adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Noyabr 2017 23:27
15666
ƏDƏBİYYAT
A- A+

Vətən oğlu Məmməd Araz

Əvəz
Mahmud
Lələdağ

30 ilə yaxındır ki, doğma yurda, isti ocağa, bərəkətli bucağa, buz bulaqlara, meyvəli bağlara, sərin çeşmələrə, zümrüd yamaclara, dərin dərələrə, yarpızlı, baldırğanlı gözələrə, yaşıl yaylaqlara, zirvəsində qartal gəzən, sinəsində qurd ulaşan başı dumanlı dağlara hiyləgər, xain, çörək itirən, namərd qonşularımızın ucbatından həsrət qalmışam. Gecələr yuxumda görürəm müqəddəs pirləri - Qarapiri, Anabatı, Xaraba məscidi, tarixi abidələri, günbəzləri, dağların belinə kəmər kimi sarılan dağ cığırlarını...
Kəndimizin adı Ağdüdü. Çox qədim kənddir, burada olan qəbir daşları, qoç daşları, saduqələr kəndin qədim tarixindən XI-XII əsrə aid olduğundan xəbər verir.
Kəndimizdə böyük tayfalar olub. Onların ağsaqqalları adnan deyilib. Xanımağalı, Əhmədli, İsmayıl uşağı, Məşədi Şirin uşağı, Məşədi İbrahim uşağı.
Məşədi İbrahim uşağından söhbət eləmək istəyirəm. Böyük tayfa başçısı olan Məşədi İbrahim çox sağlam nəsil yetişdirib. O tayfanın çox hörmətli, səxavətli, sədaqətli, el qeyrətli adamları eldə-obada adnan deyilib. Məşədi İbrahimin Hümbətyar, Məmmədyar, Xudayar adlı oğlanları qılınc vuran, tüfəng atan olublar, yurdu yad ellərdən qoruyublar. Xudayar baba 130 il yaşadı. Mən keçən əsrin 50-60-cı illərində onun ağacların dibini bellədiyini görmüşəm...
İnfil əminin xatirələrindən:
-Bizim kənd Ağdü Zəngəzurun kilid-açarı adlanırdı. 1905-ci ildə erməni-müsəlman davasında ermənilərin başçısı Qəzər Stepanyansı bizim kəndin igidləri gəbərtmişdi. Həmin dərə Qəzər ölən adlanır.
Ona görə də ermənilər bizim adamlardan qorxurdular. Kənddə vuran-tutan, igid adamlar çox idi. O vaxt onlar imkanlı olduqları üçün Ziyarətgahlara gedib Hacı Əbdüləli, Kalbay İsgəndər, Kalbayı Mürsəl, Kalbayı Hümbətalı, Məşədi Şirin və bizim babamız Məşədi İbrahim. 1918-ci ildə quldur ermənilərin üstümüzə gəlmə xəbərini eşidəndə hər tayfadan özünümüdafiə dəstəsi düzəltdik.
Xanımağalıdan Ədil, Mehralı, Əhmədlidən Kalbay İslam, Kalbay İsgəndər, Məşədi Şirinlidən Alkərim, Cəfərlidən Mikayıl, Məşədi İbrahimlidən mən və əmimqızı Səməngül. İnfil əmi kolxoz bağında ocağın üstündə dağların otu ilə qara aftafada dəmlədiyi ətirli çaydan adama bir kasa süzdü, torbadan möyüz çıxartdı. Bənəmyar üzümündəndi dedi. O çaydan bir qurtum içib sözünə davam elədi. Biz Buğda təpəsinin döşündə olan Asvar kahasında məskən salmışdıq. Çünki oradan hər yan apaydın görünürdü. Artıq quldur Andrannikin vəhşi ermənilərdən təşkil olunmuş, müsəlmanlara qarşı amansız olan qoşunu Zəngəzurun kəndlərini yandırır, insanlarını qırırdılar. Atam Xuadayar kişi, çox uzaqgörən idi. Doğma kəndimizin dağıldığını gördü, orda yaşamağın mümkünsüz olduğunu bildirdi. Bizim ailə də o üz Ərəfsəndən aşıb Nors kəndinə gəldik, Ağdülülər məhəlləsi saldıq. Burda bir neçə məhəllə - Pulkəndli, Ərikli, Şükarlı məhəllələri də o vaxt Zəngəzurdan canlarını götürüb qaçanlar tərəfindən yaranıb.
Mənim ailəmdə İbrahim, Məmməd, Əbülfəz, Gülsüm kimi övladlar bu kənddə dünyaya göz açıblar. Uşaqlar içində ən şuluğu və çəlimsizi Məmməd, ağırı, oturuşunu, duruşunu bilən İbrahim idi. Ağır, çətin illər görmüşük. Aclıq, yoxsulluq bizi tapmışdı, yaxamızdan əl çəkmirdi.
Ancaq həyat davam edirdi... Bəli, Cahan nənəmin laylasından, oxşamasından, bayatısından bəhrələnən nağıl, dastan dünyasına boylanan Məmməd, İnfil əminin əməksevərliyi, torpağa bağlılığı ilə öyünürdü. Bax belə zəhmətkeş ailədə böyüyən Məmməd də o ənənəni torpağa, Vətənə elə-obaya, gülə-çiçəyə bağlanmağı uşaqlıqdan qəlbində yaşadırdı.
"Atamın kitabında" dedikləri kimi:
Azərbaycan ədəbiyyatından poeziya zirvəsinə çatan, 84 yaşını qeyd etdiyimiz xalq şairi Məmməd Araz torpağa, Vətənə, ürəkdən bağlı, ölməz, həmişəyaşar şairdi.


Məmməd Araz yazdığı


Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Arxamca su səpir yoxsa buludlar
Leysan, salamat qal, yağ, salamat qal.

Gəldim qarşıladı güllər, çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər,
Bulan salamat qal, ax, salamat qal.

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ay alagöz pəri, arxamca sən də,
Boylan salamat qal, bax, salamat qal.

Bu qoca dağların biri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Barı, bərəkəti, xeyri də sənsən,
Çoban salamat qal, sağ salamat qal.

Kəndə bağlılıq, ilkinlik, kəndçilik, kəndçi vüqarı nə qədər zirvələrdən bərq vurur. Bax təkcə bu şeirə görə Məmməd Araz yenə sayılıb seçilərdi. Bu mənim şəxsi fikrimdi.
Məmməd Arazın bu şeiri əlimizdən tutub bütün Azərbaycan dağlarına çıxardır, bizi dağ ucalığından açılan doğma mənzərələr ürəyimizi riqqətə gətirir, nələri itirdiyimizi dərk edirik. Biləyimizdən yapışıb bizi talelərdən keçirir, qeyrət ucalığından itirdiklərimizə baxmağa məcbur edir.
Dünyaya sığmayan insan vətənə sığar deyib ulularımız. Çünki Vətən göylüyün, yəni əzəliliyin, əbədiliyin, sonsuzluğun kamilliyin ifadəsidir. Vətən ruhani məkandır, bu səbəbdən də dünyadan artıqdır. Şeirin ikinci uğurlu cəhəti kəndçiliyimiz, - ilkinliyimiz, həqiqətimizin izharıdır.
Azərbaycanlıların bir qüsuru var. Özgələşmə ehtirası. Bir-iki şeir yazan dilini dəyişir, yerişini, ədasını dəyişir, əcnəbi geyimləri ilə özgələşir. M. Arazın şeirlərində sezilən kəndçi vüqarı, şəhərdən sınmayan, itməyən əriməyən, əksinə özünü tapan və özünü dərk edən vüqarı məndə minnətdarlıq hissi oyadır. Mən həmişə bilmişəm ki, ilkinliyimiz, şeyriyyətimiz, musiqiliyimiz, şərqiliyimiz, ülviliyimiz hamısı kənddədir.

Vətən bizə oğul deməz,
Ona candan pay verməsək.
Torpaq bizdən üz döndərər,
Harayına, hay verməsək.
Babaların goru çatlar,
Düşmənlərə vay verməsək.
Şahin-sonqar meydan açar,
Qartal kimi qıy verməsək.
Dəlilərim qalib gəlməz,
Onlara ox-yay verməsək,
Vətən oğlu Məmməd Araz.

Duyğularım təzələnir,
El-obanı şən görəndə.
Doğma Vətən torpağını
Səfalı, gülşən görəndə.
Vüqarıma vüqar çatmaz,
Dağlarımda çən görəndə.
Ürəyimə təpər dolar,
Qardaş səni "Şən" görəndə.
Gözlərimə nur ələnir,
Tostu dosta tən görəndə.
Vətən oğlu, Məmməd Araz.

Gərək bir də unutmayaq,
Başımıza gələnləri.
Nifrət ilə yada salaq,
Bir bədəni, bir ürəyi
İki yerə bölənləri.
Unutmayaq Vətən üçün
Candan keçib ölənləri,
Qurd ürəkli, sal kürəkli,
Geri dönməz igidləri.
Vətən oğlu Məmməd Araz.

Çox şükür ki, gündən-günə,
Saflaşırıq, paklaşırıq.
İçimizdə həyat eşqi,
Dərə keçib, dağ aşırıq.
Elimizin dərd-sərinə,
Qaynayırıq, qarışırıq.
Yurdu azad etmək üçün,
Gecə-gündüz çalışırıq.
Bu Vətənə, bu torpağa,
Necə gözəl yaraşırıq.
Vətən oğlu Məmməd Araz.

O dağlar oğludur, dağ vüqarlıdır,
Köksünə sığmayır eşqi, murazı.
Qardaş sevirsən də şeiri, sənəti,
Ərit ürəyinə Məmməd Arazı.