adalet.az header logo
  • Bakı 12°C
28 Noyabr 2017 22:43
18686
LAYİHƏ
A- A+

Ən qədim türk soylarından - KOLANILAR...

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Naxçıvan bölgəsindən olan tədqiqatçı - tarixçi Şahin Bərəmoğlunun ifadəsi, "Azərbaycanın tarixi diyarlarından biri olan Naxçıvan ərazisində tarixi kəngərli, kolanı, sədli, qarabağ, Halaç, Bəydili, dəmirçi, qazançı, yaycı, Karkın, yurdçu, muğanlı, əfşar, bayat, quşçu və digər türk boyları kütləvi olaraq yaşamışdır və yaşayır. Bu tayfaların sayca və yayıldığı əraziyə görə ən böyüklərindən biri olan Kolanı tayfalarının "Naxçıvana gəlişi, tarixi və tarixdəki rolu ayrıca araşdırılmalıdır. Sadəcə, əldə olan məlumatlara əsaslanaraq demək olar ki, Kolanı Türklərinin Naxçıvana yerləşməsinin - bir az əvvəl qeyd etdiyimiz kimi, - ən az 3 min illik tarixi var.
Xatırladaq ki, 20-ci əsrin əvvəllərində Xaraba Gilan ərazisində arxeoloji qazıntı işləri aparılıb. Lakin bu axtarışlar Azərbaycanlılar tərəfindən deyil, Lalayan, Ter-Avetisyan kimi ermənilər tərəfindən aparılıb. Lalayanları azdan-çoxdan tanıdığımız üçün təxmin etmək olar ki, bu qazıntılar zamanı bizim üçün çox faydalı olan maddi mədəniyyət nümunələrinin bir qismi məhv edilmiş ola bilər. Yaxud da Ş. Bəhrəmoğlunun qeyd etdiyi kimi, "Erməni arxeoloqların tarixi abidədə aşkar edilən maddi-mədəniyyət nümunələrini yanlarında aparmaları böyük ehtimaldır".
Naxçıvanda kolanılarla bağlı dəqiq nəticə almaq üçün 3 min illik olan Xaraba Gilan nekropol və eramızdan min il əvvəl Naxçıvan yaxınlığında mövcud olmuş Gilan (Golan) şəhəri araşdırılmalıdır. Bu isə bir tədqiqatçının deyil, bütün bir ekspedisiyanın və ya institutun işidir.

Qarabağ kolanıları

Qarabağ kolanıların min illərdir yaşayış sahələrindən biridir. Erkən Orta Əsrlərdə Qarabağ torpağında (böyük ehtimalla Ağdərə bölgəsində) Kolanqat kəndinin olması çox şeydən xəbər verir. Tanınmış Alban tarixçisi Musa Kolanqatlı da bu kənddən idi (bu tarixi şəxsiyyətin adı səhv olaraq Musa və ya Moisey Kalankatiski yazılır). Orta əsr Ərəb yazarlarından Əl İstəxri (X əsr), İbn İdris (XII əsr) və başqaları öz əsərlərində Qarabağda Kolanqat adlı yaşayış yerinin olduğunu qeyd edirlər. Bəzi tədqiqatçılar Kolanqat kəndinin Tərtər çayının sahilində olduğu qənaətindədirlər. 19-ci əsr müəlliflərindən olan Mir Mehdi Xəzanı "Kitabi tarixi Qarabağ" adlı əsərində yazır: "Tərtər çayı sahilindəki Uşacıq günbəzindən yuxarı Göyçə gölünün sərhədinə qədər Kolanı yeridir".
Qarabağda 20-ci əsrə qədər böyük bir ərazi "Kolanı ilçəsi" adlanırdı. 19-ci əsrə aid mənbələr və dövrün müəllifləri Kolanı ilçəsinin-ərazisinin Tərtərdən Göyçəyə qədər uzandığını qeyd edib. "Qarabağnamə"lərin müəlliflərindən olan Mirzə Adıgözəl bəy təxminən 200 il əvvəl - 19-cu əsrin 1-ci yarısında - yazırdı: "Pənah Əli Xan Mehri, Güney mahallarnı Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan yerlərini Naxçıvan hakimindən, Zəngəzur və Qapanma yerlərini Təbriz bəylərbəyindən, Kolanıların məskəni olub Uşacıq kəndindən Göyçə sərhəddinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı".
Zemfira Hacıyeva "Qarabağ Xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu" (İstanbul - 2007) adlı monoqrafiyasında Kolanı ərazisindən bəhs edərək yazır: "Kolanılar ilçəsində 9 oymaqda cəmi 462 (203 vergi ödəyən, 259 ödəməyən) ailə vardı. Onun sakinləri müsəlman azərbaycanlılar idi, əhalinin başlıca məşğuliyyəti isə heyvandarlıq və taxılçılıq idi. Rayonda hər tayfanın öz hakimi vardı. Ən böyük oymaqlar 61 ailədən ibarət olan Qaravənd, 67 ailədən ibarət olan Qızılhacılı, 120 ailədən ibarət olan Dinnibayəhmədli oymaqlarıydı. Əhalisi yalnız azərbaycanlılardan ibarət idi".
18-ci əsrdə Qarabağ Xanlığı 21 mahaldan ibarət idi. Mahalları naiblər idarə edirdi. Bu mahallar bunlar idi:

1-ci Sisyan
2-ci Dəmirçihəsənli
3-cü Küpara
4-cü Bərgüşad
5-ci Baqabyurd
6-cı Kəbirli
7-ci Tativ
8-ci Cavanşir
9-cu Talış
10-cu Xaçın
11-ci Kolanılar
12-ci Çibbyurd
13-cü Xırdapara Dizak
14-cü Püsyan
15-ci Dizak Cavanşir
16-cı Otuziki
17-ci İyirmi dörd
18-ci Qaraçorlu
19-cu Vərəndə
20-ci Dizak
21-ci Acnan Türk

Kolanı bu mahallar içərisində ən böyüklərindən biri idi.
İstər XIX-XX əsr müəllifləri, istərsə də daha əvvələ aid mənbələri yazıya alanlar Qarabağ kolanılarını bu bölgədə yaşayan ən mərd, ədalətli və namuslu tayfalardan biri kimi səciyyələndirmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra Bolşeviklərin ən həssas yanaşdıqları Türk tayfalarından biri məhz kolanılar idi. Sovet hakimiyyətinin qurulduğu ilk illərdə Qarabağda kolanılarla Sarov kəndində yaşayan ermənilər arasında toqquşma baş vermişdi. Bu zaman Mir Cəfər Bağırovun da tərkibində olduğu qrup Qarabağa ezam edilir. Hadisə kolanılara əlaqəli olduğu üçün respublika rəhbərliyi məsələyə xüsusi həssaslıq və həyəcanla yanaşır. Komissiya qayıtdıqdan sonra Mir Cəfər Bağırov rəhbərliyə yazılı hesabat verir. Hesabatda bəzi cümlələr vəziyyəti açıqlamaqla bərabər kolanıların xarakter cizgilərini əks etdirirdi: "Bizim işçilər məsələyə cinayət tərkibli iş kimi baxsalar da, sarovlular öz torpaqlarına qayıtmaq əvəzinə onların bir hissəsi kolanıların torpaqlarında qaldı, bir hissəsi isə Sarova qayıtdı. Beləliklə, 5 min kolanılının yerləri müəyyən olunmadan qalır. Kolanılar Qarabağın ən narahat tayfalarından biridir və əgər onlar indiyə qədər susublarsa, bu ancaq ona görədir ki, onlar məsələnin hakimiyyət tərəfindən ədalətli həllini gözləyirlər".
Əslində cəsurluqları və "narahat tayfa" olmaları hər zaman kolanıların qurban verməsi ilə nəticələnmiş, zaman-zaman əziyyətlərə, məhrumiyyətlərə və sürgünlərə məruz qalmışlar. Kolanılar istər çar hökumətini, istərsə də Sovet rejimini işğal gücləri kimi tanımış, tabe olmaqdan inadla boyun qaçırmışlar. Kolanıların "narahat tayfa" olması hətta çar hakimiyyətinin başında duranları da, onlarlaqarşı diqqətli və həssas davranmağa vadar edirdi. Tarixçi, professor Tofiq Vəliyev yazır: "I Nikolayın yerli xalqın Rusiyaya münasibətinın necə olması sorğusuna cavab olaraq çar polkovniki öz məlumatlarında bildirirdi ki, bizim qanunlara yalnız kolanılar uymaq isdəmirlər. Onlar qədim Naxçıvan, İrəvan, Qarabağ və Şirvan xanlıqları ərazilərində yaşayırlar. Çox cəsurdular, verdikləri sözün ağasıdırlar..."
1920-30-ci illərdə də Qarabağ bölgəsində sovetləşməyə və kolxozlaşmaya qarşı ən çox müqavimət göstərən kolanılar idi.
1918-ci ildə Erməni-Bolşevik birləşmələrinin Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırım təşəbbüsündə də ən çox zülmə məruz qalan kolanılar olmuşdu. Bunu Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Fövqəladə təhqiqat Komissiyasının üzvü N. Mixaylovun məruzəsində açıq şəkildə görmək mümkündür. Bu hesabatda deyilir: "Beləliklə, bütünlükdə Cavanşir qəzasının yalnız Kolanı İcmasının kəndləri talan edilmişdi. 1917-ci ilin dekabr ayından başlayaraq, Erməni silahlı quldur dəstələri yuxarıda Müsəlman cəmiyyətinin kəndlərinə soxularaq, kənd sakinlərinin evlərinə silahlı keşikçi dəstələri qoyur, kolanılılardan Ermənistan Respublikasına tabe olmağı tələb edir, onları vergilərlə yükləyərək, öz xeyirləri naminə Müsəlmanlardan öz dövlətləri üçün vergi adı altında böyük pul məbləğləri qopardırdılar". (AR Dövlət Arxivi, fond 970, siyahı 10, iş 161.)
Qarabağ müharibələri zamanı Kolanılar xüsusi qəhrəmanlıq göstərmişdilər. Erməni hücumlarının və vəhşiliklərinin qarşısını almaq üçün 1990-cı illərin əvvəllərində "Kolanı" təşkilatı yaradılıb. O illərdə Kolanı döyüşçülərinin igid oğullarını birləşdirən bu qurum haqqında respublika mətbuatında qürur dolu yazılar yayımlanırdı. "Azad Azərbaycan" qəzeti yazırdı: "Vəziyyətdən çıxmaq üçün dörd kəndin qeyrətli oğullarını birləşdirmək üçün təşkilat yaratmaq lazım idi. Belə bir təşkilat yaradılıb. (16 dekabr 1992)". "Müxalifət" qəzeti yazırdı: "Bu vaxta qədər məşhur "Kolanı" təşkilatı dəfələrlə düşmən arxasına keçir, Erməni faşistlərinə dinclik vermirdilər".
Qərbi Azərbaycan (Ermənistan) kolanıları

Araşdırmalar göstərir ki, Kolanı türkləri qədim Türk yurdu olan Qərbi Azərbaycan - Ermənistanda eradan yüzlərlə il əvvəl də yaşamışlar. Bu bölgənin tarixini araşdıran bəzi alimlərimiz hələ miladdan yüzlərlə il əvvəl burada Kol (Kul) tayfalarının yaşadığını bildirirdi.
Orta yüzilliklərə aid sənədlərdə Qərbi Azərbaycanda Kolanı adlı yurd yerlərinin və Kolanı el böyüklərinin (Şahverdi bəy Kolanlı, Əmin bəy Kolanlı və sair) adları çəkilir.
Son vaxtlara - dönəmlərə qədər Ermənistanda bir neçə Kolanı adlı yer və yaşayış məntəqəsi olub. Onlardan bəzilərini xatırlayaq:
Aralıq dəniz (Ağdəniz) Kolanlı - İrəvan quberniyasının Eçmiedzin qəzasında, indiki Üçkilsə (Eçmiedzin) rayonunda kənd olub. Rayon mərkəzindən 6 km cənub-qərbində, Alagöz Dağının qərb tərəfində yerləşirdi. Erməni mənbələrində kəndin adı həm Aralıq Dənizi, həm də Aralıq Dənizi Kolanlı formalarında qeyd edilib. Kənddə 1831-ci ildə 284 nəfər, 1873-ci - ildə 676 nəfər, 1904-ci - ildə 768 nəfər, 1919-ci - ildə 1118 Azərbaycanlı olub. Tədqiqatçı alim İbrahim Bayramovun "Qərbi Azərbaycanın Türk mənşəli toponimləri" (İstanbul - 2002) adlı əsərində yazdığına görə "1919-cu ilin sonunda kəndin sakinləri Erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya edilmişdir.

(ardı növbəti sayımızda)

Namiq Hacıheydərli

Türkiyə türkcəsindən Azərbaycan
türkcəsinə uyğunlaşdırdı:
Professor Qurban Bayramov.
Mənbə: Ovqat.com, 29.04.2017.

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ