolanıların böyük əksəriyyəti Şamaxı torpaqlarından köç edənlərdilər. Bu köç 19-cu əsrin sonlarında başlayıb, 20-ci əsrin sonlarında tamamlanıb. Şamaxıdan Muğan bölgəsinə köç edən Kolanılar Hacıqabulda, Sabirabadda, Şirvanda, Salyanda, Neftçalada, qismən də Biləsuvarda yerləşdi. Hazırda adını verdiyimiz bu bölgələrin çoxunda Kolanı adlı kəndlər var. Şamaxıdan bu yerlərə köçmələrindən 60-70 il keçməsinə baxmayaraq, hələ də köhnə nəsil dönə-dönə "öləndə məni dədə-baba torpaqlarımızda basdırın", - deyə vəsiyyət edir. Və meyitlər hələ də Girdə yaylağına və ya Kolanıların "Qışlaq yurdu" adlandırdıqları bölgədə yerləşən qəbiristanlığa aparılır.
Kolanı ağsaqqallarının və ağbirçəklərinin "Kolanılar hamısı köç oldu" - qənaətində həqiqət var. 17-18 əsrdə Şamaxı Kolanılarının bir qəbiristanlığı vardı. Bu qəbiristanlıq Şamaxının şimalında Qızmeydanı tərəfdə idi. Son yüz illərdə Qubadan Biləsuvara, Neftçaladan Sabirabada qədər ayrı-ayrı yerlərə dağılan Şirvan Kolanılarının indi Qobustanda, Hacıqabulda, Sabirabadda, Neftçalada, Siyəzəndə, Fatmayidə, Kürdəxanıda və digər yerlərdə ayrı-ayrı qəbiristanlığı var. 20-ci əsrin 2-ci yarısına qədər Şirvan Kolanılarının qocaları, demək olar ki, çoxu bir-birini yaxşı tanıyırdı, bir-birinin xeyrində-şərində iştirak edirdi.
Haşiyə: Kolanılar haqqında araşdırma apardığım üçün son 20 ildə yaşlı nəslin əllidən artıq nümayəndəsi ilə görüşdüm. Bunlardan biri - Sarı Hacıqəhrəmanlı kəndində yaşayan 90-na yaxın yaşı olan Hacı Şəfi kişi maraqlı bir məlumat verdi. O, dedi ki, "1941-ci ildə atanın (söhbət atam Molla Allahyardan gedir) Ağdamın Paprəvənd kəndində yaşayan Kolanı qohumlarından bir qonağı gəlmişdi".
Demək ki, 20-ci əsrin 1-ci yarısına qədər yalnız Şirvan Kolanıları, hətta bütün Azərbaycan Kolanıları arasında gediş-gəliş əlaqəsi olub. Qarabağdan Şirvana, Şirvandan Qarabağa Kolanı qızları gəlin köçüb. 20-ci əsrin sonlarına doğru bu bağlar tamamilə qopub. İndi artıq eyni rayonda yaşayan Kolanılar ayrı kəndin sakinləri kimi bir-birindən xəbərsiz öz həyatlarına davam edirlər.
Deməli, Nadir şahdan üzü bəri Çar İmperiyasının və Sovet rejiminin - Mir Cəfər Bağırovun "çox narahat tayfa", çar polkovnikinin "çox cəsarətli" dediyimiz Kolanı Türklərini parçalamaq və zəiflətmək planı addım-addım həyata keçirildi...

Azərbaycandan kənarda yaşayan Kolanılar

Yazının əvvəlində qeyd etdiyimiz kimi, Kolanılar çox geniş ərazidə - bir neçə ölkənin ərazilərinə yayılmışlar. Orta Asiya respublikalarında, Sibir torpaqlarında, Əfqanıstanda, İranda, Türkiyədə, İsraildə, Suriyada və digər yerlərdə Kolanıların özünə və ya izinə rast gəlinir. Bu ölkələrin hər birində Kolanı adının izini daşıyan yer adları geniş yayılmışdır. Bir çoxunda isə özünü Kolanı sayan Türklər indi də yaşayır. Qazaxıstan, Türkmənistan və Özbəkistanda Gülan, Gulançı, Gulanbay, Kulan-Qıpçaq, Kulan-Qulan, Kulanbel, Kulan çayı, Golan, Kolan yer adları minlərlə il buranın sakini olmuş Kolanı Türklərinin silinməyən izləridir. Erkən orta əsrlərdə Qazaxıstan ərazilərində Kulan və ya Kolan adlı şəhərin olduğu məlumdur. Bu tarixi şəhər öz adını Kol Türklərinin adından almışdı. Ehtimal ki, bu şəhərin əsasını Kol Türkləri və ya Kolan Türkləri qoymuşlar. Təəssüf ki, bəzən səhv olaraq, bunun əksini - kolanı soyunun adını bu şəhərdən aldığını qeyd edirlər.

(ardı növbəti sayımızda)

Namiq Hacıheydərli

Türkiyə türkcəsindən Azərbaycan
türkcəsinə uyğunlaşdırdı:
Professor Qurban Bayramov.
Mənbə: Ovqat.com, 29.04.2017.

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ