adalet.az header logo
  • Bakı 11°C
29 Noyabr 2017 12:19
21937
ƏDƏBİYYAT
A- A+

ƏDƏBİ ADLAR: Emil ZOLYA

Dünya şöhrətli yazıçı olmaqla yanaşı, həm də dünya jurnalistikasını kökündən dəyişən bir ad – Emil Zolya. Məhz bu fransız publisistin sayəsində jurnalistika "Dördüncü hakimiyyət” pilləsinə qalxıb. Onun "jurnalistin işi həqiqətə işıq tutmaqdır” deyimi hətta jurnalistikanın devizinə çevrilib, deyə bilərəm. Jurnalistika Zolyadan əvvəl sadəcə bekar məzunların məşğuliyyəti kimi dəyərləndirilirdi: iş tapa bilməyən yazı-pozu adamları qapı-qapı düşüb məqalə yazır, azsaylı insanların diqqətini çəkən qəzetlər buraxırdılar. Məhz Emil Zolya dünyaya jurnalistikanın nəyə qadir olduğunu göstərdi. Həm də öz aqibətini nəzərə almadan, yazdığı məqaləyə görə həbs qərarı çıxarılan, hakimiyyət tərəfindən təqib olunan ilk jurnalist kimi də tarixə düşdü. Dünya anladı ki, jurnalistika kütləyə birbaşa təsir edə bilən, hətta hakimiyyət kürsüsünün ayaqlarını laxlada bilən bir gücdədir.

Bu necə baş verdi? 1898-ci ilin 13 yanvarında yerli fransız qəzetlərinin birində Zolyanın "Mən ittiham edirəm” adlı dövlət başçısına açıq məktubu çap olundu. Tezliklə bütün ölkəni çənginə alan bu məktub formatlı məqalə digər Avropa ölkələrinə, oradan Amerikaya ayaq açdı. Zolya bu məktub-məqaləsini fransız ordusunun kapitanı Alfred Dreyfusun günahkar qismində Afrikadakı "İblis” adasında təkadamlıq hücrədə ömürlük həbsə atılmasına etiraz əlaməti olaraq yazmışdı. Kapitanı müttəhim kürsüsünə gətirən səbəblər, ona ləkə yaxanlar və sonunda dövlətin ən uca mövqeyində əyləşənlər açıq şəkildə ittiham olunurdu. Zolya bunun özü üçün nə ilə nəticələnəcəyini əla bilirdi. Bunu bilə-bilə, anasını, 2 arvadını, 2 azyaşlı uşağını təhlükə qarşısında qoyaraq ədalətin bərqərar olmasını tələb edirdi, həqiqətin izini buraxmırdı. Gözlənilən kimi oldu: əl-əl gəzən məqalədən kürkünə birə düşmüş hakimiyyət yazarın həbsə atılması ilə bağlı göstəriş vermişdi. Bax burda Emilin bir vaxtlar yaşadığı bohem həyatı işinə yarayır. Onun sərsəri dostları, xüsusilə də impressionist rəssamlar təcili yazıçını İngiltərəyə qaçırırlar. Burada tez-tez adını və ünvanını dəyişən Zolya başını qorumaqdaykən, bütün dünyanın kiçik bərbərxanalarından tutmuş, parlamentlərinə qədər "Mən ittiham edirəm” məqaləsi müzakirə olunurdu. Nəhayət Zolya və onun əsasını qoyduğu qərəzsiz, qorxmaz jurnalistika qalib gəlir. Kapitan Dreyfus azadlığa buraxılır və hakim dairələr xalqdan üzr istəyirlər, Emil Zolya isə ölkəsinə geri dönə bilir.

Çoxları Zolyanın şöhrət izi ilə vəziyyətdən istifadə etdiyini düşünürdü. Amma bu onun nəyinə gərək idi?! Zolya 1898-ci ilə qədər artıq qoca qitədən tutmuş Yeni Dünyaya qədər məşhur idi. Onun saysız-hesabsız əsərləri yazıçıya kifayət qədər şöhrət və pul gətirirdi. Dönəminin ən zəngin və məşhur yazıçılarından idi. Təkcə "Jerminal” əsəri bəs idi ki, Emil Zolyanın cəsur, asi və kütləni ardınca aparan qələminə sitayiş olunsun. Yeri gəlmişkən, yuxarıda onun bohem rəssamlarla dostluğundan bəhs etmişdim. Bu səliqə-səhmanlı, alicənab kişinin sərsəri, üst-başı dağınıq, o zamanlar qəbul olunmayan impressionistlərlə nə işi vardı? Məsələ burasındadır ki, o, vaxtilə atasız, kasıb, fiziki qüsurlu olduğu üçün cəmiyyətin lağ hədəfi olarkən ona yeganə qahmar çıxan şəxs rəssam, uşaqlıq dostu Pol Sezann olmuşdu. Onu öz rəssam dostları ilə də Sezann yaxınlaşdırmışdı. Sonralar şöhrət və pulu əldə edəndə də rəssam dostlarına sadiq qalmışdı. Və "Jerminal”ı yazarkən Fransanın kömür mədənlərini gəzəndə orda bu rəssamlardan biri haqqında rəvayət eşidir. Mədənçilərdən ibarət yerli sakinlər bu rəssamı ikinci İsa Peyğəmbər adlandırırdılar. Axı özü quru çörək və bir fincan qara qəhvəylə qidalanan, əynindəki paltarları kasıblara verib sətəlcəmdən tir-tir əsən, bununla belə hər kəsi Tanrıdan üz çevirməməyə çalışan bu adama başqa nə ad vermək olardı? Bu "İsa peyğəmbər” isə əvvəllər keşiş olmuş, sonralar dünya təsviri incəsənətinin əfsanəsinə çevrilən Van Qoqun özü idi. "Jerminal”ı çap etdirəndən sonra Zolya Parisdə Van Qoqla da dostlarının köməyi ilə tanış olur.

Zolya – novator

Emil Zolyanın nəsri də publisistikası kimi kəsərli idi. Onun qələmindən çıxan bütün əsərlər sobadan təzəcə çıxmış isti kökələr kimi rahat həzm olunurdu. Yazıçının siyasi vəziyyətdən tutmuş, sevgi əzablarına qədər yazdığı romanlar çoxsaylı oxucu kütləsi qazanırdı. Maraqlıdır ki, onun xəyanətdən və ya insest münasibətlərdən yazdığı əsərlər belə o zamanın insanına yad, iyrənc gəlmirdi. "Doktor Paskal” povestində öz qardaşı qızı ilə evlənən əmini bu dəfə İsa Peyğəmbər kimi olmasa da, gənc Sara ilə evlənən İbrahim peyğəmbər kimi xalqa sevdirə bilmişdi. "Tereza Raken” romanının qəhrəmanı isə ərinə dostu ilə xəyanət edib, onu qətlə yetirən qadın olsa da, oxucunun rəğbətini qazana bilmişdi.

Dövrünün ən tanınmış yazıçılarından olan, eyni zamanda novatoru hesab olunan Zolyanın Fransa kimi zəngin ədəbi mühiti olan bir ölkədə qəfil şöhrətlənməsi çox müzakirələrə səbəb olsa da, əslində sadə izahı vardı – cəsarət. Zolya hər yazıçının cəsarət edə bilmədiyi mövzulara asanlıqla toxunub, onu sadə oxucunun öz dilində çatdırmağı bacarmışdı. Zamanında qadağalara məruz qalmış "Jerminal”da əzilən fəhlə kütləsi, özbaşınalıq, yoxsulluğun ürək ağrıdan görüntülərini məharətlə qələmə almış Zolya 20 cildlik (!) "Ruqon-Makkarlar” əsərində Fransanın imperator sülaləsində yaşanan rüsvayçılıq və onun ictimaiyyətdən gizli saxlanılması üçün bir-birinin ardınca baş verən cinayətləri cəsarətlə təqdim edə bilmişdi. Buna görə də Emil Zolya öz fərqini göstərərək önə çıxmış və XIX əsr Fransa ədəbiyyatının flaqmanına çevrilmişdi.

Zolya və qadınlar

Zolyanın qadınlara münasibəti ziddiyətli idi. Hər halda dediyi ilə etdiyi üst-üstə düşmürdü. "Qadınlar heç vaxt tam dürüst ola bilmirlər. Çünki bunu özləri istəmirlər. Onlar sürəkli olaraq valideynlərinə, ərlərinə, sevgililərinə, rəfiqələrinə, hətta özlərinə belə yalan danışırlar”, – deməsinə baxmayın. Fransa ədəbiyyatında qadına bərabərhüquqlu insan kimi yanaşan yazıçı da məhz elə Zolya sayılır. Hər halda Mopassan kimi ucdantutma bütün qadınları fahişə hesab etmir, Balzak kimi qadınları naxələf övlad çıxarmır, Merime kimi zərif cinsi bütün bəlaların səbəbi olan təhlükəli varlıq kimi təqdim etmirdi. O, qadının ehtiyac duyduğu sevgi, diqqət, şəfqəti daim əsərlərində qabardır, qadının etdiyi yanlışın arxasında elə kişinin dayandığına işarə edirdi. Oxucuların diqqətini ən çox onun müxtəlif təbəqədən olan insanların, əsasən də qadınların hiss və düşüncəsini psixoloji qatları ilə dəqiq verməsi çəkib. Xüsusən "Qadın xoşbəxtliyi”, "Sevgi səhifələri”, "Tereza Raken” əsərlərində qadının qısa müddət ərzində hansı psixi vəziyyətlərə düçar olmasını o sanki kino lenti kimi anbaan göstərə bilib.

Zolya həyatda da qadından yarımışdı. Onun anası Emilya Zolya atasının ölümündən sonra bir daha evlənməmiş, bütün diqqətini oğluna ayırmışdı. Kasıb qadın oğlunun yaxşı təhsil alması üçün yerli şəhər hakimiyyətinə qədər yalvarmağı özünə ar bilməmişdi. Daim oğlunun yanında olmuşdu. Arvadı Aleksandrina ona əsl yoldaş, sadiq arvad, dost olmuşdu. Hətta kənarda daha gənc qadınla yaşayanda da onu başa düşmüş, Jannadan olan övladlarını bağrına basmışdı. Bu qadınlar Zolya dünyasını dəyişəndən sonra dostlaşmış, heç biri ailə qurmamış, övladlarını böyüdərək Zolyanın xatirəsi ilə ovunmuşdular. Hər halda dünyanın barmaqarası baxdığı, yüngülxasiyyət fransız qadınları üçün çox böyük fədakarlırdır, elə deyilmi? Və bü üç fədakar qadın məhz Zolyanın bəxtinə düşmüşdü. Elə isə niyə qadınlara sidq ürəkdən inana bilmirdi? XIX əsr fransız qadının pozğun həyat tərzinin öz ailəsinə də siraət edəcəyindən ehtiyat edirdimi? Ya ətrafındakı cəmiyyətin təsiri altına düşmüşdü? Cəmiyyəti arxasınca aparan yazıçının bu nəyinə lazım idi? Hər halda böyük təsir altına düşdüyü və bulunduğu ortamlardakı əlçatan qadınların olmasından qaynaqlandığını bizə güman etmək qalır.

Emil Zolya əsərləri ən çox ekranlaşdırılmış klassiklərdən sayılır – 80-ə yaxın film çəkilib. Bunlardan ən məşhuru 1956-cı ildə çəkilmiş "Tələ” filmidir ki, "Oskar” mükafatına layiq görülüb. 1993-cü ildə lentə alınmış "Jerminal” filmində baş rolu məşhur aktyor Jerar Depardye canlandırıb. Zolyanın əsərinə sonuncu film isə 2013-cü ildə çəkilib. Bu dəfə ekranlara "Tereza Raken” gətirilərək qadınlara ərə gedərkən yüz ölçüb bir biçməyi tövsiyə edir.


Şəfiqə ŞƏFA