adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Noyabr 2017 17:29
24397
İQTİSADİYYAT
A- A+

İran şirkətləri SOCAR-la əməkdaşlıqda maraqlıdır

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev İranın Neft Nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SOCAR-dan verilən məlumata görə, R. Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açıb, genişlənmə imkanlarını qeyd edib.

Ə. Zəmaniniya ölkələrimiz arasında iqtisadi sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın qonşu ölkələrdə inkişafa daha böyük töhfələr verəcəyinə əminliyini qeyd edib. Planlaşdırılan əməkdaşlıq layihələri sayəsində yaxın perspektivdə İranda neft və qaz hasilatının artırılacağını diqqətə çatdıran nazir müavini, SOCAR-ın qlobal layihələrdə böyük təcrübəsi olan beynəlxalq şirkət kimi həmin müştərək layihələrdə iştirakında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda, o cümlədən İran körfəzində və Xəzər dənizində də, tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib, tərəflər əməkdaşlığın genişləndirilməsi üçün olduqca münasib imkanların mövcud olduğunu vurğulayıb.

Xatırladaq ki, İranın NICO şirkəti hazırda "Şahdəniz” (10%) və Cənubi Qafqaz Qaz Boru Kəməri (10%) layihələrinin iştirakçısıdır. Eyni zamanda SOCAR-ın "Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında 2015-ci ildə üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.