adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Noyabr 2017 15:39
15449
MƏMLƏKƏT
A- A+

GECƏLƏR RAHAT YATA BİLMİRLƏR

Bir də görürsən ki, səhərə qədər itlərin səsi kəsilmir, elə hey hürurlər. Düşünürsən ki, yəqin bir müddətdən sonra bu səslər kəsilər və qulağın dincələr. Ancaq hər şey əksinə baş verir. Elə ki, yatağa uzanırsan, yuxu gözündən tökülür və təkrarən o hürən itlərin səsini eşidirsən. Fikirləşirsən ki, yəqin bu ötəri bir hadisə olacaq və hər şey öz axarına düşəcək. Amma heç də hər şey sən düşündüyün kimi olmur. Vəziyyət bir az da qəlizləşir. Yəni 10-15 dəqiqə bundan qabaq bir-iki it hürürdüsə, indi beş-altı it ağız-ağıza verib hürməyə başlayır. O qədər hürurlər ki, yenidən hövlənk yuxudan qalxırsan…

Təsvir etdiyim bu anları, bu səhnələri Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki 13 nömrəli binanın sakinləri hər axşam yaşayırlar. Yəni bu sakinlər artıq bir neçə ildir ki, sahibsiz itlərin əlindən gecələr rahat yata bilmirlər. Əgər düşünsək ki, onların arasında ahıl, xəstə və uşaqlar var, bax, o insanların vəziyyəti ikiqat ağır olur.

Sakinlər redakasiyamıza müraciət edərək bildirirlər ki, biz onların dərdini lazımi quruma çatdıraq. Amma görünür, onların problemi heç də asanlıqla çözülən deyil. Çünki sentyabr ayında bu məsələni qələmə almışdıq və Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi ilə əlaqə yaratmışdıq. Yəni deyilən məsələlərin hamısını onların diqqətinə çatdırmışdıq. Həmin qurumdan da məsul şəxslərdən biri bildirmişdi ki, bu problemlər nəinki Yeni Günəşlidə, Bakı şəhərində ilin axırına qədər həll ediləcəkdi.

Sözün düzü, yay vaxtı ilə müqayisədə indi bu cür sahibsiz itlərin sayı xeyli azalıb. Məsələn, iyul-avqust aylarında təkcə Yeni Günəşlidə sürü ilə gəzən 200-300 sahibsiz it vardı. Görünür, bu itlərin əksəriyyətini əlaqədar qurum zərərsizləşdirsə də, hələ də bu cür itlər Yeni Günəşlidə çoxdur.

On üçüncü binanın sakini Əhməd Həsənov bildirir ki, qardaş, bizim gecəmiz-gündüzümüz yoxdur. Yenə gündüzlər birtəhər sakitlik yaranır. İtləri görüb- eləyəndə həyətdən qovuruq. Ancaq elə ki, axşam saat 11-12 oldu və o itlər yaxınlıqda hansısa MTK tərəfindən alınıb tikilməmiş və qazıntı işləri aparılmış yerə yığışaraq ağız-ağıza verərək hürüşürlər. Əvvəl elə bilirdik ki, bu itlərin sayı beş-altıya çatır. Amma bir axşam eyvandan baxanda gördüm ki, yox ey, nə beş-altı, on-on beş it var. O qədər əsəbləşdim ki, eyvandakı kartofların hamısını itlərə tərəf atdım. Bir də baxıb gördü ki, iki kilo kartofdan biri də qalmayıb. İtlərsə bir az kənara çəkildilər və yenidən hürməyə başladılar. Nə başınızı ağrıdaq, onların əlindən səhərə qədər bizə dinclik yoxdur.

Səksən yaşlı Nübar arvadsa lap əsəbidi. Deyir ki, tay mən bu binada yaşamaq istəmirəm. Nəvələrim Gəncədə olur. Oğluma demişəm ki, məni onların yanına aparsın. Şükür Allaha, oğlum da, gəlinim də mənə yaxşı baxırlar. Ancaq bu itlərin əlindən canımı qoymağa yer tapa bilmirəm. Onsuz da uzun illərdir ki, şəkər xəstəsiyəm. Gecələr də rahat yata bilmirəm. Bir yandan da bu itlərin hay-harayı mənə dinclik vermir ki, vermir...

On üç nömrəli binanın sədri Mənsim Məmmədov da sakinlərin haqlı narazılığını bizim diqqətimizə çatdırdı. Dedi ki, camaatı qınamalı deyil. Dəfələrlə özüm də Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə telefon açmışam. Mövcud problemi onların nəzərinə çatdırmışam. Həmin idarədən isə bildiriblər ki, narahat olmayın, tezliklə məsələ həll ediləcəkdir. Amma neçə ildir mən bu binada sədr işləyirəm, hələ də bu məsələnin həll edildiyini görməmişəm. Yəni idarənin əməkdaşları sadəcə olaraq quru sözlə kifayətlənir, əməli işə keçmirlər. Bir də ki, səhər saat 6-dan sonra işə getmək istəyənlər bu itlərin qorxusundan bilmirlər nə eləsinlər. Avtobus dayanacağına gedənə kimi, ya əllərinə ağac götürürlər, ya da daş alırlar. Çünki dəfələrlə o itlər səhər saatlarında işə getmək istəyən insanlara hücum ediblər. Hətta bir qadını itlərin əlindən taksi sürücüsü güc-bəla ilə alıb.

Bir daha 13-cü binanın sakinlərinin giley-güzarını Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə çatdırdıq. Ordan da bizə bildirdilər ki, bu məsələlər bizim diqqətimizdədir. Çünki həmin itlərin çoxunu biz yığıb aparmışıq xüsusi yerlərə və onlar da quduzluğa qarşı peyvənd olunublar. O ki, qaldı yerdəki itlərə onlara da yaxın gələcəkdə çıxış yolu tapacağıq. Çünki ilin axırına qədər Bakı şəhərində sahibsiz heyvanların hamısı xüsusi poliqona aparılacaq və ora buraxılacaq.

Təbii ki, Yeni Günəşli camaatı adiyyəti qurumun sözçüsünün dediyi bu fikirlərlə heç də razılaşmırlar. Fikirlərini öyrəndiyimiz sakinlər bildirirlər ki, onlar həmişə belə deyirlər. Amma vəziyyət dəyişmir ki, dəyişmir. Əziyyəti onlar yox, biz çəkirik. Çünki axşam düşəndən səhərə qədər bu sahibsiz itlər qaranlıq küçələrdə ora-bura qaçaraq hürüşür və hətta adamlara hücum çəkirlər. Tay biz vallah, bilmirik nə edək?!

Hər halda, bu məsələlər həmişə gündəmdə olub və gündəmdən çıxmayacaqdı. Belə ki, Bakıda sahibsiz itlər tək Yeni Günəşlidə deyil, əksər yaşayış sahələrində, qəsəbələrdə və küçələrədə meydan sulayır və bu meydan sulayan itlərin də qarşısı hələ ki, tam alınmayıb. Bir daha camaatın narazılıqlarını məlum qurumun nəzərinə çatdırırıq və inanırıq ki, Sahibsiz Heyvanlarla Mubarizə İdarəsi bu problemi tezliklə həll edəcək, gecələr rahat yata bilməyən və səhərlərsə qorxu keçirən insanların üzləşdiyi çətinlikləri aradan qaldıracaqdı.


Faiq QİSMƏTOĞLU