adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Noyabr 2017 16:39
10883
MƏMLƏKƏT
A- A+

CEYRANBATANDAN BAKIYA…

Hər bir yaşayış sahəsinə, qəsəbəyə avtobus işləyəndə təbii ki, onda həmin sakinlər bir o qədər də nəqliyyat problemi ilə üzləşmirlər. Yəni başqa sözlə demiş olsaq, əgər avtobus hər hansı qəsəbəyə işləyirsə, ora getmək və ordan geri qayıtmaq heç də çətin deyildir. Təəssüflə deməliyik ki, elə yaşayış sahələri var ki, Bakıdan ora marşrut xətti yoxdur. Və bu marşrut xətti olmayanda da aydındır ki, sərnişinlər də min bir əzab-əziyyətlə qarşılaşırlar.

Belə yaşayış sahələrindən və qəsəbələrindən biri də Abşeron rayonunun Ceyranbatan qəsəbəsidir. Bu qəsəbənin sakinləri hər gün cəhənnəmi gözləri ilə görürlər. Yəni onlar qəsəbənin o başından bu başına qədər piyada gəlir, Sumqayıt-Bakı avtobuslarını gözləyir və ona minib şəhərə gəlirlər. Belə bir şəraitlə qarşılaşmaq və üzləşmək sakinlər üçün sözün həqiqi mənasında çox çətindir. Belə ki, onlar yenə isti havalarda bu vəziyyətə birtəhər dözürlər. Vay o gündən ki yağış yağa, şaxta düşə, qar ola. Bax, onda o sakinlərin gününə bir qoca arvad lazımdır ki, dəsmal götürüb ağı deyib ağlasın.

Ceyranbatan sakini, 70 yaşlı Fatmanisə Əhmədova bizimlə söhbətində ürəyini açıb boşaldaraq dedi ki, ay oğul, bu ahıl vaxtımda Bakıya həkimə getməliyəm. Xəstə olmasam şəhərdə nə itim azıb, qaxılıb oturaram xarabamda. Amma xəstəxanaya getməliyəm, həkim də müayinə etməli, mənə müalicə yazmalıdı. Bax belə halda yıxıla-yıxıla, dura-dura Bakıya gedirəm. Görəsən bu vəzifəli adamların insafı yoxdur ki, elə Ceyranbatandan Bakıya bir avtobus marşrutu açsınlar? Biz də rahat minib şəhərə gedək. Vallah, bilmirik dərdimizi kimə deyək. 40 qəpik əvəzinə 1 manat 20 qəpik pul verməliyəm.

75 yaşlı Cəfər kişi də daş atıb marşrut sarıdan başını tutdu. O da gileyli-gileyli dilləndi ki, vallah, bu Ceyranbatanın yiyəsi yoxdu. Yiyəsi olsaydı, başqa qəsəbələr kimi burdan da Bakıya marşrut xətti işləyərdi. Biz yağışda, qarda zığı, palçığı ayaqlaya-ayaqlaya gəlib Sumqayıt yoluna çıxırıq. Gözləyirik ki, görəsən Sumqayıt-Bakı avtobusu nə vaxt gələcək. Sürücü də avtobus dolu olsa saxlamayacaq, boş olsa yenə birtəhər minib gedəcəyik. Axı böyük bir qəsəbəyə bu qədər zülm eləmək olmaz. Özüm təqaüdçü adamam, gündə də Bakıya gedib-gəlirəm. 40 qəpik əvəzinə, 1 manat 20 qəpik niyə avtobusa pul verməliyəm? Təqaüdumlə güclə dolanıram. Bilmirəm, dava-dərmana pul verim, yoxsa kommunal xərclərə. Hələ mən yeyib-içməyi, əyin-başı demirəm.

Ceyranbatan sakinləri ilə söhbət zamanı öyrəndik ki, bir vaxtlar qəsəbədən Bakıya avtobus marşrutu varmış. Amma camaat minmədiyinə görə o marşrut ziyanla işlədiyi üçün sonradan fəaliyyətini dayandırıb. Marşrut fəaliyyətini dayandırandan sonra indi ceyranbatanlılar qalıblar odla-su arasında. Bir az canı sulu adamlar Bakı-Sumqayıt yoluna çıxır və ordan da avtobusa minib şəhərə gedir. Ahıl və xəstə adamlar isə olmazın əziyyətləri ilə üzləşməli olurlar.

Biz ceyranbatanlıların avtobusla bağlı narazılıqlarını və gileylərini əlaqədar qurumun nəzərinə çatdırırıq. Yəni onların dediklərini, istəklərini bir daha vəzifəli şəxslərin diqqətinə yönəldirik. Düz sözə nə deyəsən? Onlar 40 qəpiklik yola niyə hər gün 1 manat 20 qəpik pul verməlidirlər? Yəqin ki, əlaqədar qurum qaldırdığımız bu məsələni gündəmdə saxlayacaq və problemi qısa zaman kəsiyində həll edəcəkdir. Elə ceyranbatanlılar da bu şad xəbəri gözləyirlər.

FAİQ QİSMƏTOĞLU