adalet.az header logo
  • Bakı 12°C
30 Noyabr 2017 00:20
16904
ƏDƏBİYYAT
A- A+

Xalası göyçək

Dərsə başladıqlarının üçüncü ayı idi və bu aylarda Qurban müəllim müəllimlər otağına daxil olan kimi havası gəldi-gəlmədi, söz-sözü çəkdi-çəkmədi, sataşırdı cavan həmkarına - ali məktəbi bitirib bu kollektivə təyinat alan və Qurbanla çiyin-çiyinə işləyən, uşaqlara biologiya, kimya fənlərini öyrədən Rüfət adlı pedaqoqa. Cavab qaytarmırdı, dözürdü, təmkinini saxlayırdı Rüfət. "Neçə dəfə təklikdə demiş, yalvarmışdı :elə müəllimlər otağına girər-girməz üzümə gülə-gülə başlayırsan: necəsən əyə, xalası göyçək. Xalan özü yatıb, özü dura bilirmi?" Müəllimlər gülüşür, pərt oluram, inciyirəm mən, istəyirsən gəl sənə qonaqlıq verim, ancaq yığışdır bu sözü... Onun gileyi, xahişi, umu-küsüsü Qurbanı daha da "coşdururdu", bu sözü ucadan deyib heç nədən məsxərə düzəldirdi. Xüsusən qız müəllimələrin şaqqıltısı haldan-hala salırdı Rüfəti; sifəti pörtür, içinin istiliyi çoxalırdı.
Son vaxtlar əndazəni aşan Qurban dəhlizdə uşaqların arasında da cin atına mindirirdi cavan müəllimi. Bəlkə o, həmkarını aşağılamaqdan ləzzət alırdı, həə? Yox, belə düşünmək absurddu, sadəlövhlükdü. Onun bircə məqsədi vardı: necə olursa olsun gələn dərs ilinə kimi cavan həmkarını gözdən salıb, bu məktəbdən qaçırtsın. Qoy hara üz tutur, tutsun, hara, kimə şikayətə gedir-getsin. Təki məktəbdən uzaqlaşsın. Axı, o, gələnəcən iki fənn üzrə: biologiya və kimyadan dərs yükü onun idi. Rüfət gəldi və saatların yarısı ona verildi. Gör nə qədər maaşı azalıb...
O gün az qaldı səbir kasası daşsın, şeytanın sözünə baxıb, yumruq davasına çıxsın, yenə dözdü, Allahın bir adı da səbirdi - düşündü. Onunculara dərs keçərkən tabaşiri bəhanə gətirən Qurban irişə-irişə sinfə girdi, elə beləcə ucadan soruşdu:
-Adə, xalası göyçək, tabaşirin var?
Yeniyetmə oğlanların, qızların yanında Qurbanın belə ədalı, istehzalı müraciəti az qaldı sındırsın onu, amma özünü sakit apardı, dilini dişi ilə tutub saxladı və əlindəki tabaşiri verdi həmkarına:
-Buyurun, buyurun müəllim, - dedi.
İstədi müəllimə tərbiyə işinə heç yaraşmayan lağlağını çatdırsın Fatma xalasına, onu göndərsin Qurban müəllimgilə, qoy onun xanımı ilə söhbətləşsin, desin ki, ay bacı, Rüfət cavandı, hələ bərkə-boşa düşməyib, hirslənər, cavab qaytarar sənin ərinə, sonra dava-dalaş, hay-haray düşər, hərə bir söz danışar: günah kimdə olub, bəziləri üzdə belə deyər, daldada elə. Düşündü, daşındı və bu fikrindən vaz keçdi, xalam da az aşın duzu deyil heç. Gedib Qurban müəllimin xanımı ilə saçyoldusuna çıxar, bu kənddə də biabır olaram, o kənddə də...
Bəs neyləsin, bu kiçik qalmaqala necə son qoysun? Tapdı çarəsini - Kamal müəllimə "dərdi"ni söyləsin. Axı, o, kollektivin rəhbəridi. Məni yaxşı tanımasa da, Qurban müəllimə bələddi. Direktor onu sakitcə dinlədi, dedi:
- Axı, belə soyuqluq, qərəzli, xoşagəlməyən eyham atmaca uşaqlar arasında yaxşı qarşılanmır, məni görəndə pıqqıldaşıb gülüşür onlar... Qurban müəllimi böyük təcrübəli pedaqoq hesab edirəm, ha çalışıram, əksinə o, mənim incidiyimi, pərtliyimi duyub qızışır. Ağzına nə gəldi, deyir mənə.
Demə, direktor söz-söhbətdən hali imiş:
-Narahat olma, - dedi, - get dərsini de. Hələ cavab qaytarma Qurbana. Axşamüstü təklikdə görüşdü və məlum oldu ki, bircə məqsəd qoyub qarşısına Qurban: necə olursa-olsun gələn tədris ilinə kimi Rüfəti qaçırtsın burdan, yenə dərs yükü çox olsun.
Kamal müəllimin qaşları çatıldı, başını buladı, belə dar düşüncəsinə görə qınağa çəkdi Qurbanı. İstehzayla dedi:
-A kişi, ay qardaş, hansı əsrdə yaşayırsan? Niyə belə fikirləşirsən? Getdi o köhnə dövran, indi bizim rayonda ağacı atırsan müəllimə dəyir. Bilirsən rayonda diplomu əlində iş axtaran cavan müəllim kadrlar var? Bakı, Gəncə, Sumqayıt bir yana, Astara, Lənkəran, Cəlilabad, Şirvan, Salyan, Sabirabad pedaqoji təhsil ocaqları hər il, başqa cür çıxmasın, müəllim buraxır! Bax, o de bizim kəndin o başında çoban Təzəxan var ha - yəqin tanıyırsan - qızı Astaranı bitirib, oğlu Cəlilabadı oturublar evdə, Təzəxan da qoyun-quzudan filan qədər satıb rayonda idarə qalmır qapısını açır, "alın bu pulu" balalarıma iş verin "deyə yalvarır-yaxarır". Rüfət olmasın, özgə Rüfət olsun, göndərəcəklər məktəbə. Daha getdi sən deyəm dövran, başını aşağı sal, dərsini de.
Yox ey, kor tutduğunu əldən buraxmır. Harda rastlaşdı, adətini tərgidə bilmir, ilişir cavan müəllimə, Qurban. Hələ bəzi-bəzi nalayiq sözləri də qoşur "müəllim" ifadəsinə və bununla da cırnadır, hirsləndirir, lap hövsələdən çıxarır onu. Amma o gün, necə deyərlər, ilmə dil-ədəbiyyat müəlliməsi Firəngizdən keçir. O, Rüfəti kənara çəkib nəsə pıçıldayır qulağına. Cavan pedaqoqun gözləri gülür, sifəti işıqlanır, sevinir.
Budu, böyük tənəffüs. Yuxarı siniflərdə oxuyan qızlar, oğlanlar toplaşıblar dəhlizə. Elə onların yanındaca Qurban bir az da ucadan, hamı eşitsin deyə qışqırır Rüfətə:
-Necəsən, əə xalası göyçək? Xalan özü yatıb, özü dura bilirmi?
Rüfət də ucadan səslənir:
-Sən necəsən, ay balası göyçək! Balan özü yatıb, özü dururmu?
Gözləmirdi bu cavabı. Bərk sarsıldı. Rəngi allandı, tez müəllimlər otağına girdi. Bir azdan sonra dəhlizə baxdı. On birincidə oxuyan böyük qızı Xəyalə divara söykənmişdi, deyəsən burnunu çəkirdi, ağlayırdı.

Əlibala Rəhimov,
publisist, "Qızıl qələm"
mükafatı laureatı