adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2017 15:19
12098
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıya 400 kitab hədiyyə olundu

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra burada görülmüş tikinti-abadlıq işləri ilə yerində tanış olmaq, yerli əhali ilə görüşmək, kənd orta məktəb kitabxanasının qurulmasına və kitabxana fondunun zənginləşdirilməsinə, kitabların hədiyyə olunması və ehtiyacların yerində qiymətləndirilməsi məqsədi daşıyıb.

Adalet.az-ın məlumatına görə, qonaqları Cəbrayıl rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mayıl Əliyev, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd məscidinin axundu Elman Piriyev və digərləri qarşılayıblar.

İlk olaraq Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbi ziyarət edilib. Ziyarət zamanı birinci sinif şagirdləri ilə görüş keçirilib. MEK təmsilçiləri hədiyyə olaraq 400-ə qədər kitabı məktəbin kitabxanasına hədiyyə ediblər. Şagirdlərin vətən mövzusunda şeirlər söyləməsindən sonra məktəbin direktoru Zamin Həziyev MEK təmsilçilərinə göstərdikləri münasibətə və diqqətə görə təşəkkür edib, məktəb haqqında, o cümlədən buradakı tədris prosesindən danışıb.

Daha sonra kitabxana təmsilçiləri Cocuq Mərcanlı kənd məscidini ziyarət edərək axund Elman Piriyev ilə görüşüblər. Məscidi ziyarətdən sonra qonaqlar kəndi gəzib, buradakı tikinti-quruculuq işlərinin intensiv şəkildə getməsinin şahidi olublar. Kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıblar. Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətə hər zaman dəstək verməyə hazır olduqlarını bildiriblər. Sonda MEK nümayəndələri kəndin çıxışında "Aprel şəhidləri”nin xatirəsinə ucladılmış abidəni də ziyarət edib, önünə gül dəstələri düzüblər. Yeri gəlmişkən xatırladaq ki, MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi şərçivəsində və Vikipediyada Aprel Şəhidlərinin və 20 Yanvar faciəsində qətlə yetirilənlərin siyahıları kitabxananın elektron yaddaşında da öz əksini tapıb.